Iceriseher Muzey Merkezi - Wikipedia
"İçərişəhər" Muzey Mərkəzi — Azərbaycanın aparıcı muzey mərkəzlərindən biri. Muzey Mərkəzi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxildir.
"İçərişəhər" Muzey Mərkəzi | |
---|---|
Əsası qoyulub | 22 dekabr 2018 |
Təsisçi | Azərbaycan Respublikasının Nazirlər Kabineti |
Ölkə | |
Yerləşir | Bakı, Azərbaycan |
Ünvan | İçərişəhər, Böyük Qala küçəsi, 41 |
Ziyarətçi sayı | 341 728 nəfər (2019) |
Direktor | Əminə Məlikova |
Muzeyə yetişmək | M 1 İçərişəhər metrostansiyası |
Telefon |
437-16-91 437-31-75 437-31-86 |
İş rejimi | 9.00–18.00 (hər gün) |
40°21′58″ şm. e. 49°50′06″ ş. u.HGYO | |
icherisheher.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
İçərişəhər Muzey Mərkəzinin əsas məqsədi qədim tarixə malik İçərişəhərdə yerləşən Şirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, hamamlar (Bəylər məscidi, Sıratağlı dini-memarlıq kompleksi), Bakı xanlarının evi, Qala kəndinin memarlığını, məişətini, mədəniyyətini, siyasi, tarixi əlaqələrini öyrənmək, qədim dövrlərə aid maddi-mədəniyyət abidələrini toplamaq, mühafizə və təbliğ etməkdir. Mərkəz qoruqların ərazisində yerləşən abidələr kompleksində beynəlxalq konfranslar, simpoziumlar, tematik gecələr, teatrlaşdırılmış muzey tədbirləri həyata keçirir.
"İçərişəhər" Muzey Mərkəzinin fondları neqativ, tətbiqi-sənət, numizmatika, nadir kitablar, sənədlər, foto, qrafika, arxeologiya fondlarından ibarətdir.
Mərkəz haqqında
redaktə"İçərişəhər" Muzey Mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 dekabr 2018-ci il tarixli 558 saylı qərarı ilə "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan "Şirvanşahlar sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq muzeyi, "İçərişəhər" tarixi muzeyi və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında yaradılmışdır.[1]
"İçərişəhər" Muzey Mərkəzində daimi və səyyar ekspozisiyalar təşkil olunur, innovativ, müasir texnologiya və avadanlıqlar vasitəsi ilə təqdimatlar keçirilir.
Mərkəzin muzeyləri və abidələr kompleksi
redaktə- Mərkəzin muzeyləri və abidələr kompleksi Şirvan hökmdarlarının iqamətgahı olan Şirvanşahlar sarayı qədim şəhərdə dominant rol oynayır. VI əsrdən XVI əsrə qədər mövcud olmuş Şirvanşahlar dövləti hökmdarlarının siyasəti nəticəsində min il yaşaya bilmiş, yalnız Şirvanın deyil, bütün Azərbaycanın mədəni, ictimai-iqtisadi, siyasi cəhətdən inkişafında rol oynamışdır.
