Ismayil Xan Naxcivanski - Wikipedia
İsmayıl Xan Naxçıvanski (5 yanvar 1819, Naxçıvan – 10 fevral 1909, Naxçıvan) — hərbi xadim, tam süvari qoşunu generalı (18.08.1908). Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Kəlbəli xan Naxçıvanskinin qardaşıdır.
İsmayıl xan Naxçıvanski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 yanvar 1819 |
Doğum yeri | |
Vəfat tarixi | 10 fevral 1909 (90 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Atası | Ehsan xan Kəngərli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | tam süvari generalı[d] |
Döyüşlər | |
Təltifləri |
Hərbi xidmətə başlaması
redaktəİsmayıl xan Naxçıvanski 1819-cu ilin 5 yanvarında Naxçıvan xanının ailəsində dünyaya gəlmişdir. Atası Ehsan xan (1789–1846) Naxçıvan hakimi olmuşdur. İbtidai təhsilini Tiflis Zadəgan Gimnaziyasında almışdır. Gənc yaşlarından atasının komandanlığı altında Kəngərli Süvari Alayında xidmət etmişdir.[1] 1837-ci ildə Kəngərli süvariləri I Nikolayın Qafqaza gəlişi zamanı şərəf konvoyunda Kəngərli süvariləri də olmuşdur. 18 yaşlı gənc İsmayıl xan da bu süvari bölməsində imperatoru müşayiət edənlərdən biri idi. Konvoyda daxil olan digərləri ilə birlikdə İsmayıl xan da üzərində gümüş medal olan Müqəddəs Vladimir ordeni ilə mükafatlandırıldı.
İsmayıl xan hərbi xidmətə 1839-cu ilin 1 mayında hərbi xidmətə başlamışdır. O, ilk hərbi xidmətə Zaqafqaziya atlı-müsəlman alayında, yəni Varşavada başlamışdır. O, bu zaman naib, yəni Sotnia komandiri vəzifəsində xidmət edirdi.[2] 1840-cı ildə Varşava yaxınlığındakı təlimlər və yoxlamalar zamanı "xidmətdə fərqlənməyə görə" İsmayıl xan praporşik rütbəsinə yüksəldildi (28 oktyabr 1840).[3] 27 dekabr 1841-ci ildə İsmayıl xan poruçik, 3 mart 1845-ci ildə ştapskapitan rütbələrinə yüksəldi. O, sonuncu rütbəni almaqla birlikdə, Qafqaz süvari ordusuna göndərildi. 19 sentyabr 1847-ci ildə İsmayıl xan Kəngərli süvarilərinin komandanı təyin olundu. Xidmətdə fərqlənməyə görə 5 fevral 1853-cü ildə o, kapitan rütbəsinə yüksəldildi.
Krım müharibəsi
redaktə16 oktyabr 1853-cü ildə Krım müharibəsi başladı. 10 noyabrda İsmayıl xan İrəvan Bəy Drujinasının komandiri təyin olundu və bu dəstə rus qoşunlarının Qafqaz korpusuna tabe edildi. 1854-cü ilin 1 mayından 5 dekabrına qədər o, IV müsəlman süvari alayının komandirinin müavini vəzifəsində xidmət etdi.[4] 22 apreldən 5 iyula qədər isə o, İğdır, Karvansara, Orqov bölgələrindəki döyüşlərdə iştirak etdi. 17 iyulda İrəvan alayının üzvü kimi general-leytenant Baron Karl Karloviç Vrangelin tabeliyində Çınqıl döyüşündə iştirak edərək, 12 minlik Səlim paşa tabeliyindəki Osmanlı qoşununun məğlub edilməsində iştirak etmişdir. Bu döyüşdən sonra 19 iyulda Bəyazid ələ keçirilmişdir. Müharibənin sonrakı hissələrində İsmayıl xan Abasgöl, Misun, Dutax, Diadin, Karakilsə, Alaşkert və s. bölgələrdə döyüşlərdə iştirak etdi. 4 avqust 1855-ci ildə o, Kazak dəstəsinə transfer edildi. 13 oktyabr 1856-cı ildə o, Müqəddəs Stanislav ordeni və qılıncla mükafatlandırıldı.
