Izzet Oruczade - Wikipedia
İzzət Mirzəağa qızı Oruczadə (Orucova) (16 sentyabr 1909, Bakı – 22 aprel 1983, Bakı) — Azərbaycan kimyaçı alimi, Azərbaycanın ilk milli kinoaktrisası,[2] Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964).
İzzət Oruczadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası[1] |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | akademik |
Təhsili | Azərbaycan Neft İnstitutu |
Elmi rəhbəri | Əli Quliyev |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Elmi fəaliyyəti
redaktəİzzət Oruczadə V. Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932–1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959–1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967–1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971–1983) olmuşdur. II Dünya müharibəsi illərində İ. M. Orucova tankları sırada çıxarmaq üçün istifadə edilən yandırıcı butulkalara ampula hazırlayan kimyaçılar cərgəsində olmuşdur. Orucova 1947-ci ildə "Transformator və turbinlərdə işlənən yağların keyfiyyətinin yaxşılaşdırılması və neftdən sürtkü yağlarının alınması" mövzusunda namizədlik, 1962-ci ildə isə "Bakı neftindən aşağı temperaturda donan yağlar alınması texnologiyasının işlənib hazırlanması və onların keyfiyyətinin aşqarla yaxşılaşdırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru dərəcəsini almışdır. həmin ildə də professor adına layiq görülmüşdür.
İzzət xanımın əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir.
Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır. Akademik İ. M. Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi xarici ölkələrdə sürtkü yağları və aşqarlara dair keçirilmiş simpoziumlarda respublika kimyaçılarını təmsil etmişdir. O, neft kimyasının müxtəlif problemlərinə dair 200-dən artıq elmi məqalənin, 30-a qədər müəlliflik şəhadətnaməsinin və 3 monoqrafiyanın müəllifidir. Onun bilavasitə rəhbərliyi ilə 2 elmlər doktoru və 11 elmlər namizədi hazırlanmışdır.
Kino fəaliyyəti
redaktəOrucova həmçinin ilk Azərbaycan kino aktrisalarındandır. O, "Sevil" və "Almaz" filmlərində baş rollarda çəkilmiş, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olmuşdur. Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif edilmişdir.
İzzət Orucova "Sevil" filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini xatirələrində belə təsvir edir: "Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsini israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: – Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kuliminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın.
Nəhayət, "Sevil" filminin çəkilişi tamamlandı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini C. Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi".
Bundan sonra Cəfər eyni adlı əsəri əsasında "Almaz" filminin ssenarisini yazır. O, əvvəlki filmlərdə rejissorluq sahəsində lazımi təcrübə topladığı üçün böyük həvəs və ruh yüksəkliyi ilə "Almaz"a quruluş verməyi öz öhdəsinə götürür, rejissor ssenarisini yazır. O, yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar arasında rolları bölüşdürür. Almaz roluna bundan əvvəl "Sevil" filmində çəkilmiş İzzət Orucovanı təsdiq edir.
Şəxsi həyatı
redaktəİzzət Orucova 1909-cu il sentyabrın 16-da Bakı şəhərində bağban ailəsində anadan olmuşdur. orta təhsilini Hüseyn Cavid adına məktəbdə almışdır. 1927-ci ildə Azərbaycan politexnik İnstitutunun (indiki ADNSU) neft texnologiyası fakültəsinə daxil olmuş və 1932-ci ildə bitirmişdir. İzzət Oruczadə 1935-ci ildə qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə ilə ailə həyatı qurmuşdu. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadəni "xalq düşməni" damğası altında həbs edirlər. Əvvəldən həbs olunacağını hiss edən ər dərhal İzzət xanımdan ayrılır. Bununla da İzzət Oruczadə və onların körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olur[3].
Əsərləri
redaktə- Sürtkü yağları, B., 1949;
- İssledovanie zaşitnoy sposobnosti nekotorıx protivoiznosnıx prisadok, "Zaşita metallov", 1976, № 3;
- İssledovanie povedeniya masel s razliçnımi kompozisiyami prisadok vo vlajnoy srede, Trudı İnstituta ximii prisadok AN Azerb. SSR, 1980, № 6.
Adlar və mükafatlar
redaktə- Texnika elmləri doktoru (1962)
- Professor (1962)
- Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1964)
- Azərbaycan SSR Dövlət mükafatı (1970)
- Azərbaycan Elmlər Akademiyasının akademiki (1972)
- "Şərəf nişanı" ordeni
- "Qırmızı əmək bayrağı" ordeni
- "Lenin" ordeni
- "Oktyabr inqilabı" ordeni
Filmoqrafiya
redaktə- Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (AzTV) (arxiv kadrlar) ("Sevil" filmində)
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Almaz (film, 1936) (tammetrajlı bədii film) — rol: Almaz
- Bizim qadınlar (film, 1965)
- İşıqlı yol (film, 1974)
- İsmət (film, 1934) (tammetrajlı bədii film)
- Lətif (film, 1930) (tammetrajlı bədii film)
- Məhəbbət oyunu (film, 1935) (tammetrajlı bədii film)
- Sevil (film, 1929)-Sevil (tammetrajlı bədii film)
- Solmaz bir bahar kimi (film, 1979)
İstinadlar
redaktə- ↑ "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
- ↑ Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- ↑ "Discovery" jurnalı N 14. Aydın Kazımzadə. İki qadın, bir tale…
Mənbə
redaktə- ORUCOVA İZZƏT MİRZƏAĞA QIZI Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine
- Aydın Kazımzadə. İki qadın, bir tale. Discovery Azerbaijan elmi-kütləvi turizm jurnalı; № 14 sentyabr-oktyabr.
- Hidayətqızı, S. Akademik İzzət Orucova: İnsanlıq, qadınlıq, alimlik ünvanı //525-ci qəzet.- 2012.- 5 oktyabr.- səh. 7.
- Zeynalova, A. "İlklərə imza atan xanım" [İ. M. Orucova haqqında] //Təhsil problemləri.- 2015.- 24 – 30 aprel.
- A. Məhərrəmov "Azərbaycan kimyaçıları" // "Bakı Universiteti" nəşriyyatı, 2017.