"İçərişəhər" Muzey Mərkəzinin nəzdində Şirvanşahlar sarayı üzrə ekspozisiyalar nümayiş edilir. Saray "Xəzərin mirvarisi", "Yatmış qu quşu", "Daşlar üzərində donub qalmış simfoniya" kimi adları qazanmışdır. Hazırda 0,5 hektar sahəni tutan saray kompleksinin vaxtilə daha böyük ərazisi olmuşdur.[2] Bir çox səyyah və alimlər: alman təbiətşünası Engelbert Kempferin (1683-cü il), alman həkimi İohann Lerxin (1734-cü il), 20-dən çox coğrafi obyektə adı verilmiş ingilis dəniz səyyahı və publisisti Ceyms Kukun (1747-ci il), Tiflisdə I fransız konsulu olmuş Jan-Fransua Qambanın (1820–24-cü illər), Peterburq Akademiyasının təbiətşünası E. Eyxvaldın (1825), alman mikrobioloqu professor Koxun (1884), Kazan Universitetinin professoru İ. Berezin (1842-ci il) və digərlərinin yazılarında Şirvanşahlar sarayına dair məlumatlar əldə etmək olar.[3]
Saray Kompleksinə daxil olan, bu günə qorunub saxlanılmış abidələr:
Şirvanşahların yaşayış binası (XII–XV əsrlər) – bir vaxtlar firuzəyi-qızılı rəngli nəfis kaşı plitələri ilə məşhur olmuş 52 otaqlı saray iqamətgahı;
"Divanxana" / Şah türbəsi (XV əsr) – Divanxana yüksək kürsü üzərində 5 tərəfdən tağlı eyvanla əhatə edilmiş, səkkiz guşəli rotondalarla inşa olunmuşdur. Divanxananın giriş portalı, daş üzərində həkk edilmiş mürəkkəb naxışlarla zəngindir, girişin sağ və sol tərəflərində oyuqların üzərində isə zərif toxumaya bənzər bəzəklər salınmış, Azərbaycanın florasından götürülmüş yarpaqlar təsvir edilmişdir.
Seyid Yəhya Bakuvi türbəsi (XV əsr) – ensiklopedik bilikli sufi alim Seyid Yəhya Bakuvinin məzar yeri;
Keyqubad məscidinin qalıqları (XIV əsr) – Azərbaycanlıların 1918-ci il mart soyqırımı zamanı erməni daşnakları tərəfindən atılmış artilleriya mərmiləri ilə dağıdılmış məscid-mədrəsənin konservasiya edilmiş fraqmenti;
Murad darvazası (1585–1586) – sarayın XVI əsrə aid olan yeganə abidəsi;
Şirvanşahların ailə türbəsi (1435–1436) – Şirvanşah Xəlilullahın anası və oğlu üçün inşa etdirdiyi, bir vaxtlar eksteryer və interyeri kaşı plitələrlə bəzədilmiş abidə;
Şah məscidi (1441–1442) – Şahın ailə türbəsinin cənub tərəfində uca minarəsi olan məscid yerləşir. Minarənin yuxarısında kiçik eyvan vardır ki, müəzzin gündə bir neçə dəfə buraya qalxaraq, möminləri ibadətə çağırarmış.
Hamam (XV əsr) – Uzun müddət torpaq altında qalmış hamam, 1936-cı ildə qazıntı işləri zamanı aşkar olmuşdur. Bütün Şərq ölkələrində olduğu kimi, qışda istiliyin, yayda isə sərinliyin tənzimlənməsi üçün hamam yerin altında tikilmişdir. Şirvanşahların Bakıdakı iqamətgahının inşasına XII əsrdə başlanılmışdır. XIV‒XV əsrlərdə isə sarayın sahəsi daha da genişləndirilmişdi. Kompleksin bizim dövrə gəlib çatmış ərazisi hazırda 5558 m², başqa sözlə 0,6 hektardır. Kompleksin qorunub saxlanmış abidələri Yaşayış binasından, Divanxanadan, ensiklopedik bilikli saray alimi Seyid Yəhya Bakuvinin türbəsindən, Keyqubad məscidinin qalıqlarından, Murad darvazasından, Şirvanşahların Ailə türbəsindən, Şah məscidindən, saray hamamından ibarətdir. Abidələr relyef fərqləri olan üç həyətdə cəmləşmişdir.
2000-ci ildə İçərişəhər, o cümlədən Şirvanşahlar sarayı və Qız Qalası abidələri YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.
