Irevan Qalasinin Muhasiresi 1804 - Wikipedia
İrəvan qalasının mühasirəsi — İrəvan xanlığının paytaxtı olan İrəvan qala-şəhərinin (indiki Ermənistanın paytaxtı) 1804–1813-cü illər Rusiya–İran müharibəsi zamanı, 1804-cü ilin iyulundan sentyabrına qədər davam edən mühasirəsi. Çətin baş tutan irəliləyişdən sonra Pavel Sisianovun başçılığı altındakı Rusiya qoşunları İrəvanı mühasirəyə almışdı. İrəvan qalasının daxilində yerləşdirilmiş Qacar dövlətinə bağlı qüvvələr rusların birbaşa hücumunun qarşısını almış, qaladan kənarda olanlar isə Rusiya ordusunu mühasirəyə alaraq onların təchizat xətlərini kəsmişdilər. Vəliəhd Abbas Mirzə və Fətəli şah Qacarın (1797–1834-cü illərdə hakimiyyətdə olmuşdur) komandanlığı ilə İran qüvvələri şəhəri uğurla müdafiə etmiş, Rusiyanın hücumunu dəf etmişdilər.[5][6] Sisianov öz reputasiyasını qorumaq üçün bu məğlubiyyətin məsuliyyətini çoxlu insanın üzərinə yıxmış və başqa məsələləri bəhanə etmiş, bilərəkdən öz səhvlərini kənara qoymuşdur.
İrəvan qalasının mühasirəsi | |||
---|---|---|---|
1804–1813-cü illər Rusiya–İran müharibəsi | |||
| |||
Tarix | iyul–sentyabr 1804 | ||
Yeri | İrəvan qalası, İrəvan xanlığı (indiki Ermənistan) | ||
Nəticəsi | Qacar dövlətinin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Zəmin
redaktə1801-ci ildə Qacar dövləti daxilindəki siyasi qarışıqlıqdan istifadə edən Rusiya əsrlər boyu İran imperiyalarının tərkibində olmuş, Gürcüstanın şərqindəki Kartli-Kaxeti bölgəsini ilhaq etmişdi.[7][8][9] Pavel Sisianov 1802-ci ildə Rusiyanın Qafqazda yeni sərdarı təyin edilmişdir. Qətiyyətli rus imperialisti və ekspansionisti olan Sisianov nə Qafqaz sakinlərinə, nə də iranlılara hörmət bəsləyirdi. O, 1804-cü ilin yanvarında İrana yürüş etmiş və Gəncəni mühasirəyə almışdır. Bir aydan sonra Sisianov şəhəri ələ keçirərək onu yağmalamış, üç gün davam edən talan zamanı 3 minə qədər insan qətlə yetirilmişdir.[10][11] Bu, 1804–1813-cü illər Rusiya–İran müharibəsini başlatmışdır.[10]
Sisianov Gəncəni ələ keçirdikdən sonra İrəvana doğru irəliləməyə başlamışdır. Onun ordusu İrəvan yaxınlığında yerləşən Eçmiədzində Qacar vəliəhdi və sərdarı Abbas Mirzənin ordusu ilə toqquşmuş, Sisianov və qoşunları geri çəkilməyə məcbur olmuşdur. Bir neçə gündən sonra ruslar Eçmiədzinə yenidən hücum etmiş və orada İran ordusunu gözlənilməz şəkildə yaxalıyaraq məğlub etdilər. Bunun ardınca Sisianov yenidən İrəvana yürüş etmişdir. Sağ qalan İran qoşunları yenidən toplanaraq İrəvanın qarşıdan gələn müdafiəsinə qoşuldular.[3]
Mühasirə
redaktəSisianov iyunun axırlarında 3,000–20,000 nəfərlik ordu, həmçinin gürcü və erməni yardımçı qüvvələri ilə İrəvan qalasının qarşısına gəlmişdir.[2][1] Rusiya ordusu ağır bombardman ilə hücuma keçmişdir. Fətəli şah Qacar (1797–1834-cü illərdə hakimiyyətdə olmuşdur) özü qalanın müdafiəsində iştirak etmiş və qoşunlara komandanlıq etmişdir. İran tərəfi döyüş zamanı hələ də əsasən yüngül artilleriya və mobil süvarilərdən ibarət "ənənəvi ordusu" ilə vuruşurdu.[12]
