Ibn Qabirol - Wikipedia
İbn Qabirol (təq. 1021[1][2][…], 1020[3] və ya 1021, Malaqa, Əndəlüs[3][4] – təq. 1058[3], təq. 1057[3] və ya 1070, Valensiya[3]) - Orta əsrlərdə İspaniyada yaşayıb-yaratmış yəhudi şair və filosofu
Əbu Əyyub Süleyman ibn Yəhya ibn Cəbrayıl (Şlomo ben Yehuda ben Qabirol) | |
---|---|
ivr. שלמה בן יהודה אבן גבירול? ərəb. أبو أيوب سليمان بن يحيى بن جبيرول, | |
| |
Doğum tarixi | |
Doğum yeri | Malaqa, İspaniya |
Vəfat tarixi | |
Vəfat yeri | Valensiya |
Milliyyəti | yəhudi |
Fəaliyyəti | poeziya, fəlsəfə, ilahiyyat |
Əsərlərinin dili | ərəb, ivrit |
Janr | poeziya |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəOnun tam adı Əbu Əyyub Süleyman ibn Yəhya ibn Cəbrayıl (Şlomo ben Yehuda ben Qabirol) olsa da İbn Qabirol kimi tanınmışdır. 1021-ci ildə İspaniyanın Malaqa şəhərində dünyaya gəlmişdir. Ərəb və yəhudi təhsili almış, hər iki dildə əsərlər yazmışdır. Uşaq yaşlarında ikən yetim qalan İbn Qabirol mesenatların himayəsində yaşamışdır. Mürəkkəb xarakterə malik olduğuna görə ətrafdakılarla daim münaqişədə edərmiş.
İbn Qabirolun yüksəsk sənətkarlığı gənc yaşlarından etibarən özünü göstərməyə başlamışdır. İlk hamisi Yeketuel ibn Həsənin ölümünə həsr etdiyi üç elegiyası orta əsr yəhudi ədəbiyyatının qiymətli əsərlərindən hesab edilir. 19 yaşında "Anak" (Boyunbağı) adlı didaktik poemanı qələmə almışdır. Həmin vaxtlar ona hamilik edən məşhur şair və dövlət xadimi Şmuel ha-Naqidlə xeyli problemlər yaşasa da, 1045-ci ildə "Kitabul-islahul-əxlaq" adlı fəlsəfi traktatı yazmış və yaşadığı Saraqosa şəhərini tərk etmişdir. Təxminən 1060-cı ildə Valensiyada vəfat etdiyi ehtimal olunur
Yaradıcılığı
redaktəİbn Qabirol xeyli sayda fəlsəfi əsərlərin də müəllifi olmuşdur. Dövrümüzədək gəlib çatan kitablarının arasında ən məşhuru "Həyatın mənbəyi" adlı traktatdır. Bu əsər ərəbcə yazılsa da, qısa müddət sonra ibrani, daha sonra latın dilinə tərcümə edilmişdir. Kitab müəllim və tələbə arasında olan dialoq formasında tərtib edilmişdir. Əsərdə materiya və substansiyalar, dünyanın maddiliyi, tanrı ilə fiziki aləm arasında olan münasibət məsələləri araşdırılmışdır. Əsərin əsas ideyası bütün aləmin eyni maddədən ibarət olması və onun ilkin mənbədən uzaqlaşdığına görə daha az həqiqətə uyğunlaşması haqqında fikirlərdir. İlkin Varlıq (tanrı) öz iradəsilə maddəni yaradır. İbn Qabirolun fikrincə, bütün aləmi üç kateqoriyada qruplaşdırmaq mümkündür. Bunlar İlkin Varlıq (tanrı), materiya və forma (dünya) ilə aralıq mərhələ olan iradədir. Onun təsnifatında materiya son dərəcə mühüm məqama malikdir: "Materiya tanrının elmində yaşayır, bu Yer kürəsinin dünyanın mərkəzində olmasına bənzəyir".