- Qız Qalası
Azərbaycan maddi mədəniyyət tarixinin ən əsas abidələrindən biri, Bakının simvolu sayılan Qız qalası 2000-ci ildə YUNESKO-nun Ümumdünya İrs siyahısına salınmışdır. Qız Qalası Xəzər dənizinin kənarında dənizə doğru maeli nəhəng bir qayanın üzərində, silindirik formada tikilmişdir. Qalanın hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının qalınlığı isə 5 metr təşkil edir. Abidə onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanır və silindrik formaya malikdir. Qala səkkiz yarusludur. Mərtəbələr arasında əlaqə abidənin cənub-şərq hissəsində divar qalınlığında qurulmuş pilləkənlərlə saxlanılır. Yalnız birinci və ikinci mərtəbələr arasında əvvəllər pilləkən mövcud olmayıb, onu asma kəndir nərdivan əvəz etmişdir. Bir çox tədqiqatçılar Qız Qalasının ilkin olaraq dini məqsədlərlə ucaldıldığını, dini mərasimlərin keçirildiyi bir ibadətgah olduğunu qeyd edirlər. Onların fikrincə, bu, vaxtilə günəşə sitayiş edən yerli sakinlərin inanc və ayinləri ilə bağlı olmuşdur. Bir sıra alimlərin fikrincə isə, bu zərdüştlərin daxmasıdır. Onlar ölən həmyerlilərini qalanın yuxarısına yerləşdirib, quşlara yem edirdilər, sonra isə sümüklərini divarda yerləşən borular vasitəsilə yerə endirib dəfn edirdilər. Ona görə onlar Qız Qalasını e. ə. VIII–VII əsrlərə aid edirlər.
Alimlərin bir qismi Qız Qalasını Şirvanşahların ümumi müdafiə sisteminə daxil olmuş istehkam hesab edir və təhlükə zamanı qalanın üzərindən digər qalalara həyəcan siqnalının ötürülməsi üçün istifadə olunduğunu qeyd edirlər.
Abidənin quruluşuna əsaslanaraq onun tarixini qədim dövrlərə çəkib aparan tədqiqatçılar Qalanın Zərdüşt dövrü – Zərdüşt daxması, atəşpərəstlik məbədi, Mitra və Anahita ilahələri ilə əlaqədar tikili olduğunu söyləyirlər.
Qala divarları daxilində iki şaquli boşluq vardır. Bunlardan biri daşdan hörülmüş su quyusu olaraq birinci və birbaşa üçüncü mərtəbəyə açılır. Quyunun ümumi dərinliyi 21 metr təşkil edir. Quyunun suyu analizə verilmiş və içməyə yararlı olması aydınlaşmışdır.
- Bəylər məscidi
İçərişəhər ərazisində sonuncu tikilən Bəylər (1895-ci il) məscidində[4] "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bərpa işləri aparılmış, məscid təyinatına uyğun olaraq muzeyləşdirilmişdir. Xalqın mənəvi mədəniyyətində mühüm rol oynayan islam dini etiqadına etina göstərərək məsciddə "Müqəddəs əmanətlər" ekspozisiyası yaradılmışdır. Ekspozisiyada islam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim Quran-i Kərim kitabları nümayiş edirilir.
- Sıratağlı dini-memarlıq kompleksi
İçərişəhərdə yerləşən dini məqsədlər üçün inşa edilən tikililərin ən maraqlısı Sıratağlı dini-memarlıq kompleksi — Müqəddəs məkan xanəgahdır. Abidə 1964-cü ildə Bakı Qız qalasının yaxınlığında arxeoloji qazıntı işləri aparılan zaman aşkar edilmişdir. Antik dövr – XII əsrə aid olan abidə ölkə əhəmiyyətlidir.
Arxeoloji qazıntılar zamanı həmin həyətin döşəməsindən 50-dən artıq bir-birinin yaxınlığında yerləşən qədim qəbirlər aşkar edilmişdir.
- Bakı xanlarının evi
Bakı xanlarının evi XVIII əsrlərə aid saray tipli yaşayış binaları kompleksidir. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır
- "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. 2008-ci ildə Qoruğun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb və bu günə kimi aktiv fəaliyyət göstərir.
