Cinde Ali Tehsil - Wikipedia
Çində ali təhsil — Çin Xalq Respublikasının ali təhsil sistemi
Təhsil sistemi
redaktəÇinin ali təhsil sistemi ABŞ-nin və Böyük Britaniyanın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir.
Təhsil müddəti
redaktəÖlkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur. 3 illik proqramların tədrisi istənilən ali təhsil müəssisəsində aparılır. 4 illik proqramlar isə 4 illik kolleclərdə və ya universitetlərdə tədris olunur. 4 illik proqramlardan fərqli olaraq, 3 illik proqramların sonunda bakalavr dərəcəsi verilmir. Tələbə 3 illik proqramın davamı kimi əlavə olaraq 2 il təhsil aldıqda bakalavr dərəcəsinə sahib ola bilər.
Ali məktəblər
redaktəÇində 1650 adi ali təhsil müəssisəsi, 528 yaşlıların ali təhsili müəssisəsi və 214 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2005-ci ilin statistikasına görə, Çinin ali təhsil müəssisələrində 23 milyon tələbə təhsil alıb. Bu isə əvvəlki illə müqayisədə 10 faiz çoxdur (2004-cü ildə təxminən 21 milyon nəfər olub).
Ölkənin ali təhsil müəssisələri adi universitetlər, texniki universitetlər, kənd təsərrüfatı, xarici dillər və tibb sahələri üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, peşə kollecləri - müəllim hazırlığı müəssisələri və ixtisaslaşmış kolleclər kimi qruplara bölünür.
Ali təhsil müəssisələrinin bəziləri əyalət hökumətləri (Şanxay Universiteti), bəziləri müxtəlif nazirliklər və dövlət idarələri (Pekin Aeronavtika Universiteti) tərəfindən idarə olunur. Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən idarə olunan ali təhsil müəssisələri (Pekin Universiteti) də vardır. Bu tip universitetlər mərkəzi və yerli hökumət tərəfindən müştərək idarə olunur.
Statistik məlumatlara görə, Çində magistratura təhsili verən 770 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 73-ü və ya 10 faizi Təhsil Nazirliyinə, 296-sı isə mərkəzi hökumətə tabedir. Bundan əlavə, 315 tədqiqat müəssisəsinin 272-si mərkəzi hökumətin nəzarəti altındadır. Magistratura təhsili verən ali təhsil müəssisələrinin 48 faizi mərkəzi hökumətin tabeliyindədir. Göründüyü kimi, mərkəzi hökumət magistratura təhsili verən ali təhsil müəssisələrinə daha çox nəzarət edir. 1731 ali təhsil müəssisəsi isə bakalavr pilləsi üzrə təhsil verir.
Aparıcı ali məktəblərindən 9-u Çin ali məktəblərini birləşdirən "C9 Liqası"na daxildir.[1]
Ölkədə son zamanlar həyata keçirilən islahatlar nəticəsində ali təhsil sisteminin təkmilləşməsinə böyük diqqət yetirilir. Bir çox sənaye universitetləri və ixtisaslaşmış kolleclər təsis olunub. Yeni ixtisaslar, o cümlədən avtomatika, nüvə enerjisi, enerji resursları, okeanoqrafiya, nüvə fizikası, kompüter elmləri, polimerlər kimyası, polimerlər fizikası, radiokimya, fiziki kimya ixtisası üzrə mütəxəssis hazırlığı aparılır.
Beynəlxalq əməkdaşlıq
redaktəÇin diplomların qarşılıqlı tanınması sahəsində 40 ölkə, o cümlədən Fransa, Böyük Britaniya, ABŞ, Rusiya və digər ölkələrlə müqavilələr imzalayıb.
Ölkədə böyük nüfuza malik olan Pekin və Tsinxua universitetləri mükəmməl tədris və tədqiqat imkanlarına görə beynəlxalq arenada tanınır.
Həmçinin bax
redaktəMənbə
redaktə- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Çin Xalq Respublikasının təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Çin Xalq Respublikası Təhsil Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 14.10.2011, № 40. (az.)
İstinadlar
redaktə- ↑ "Education Ministry supports formation of China's"Ivy League"". Ministry of Education of People's Republic of China. 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
Xarici keçidlər
redaktə- China Higher Education Network Arxivləşdirilib 2015-11-03 at the Wayback Machine - Higher education reform and development
- Ministry of Education The People's Republic of China Arxivləşdirilib 2010-10-07 at the Wayback Machine
- China Higher-education Student Information and Career Center Arxivləşdirilib 2009-04-15 at the Wayback Machine (CHESICC)
- The China Education Blog Arxivləşdirilib 2015-05-27 at the Wayback Machine - Topical issues blog for China's education sector
- [1] - Higher Education in China in the light of massification and demographic change
- University in Turmoil: The Political Economy of Shenzhen University by Michael Agelasto (1998) ISBN 962-86141-1-8
- Educational Disengagement: Undermining Academic Quality at a Chinese University by Michael Agelasto (1998) ISBN 962-86141-2-6