Müharibələr arası dövr
redaktə3 aprel 1860-cı ildə İsmayıl xan polkovnik rütbəsinə yüksəldildi.[5] 22 sentyabr 1867-ci ildə polkovnik İsmayıl xan IV dərəcəli Müqəddəs Vladimir ordenini ilə mükafatladırıldı. Bundan əlavə, o, Qacar şahı tərəfindən II dərəcəli Şiri Xurşid ordeni ilə də mükafatlandırılmışdı. 28 sentyabr 1872-ci ildə "xidmətdə fərqlənməyə görə" o, II dərəcəli imperial taclı "Müqəddəs Stanislav" ordeni ilə mükafatlandırıldı.
Bəyazidin mühasirəsi
redaktəİsmayıl xan 1877–1878 Rus-Türk müharibəsində məşhurlaşdı. 17 aprel 1877-ci ildə Arşak Ter-Qukasovun ümumi komandanlığındakı İrəvan alayının qoşunu Osmanlı sərhədini keçdilər. Çınqıl keçidindən keçən qoşun Bəyazidə çatdı. Böyük rus qoşununun gəldiyini eşidən Osmanlı ordusu Bəyazid qalasından çıxaraq, geri çəkildilər. 18 apreldə Bəyazid polkovnik-leytenant Kovalevski tərəfindən komandanlıq edilən XIX piyada diviziyasının 74-cü Stavropol piyada alayının II taboru tərəfindən ələ keçirildi. Kovalevski Bəyazid bölgəsinin komandanı təyin olundu. İrəvan alayının əsas qüvvələri hərəkatı davam etdirib, düşmən bölgəsinin içlərinə daxil oldular. 25 mayda bölgə qoşununun komandanı polkovnik-leytenant Kovalevski vəzifəsindən azad edildi və polkovnik-leytenant Patseviçlə əvəzləndi. O, eyni diviziyanın 73-cü Krım piyada alayınının 2 rotası ilə birlikdə Bəyazidə gəldi. Kapitan Stokviç qalanın komendantı təyin olundu.
5 may 1877-ci ildə Qafqaz ordusu komandanı Böyük Knyaz Mixayil Nikolayeviç əmri ilə polkovnik İsmayıl xan yeni yaradılmış İrəvan Qeyri-Nizami Süvari Bölməsinin komandiri təyin olundu. Bu bölmə qeyri-nizami süvari alayının komandanı və İsmayıl xanın böyük qardaşı olan general-mayor Kəlbəli xana tabe idi.[6] Bu alayın tapşırığı İrəvan quberniyası sərhədlərini mümkün düşmən hücumundan qorumaq idi.
4 iyunda general-mayor Kəlbəli xana polkovnik-leytenant Patseviçdən məlumat göndərildi ki, osmanlılar Vandan Bəyazidə doğru hərəkətə başlamışdırlar, Kəlbəli xan general Ter-Qukasovdan Bəyazidə yardım göndərilməsi üçün icazə istəsə də, onun tələbi rədd edildi.[7] Növbəti gün Patseviç Kəlbəli xana Osmanlı süvarilərinin Bəyazid yolu üzərində kəşfiyyat apardığı məlumatını ötürdü, Kəlbəli xan bunun ardınca yenidən Ter-Qukasova Bəyazidə yardım göndərilməsi üçün müraciət etdi. Onun tələbi bu dəfə qəbul edildi və Kəlbəli xan qardaşı İsmayıl xanın komandanlığında İrəvandan 300 süvarini Bəyazidə göndərdi.[8] 6 iyunda Patseviç kəşfiyya aparmaq qərarına gəldi və 2 piyada rotasını, 100 Kazakı Vana doğru göndərdi. Onlara komandan olaraq isə Kovalevski təyin olundu. Dəfələrlə güclü düşmən qüvvələri ilə qarşılaşan və ağır itkilərə məruz qalan Patseviç qalaya doğru geri çəkilmək qərarına gəldi. Kovalevski ciddi formada yaralandı və vəfat etdi. Bu anda yola çıxmasından bir neçə saat keçdikdən sonra İsmayıl xanın komandanlığındakı İrəvan süvariləri qalaya çatdılar və özlərindən qat-qat güclü düşmən qüvvələri ilə döyüşə girdilər.