Qoruğun ümumi ərazisi 81.5 hektardır. Bu ərazidə ölkə və yerli əhəmiyyətli 216 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskənidir. 5 min il ərzində Qala kəndində insanlar yaşayıb fəaliyyət gostərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri movcuddur.[5]
Açıq səma altında arxeoloji-etnoqrafik muzey kompleksi 1.2 hektar əraziyə malik olub, qayaüstü abidələr, Azərbaycan xalqının müxtəlif dövrlərdə əl qabiliyyəti, dünyagörüşü və zövqü haqqında geniş məlumat verir. Açıq səma altında olan muzeydə nümaiş olunan qayaüstü rəsmlər Abşeron ərazisindən aşkar olunan qayaüstü rəsmlərdir. Bu qayaüstü rəsmlərin əksəri e.ə III–II minilliyə aid edilir. Təsvirlərin məzmunu və tərkibi mühüm əhəmiyyətə malikdir.[6][7][8]
Muzey kompleksi ərazisində Azərbaycana, xüsusən də Qalaya və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanılıb və bərpa olunub. Bu ərazidə e.ə. III–II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri və s. ilkin görünüşündə qurulub. Müasir muzey və abidələrin mühafizəsi tələblərinə uyğun olaraq 1,5 ha ərazini əhatə edir. Muzeyin ərazisində bir neçə kurqan, meqalitik abidələr — menhirlər, kromlexlər, siklop qəbirlər, dolmenlər və s. var.[6][9]
Qala qəsri kəndin ən qədim yaşayış ərazisində tikilmişdir. Abidənin tarixi X–XII əsrlərə aid edilir. Bizim dövrümüzə kimi Qalanın bir hissəsi və divar qalıqları gəlib çatmışdır. 2009-cu ildə Qala H. Əliyev Fondu tərəfindən yenidən bərpa olunmuşdur. Bərpa işləri zamanı qalanın həyətində, qalanın ətrafında arxeoloji qazıntılar aparılıb və iki yeraltı yol aşkarlanıb. Bu yeraltı yollar X–XIV əsrlərə aid edilir. Arxeoloji tədqiqat zamanı tapıntılardan biri də tunc dövrünə aid edilən qayaaltı yaşayış yeridir. Kəndin Şərqi Abşeronun mərkəzində yerləşməsi, strateji cəhətdən ibtidai insanların burada məskən salmalarına, sonradan isə orta əsr insanlarının yaşayış məntəqəsinə, X–XII əsrlərdə isə müdafiə qalasına çevirmələrinə imkan yaradıb.[10][11]
Qala kəndinin yaşayış evləri üçün kiçik bağlı həyətlər xarakterikdir. Qalanın özündə yaşayış evləri iki, bəzi hallarda isə üç otaqdan ibarət olub. Şərti olaraq otağın birini mətbəx və ya təsərrüfat hissəsi adlandırmaq olar. Digər hissə qonaq yaxud yataq otağı kimi istifadə olunurdu. Mətbəx hissəsədə təndir, ocaq və "suaxan" yerləşib.[12][13]
Arxeoloji qazıntılar ilk dəfə olaraq şərqi Abşeron ərazisində 1941-ci ildə aparılmağa başlanmışdır. O zaman tədqiqatçı alim İ. M. Cəfərzadə tərəfindən tapılan materialların erkən dəmir dövrünə aid olması müəyyən edilmişdir. Növbəti önəmli elmi addım XX əsrin 60-cı illərində arxeoloq Q. M. Aslanovun rəhbərliyi altında aparılan tədqiqatlar ilə bağlıdır. 1985-ci ildə alimlər Abşeronda yenidən arxeoloji tədqiqatlara başladılar. İdris Əliyevin tədqiqatları nəticəsində yarımadanın mərkəzi hissəsində yerləşən orta əsr qəsəbələri, qalaları, məscidləri, qəbiristanlıqları və hamamları kimi abidələrin yayılma qanununa uyğunluğu və özəllikləri müəyyənləşdirildi. Tədqiqatların nəticələri Abşeronun qədim mədəni abidələrinin tarixi e.ə. III minilliyə aid edilir.[6]
