Sonqar Dusergesi - Wikipedia
Şonqar düşərgəsi — Qobustan ərazisində arxeoloji abidə.
Qobustan dövlət tarixi-bədii qoruğu | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Qaradağ və Abşeron rayonları |
Əsas tarixlər | 1966 - Qoruq idarəsi yaradılıb |
Üslubu | ibtidai incəsənət |
Sahəsi | 3096 ha |
Vəziyyəti | stabil, muzey kimi fəaliyyət göstərir |
Rəsmi adı: Gobustan Rock Art Cultural Landscape | |
Tipi | Mədəni |
Kriteriya | iii |
Təyin edilib | 2007 |
İstinad nöm. | 1076 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 26 |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Etimologiyası
redaktə"Şonqar" Bakıdan cənub-qərbdə, Kəpəz dağından Kəpəz və Qızıldaş qəsəbələrindən qərbdə bu ərazidə ən yüksək zirvəyə malik əhəngdaşı örtüklü dağın adıdır. Bu dağların qartal cinsli quşların adı ilə şonqar kəpəz adlandırılması, ehtimal ki, atəşpərəstliklə bağlıdır. Eyni adlı quşlara Qobustanın ərazisində də hazırda rast gəlmək olur. Təqdim olunan düşərgəyə də yaxınlıqdakı Şonqar dağın adı verilmişdir.
Arxeoloji tədqiqi
redaktəŞonqar dağın ətrafında 4 qrup qayaüstü təsvir və bir sığınacaq tipli düşərgə “Şonqar” qeydə alınıb tədqiq olunmuşdur. "Şonqar" düşərgəsi Qızıldaş qəsəbəsindən 1 km qərbdə, Qaradağ daş karxanasına gedən yolun sağında, insanın yaşaması üçün əlverişli, örtülü kamera – sığınacaqda aşkar olunmuşdur. İçəridən sığınacağın şərq tərəfi çox iri, dikinə divar təşkil edən qaya, qərb tərəfini "Şonqar-1" qədim qayaüstü təsvirlər kolleksiyasının 2, 3, 4 və 5 №-li şəkilli daşları tutur. Üstünü isə uzunsov, eni 6 m, qalınlığı 2,5 m-ə qədər yastı qaya parçası örtür. Düşərgədə 1978 və 1983-cü illərdə arxeoloji qazıntı aparılmışdır. Qazılmış 20 kv. m sahənin orta hissəsində 95-100 sm dərinlik səviyyəsində kiçik bir sahə (4-5 kv.m) 2-5 sm qalınlığında torpağı bir qədər qəhvəyiyə çalan əhəngdaşı əziyi qarışıqlı mədəni təbəqə aşkar olunmuşdur.
Maddi mədəniyyət tapıntıları
redaktə"Şonqar" düşərgəsindən çaxmaqdaşı və çaydaşından 182 ədəd qəlpə tullantıları və 26 ədəd əmək aləti tapılmışdır. Sonunculardan çoxu (6 ədədi) uclu, yanlı, gəzli qaşov, 3 ədəd yığma alət dişli, 5 ədəd iskənə tipli alət, 4 ədəd dişəkli qəlpə və lövhədən ibarətdir. Nukleus yoxdur, seqmentlər bir ədəddir, trapes yoxdur və s. qazıntılardan az miqdarda pis saxlanılmış sümük qalığı da əldə edilmişdir. Onlar iri öküz, ceyran, bir ədədi keçi və bir ədədi isə tülkü və ya çaqqala aiddir. Sığınacağın divarlarını təşkil etmiş daşlar üzərində də öküz və keçi (ceyran) şəkilləri və sonuncuda ov səhnəsi təsvirləri vardır. Öküz şəkillərindən biri üst Paleolit əlamətli öküzün yalnız sağ hissəsindən ibarətdir. Qobustanda öküzün yalnız baş hissəsinin təsvirinə "Ovçular zağası", "Öküzlər-2" düşərgəsində 43 №-li daşın torpaq basmış aşağı hissəsində, "Kənizə" düşərgəsində, "Qayaarası" düşərgəsində, 2,5 m dərinlikdə aşkar edilmiş daş üzərində və onun yanında Qayaaltı kolleksiyasının 8 №-li daşında da təsadüf olunur.
"Şonqar" düşərgəsinin daş məmulatı arasında nüvələr, eləcə də tam hazırlanmış və müəyyən dövrün göstəricisi olan daş alət nümunəsinin tapılmaması, təbəqənin nazikliyi və cəmi 4-5 kv.m sahədə aşkar olunması sığınacaqdan yalnız ov zamanı qısa müddətdə istifadə olunduğunu göstərir. Düşərgədən tapılmış sümük qalığının əsasən iri ibtidai öküz və ceyrana aid olması, daş materialı arasında yığma alət dişlərinin olması düşərgənin Daş dövrünə — Paleolitin sonuna aid olduğunu söyləməyə əsas verir.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan arxeologiyası. İ cild. Bakı,2008.
- Rüstəmov C.N. Qobustan dünyası. Bakı,1994.
- Rüstəmov C.N. Oobustan petroqlifləri. Bakı,2003.
- Rüstəmov C.N., Muradova F.M. Oobustan petroqlifləri. Bakı,2003.