Ceyildag Palciq Vulkani - Wikipedia
Çeyildağ palçıq vulkanı — Ceyrankeçməz depressiyasının qərbində, Çeyildağ qəsəbəsindən 1 kilometr şimal-qərbdə eyniadlı dağın qərb hissəsində yerləşən palçıq vulkanı.
Çeyildağ palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Vulkan forması | palçıq vulkanı |
Kraterin diametri | 250-300 m |
Tərkibi | gil, karst |
Mütləq hündürlüyü | 286 m |
Yerləşməsi | |
40°17′48″ şm. e. 49°15′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Abşeron |
|
Ümumi məlumat
redaktəPalçıq vulkanı enlik istiqamətində uzanıb, mütləq yüksəkliyi 286 metrə çatır. Vulkanın kraterinin diametri 250–300 metr olub, şimaldan nisbi yüksəkliyi 2–3 metr olan qədim valla əhatə olunur. Vulkanın yamaclarını radial istiqamətdə uzanan və kraterdən ətraflara doğru genişlənən çoxlu miqdarda yarğan kəsib parçalayır. Bu yarğanların bir qrupu Küdrüdərənin sağ qolunu təşkil edib, vulkanın şimal, şimal–qərb yamaclarını parçalayır. Onun cənub yamacını parçalayan yarğanlar isə Çeyil yarğanının sol qolunu təşkil edir. Palçıq vulkanı tektonik cəhətdən eyni adlı antiklinalın tağ hissəsində uyğun gəlir. Vulkan relyefdə geniş yastan yaradıb, Çeyildağ (252 metr) yüksəkliyindən bir qədər şərqdə başlayıb qərbdə Zəhərdağa (677 metr) kimi davam edir. Geoloji ədəbiyyatda palçıq vulkanının ən böyük püskürmələrindən biri 1870-ci ildə baş verdiyi qeyd olunur.[1]
Relyefi
redaktəÇeyildağ palçıq vulkanın müasir relyefi arid-denudasiya və eroziya-denudasiya proseslərinin nəzarəti altında formalaşır. Yamaclarda həmçinin gilli karst formaları inkişaf etmişdir. Gilli karst formaları Küdrüdərə boyu daha çox yayılmışdır. Bu relyef formaları ən çox qədim brekçiyalar üzərində inkişaf edir.[1]
Landşaftı tipləri
redaktəÇeyildağ palçıq vulkanı və onun ətraf sahələrində brekçiyaların yaşından və yamacların səmtindən asılı olaraq müxtəlif landşaft kompleksləri formalaşmışdır. Cavan brekçiya axınları, qrifon, sopka və salzalar sahəsində relyefin çox cavan olması sayəsində bitki örtüyü əmələ gələ bilməmişdir. Vulkan yamaclarında partlayışla əlaqədar olaraq yaranmış çat blokları üzərində seyrək gəngiz, efemer, çoxlu miqdarda göl çuxurlarında isə şoranlıq yaranmışdır. Zəif parçalanmış vulkan yamaclarında cavan brekçiyalar üzərində gəngiz, efemer, parçalanmamış vulkan yamaclarında yovşan, gəngiz landşaftı formalaşmışdır.[1]
Bitki örtüyü
redaktəVulkan yamaclarının səmtindən, brekçiyaların yaşından, parçalanma dərəcəsindən asılı olaraq burada yayılmış bitki örtüyü ayrı-ayrı sahədə bir-birindən fərqli məhsuldarlığa malikdir. Cənub yamacda bitki örtüyü gəngiz və yovşandan, qismən efemerdən ibarətdir. Vulkanın şimal, şimal-şərq səmtidəki yamaclarda ən çox yovşan, efemer, gəngiz inkişaf etmişdir. Palçıq vulkanı və onun ətraf landşaft komplekslərindən qış və yaz otlaqları kimi istifadə olunur. Burada landşaftın fəsillər dəyişməsi aydın müşahidə olunur. Bütün landşaft kompleksləri yaz və payızda efemerlərin inkişafı ilə əlaqədar olaraq daha zəngin görkəm alır. Yayda isə bitki örtüyü yovşan, gəngiz və şorangədən ibarət olur.[1]