"Samanlıqlar" ən qədim yaşayış formalarından biri olmuşdur. Onlar 2500–3000 il bundan əvvəl qədim yaşayış məskəni kimi istifadə olunmuşdur. Ümumiyyətlə Abşeron ərzisində meşə olmadığından bu cür yaşayış məskənləri əhəng daşından tikilmişdir.[12][6][14]
Qala kəndinin hamamları. Kənddə 3 hamam mövcud olmuşdur. "Şor hamamı", "Qum hamamı" və "Bayraməli hamamı" adı ilə tanınan hamamlar. "Şor hamamı", "Qum hamamı" arxeoloji abidə kimi konservasiya edilmişdir. Şor hamamı kəndin cənub hissəsində duz gölünün yaxınlığında yerləşirdi. "Qum hamamı" daha qədimdir, XII–XIV əsr memarlıq quruluşuna malikdir. Hamam torpağın altında yerləşdiyindən "Qum hamamı" adlandırılmışdır.[12][6][14]
Qala Əntiq Əşyalar Muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2011-ci ildə bərpaçı, xeyriyyəçi, Qarabağ müharibəsi əlili Şahid Həbibullayevin topladığı şəxsi kolleksiya əsasında yaradılmışdır.
Uzun illər ərzində yığılmış zəngin kolleksiya hazırda 3000-ə yaxın maddi-mədəniyyət nümunələrini əhatə edir. Onun əsasını Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, misdən düzəldilmiş əntiq əşyalar təşkil edir. Bu muzeydə unikal toplunun yalnız 800 eksponatı sərgilənir.[15]
- Bakı Fotoqrafiya Evi Bakı Fotoqrafiya Evi 2019-cu ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə qədim tikili olan Zəncirli Binada açılmışdır. Bina 1880-ci ildə Rzayevlər ailəsi tərəfindən tikilmişdir.
Bakı Fotoqrafiya Evi sahə etibari ilə özündə dörd geniş və işıqlı sərgi zalını birləşdirir və onun ekspozisiyasına milli, sənədli və dünya fotoqrafiya nümunələri daxildir.
Mütəmadi olaraq nümayiş edilən sərgilərdən savayı, BFE-də fotoqrafiya sənəti üzrə kurslar, yaradıcılıq axşamları, mühazirələr, ustad dərsləri və foto-turlar təşkil edilir.
Bakının qala divarlarının yarımdairəvi bürcləri arasında, şimal qala divarına bitişik bir dördkünc qala tipli bürc – donjon və ya cəbbəxana vardır. Abidə XII əsrə aiddir. Xalq arasında bu qalaya cəbbəxana, yəni silah anbarı deyirlər. Orta əsrlərdə bu qaladan silah anbarı kimi istifadə edilmişdir. Qala-bürc klassik Abşeron müdafiə sisteminin nümunələrindən biridir. Abidə üçü qapalı və biri açıq olan dörd yarusdan ibarətdir. Qalanın hündürlüyü 16, divarlarının qalınlığı isə 2 metrdir. Qala-bürcün şimal qala divarlarının daxili hissəsində, Qoşa qala qapılarınadək uzanan yeraltı yolun üstündə inşa edilməsi döyüşçülərin rahat hərəkəti üçün nəzərdə tutulmuşdur. Qala-bürcün bu cür yerləşməsi döyüşçülərə silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib çıxa bilmək imkanı verirdi. Qaladan Şirvanşahlar sarayı və ya Qız qalasına uzanan yeraltı yolun olması ehtimalı vardır.
Hal-hazırda "Art Tower"-"İçərişəhər" birgə layihəsi əsasında fəaliyyət göstərir. Burda müxtəlif sərgilər, yaradıcı gecələr və s. təşkil olunur.