Bəyazid qalasının komendantı kapitan Ştokviçin Qafqazın baş komandanı Mixail Nikolayeviçə yazdığı və 4 iyul 1877-ci il tarixli raportdan:
Sayı 7 minə qədər olan düşmən ordusu şəhərə doğru geri çəkilməyimizi durdurmaq üçün Qızıl dağ yamacı boyunca dolambaçlı hərəkət edirdi. İsmayıl xan cəld hərəkət etdi, yaxşı mövqe aldı və atəşlə düşmən irəliləməsinin qarşısını aldı, düşməni 2 saat dayandırdı.[9] |
Geriyə doğru atəş aça-aça geri çəkilən rus ordusu qala qapısına yaxınlaşdığında böyük qarışıqlıqla qarşılaşdı. Belə ki, onlar şəhərdəki qıda anbarlarını qalaya daşımaq qərarına gəldikləri üçün qala qapısı qarşısında Kazakalrın atları, qıda yüklü eşşəklərə görə tıxac yarandı. Ağır düşmən atəşi altında ruslar ağır itkilərə məruz qaldılar. Ərzaqın böyük bir qismi, eşşəklər, kazakların atları və yaraqlılar Osmanlının əlinə keçdi. Ağır itkilərə baxmayaraq, Patseviçin dəstələrinin həyatda qala bilən hissəsi və İsmayıl xanın dəstəsi qala divarlarının daxilinə keçərək, qalanı qorumağa başladılar. Qalanı qoruyan rus qoşunları 6 piyada rotasından, 300 Kazakdan və İrəvan süvarilərindən ibarət idi. İtkilər nəzərə alındığı zaman, onların sayının təxminən 1.500 nəfər olduğu deyilə bilər. Qalanın komendantı su ehtiyatlarının toplanması üçün lazimi zamanda əmr verməmişdi, həmçinin ərzaq anbarları da şəhərə yerləşdirilmişdi, ərzaq lazım olduqda oradan gətirilirdi. Bütün bunlara görə, qala mühasirəyə hazır deyildi. Qaladakı ehtiyatların 3 gün bəs edəcəyi düşünülürdü. Beləliklə, 23 günlük qala mühasirəsi başladı və 28 iyunda sona çatdı. Bu hadisə tarixə "Bəyazid mühasirəsi" olaraq daxil olmuşdur. İsmayıl xanın xatirələrindən:
Ter-Qukasovun yardımı ilə bağlı heç ir müsbət məlumat yox idi, əksinə, qalada şayiələr gəzməyə başladı ki, qarnizon mühasirəyə alınmış və darmadağın edilmiş, halbuki onun bizə yardım edəcəyinə ümid edilirdi və əlbəttə, bu insanların əhval-ruhiyyəsinə bir yerə qədər təsir edə bilər...Mənimlə söhbətlərdə polkovnik-leytenant Patseviç və 2-3 başqa insan tez-tez bildirirdilər ki, bu şərtlərdə burada qalmaq və təslim olmamaq ancaq ölümlə nəticələnə bilər.
Əlbəttə, mən belə bir sonun ola biləcəyini inkar edə bilməzdim, lakin mən həmişə təkrarlayırdım ki, mən heç vaxt Bəazidin təslim edilməsi ilə razılaşmayacam, çünki mən müsəlmanam.[10] |
Mühasirənin üçüncü günündə aclıq və susuzluq mühasirədə olanları ümidsizliyə sövq etməyə başladı. Zabitlər və aşağı rütbələr qrup halında toplaşaraq vəziyyəti müzakirə edirdilər. Təslim olmağa səsləyən səslər eşidilməyə başladı. İsmayıl xanın xatirələrindən:
Natiqlərin üzləri tutqun idi. Dinləyicilər daha az sərt görünürdülər.
