Sakir Musayev - Wikipedia
Şakir Musayev (Şakir Məzlum oğlu Musayev; d. 15.03.1957, Ağdam rayonu, Eyvazxanbəyli kəndi) — AMEA-nın müxbir üzvü (30.06.2014), Tibb elmləri doktoru, professor.[1]
Şakir Musayev | |
---|---|
Şakir Məzlum oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam rayonu, Eyvazxanbəyli |
Elmi dərəcəsi |
Həyatı
redaktəŞakir Musayev 15 mart 1957-ci ildə Azərbaycan Respublikası Ağdam rayonunun Eyvazxanbəyli kəndində anadan olmuşdur, milliyyəti azərbaycanlıdır. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1980-cı ildə müalicə-profilaktika fakultəsini bitirərək həkim, 1997-ci ildə isə M.Rəsulzadə adına BDU-nin hüquq fakultəsini bitirərək hüquqşünas ixtisaslarını almışdır.
1983-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" ETT Birliyində işləyir. Əvvəlcə Birliyin tibbi kriminalistika şöbəsində məhkəmə tibb eksperti-kriminalist, 1991-1992-ci illərdə təşkilati-metodik, 1992-1994-cü illərdə məhkəmə-tibbi kriminalistika şöbələrində müdir, 1994-1997-ci illərdə Baş direktorun ekspertiza işləri üzrə müavini və 1997-ci ildən hal-hazıra kimi Birliyin Baş direktoru vəzifəsində çalışır. 1994-cü ildən Ə.Əliyev adına Az.DHTİ-nun "Məhkəmə təbabəti, hüququn əsasları və patoloji anatomiya" kafedrasına rəhbərlik edir. Respublika məhkəmə tibbi ekspertləri və patoloq anatomların elmi cəmiyyətinin və atestatsiya komissiyasının sədridir. 1992-ci ildən ali dərəcəli məhkəmə-tibb ekspertidir. Səhiyyə Nazirliyinin Baş məhkəmə-tibb ekspertidir, məhkəmə-tibb ekspertləri və patoloq anatomlar elmi cəmiyyətinin sədridir.
1991-ci ildə Moskva şəhərində Məhkəmə Təbabəti Elmi-Tədqiqat İnstitutunda "Şəxsiyyətin identifikasiyasına" dair namizədlik, 1997-ci ildə isə doktorluq üzrə tədqiqat işlərini müdafiə edərək "Məhkəmə təbabəti" ixtisası üzrə müvafiq olaraq tibb elmləri namizədi və tibb elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1999-cu ildə AAK-nın rəyasət heyətinin birbaşa qərarı ilə professor elmi adı almışdır.
Şakir Musayevin 21 kitabı (6 dərslik), 25 metodik tövsiyəsi, ümumilikdə digər məqalə, tezis, ixtira və səmərələşdirici təklifləri daxil olmaqla, 250 və yaxın elmi əsərləri çapdan çıxmışdır. Həmin elmi əsərlərdən (kitablardan) bəziləri aşağıda göstərilir.
Əsərləri
redaktəKitabları
redaktə- 1.V.İ.Berinqin-tibbi kriminalistik portreti – 1995-ci il (rus və ingilis dilində)
- 2.Kəllə skletinə görə şəxsiyyətin identifikasiysı – 1997-ci il
- 3.İti alətlərlə zədələnmələrin məhkəmə-tibbi və tibbi kriminalistik aspektləri – dərslik, 1998-ci il
- 4.Məhkəmə təbabəti – dərslik, 1999, 2002 və 2006-cı illər
- 5.Qafqaz xalqlarının gəllə skletinə görə şəxsiyyətin tibbi kriminalistik identifikasiyası – 1999-cu il (rus və ingilis dilində)
- 6.Məhkəmə təbabəti praktikada – dərslik, 2001-ci il
- 7.Məhkəmə təbabətinə dair mühazirələr toplusu – dərslik, 2003-cü il
- 8.Məhkəmə tibbi ekspertizanın imkanları – 2005-ci il
- 9.Cinayət mühakimə icraatının məhkəmə tibbi təminatı – dərslik, 2008-ci il
- 10.Məhkəmə-tibbi ekspertiza və onun imkanları (3 cilddə) - 2009-cu il
- 11.Cinsi toxunulmazlıq və cinsi azadlığa dair məhkəmə-tibbi ekspertizalar - metodik tövsiyə, 2009-cu il.
Elmi əsərlərin çox hissəsi yaxın və uzaq xarici ölkələrdə çap olunmuşdur. Milli Məclis və müvafiq icra orqanları tərəfindən göndərilmiş Qanun və digər normativ sənəd layihələrinin, Azərbaycanda və xaricdə icra olunan çoxsaylı elmi tədqiqat işlərinin müzakirəsini aparmış və müvafiq rəylər vermişdir. Onun rəhbərliyi və məsləhəti ilə 2 namizədlik və 1 doktorluq elmi tədqiqat işləri başa çatdırılmışdır. Hal-hazırda onun məsləhəti ilə 2 doktorluq və rəhbərliyi ilə 4 namizədlik üzrə elmi tədqiqat işləri davam etdirilir. Bir çox xarici ölkələrdə elmi və xidməti ezamiyyətlərdə olmuşdur (ABŞ, Türkiyə, Kanada, İngiltərə, İran, Norveç Finlyandiya, Almaniya, Hollandiya, MDB ölkələr və.s).
Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında yeni əsasnamənin və məhkəmə-tibbi xidmətin təşkilinə dair digər 18 mühüm normativ sənədlərin hazırlanmasına müəlliflik və rəhbərlik etmişdir. Səhiyyə Nazirliyinin ETŞ-nin, Azərbaycan Ali Məhkəməsi Elmi Məsləhət Şurasının, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Elmi Şurasının, Az.DHTİ Elmi Şurasının və bir çox uzaq və yaxın xarici ölkələrin (ABŞ, Böyük Britaniya, Baltikyanı ölkələri, Türkiyə, UDT-ı, MDB) Məhkəmə təbabəti elmi asossasiyasının üzvü və xaricdə çap olunan bir sıra jurnalların Beynəlxalq redaksiya heyətinin üzvüdür. AAK-nın "Morfologiya", "Cinayət hüququ və Kriminologiya" və "Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizaları" üzrə ixtisaslaşdırılmış namizədlik və doktorluq şuralarının üzvüdür.
Bir sıra beynəlxalq ekspertiza komissiyasının tərkibində (Rusiyanın sonuncu imperatoru II Nikolayın və onun ailə üzvlərinin (1998-ci il) və məşhur dəniz səyyahı V.Y.Berinqin sümük qalıqlarının (1994-cü il) identifikasiya ekspertizalarında) aparıcı mütəxəssis kimi ekspert qismində iştirak etmişdir.
İstinadlar
redaktə- ↑ "Musayev Şakir Məzlum oğlu" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |