Ozbekistan Tarixi - Wikipedia
Özbəkistan Respublikası Orta Asiyada, Əfqanıstanın quzeyində yerləşən müstəqil Türk dövlətidir. Altay dil qrupuna daxil olan müxtəlif Türk tayfalarının bu ərazidə (Amudərya və Sırdərya çayları arasında) məskunlaşması prosesi hələ antik dövrlərdən başlanmışdır.
Tarixi
redaktəE.ə 3-cü əsrdə bu əraziyə köç edən tayfalar arasında hunlar da olmuşdur. Hunlar daha sonra ərazilərini genişləndirərək cənuba və qərbə doğru hərəkət etmişlər. VIII əsrdə Ərəb xilafətinin Mavərənnəhri (iki çay arasında Amudərya və Sırdərya çayları arasında yerləşən torpaq) işğal etməsindən sonra bu ərazi Xilafətin sosial və mədəni həyatında əsas rol oynayan regionlarından birinə çevrildi. Ərazidən keçən Böyük ipək yolu şərqlə-qərbi birləşdirir, cənubdan şimala, şimaldan cənuba gedən insanlar bu torpaqlardan keçməli olurdular. Bu bölgədə yerləşən Buxara, Səmərqənd və Kunya-Urgənc şəhərləri Hindistan, Çind, Misir, Bizans və slavyan ölkələrindən gələn karvan yollarının qovşağında yerləşirdilər. Xilafətin yaranması İslam dininin yayılması ilə nəticələndi. O dövrdən İslam bu regionda hökmran dinə çevrildi və buradakı mədəniyyətin əsasını təşkil etdi. 9-cu əsrin sonlarında region inkişaf etdi və paytaxtı Buxara olan Samani dövləti yarandı. Samanilər dövlətinin hökmran sülaləsi ərəb mənşəli olsa da, dövlət Türk dövləti idi. Bu dövlət 10-cu əsrin sonlarına qədər yaşadı. 10–12-ci əsrlər ərzində Xorasan və Mavərənnəhr ərazisində Qaraxanilər, Qəznəvilər, Səlcuqlar, Xarəzmşahlar (Türk sülalələrinin hökmran olduğu Türk dövlətləri) dövlətləri mövcud olmuşdur. Ərazinin daimi müharibələrə məruz qalmasına baxmayaraq bu dövrdə mədəniyyət və elm yüksək səviyyədə inkişaf etmişdir. Siyasi cəhətdən müstəqil və muxtar dövlətlərin yaranması regionda iqtisadi və mədəni inkişafın güclənməsinə geniş imkanlar açmışdır. Bu dövr tarixdə "Şərqi Renessans Dövrü" kimi tanınır. Çünki, bu dövr İslam və Türk aləminə, Mahmud Kaşğari (XI əsrdə Orta Asiyanın ilk Türkşünas-ensiklopediyaçı alimi, coğrafiyaşünas və səyyahı), Əl Biruni (böyük ensiklopediyaçı alim, tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, minerologiya və başqa elm sahələrinə aid 150-dən çox əsərin müəllifi), İbn Sina (müsəlman dünyasının ən büyük təbibi), Xoca Əhməd Yasəvi (riyaziyyatçı, coğrafiyaşünas alim) kimi ayrı-ayrı elm və sənət sahəsinə yeniliklər gətirmiş bir çox insanları bəxş etmişdir.
Bu dövrlərdə həmçinin İsmailiyyə, Sufizm kimi yeni İslami hərəkatlar da meydana çıxmışdır. Buxara, Səmərqənd, Mərv, Urgənc və Xivə İslam Dünyasının mərkəzi şəhərlərinə çevrilmişdir. Memarlıq və incəsənət sürətlə inkişaf edirdi. XI əsrin əvvəllərində Xarəzmşah Məmunun rəhbərliyi altında Xarəzmdə Şərq alimlərinin əsas elmi mərkəzi olan yeni araşdırma mərkəzi yaradılmışdır. Bu mərkəz sonradan Xarəzmşaha həsr olunmuş və Mərkəzi Asiyanın ilk Akademiyası adlanmışdır. Ərəb istilasından sonra ərazi ardıcıl olaraq müxtəli Türk dövlətlərinin — Çingiz Ulusunun, Qızıl Orda Dövlətinin və Teymurilər imperiyasının ərazisinə daxil olmuşdur. Bu sürətli inkişaf XIII əsrin əvvəllərində zəifləməyə başlamışdır. Burada olan bütün şəhərlər, suvarma sistemləri, mədəniyyət mərkəzləri dağılıb sıradan çıxmışdır.
