Ipekci Qezet - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
"İpəkçi" — Şəkidə nəşr edilmiş çoxtirajlı qəzet[a], sonuncu fəhlə qəzeti[mənbə göstərin].
İpəkçi | |
---|---|
Növ | Çoxtirajlı qəzet |
Format | A2 |
Təsisçi | Şəki "İpək" şirkəti və M.Salis |
Redaktor | Aydın Məmmədov |
Yaranma tarixi | 1933 |
Dil | Azərbaycan dili |
Qiymət | Pulsuz |
Səhifə | 4 |
Tiraj | 1250 (15.06.2013) |
ipekchi.info |
Tarixi
redaktə"İpəkçi" qəzeti 13 mart 1933-cü il tarixdən nəşr edilir. O vaxt qəzet "Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı" idi və ilk redaktoru Rəsul Rəsullu olmuşdu. Daha sonra isə — 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilmişdi. İkinci dünya müharibəsi illərində — 1943-cü ildə, qəzetin nəşri dayandırılsa da, müharibədən sonra — 1958-ci ildə yenidən bərpa edilir. 1958–1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Süleymanlı), 1965–2009-cu illərdə isə Salis Məmmədov olmuşdur. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur.
"İpəkçi" qəzeti 1983-cü ildə, 50 ilik yubileyi münasibətilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Qəzetin 60 illik yubileyi münasibətilə isə Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyev qəzetin redaksiyasına təbrik məktubu ünvanlamışdır.
Azərbaycan Sovet mətbuatında ilk müstəqil qəzet
redaktə"İpəkçi" qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33–34 (1967–1968) saylı nəşrində, V. İ. Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl "Azərbaycan Kommunist partiyası V. İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı" olan bu qəzet, bu dəfə "Şəki ipəkçilərinin açıq tribunası" elan edilmişdir. Bu, həmin vaxta qədər, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi. Qəzetin həmin sayında, "Oxucularımıza" sərlövhəli baş məqalədə isə redaktor, mərhum Salis Məmmədov böyük qətiyyət, cəsarət və uzaqgörənliklə atılmış bu addım barədə daha təfsilatı ilə bəyanat vermişdir.
XXI əsrdə
redaktə"İpəkçi" qəzetinin həmtəsisçisi və redaktoru Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədovun 2009-cu ildə vəfatından sonra oğlu Aydın Məmmədov qəzetə rəhbərlik edib. 2010-cu ildə bu qəzet A2 ölçüdə 4 səhifədən ibarət olmaqla 8 dəfə nəşr olunmuşdur.
2018-ci ildə print versiyası, 2022-ci ilin dekabrında isə saytı da fəaliyyətini dayandırıb.[1]
Maliyyə mənbələri
redaktə2012-ci ilə qədər "İpəkçi" qəzetinin nəşriyyat xərci bu qəzetin redaktorunun "Şəki-İpək" ASC-dən aldığı 92 manat məvacib[2] hesabına ödənilirdi. 2012-ci ildə isə "Şəki-İpək" ASC rəhbərliyi həmin məvacibi də ödəməkdən imtina etmişdir[3].
Qeydlər
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbaycanın ən köhnə qəzetlərindən biri vəsait çatışmazlığı səbəbindən işini dayandırır". turan.az (az.). 2023-11-26. 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-26.
- ↑ ""İpəkçi" qəzetinin saytı, Bu sayt və "İpəkçi" qəzeti haqqında". 2021-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-24.
- ↑ ""İpəkçi" qəzetinin saytı, Kim, kimdir?!". 2013-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-24.