- Hər şey daha da pis ola bilərdi - deyə başqaları ilə birlikdə dayanan, təssüf ki, adını xatırlaya bilmədiyim gənc artilleriya zabiti qəfildən qışqırdı. - Axı 3 dəfə öləsi deyilik ki ?! Biz ayaqlarımızın bizi ayaqüstə saxlayacağı vaxta qədər döyüşəcəyik, Allah nə versə. Mən səssizcə bu zabitə əlimi uzatdım və başqalarına dedim ki, əsas şeyi ürəyi və ümidi itirməməkdir, çünki nə olursa-olsun, onlar bizə yardım göndərəcəklər.[10] |
Polkovnik İsmayıl xanın adını xatırlaya bilmədiyi zabit XIX artilleriya alayının IV batareyasının IV tağımının komandiri leytenant Nikolay Konstantinoviç Tomaşevski idi. O, sonralar general oldu.
8 iyunun səhəri osmanlılar qalanın keçmiş komandiri Kamal Əli paşanın komandanlığında qalaya böyük hücum təşkil etdilər. Bu əsnada Patseviç digər zabitlərlə birlikdə təslim olmaq qərarına gəldi. Təslimçi zabitlərin siyahısına qalanın komendantı Ştokviç də daxil idi. Atəş dayandırıldı və qalanın üzərindən ağ bayraq qaldırıldı. İsmayıl xan bu zaman döyüşdə yaralanan İrəvan süvari alayının zabiti olan oğlu Əmanulla xan Naxçıvanskinin yanında idi. Leytenant Tomaşevski İsmayıl xanı qalanın bir qrup zabit tərəfindən təslim edilməsi barədə məlumatlandırıldı. İsmayıl xanın xatirələrindən:
Qəfildən əvvəlcə haqqında danışdığım zabit içəri girdi. O, çox həyəcanlı idi.
- Polkovnik, qala təslim olur! - deyə o, qışqırdı. - "Sən nə dedin? Onlar bunu necə edə bilərlər?!" - deyə başından vurulmuş kimi yerimdən sıçradım. - "Patseviç ağ bayraq qaldırıb və çox saylı türk bizim qapıya doğru irəliləyir" - deyə bir zabit izah etdi. Mən qalannı həyətinə düşdüm və həqiqətən də gördüm ki, qala divarı üzərində ağ bayraq qaldırılıb və Patseviçlə xeyli sayda digər zabitlər onun yanında dayanıblar. "Cənablar siz nə edirsiniz?" deyə qışqırdım. "Biz özümüzü və rus silahlarımızı ağciyər kapitulyasiya ilə təslim etməklə şərfləndirəcəyikmi?...Bu xəcalətdir!... Damarlarımızda bir damcı qan olduğu müddətcə, biz Bəyazidin müdafiəsi uğrunda Çarın qarşısında döyüşməyə məcburuq!...Başqa cür hərəkət etməyə qərar verən xəyanətkardır və mənim əmrimlər dərhal güllələnəcəkdir! Bayrağı endirin, atəş!" |
O andan etibarən polkovnik İsmayıl xan polkovnik-leytenant Patseviçi komandan vəzifəsindən salaraq, özü komandanlığı əllərinə aldı. Bəyazid qarnizonunun komandanı olan İsmayıl xan hücum edən osmanlıların hücumunu dəf etdi. Hücum zamanı Patseviç arxasından ölümcül yaralandı. Bəzi məlumatlara görə o, rus ordusunun bir zabiti tərəfindən güllələnmişdir. Ağ bayraq endirildikdən və osmanlıların hücumu dəf edildikdən sonra İsmayıl xan Kuban Kazak Ordusunun II Xoperski Kazak Alayının komandiri Olimpiy Nikitiç Kvanini öz müavini təyin etdi. Qarnizon komandanlığını öz üzərinə götürən İsmayıl Xan Naxçıvanski qalanın müdafiəsini təşkil etdi və çətin şəraitdə, su və digər ehtiyac materialları olmadan rus ordusunun əsas qüvvələri yaxınlaşana qədər onu qorudu. Bu zaman qalaya Osmanlı ordusu əvvəldə qaladan qaçaraq Osmanlıya sığınmış birini elçi olaraq göndərdilər. Elçi İsmayıl xana qalanı təslim etməzsə, qalanın alınmasından sonra asılacağını bildirdi. İsmayıl xan ona əvvəlcə onun xain kimi asılacağını bildirdi. Onun bu sözləri dərhal yerinə yetirildi və həmin elçi edam edildi.[11][12]
1877-ci ilin 19 dekabrında imperatorun əmri ilə "hərbi xidmətdə fərqlənməyə görə" İsmayıl xan general-mayor rütbəsinə yüksəldildi və 31 dekabr 1877-ci ildə "1877-ci ilin iyun ayında Bəyazidin mühasirəsi zamanı nümunəvi və cəsarətli idarəçilik göstərdiyinə görə" o, IV dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırıldı.