Rusiya tərəfi İrəvan qalasının daxilində yerləşdirilmiş, Qacar dövlətinə bağlı 6,000–7,000 nəfərlik ordunu mühasirəyə almış, qaladan kənada olan, təxminən 18,000 süvaridən ibarət İran qüvvələri öz növbəsində rusların rabitə xəttini kəsmişdir.[13][2] İran qüvvələri rusların gözlədiklərindən daha cəsarətli və təsirli formada döyüşürdülər. Mühasirə zamanı onlar rusların təchizat və köməkçi qüvvə ilə təmin olunmasının qarşısını almış, İrəvanın qarnizonu isə rusların birbaşa hücumlarının qarşısını almışdır. Rusiya artilleriyası Eçmiədzində baş verən toqquşmada olduğu kimi təsirli olduğunu bir daha sübut etmişdi, lakin İran tərəfi ruslara ağır itkilər verərək onların qalaya doğru irəliləməsinin qarşısını almağa nail olmuşdular, həmçinin Rusiya tərəfinin fəaliyyətini daha da pozmaq məqsədilə çoxlu buğda sahələrini yandırmışdılar.[3] Bundan sonra Sisianov Tiflisdə yaradılmış yeni hərbi administrasiyanın hazırladığı ləvazimatları götürmək üçün 200 əsgərdən ibarət bir dəstə göndərmişdir. Buna baxmayaraq, 6,000 nəfərlik İran qüvvəsi həmin dəstəni mühasirəyə almağa müvəffəq olmuş, onların əksəriyyətini öldürmüş və sağ qalanların çoxunu əsir götürmüşdür.[14]
Sisianovun yürüşü zamanı yeni yaradılmış Gürcüstan quberniyasında yerli əhali Rusiyaya qarşı böyük üsyan qaldırmışdır.[15] Üsyanın səbəbləri Sisianovun siyasətindən narazılıq, Pyotr İvanoviç Kovalenski administrasiyasının korrupsiya ilə məşğul olması və Baqrationi sülaləsinin hakimiyyətinin ləğv edilməsi idi.[16] Sentyabrda Sisianovun altı generalından beşi onun planının iflasa uğradığı qənaətinə gəlmiş və onu mühasirəni pozmağa məcbur etmişdir.[17][18]
Nəticə
redaktəMühasirə dövründə Rusiya tərəfi ağır itkilər vermişdi.[19] Rusiya ordusu sıralarında vuruşanların böyük bir hissəsi ölmüş və ya yaralanmışdı, daha min nəfər isə xəstələnmişdi. Geridə qalan qüvvələr beş həftə yarım ərzaq payı ilə vuruşduqları üçün zəifləmişdilər. Rus qoşunları geri çəkilərkən belə onların vəziyyəti ağır olaraq qalırdı. Orduda hələ də qida və su qıtlığı var idi və onların çoxlu sayda yük heyvanı öldüyündən ləvazimatları özləri daşımaq məcburiyyətində qalmışdılar. Bundan əlavə, Qacar dövlətinə bağlı qüvvələr geri çəkilən rus qoşunlarını təqib edərək "dağınıq halda gəzənləri əsir götürür və qurumuş tarlaları yandırırdılar".[14]
İrəvan qalasının mühasirəyə alınması səbəbilə Gürcüstan quberniyasında kifayət qədər qoşun qalmamış və bu dövrdə ləzgilərin basqınları artmışdı.[20] Sisianov yerli kəndliləri "dağlardan keçən yolları abadlaşdırmaq üçün son dərəcə ağır şəraitdə" işləməyə məcbur etmiş, quberniyanın yerli əhalisi arasında gərginliyi artırmışdı. Bu, Qacar dövlətinin hərbi dəstək verdiyi Baqrationi sülaləsinin hakimiyyətinin bərpa edilməsini istəyən gürcülərin sayının artmasına səbəb olmuşdu.[21]
Sisianov belə İrəvanda uğursuzluğa düçar olduğunu bilirdi. Bu, rusların "bütövlükdə yürüşdəki mühasirə üçün öz döyüş itkiləri haqqında" rəsmi hesabat yazmaması ilə şərtlənir. Odur ki, Sisianov Gürcüstan quberniyasına qayıtdıqdan sonra I Aleksandra (1801–1825-ci illərdə hakimiyyətdə olmuşdur) hesabat vermişdir.[14] O, reputasiyasını xilas etmək üçün mühasirənin uğursuzluğa düçar olmasında günahı özünə tabe olan sərkərdələr, İrəvan hakimi Məhəmməd xan Ziyadlı-Qacar və İrəvan xanlığını Gürcüstan quberniyasından ayıran "sərt relyef"lə əlaqələndirmişdir.