Lakin Əmir Teymurun və onun varislərinin hakimiyyəti dövründə ərazinin siyasi, iqtisadi və mədəni inkişafına səmərəli şərait yaranmışdır. Teymurun hakimiyyəti dövründə dövlət idatəetməsi onun əsas prinsiplərini əks etdirən "Teymur Qanunnaməsi" adlanan qanun əsasında həyata keçirilirdi. Teymurun ölümündən sonra onun varisləri daha cöx incəsənətin, elmin və mədəniyyətin inkişafına diqqət ayırmışdılar. Xüsusilə Uluq bəyin, Şahrux və Hüseyn Bəyqaranın dövrlərində mədəniyyətin inkişafı öz zirvəsinə çatdı. Mavərənnəhr və Xorasan nəinki Şərqdə eləcə də bütün Avropada tanındı. Bu dövr Mərkəzi Asiyanın ikinci "Renessans Dövrü" idi. Böyük filosoflar Əlişir Nəvai, Uluqbəy, Xocazadə Rumi, Əli Quşçu, Mirşərif Gürcani, Xoca Əkrar, Litufi, Xondəmir, Babur və bir çox digər məşhurlar məhz bu dövrdə yaşamışlar. Əlişir Nəvai XV əsrdə yaşamış və şah əsərlər yaratmış, yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuş bir şəxsiyyətdir. O, həmçinin yaxşı bir dövlət xadimi, zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri kimi tanınmışdır. Ancaq onun əsas böyük xidməti "Türklük" və "Türk dilçiliyi" sahəsində olmuşdur. Teymurilərdən olan Uluqbəy Səmərqənddəki elmi mərkəzin tikilməsinə şəxsən məsul olmuş və bu mərkəz hal-hazırda Uluqbəy Akademiyası adlanır. Bu dövr həmçinin memarlıq abidələrinin yaranması, özbək şeirinin sürətli inkişafı, miniatür sənətinin, əlyazmaların, astronomiyanın, riyaziyyatın, tarixin və tibbin geniş inkişafı dövrü kimi tanınır. Lakin XV əsrin sonu XVI əsrin əvvəllərində tez-tez baş verən daxili çəkişmələr Teymurilər dövlətinin məhvini labüd etdi. Lakin bu yalnız dövlətin məhvi idi.
Belə ki, XVII əsrin əvvəllərində Teymur nəslindən olan Fərqanə hakimi Babur Hidistanı işğal etdi və yeni qurduğu dövləti "Böyük Babur İmperiyası" adlandırdı. İngilislər gələnə qədər Hindistanı məhz Muğallar idarə etdi. XVII əsrdən etibarən Mavərənnəhr dərin sosial və iqtisadi çöküşə məruz qaldı. XIX əsrdə Məhəmməd Rəhim xan Xarəzimdə tarixin və ədəbiyyatın inkişafına böyük diqqət vermişdir. Munis, Komil Xarəzimi, Ağai, Bəyani bu dövrün yetişdirmələrindəndir. XIX əsrin ikinci yarısında Türküstan həyatı çətin sosial, iqtisadi və siyasi hadisələrlə zəngindir. XIX əsrin sonlarında isə Özbəkistan ayrı-ayrı xanlıqlara parçalanmış şəkildə Rusiya imperiyası tərəfindən işğal edilmişdir.
Ümumiyyətlə Mərkəzi Asiya torpaqlarının Rusiya imperiyası tərəfindən işğalı 3 mərhələdə həyata keçirilmişdir. Birinci mərhələ 1864–1865-ci illəri əhatə edir və bu dövrdə Kokand xanlığının çox hissəsi işğal edilmişdir. 1866–1873-cü illəri əhatə edən ikinci mərhələdə Buxara və Xivə xanlıqları tabe edilmişdir. 1869–1884-cü illərdə isə Türkmənistanın işğalı başa çatdırılmışdır.