Sonrakı karyerası
redaktə1890-cı ilin 28 oktyarbrında İsmayıl xan Naxçıvanskinin ordudakı 50 illik yubileyi təntənəli formada qeyd edildi. Həmin gün müxtəlif təbrikləri qəbul edən generala Hərb Nazirliyindən göndərilən telegramda yazılmışdı:
Əlahəzrət imperator ordu sıralarındakı 50 illik yubileyiniz münasibətilə sizi Qafqaz Hərbi Dairəsində qalmaq və illik 2.034 rubl əmək artımı ilə birlikdə, general-leytenant rütbəsinə yüksəldir.
- Hərb naziri general Pyotr Vannovski. |
Böyük knyaz Mixail Nikolayeviçin göndərdiyi telegramda deyilirdi:
General-leytenant İsmayıl xan. Həyatınızın bu əlamətdar günündə siz təbrik edirəm və mənim komandanlığım altındakı xidmətinizə görə təşəkkür edirəm.
- Mixail Nikolayeviç. |
14 iyun 1908-ci ildə, yəni 89 yaşında olarkən xidmətdən azad olunması xahişi ilə müraciət etdi. 18 avqust 1908-ci ildə Rusiya imperatoru uzun müddətli xidmətinə görə onu tam süvari generalı rütbəsinə yüksəldərək, forma və təqaüdlə birlikdə ordudan ayrılmasına icazə verdi.
Xidməti boyunca İsmayıl xan IV dərəcəli Müeqəddəs Georgi ordeni, II, III və IV dərəcəli Müqəddəs Stanislav ordeni, I dərəcəli Müqəddəs Anna ordeni, I və II dərəcələri imperial tac, III dərəcəlisi qılıncla olmaqla Müqəddəs Stanislav ordenləri ilə mükafatlandırılmışdı. Ona yuxarı komandanlıq tərəfindən mükafat kimi aldığı ulduzlu I, II vı III dərəcəli Şiri Xurşid ordenlərini qəbul etməyə və taxmağa icazə verilmişdi.
Bəyazid müdafiəsinin qəhrəmanı süvari generalı İsmayıl xan Naxçıvanski 10 fevral 1909-cu ildə öz vətəni olan Naxçıvanda vəfat etmişdir.