Layihələr və sərgilər
redaktə- Bakı Fotoqrafiya Evinin ilk sərgisi "İçərişəhər" — 14 fevral 2019[16]
- "İnkvizisiya-orta əsr işgəncə alətləri" adlı beynəlxalq sərgi — 23 fevral 2019[17]
- Novruz bayramı münasibəti ilə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda "Sənətkarlıq məhəlləsi — 2019" adlı festival — 21–22 mart 2019[18]
- Şirvanşahlar sarayı Kompleksində "RİCOH Formula conferance-2019" adlı beynəlxalq konfrans — 27 aprel 2019
- Bakı Fotoqrafiya Evində "Havana 500 il" adlı beynəlxalq sərgi — 27 aprel 2019. Sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Fotoqrafiya Evi və Kuba Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilati dəstəyi ilə gerçəkləşmişdir.[19]
- Şirvanşahlar sarayı Kompleksində "Saray Məclisi" adlı muğam axşamı konserti — 20 may 2019[20]
- Bakı Fotoqrafiya Evində "Adlar" adlı sərginin açılış mərasimi — 21 may 2019. Sərgidə Azərbaycan fotoqrafiyasında iz qoyan 19 müəllifin fotoları təqdim edilmişdir.[21]
- Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Yoqa gününə həsr olunmuş V Yoqa festivalı — 14 iyun 2019[22]
- Şirvanşahlar sarayı Kompleksində Müasir Psixologiya Mərkəzi, Voice Agency və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə "Sevgi əngəl tanımaz" adlı sosial tədbir — 30 iyun 2019[23]
- Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Azeri Home Chef" qrupunun dəstəyi ilə "Etno mətbəx" adlı silsilə ustad dərsləri — 18 avqust 2019[24]
- Bakı Fotoqrafiya Evində Kiyev-Peçora Lavra monastırının müxtəlif dövrlərdə – XIX, XX, XXI əsrlərdə çəkilmiş tarixi fotolarından ibarət foto sərgi — 13 sentyabr 2019[25]
- Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda yerləşən "Etno Ev"də sufi yazar Hakan Mengücün iştirakı ilə "Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər" adlı tədbir — 22 sentyabr 2019
- "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) dəstəyi ilə Bakının tarixi özəyində "El sənəti" I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq festivalı və bu çərçivədə 29–30 sentyabr tarixlərində "İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri" adlı I Bakı Beynəlxalq Konqresi — 28 sentyabr–4 oktyabr 2019[26]
- "Avropa Qayaüstü İncəsənəti Günü" ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində "Bəşəriyyətin ilk incəsənəti" adlı beynəlxalq tədbir — 9 oktyabr 2019[27]
Qalereya
redaktə-
İçərişəhər. Şirvanşahlar sarayı
-
İçərişəhər. Şirvanşahlar türbəsi
-
Şirvanşahlar sarayının ekspozisiyası
-
İçərişəhər Muzey Mərkəzinin fondu
-
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda insan fiqurları. 3-2-ci minilliklər
-
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda maral fiqurları. 3-2-ci minilliklər
-
Qala - hamam. 12-14-cü əsrlər
İstinadlar
redaktə- ↑ ""İçərişəhər" Muzey Mərkəzi yaradılıb". trend.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2020-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2020.