İbn Qabirolun daha bir məşhur əsəri "Padşah tacı" adlı etik-fəlsəfi poemadır. Bu əsər insan ruhunun taleyindən bəhs edən 40 şerdən ibarətdir. Burada insanın zəifliyi səbəbindən günahlara batdığı üçün tanrı tərəfindən ona sərbəst iradə və tövbə etmək imkanı verildiyi bildirilmişdir. Kitabda müəllifin tanrını mədh etməsi, şəxsi tövbəsi və Bibliyanın bəzi hissələrinin təfsiri mövcuddur. Poemada dörd ünsürün (od, torpaq, su və hava) yüksəlməsi, onların yer, Ay, planetlərin sferalarında yerləşmələri əks olunmuşdur. Əsərdə həmçinin kabbalistik dünyagörüşünə toxunulmuş, ulduzların dünya və insan taleyinə təsirindən bəhs edilmişdir.
Poetik əsərləri
redaktəİbn Qabirolun poeziyasının mühüm qismi mədhiyyələrdən və həcvlərdən ibarətdir. Burada şairin keçdiyi keşməkeşli həyat tərzi əks edilmiş, onun düşmənləri tənqid olunmuşdur. Yəhudi ədəbiyyatı ilə yanaşı ərəb-İslam poeziyasının üslubundan da məharətlə istifadə edilmiş, yaradıcılığında cəmiyyətin qayda-qanunları tənqid hədəfinə tutulmuşdur. Şeirlərdə İbn Qabirol özü ilə yaşadığı cəmiyyət arasındakı uyğunsuzluğu göstərmiş, dünya malına qarşı duyduğu nifrəti dilə gətirmişdir. O, həyatını həqiqət axtarışına həsr etdiyini, bununla da ruhunu nəfsin "qandallarından" qurtararaq, tanrı ilə birləşdirməyə nail olduğunu bildirmişdir. İbn Qabirolun asketizmə olan meyilini müasiri şair Moşe ibn Əzra belə ifadə etmişdir: "O, dünya işlərini tamamilə tərk edərək, həyatını yalnız ruhi istəklərinə həsr etmiş, nəticədə də nəfsini ruhuna tabe etmişdir". Onun şerlərində dünya həyatı əbədi axirət nemətlərinə qarşı qoyulur.
İbn Qabirolun yaradıcılığının bir hissəsi dua toplularının tətkibinə daxil edilərək, yəhudi dini mətnlərinin ayrılmaz tərkib hissəsi kimi qəbul olunmuşdur. Burada, əsasən, yəhudi xalqına üz verə biləcək fəlakətlərə görə çəkilən qorxu və Məsihin tezliklə gələcəyinə dair qəti əminlikdən bəhs edilmişdir.
İbn Qabirol neoplatonizmin Avropada yayılmasına yardımçı olan ilk müəlliflərdəndir. Bu fəlsəfə orta əsr xristian sxolastikasına və kabbalizmə güclü təsir göstərmişdir. Onun poeziyasında ərəb və yəhudi poeziyasının qaydaları üzvi vəhdət təşkil etmişdir. İbn Qabirol İspaniya yəhudi dünyasının ən parlaq simalarından olan filosofun .
- ↑ Solomon ibn Gabriol // hymnary.org. Calvin Theological Seminary, Christian Classics Ethereal Library.
- ↑ Selomo Ben-Yehûdâ Ben-Gabirol // Catalogue of the Library of the Pontifical University of Saint Thomas Aquinas.
- ↑ 1 2 3 4 5 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 189. ISBN 978-2-221-06888-5
- ↑ Maymonid דלאלה אלחאירין. / tər. S. i. Tibbon, Y. Alharizi, Y. Qafih, M. Schwarz, H. Gershuni, M. Friedländer, S. Pines 1190. S. 339.