Rütbələri
redaktə- Xidmətə daxil olması — 1 may 1839
- Praporşik (28.10.1840)
- Podporuçik (20.03.1844)
- Poruçik
- Ştabs-rotmistr (30.08.1847)
- Rotmistr (05.02.1853)
- Polkovnik (03.04.1860)
- General-mayor (19.12.1877)
- General-leytenant — (28.10.1890)
- Süvari generalı — (18.08.1908)
Mükafatları
redaktəRusiya imperiyası tərəfində verilən mükafatlar: * Müqəddəs Stanislav ordeni (III dərəcəli, qılınc ilə, 1856)
- Müqəddəs Vladimir ordeni (IV dərəcəli, ordu sıralarındakı 25 il münasibətilə, 1867)
- Müqəddəs Stanislav ordeni (II dərəcəli, imperial tac ilə, 1872)
- Müqəddəs Georgi ordeni (IV dərəcəli, 31 dekabr 1877)
- Müqəddəs Vladimir ordeni (III dərəcəli, 1883)
- Müqəddəs Stanislav ordeni (I dərəcəli, 1888)
- Müqəddəs Anna ordeni (I dərəcəli, 1901)
- Müqəddəs Vladimir ordeni (II dərəcəli, 1907)
- Müqəddəs Vladimir ordeni (II dərəcəli, 1907)
- "Krım müharibəsi xatirəsi" medalı
- "Rus-Türk (1877–1878) müharibəsi" xatirəsi medalı
- "İmperator III Aleksandrı anma" medalı
- "ImperatorI Nikolayı anma" medalı
Qacar şahları tərəfindən verilən mükafatlar:
- Şiri Xurşid ordeni (brilliantla bəzədilmiş formada III dərəcəli, 1846)
- Şiri Xurşid ordeni (ulduzla bəzədilmiş olmaqla II dərəcəli, 1868)
- Şiri Xurşid ordeni (I dərəcəli, 1903)
Ailəsi
redaktəO, birinci dəfə Heyrancan xanımla (1819-?) ailə həyatı qurmuşdur. Heyrancan xanım Kəngərli tayfasının başçısı Novruz ağanın qızı idi. Onun ikinci həyat yoldaşı isə Abbasqulu xan İrəvanski olmuşdur. Onun 9 uşağı olub:
- Böyük oğlu Əmanulla xan Naxçıvanski (15 iyun 1845–1891) — 1865-ci ilin 6 mayında hərbi xidmətə başlamıdır. 1 noyabr 1865-ci ildə o, kadetliyə yüksəlmişdir. 1869-cu ilin 21 avqustunda oradakı xidmət müddətini bitirib, ordu süvariliyinə yüksəldilmişdir. O, "Alihəzrət İmperator Aleksandr Nikolayeviçin konvoyunda xidmətə görə" gümüş medal ilə mükafatlandırılmış və Anninskaya lenti hədiyyə olunmuşdur. 1877-ci ildə Rus-Türk müharibəsinin başlamasından sonra yenicə yaradılmış İrəvan Süvari Qeyri-Nizami Alayına qəbul edilmiş və 6 iyun 1877-ci ildə Bəyazid döyüşündə ciddi formada yaralanmışdır. O, 23 günlük Bəyazid mühasirəsinin iştirakçısı olmuşdur. Həmin ilin 19 iyununda xidmətdə göstərdiyi igidliyə və cəsarətə görə qılıncla birlikdə III dərəcəli Müqəddəs Anna ordeni ilə mükafatlandırıldı. 19 dekabr 1877-ci ildə imperial əmrlə o, Kazak Alayına təyin edildi. 28 mart 1882-ci ildə, Kazak Alayının korneti olan Əmanulla xan Naxçıvanski Qafqaz Hərbi Dairəsinin təklifi ilə leytenantlığa yüksəldildi. 9 aprel 1889-cu ildə ali sərəncamla, o, Ştabs-rotmistr rütbəsinə yüksəldildi. O, general-mayor Xasay xan Usmiyevin məşhur azərbaycanlı şairə, Qarabağ xanları nəslindən olan Xurşidbanu Natavanla olan ivdivacından dünyaya gələn Xanbikə xanım Usmiyeva (1855–1921) ilə ailə həyatı qurmuşdur.
- Böyük qızı — Tərlan xanım (13 oktyabr 1848-?). O, Abbasqulu xan İrəvanski ilə evlənmişdir.
- Xadur xanım (15 iyul 1850-?)
- Bəhmən xan (2 sentyabr 1851-?)
- Həbibulla xan (17 oktyabr 1852-?). O, Qacar şahzadələrindən olan Bəhmən Mirzə Qacarın qızı Nəvvab ağa Xanımla evlənmişdir.
