Saqay Mubarek Geray Nureddin - Wikipedia
Şaqay Mübarək Gəray (krımtat. Şaqay Mubarek Geray)(bilinmir – 1593, Çərkəzistan) — Krım xanı I Dövlət Gərayın oğlu, Krım nurəddini.[1][2]
Şaqay Mübarək Gəray | |
---|---|
1584 – 1588 | |
Əvvəlki | Səadət Gəray |
Sonrakı | Səfa Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 1593 |
Vəfat yeri | |
Atası | I Dövlət Gəray |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Həyatı
redaktəDoğum tarixi bilinmir. Krım xanı I Dövlət Gərayın oğludur. Atasının Moskva knyazlığı və Lehistan üzərinə tərtiblədiyi səfərlərə qatıldı. Atasının vəfatının ardından 1577-ci ildə böyük qardaşı II Mehmed Gəray taxta çıxdı və digər qardaşı Adil Gəray kalqay elan olundu. Ertəsi il Osmanlı sultanı III Muradın Səfəvilər üzərinə səfərə çıxmasıyla Krım tatarları da cəbhəyə çağırıldı. Ancaq səhhətinin pis olmasını bəhanə edən qardaşı səfərə getməyərək tatar birliklərini kalqay Adil Gərayın rəhbərliyində Şirvana göndərdi. Şaqay Mübarək və qardaşı Qazi Gərayın da daxil olduğu 20 min nəfərlik tatar birlikləri üçün bu səfər uğursuzluqla nəticələndi. Mollahəsənli döyüşündə ağır itkilər verildi və kalqay Adil Gəray əsir düşdü.
Kalqay rütbəsinə təyinatla bağlı qardaşı II Mehmed Gərayla münasibətləri pisləşən digər qardaşı Alp Gərayı dəstəklədi. Ancaq Krım xanı II Mehmed Gərayla Sultan Murad arasındakı gərginlik, Krım tatarlarının Səfəvilərlə davam edən müharibədən boyun qaçırmasıyla daha da şiddətləndi. Nəticədə sədrəzəm Özdəmiroğlu Osman Paşa idarəsindəki piyada ordu və kaptan-ı dərya Qılınc Əli Paşa idarəsindəki donanma Krım xanını cəzalandırmaq məqsədilə istiqaməti dəyişərək Kəfəyə yola düşdülər. Bundan xəbər tutan kalqay Alp Gəray qardaşları Səlamət və Şaqay Mübarək Gərayla birlikdə Osmanlı ordugahına sığındılar. O əsnada İstanbulda girov tutulan İslam Gəray isə Sultan Murad tərəfindən yeni Krım xanı elan edildi və yeniçəri birlikləriylə Bağçasaraya göndərildi. Osmanlı sultanının fərmanını görən digər yerli əyanlar da onun tərəfinə keçdilər. Taxtını itirən II Mehmed Gəray ailəsi və xidmətçiləriylə birlikdə Kubana sığınsa da, Alp Gərayın rəhbərlik etdiyi tatar birlikləri onu ələ keçirdi və sabiq xan boğularaq edam olundu.
Yeni taxta çıxan II İslam Gəray isə mükafat olaraq qardaşı Alp Gərayı kalqay olaraq saxladı və digər qardaşı Şaqay Mübarək Gəray nurəddin elan edildi (1584). 2 il boyunca mərhum xanın qaçaq düşən oğlu Səadət Gərayla mübarizə aparan Şaqay Mübarək Gəray çox keçmədən özü də ölkədən qaçdı. Belə ki, II İslam Gəray 1588-ci ildə vəfat etdi və İstanbula girov göndərilən qardaşı II Qazi Gəray xan elan edildi. Yeni təyin olunan qardaşının intiqam almasından çəkinən kalqay Alp Gəray və nurəddin Şaqay Mübarək Gəray ailələrini də yanlarına alaraq ölkədən qaçdılar. Alp Gəray İstanbula, Şaqay Mübarək Gəray isə xanımı Durbikə Xatunun çərkəz diyarındakı qohumlarının yanına sığındı. 1593-cü ildə burada vəfat etdi.
İstinadlar
redaktəMənbə
redaktə- Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022
- Von Hammer Purgstall, Kırım Hanlığı Tarihi, İnsan Yayınlar, 3. Baskı, 2020