- ↑ В.Н.Левиатов, "Памятники Азербайджанской культуры (Бакинский Дворец Ширваншахов)", Б., 1944
- ↑ И.П.Щеблыкин, Краткий очерк истории дворца Ширваншахов в Баку, Б.,1939; С. Ашурбейли, Государство Ширваншахов, Б., 1983
- ↑ Ш.С.Фатуллаев-Фигаров, Архитектурная энциклопедия Баку, Баку-Анкара., 1980
- ↑ Fərəcova, 2017. səh. 88
- ↑ 1 2 3 4 5 Əliyev, Abdullayev, 2011
- ↑ Fərəcova, 2009
- ↑ Fərəcova, Abdullayev və Rzayev, 2012
- ↑ Fərəcova, 2017. səh. 91–94;8;9
- ↑ Мамедов, 1990
- ↑ Fərəcova, 2017. səh. 89–91; 8
- ↑ 1 2 3 Əliyeva, 2007
- ↑ AMEA, 2007
- ↑ 1 2 Səlimov, Abdullayev, 1992
- ↑ Fərəcova, 2017. səh. 90–91; 8
- ↑ "İçərişəhərdə Bakı Fotoqrafiya Evinin açılışı olub". news.milli.az (az.). 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ "İçərişəhərdə "İnkvizisiya-Orta əsr işgəncə alətləri" sərgisi davam edir". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ ""Qala" qoruğunda "Sənətkarlıq məhəlləsi - 2019" festivalı keçiriləcək". ona.az (az.). 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ "İçərişəhərdə "Havana 500 il" sərgisi". medeniyyet.az (az.). "Mədəniyyət" qəzeti. 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ ""Saray Məclisi" musiqi axşamı". icherisheher.gov.az (az.). 2019-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ "Bakı Fotoqrafiya Evində açılacaq sərgidə 19 müəllifin əl işləri nümayiş ediləcək". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ "5-ci Beynəlxalq Yoqa Gününün qeyd olunması münasibətilə həyata keçirilən tədbirlər". medeniyyet.az (az.). "Xalq" qəzeti. 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ "İçərişəhərdə "Sevgi əngəl tanımaz" adlı sosial tədbir təşkil ediləcək". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ "Bakıda kulinariya üzrə ustad dərsləri başlayıb". az.baku-art.com (az.). Bakı Şəhər Mədəniyyət Baş İdarəsi. 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ "İçərişəhərdə "Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik" adlı sərgi açılıb". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2020-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ "Bakıda "İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri" adlı konqres keçirilir". ona.az (az.). Onlayn Xəbər Agentliyi. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
- ↑ "Avropa Qayaüstü İncəsənəti Günü İçərişəhərdə qeyd olunub". sia.az (az.). Səs İnformasiya Agentliyi. 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2020.
Ədəbiyyat
redaktə- Əliyeva, R. Unikal Qala kəndi. Баку: Təknur MMC. 2007. səh. 137.
- Fərəcova, M. Мир наскального искусства Азербайджана. Kitab-monoqrafiya (Национальная Академия Наук Азербайджана Институт Археологии и Этнографии). Баку: издательство «Орхан» ООО. 2017. səh. 3–143.
- Əliyev, İ.; Abdullayev, F. Naməlum Abşeron (Национальная Академия Наук Азербайджана Институт Археологии и Этнографии). Bakı. 2011. səh. 125.
- Fərəcova, M. Azərbaycan qayaüstü incəsənəti. Bakı: Aspoliqraf. 2009. səh. 319.
- Мамедов, В. Средневековый замок в селении Кала / Страницы истории Баку и Апшерона (тезисы конференции). Клуб «Гудси» при Бакинском отделении Азербайджанского общества охраны памятников истории и культуры. Баку. 1990. səh. 44–45.
- Səlimov, T.; Abdullayev, F. Qala və Qalalılar. Bakı. 1992. səh. 45.
- Fərəcova, M.; Abdullayev, F.; Rzayev, J. Petroglyphs. Kitab (5 dildə),“Azərbaycanın Mədəni İrsi”. Bakı: Heydər Əliyev fondu, “Çaşıoğlu”. 2012. səh. 5–91.
- Fərəcova, M. "Qala Abşeronun arxeoloji və entoqrafik irsi kimi". “Dövlət İdarəçiliyi Nəzəriyyə və Təcrübə” jurnalı. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. 1 (61). 2018: 203–214.
- AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Etnoqrafiyası. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 543.