Imamet - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İmamət (ərəb. إمامة İmāma; ing. Imamah) — İslam dininin şiə qanadında qəbul edilən dini rəhbərlik və siyasi idarə üsulu. İmamət düşüncəsi İslamda siyasi rəhbərliyin yalnız Məhəmməd peyğəmbərin ailə davamçısı olan imamlara aid olduğunu qəbul edir. Şiəliyin 12-imam və İsmayili təriqətləri isə imamların Əhl əl-Beyt (peyğəmbər ailəsinin) üzvləri olduğu üçün qeyri adi biliyə, məsumluğa və aliliyə malik olduğuna inanır [1].
İmamət ərəb sözü olub, rəhbərlik mənasını daşıyır. Dini terminologiyada isə "İmamət" sözü belə izah edilir: "İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola dəvət etmək deməkdir. Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır".
Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bəzisi aşağıdakılardan ibarətdir:
1-İmamın Allah tərəfindən təyin olunması:
Sünnilərdən fərqli olaraq şiələr imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən təyin edilməsinə əqidə bəsləyir.[2]
2-İmamın ilahi biliklərə yiyələnməsi:
Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır.
3-İmamın məsum olması:
Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da mə'sum olması vacibdir. Əks təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr verə bilər. Nəticədə isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər.
4-İmamın ədalətli olması:
Xalqın İslam dininin də'vət etdiyi qanunlara riayət edib, cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün deyildir.
5-İmamın xalqdan təmənnasız olması:
İlahi peyğəmbərlər öz vəzifələrinin əvəzində xalqdan bir şey istəmədikləri kimi, onların ardıcılları olan imamlar da öz rəhbərliyi üçün xalqdan heç bir şey istəməməli və öz ilahi risalətini təmənnasız olaraq yerinə yetirməlidir.
İmamın təyin olunması
redaktəİslam ümməti üçün rəhbərin lazımlığı çox aydın və aşkar bir məsələdir. Lakin əsas məsələ müsəlman millətləri üçün rəhbərin kim tərəfindən tə'yin olunmasıdır ki, bu haqda müsəlmanlar arasında iki növ əqidə mövcuddur.
Onlardan biri əhli-sünnət qardaşlarımıza aiddir ki, onlar islam ümməti üçün rəhbərin (xəlifənin) seçkilər və şura vasitəsilə təyin olunmasının tərəfdarıdır.
Digər əqidə isə Əhli-beyt məktəbi ardıcıllarına aiddir ki, onlar ümmət üçün rəhbərin yalnız Allah tərəfindən təyin olunmasını qəbul edir və məhz bu yolu ağıl və məntiqə uyğun hesab edirdilər.
Bu məktəbin əqidəsinə görə xalq tərəfindən seçilmiş rəhbər yalnız bir sıra zahiri işləri idarə edə bilər və xalqın ilahi rəhbərliyi heç vaxt şura və seçki vasitəsilə təyin ola bilməz.
Çünki belə bir üslubun tətbiqi, bir sıra xoşagəlməz işlərin yaranması və son dərəcə həyati olan vəzifənin təsadüfi şəxslərin əlinə düşməsinə səbəb ola bilər. Məsələn; xalq arasında böyük mənsəb sahibi olanlar, var-dövlət və qüdrət sahibləri çox asanlıqla bu ilahi rəhbərliyi ələ keçirib, xalqı və islam ümmətini Allahın dediyi kimi deyil, öz istəyi və nəzəri ilə idarə edə bilərlər.
Bu isə İslam şəriəti və ümməti üçün ən böyük təhlükədir.
Bunu da qeyd etmək lazımdır ki, Əməvi və Abbasi xilafətləri zamanı uzun müddətli bir siyasət nəticəsində xilafət və ilahi rəhəbrlik məsələsi sü'ni şəkildə dəyişdirilmiş, əvəzində isə padşahlıq, varislik və dünyəvilik əsasında hökm edən hökumətlərə gətirilmişdir.
İmamət və rəhbərlik məsələsi, həqiqətdə İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləmin ümmət üzərində olan ilahi rəhbərliyinin davamıdır. Həzrət Peyğəmbərin (s) isə xalq tərəfindən deyil, yalnız Allah tərəfindən bu mühüm iş üçün tə'yin olunması hamıya aydındır.
Unutmaq olmaz ki, islam ümməti üçün rəhbərin şura və seçkilər vasitəsilə deyil, məhz Allah tərəfindən tə'yin olunması, məntiqlə uyğun gələn bir əqidədir.
İlahi rəhbərin vəzifələri
redaktəİslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin canişini olan ilahi rəhbərlərin bir neçə vəzifəsi vardır ki, onlar aşağıdakılardan ibarətdir:
1-Qurani-Kərimin mənalarını xalq üçün aydınlaşdırıb onlara aid olan məsələləri izah etmək;
2-Dini hökmləri xalqa çatdırıb, bəyan etmək;
3-Ümmət arasında etiqadi azğınlığın qarşısını almaq;
4-Öz sözləri və rəftarı ilə cəmiyyəti islah etmək və tərbiyələndirmək;
5-Cəmiyyətdə təhlükəsizlik, əminəmanlıq və ədaləti yaratmaq;
6-Düşmənlər qarşısında islamın sərhəd, sərvət və varlığını müdafiə etmək;
Gördüyünüz kimi hər hansı bir ilahi rəhbərin boynunda belə ağır vəzifələr vardır. Bu vəzifələrin öhdəsindən gələn şəxsi, yalnız Allah-taala tə'yin edə bilər və adi camaat belə bir şəxsi tanıyıb onu özü üçün imam seçə bilməz.
Qeyd etdiyimiz vəzifələr ilk növbədə Həzrət Peyğəmbərin (s) öhdəsində olmuş və o həzrətdən sonra isə ilahi rəhbərlərə (imamlara) tapşırılmışdır. Lakin həzrət peyğəmbərimizin ayrı bir vəzifəsi də var idi ki, o vəzifə imamlara aid deyildir.
Həzrət Peyğəmbərin istisna olan bu vəzifəsi vəhy yolu ilə Allah göstərişlərini alıb ümmətə çatdırmaq və başqa sözlə desək, Allah izni ilə qanunvericilik ixtiyarına malik olması idi. İlahi rəhbərlərə (imamlara) isə vəhy olunmaz və yeni bir şəriət göndərilməz.
İstinadlar
redaktə- ↑ Nasr, S.V.R. The Shia Revival: How Conflicts Within Islam Will Shape the Future. Norton. 2006. 28. ISBN 0393062112, 9780393062113.[ölü keçid]
- ↑ Bəqərə surəsi, 124-cü ayə: (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) "Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm", -dedi. (İbrahim isə:) "Nəslimdən necə?" – deyə soruşdu. (Allah onun cavabında:) "(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar", -buyurdu. /V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi