Canaxir Tepeleri - Wikipedia
Çanaxır təpələri — Xaçmaz rayonunun Canaxır kəndi yaxınlığında, Ağçayın sahilində yerləşən antik dövrə aid arxeoloji abidə.[1]
Çanaxır təpələri | |
---|---|
Ölkə | Azərbaycan |
Status | Arxeoloji abidə |
Yerləşir | Xaçmaz rayonu, Canaxır |
Əsas tarixlər | Antik dövr |
Tarixi
redaktəXaçmaz rayonu Mehrəliqışlaq və Canaxır kəndləri yaxınlığında olan Çanaxır təpələri qədim yaşayış məskənidir. Çanaxır təpələri Ağçayın sahilində aparılmış arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib. Təsərrüfat işləri ilə bağlı olaraq mühəndis qurğularının inşası və şum zamanı islamdan əvvəlki sivilizasiyanın tapılmış nümunələri bu ərazidə qalın torpaq laylarının altında tarixi məlumatların yatdığından, əldə edilmiş tunc, dəmir və saxsıdan düzəldilmiş əmək alətləri, silahlar və bəzək əşyaları isə burada tarixin müxtəlif dövrlərində sənətkarlığın bir çox sahələrinin yüksək inkişafından xəbər verir. 1970-ci illərin sonunda Kurqanın ətəyində suvarma üçün kanal çəkilən zaman arxın divarının uçulması zamanı burada qadın skeletinin qalıqlarını tapılmışdır. Onun üzərində sırğalar, qollarında nazik ölçülü qolbaqlar, digər tunc asma bəzəklər aşkar etmişlər. Bundan əlavə buradan tuncdan dairəvi formalı, üstü şarvari formalı müxtəlif ölçülü bəzək əşyaları, at əsləhəsinin qalıqları və perçimlər də tapılmışdır. Eyni zamanda kişi qəbrindən tapılmış romb formalı tuncdan düzəldilərək üstü rəngli mina ilə naxışlanmış amuleti (zənciri dağılmış şəkildə) arxeoloqlar son tunc dövrünə aid etmişdir. Torpağın altından tapılmış abidələrə ölünün dəfni zamanı ayaq və baş tərəfi müxtəlif ölçülü və təyinatlı saxsı qabları (küp, cam, dopu, bardaqlar, qaraçıraqlar), hətta ikikameralı çıraqlar, dəmir silah və alətləri, tunc və misdən hazırlanmış hamar, naxışlı, burma formalı qolbağı, bəzək əşyalarını qeyd etmək olar. Müxtəlif rəngli daşlardan, sədəf və sümükdən hazırlanmış boyunbağılar da aşkar olunub. Bu arxeoloji tapıntıların bir hissəsi Xaçmaz tarix-diyarşünaslıq muzeyində mühafizə olunur və sərgilənir.
Çanaxır təpələrinə yaxın olan Hülövlü kəndi ərazisində, Caqacuqçayın sahilində tapılan minalı (boyalı) və şirsiz qab nümunələrinin naxışlarının forması, hazırlanma texnologiyası, nəhayət, dulusçuların vurmuş olduğu şəxsi möhür (əksər hallarda qabın oturacaq hissəsində gül şəklində olur) xüsusi diqqət çəkir. Bədnəzərdən qorunmaq üçün və bəzək əşyası kimi işlədilən kauri-qarnıyarığın (balıqqulağı) buradan tapılması lap qədimdən Hind okeanı sahillərinə qədər mövcud olan ticarət-iqtisadi əlaqələrin mövcudluğunu təsdiq edir. Çağacuqda tapılan küplərin içərisində un saxlanılması isə əhalinin qədim zamanlardan taxılçılıqla məşğul olduğunu göstərir. Tapılan sürtkəc, dən və ding daşları isə bu ərazidə əhalinin həm də əkinçilik məşğuliyyətini özündə əks etdirir.[2]
Güman edilir ki, Çanaxır təpələri müdafiə əhəmiyyətli istehkamlar rolunu da oynamışdır. Bu ərazidə kollektiv qəbirlərin olması, rast gəlinən sümüklərdə - kəllədə kəsici-deşici alətlərlə vurulan zərbələr nəəticəsində mövcud olan zədə, yanğının izləri olan kömürləşmiş təbəqə burada qızğın döyüşlərin getdiyini sübuta yetirir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Tarixi abidələr". 2019-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
- ↑ Nizami Xudiyev - Xaçmaz (Bakı 2010; səh. 22)