Bu ərazidə yaşayan Türklərə özbək adı ilk dəfə 1313–1342-ci illərdə Qızıl Orda dövəltinin hökmdarı olmuş Qiyasəddin Məhəmməd Özbək Xan tərəfindən verilmişdir. Özbək Türkləri İslamı məhz Qızıl Orda dövlətinin mövcud olduğu dövrdə qəbul etmişlər. Belə ki, müsəlman ölkələri ilə olan geniş iqtisadi və siyasi əlaqələr İslamın zadəganlar və xalq kütlələri arasında geniş yayılmasına əlverişli imkan yaratmışdır. Batı xanın qardaşı Bərkə xan müsəlmanlığı qəbul etsə də, İslam məhz Özbək xanın hakimiyyəti dövründə Qızıl Ordanın rəsmi dini elan olunmuşdur. Əmir Teymurun ölümündən sonra zəifləyən Teymur imperiyasının torpaqlarının Aral gölü və Seyhun çayının qüzeyindəki bölgələrində dağınıq yaşayan, sonralar Şeybanilər kimi tanınan özbəklər Əbül Hayır xanın rəhbərliyi altında birləşmişlər. Əbül Hayır xan 1428-ci ildə Turada (hazırkı Tobolsk) taxta çıxmış və 40 il hökmranlıq etmişdir. Əbül Hayır xan Çingiz xanın oğlu Cucinin beşinci oğlu və Batı xanın qardaşı olan Şeybanın sülaləsindən idi. Şeybani xanlığı (Özbək xanlığı) 1468-də Teymurilər tərəfinfən ləğv edilmiş və 1500-cü ildə Məhəmməd Şeybani xan tərəfindən (1451–1510) yenidən qurulmuşdur. Əbül Hayır qısa müddətdə qüvvətlənərək ətrafdakı digər boyları da hakimiyyəti altında birləşdirmiş, Ceyhun çayı sahilindəki Sığnak, Arkuk, Suzak və Özkənt şəhərlərini ələ keçirmiş, Sığnağı paytaxt elan etdimişdir. 1561-də isə xanlığın paytaxtı Buxaraya köçürülmüşdür. Kalmıklar üzərinə yürüşün məğlubiyyətlə nəticələnməsindən sonra Kanay və Canıbəy adlı başbuğlar bəzi tərəfdarları ilə birlikdə Cığatay xanının himayəsinə sığınmış və sonralar bölgədən ayrılan bu özbəklərə Qazax və ya Qırğız Qazaxları adı verilmişdir. 1599-cu ildə Şeybanilər xanlığı əslən Həştərxan xanlığından olan Can Xanın oğulları Din Məhəmməd, Baki Məhəmməd və Vali Məhəmməd tərfindən son qoyulmuş və ərazisi Həştərxan xanlığına (Canoğulları xanədanı) birləşdirilmişdir.
Şeybanilər dövlətinin süqutundan sonra onun yerləşdiyi ərazidə müxtəlif vaxtlarda üç əsas xanlıq — Buxara, Xivə və Kokand xanlıqları yarandı.
Bu xanlıqlar XIX əsrin əvvəllərinə qədər mövcud oldu. Buxara xanlığı 185 illik (1599–1785) mövcudiyyəti müddətində fəth siyasəti həyata keçirməyib, yalnız öz müstəqilliyini qorumaqla məşğul olmuşdur. Şəhər 1740–cı ildə Nadir şah Əfşar tərəfindən işğal olunmuşdur. Onun ölümündən sonra Buxara özbək əmiri Xudayar bəyin idarəçiliyi altına keçmiş və 1785-ci ilədək mövcud olmuşdur. Əsası Mangird sülaləsindən olan Şah Murad tərəfindən qoyulmuş və 1785-ci ildən Buxara əmirliyi adlanan dövlət 1920-ci ilədək mövcud olmuşdur. Mangirdlər sarayda atabəylik və vəzirlik vəzifəsini tuturdular.