- Səltənət xanım (20 oktyabr 1855-?)
- Əziz xan (15 may 1857-?)
- Sona bəyim (20 fevral 1859-?)
- II Əziz xan (15 yanvar 1860 – 10 aprel 1883). Praporşik olmuşdur.
Naxçıvanskilər
redaktəKəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
İsmayıl xan Naxçıvanski (1819—1909) | Kəlbəli xan Naxçıvanski (1824—1883) | Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | Cəfərqulu xan Naxçıvanski (1859—1929) | Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
Kəlbəli xan Naxçıvanski (1891—1931) | Cəmşid Naxçıvanski (1895—1938) | Davud xan Naxçıvanski (?—1934) | |||||||||||||||||||||||||||
İstinadlar
redaktə- ↑ "Из Записок графа А. Х. Бенкендорфа". www.rus-sky.com. 16 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2021.
- ↑ Послужной список генерал-лейтенанта Исмаил Хана (он же Эксан Хан Оглы) // Российский государственный военно-исторический архив. ф. 409 (Коллекция "Послужные списки офицеров"), № 264–184, оп. 2, д. 3793, с. 18.
- ↑ Э. Э Исмаилов, 2005. səh. 116
- ↑ Послужной список генерал-лейтенанта Исмаил Хана (он же Эксан Хан Оглы) // Российский государственный военно-исторический архив. ф. 409 (Коллекция "Послужные списки офицеров"), № 264–184, оп. 2, д. 3793, с. 18 и об.
- ↑ Э. Э Исмаилов, 2005. səh. 118
- ↑ Послужной список генерал-лейтенанта Исмаил Хана (он же Эксан Хан Оглы) // Российский государственный военно-исторический архив. ф. 409 (Коллекция "Послужные списки офицеров"), № 264–184, оп. 2, д. 3793, с. 18 об.
- ↑ Томкеев В. И. "Материалы для описания русско-турецкой войны 1877-1878 гг. на Кавказско-Малоазиатском театре". Тип. Морского Министерства. 1908. 24 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2021.
- ↑ Томкеев В. И. "Материалы для описания русско-турецкой войны 1877-1878 гг. на Кавказско-Малоазиатском театре". Тип. Морского Министерства. 1908. 24 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2021.
- ↑ Антонов, В. М. 23-дневная оборона Баязетской цитадели и комендант Фёдор Эдуардович Штоквич. Lecture Notes ... Sankt-Peterburg: Изд. полковника В. Антонова. səh. 8. ISBN 978-5-458-09244-9.
- ↑ 1 2 Алиханов, Bruce R. Оборона Баязета — рассказ генерал-лейтенанта хана Нахичеванского. Berlin: Кавказ. 12 April 1895. 198–203. ISBN 0-786918-50-0.
- ↑ Список генералам по старшинству. Исправлено по 1-е декабря. — СПб., 1881, p. 757
- ↑ "КАВАЛЕРЫ СВ. ГЕОРГИЯ 4-го класса". george-orden.narod.ru. 2009. 17 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2021.
Ədəbiyyat
redaktə- Баязет // Большой Энциклопедический словарь. — 2000.
- Anton Ludwigovich Gisetti, Сборник сведений о Георгиевских кавалерах и боевых знаков отличий Кавказских войск: в 2 частях, Vasily Potto. 1901.
- Anton Ludwigovich Gisetti, Библиографический указатель печатанным на русском языке сочинениям и статьям о военных действиях русских войск на Кавказе. Изд. Военно-учёного комитета Главного штаба. — СПб., 1901
- Ежегодник русской армии за 1878 г., часть II. — СПб., 1878
- Vasily Fedorovich Novitsky, Военная энциклопедия Сытина, СПб.: Т-во И. Д. Сытина, 1911–1915.
- Памятник Восточной войны 1877–1878 гг. — СПб., 1878
- Ибрагим Багиров. Генералы племени Кянгерлы. — Баку, 1994