[22] Sisianov bildirmişdir ki, əgər Rusiya Qafqazda şöhrət və lazımi strateji mövqe əldə etmək istəyirsə, İrəvan hakimini "məhv etmək" lazımdır. Buna baxmayaraq, Sisianovun fikrincə, bu məğlubiyyətin ən böyük günahkarı sərkərdə və knyaz Dmitri Mixayloviç Volkonski idi. Sisianova görə, İrəvandakı "biabırçılıq" Volkonskinin tədarükləri gətirməməsi ilə bağlıdır. Onun hesabata əlavə etmədiyi şey İrəvandan Gürcüstana qədər olan ərazinin rus kontingentinin hərəkətinə mane olan Qacar qüvvələrinin nəzarətində olması, həmçinin Gürcüstan quberniyasında sülhün bərqərar olması üçün xidmətdə olan bütün qoşunlara ehtiyac duyması və bu səbəbdən tədarükləri daşıyan dəstəyə müşayiət edəcək qüvvə yığa bilməməsi idi. I Aleksandr hesabatı ilıq qarşılamışdır. Bundan sonra o, Volkonskini xidmətdən geri çağırmış və Sisianovu mükafatlandırmışdır. Müqayisədə, Sisianovun davamçısı İvan Qudoviç bir neçə il sonra İrəvan qalasını uğursuzcasına mühasirəyə alan zaman I Aleksandr onun ekspedisiyasını "axmaqlıq" adlandıraraq Qudoviçi təqaüdə göndərmişdir.[21]
Sisianovun yürüşü çoxsaylı erməni ailələrinin İrəvan xanlığını tərk edərək Gürcüstan quberniyasına getməsi ilə nəticələnmişdir.[23] Qacar ordusu müvəffəqiyyətli müdafiədən sonra, öz adəti protokollarına uyğun olaraq, 1805-ci ilin yazında yeni bir yürüş üçün yenidən toplaşmaq göstərişi ilə qışa qədər dağılmaq əmri almışdır.[24][18]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Behrooz, 2013. səh. 55–56, 67
- ↑ 1 2 3 4 5 Kazemzadeh, 1991. səh. 332
- ↑ 1 2 3 Atkin, 1980. səh. 120
- ↑ Atkin, 1980. səh. 120-121
- ↑ Atkin, 1980. səh. 99, 120
- ↑ Kettenhofen, Bournoutian və Hewsen, 1998. səh. 542–551
- ↑ Suny, 1994. səh. 59
- ↑ Kazemzadeh, 1991. səh. 330
- ↑ Axworthy, 2010. səh. 180
- ↑ 1 2 Tucker, 2010. səh. 1035
- ↑ Behrooz, 2013. səh. 55
- ↑ Behrooz, 2013. səh. 55–56
- ↑ Atkin, 1980. səh. 76, 120
- ↑ 1 2 3 Atkin, 1980. səh. 121
- ↑ Rayfield, 2013. səh. 263
- ↑ Atkin, 1980. səh. 76
- ↑ Atkin, 1980. səh. 77, 120
- ↑ 1 2 Tapper, 1997. səh. 152
- ↑ Atkin, 1980. səh. 120–121
- ↑ Atkin, 1980. səh. 76–77
- ↑ 1 2 Atkin, 1980. səh. 77
- ↑ Atkin, 1980. səh. 65, 77
- ↑ Bournoutian, 2018. səh. 19
- ↑ Tucker, 2010. səh. 1036
Ədəbiyyat
redaktə- Atkin, Muriel. Russia and Iran, 1780–1828. University of Minnesota Press. 1980. ISBN 978-0816609246.
- Axworthy, Michael. A History of Iran: Empire of the Mind. Basic Books. 2010. ISBN 978-0465019205.
- Behrooz, Maziar. From confidence to apprehension: early Iranian interaction with Russia // Cronin, Stephanie (redaktor). Iranian-Russian Encounters: Empires and Revolutions Since 1800. Routledge. 2013. ISBN 978-0415624336.
- Bournoutian, George. Armenia and Imperial Decline: The Yerevan Province, 1900-1914. Routledge. 2018. ISBN 978-1351062626.
- Kazemzadeh, Firuz. Iranian relations with Russia and the Soviet Union, to 1921 // Avery, Peter; Hambly, Gavin; Melville, Charles (redaktorlar ). The Cambridge History of Iran (Vol. 7). Cambridge University Press. 1991. ISBN 978-0521200950.
- Kettenhofen, Erich; Bournoutian, George A.; Hewsen, Robert H. EREVAN // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica. Volume VIII/5: English IV–Eršād al-zerāʿa. London and New York: Routledge & Kegan Paul. 1998. 542–551. ISBN 978-1-56859-054-7.
- Rayfield, Donald. Edge of Empires: A History of Georgia. Reaktion Books. 2013. ISBN 978-1780230702.
- Suny, Ronald Grigor. The Making of the Georgian Nation. Indiana University Press. 1994. ISBN 978-0253209153.
- Tapper, Richard. Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan. Cambridge University Press. 1997. ISBN 978-0-52158-336-7.
- Tucker, Spencer C., redaktorA Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East. ABC-CLIO. 2010. ISBN 978-1851096725.