Susa Seher Dovlet Qorugu Idaresi - Wikipedia
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi — Şuşa şəhərinin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs. Qoruq idarəsi Prezident İlham Əliyevin iyunun 22-də “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Fərmanına əsasən yaradılıb.[1]
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 22 iyun 2021 |
Rəhbərlik | |
Rəhbər | Tural Novruzov |
|
|
Rəsmi saytı | shusha.gov.az/az |
Tarixi
redaktə1988-ci ildə Şuşa şəhərində Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd Şuşa şəhərinn tarixi görkəminin qorunması idi. Belə ki şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Yaşayış evləri arasında xan və bəylərin saray tipli evləri daha zəngin bədii-memarlıq həlli ilə seçilirdi. Ancaq təəssüflər olsun ki, bu binaların əksəriyyəti dövrümüzə çatmayıb. Şuşa məhəllələrinin hər birində onu formalaşdıran yaşayış evlərindən başqa lokal ictimai-dini mərkəz vardır. Bu mərkəz məhəllə meydanı ətrafında qruplaşan binalar — məscid, mədrəsə, hamam, dükan və bulaqdan ibarətdir. Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilməsi nəticəsində şəhər ərazisində olan tarixi tikililər dağıdılmış və ya yararsız hala salınmışdır. 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildikdən sonra şəhərin genişmiqyaslı bərpasına başlanmışdır.[2] Prezident İlham Əliyev 2021-ci il 31 may tarixində “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” fərman imzalamışdır.
Yaradılması
redaktəŞuşa Şəhər Dövlət Qoruğu İdarəsi Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı Fərmanına əsasən yaradılıb. Fərmana əsasən Nazirlər Kabineti, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələrin, tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin, habelə şəhər avtomobil yollarının, şəhər mərkəzinin məhəllədaxili yollarının, küçələrin, keçidlərin, yol qurğularının və digər nəqliyyat infrastrukturunun üç ay müddətində İdarənin balansına verilməsini təmin etmişdir. Fərmanla, həmçinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilib. Nizamnaməyə əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.[3]
İdarənin fəaliyyət istiqamətlərinə Şuşa şəhərinin ərazisində yerləşən abidələrin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək; müvafiq ərazidə mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərini təşviq etmək; Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq və digər məsələlər daxildir. İdarənin vəzifələri aşağıdakılardır: abidələrin dövlət mühafizəsini və qorunmasını təşkil etmək; abidələrin funksional təyinatına uyğun istifadə edilməsini, habelə tarixi-memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığını və uzunömürlülüyünü təmin etmək; abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə abidələrin qorunmasına dair mühafizə müqavilələri bağlamaq; konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək və s.[3]
Fəaliyyəti
redaktəStrukturu
redaktəŞuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir. Prezident fərmanına əsasən qoruq publik hüquqi şəxsdir. Yaradıldığı vaxt Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə rəhbərliyi 3 üzvdən (sədr və iki müavin) ibarət İdarə Heyəti həyata keçirirdi. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi həyata keçirir.[3] 2021-2022-ci illərdə Qoruq İdarəsinin İdarə Heyətinin sədri vəzifəsini Məftun Abbasov[4][5] icra edib.
2022-ci ilin oktyabr ayında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindəki stuktur dəyişikliyindən sonra İdarənin İdarə Heyətinin sədri vəzifəsi ləğv edilib və əvəzində İdarənin İcraçı direktoru vəzifəsi yaradılıb. İdarənin İcraçı direktoru vəzifəsinə müvəqqəti rəhbərlik İcraçı direktorun müavini Tural Novruzova həvalə olunub. İdarə Heyətinin sədri vəzifəsi isə ləğv edilib.[6]
2022-ci ilin oktyabrın ayında dövlət başçısının imzaladığı fərmanla İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. İdarənin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.[7]
Fəaliyyət istiqamətləri
redaktə- Şuşa şəhərinin ərazisində yerləşən abidələrin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin edilməsi;
- Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğinin təmin edilməsi;
- Müvafiq ərazidə mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərinin təşviq edilməsi;
- Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şəraitin yaradılması;
İstinadlar
redaktə- ↑ "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb". 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-24.
- ↑ "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 7 may 2021. 7 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
- ↑ 1 2 3 "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-24.
- ↑ "Şuşa Dövlət Qoruğu İdarəsinin rəhbəri kimdir?". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-24.
- ↑ "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi saytı təqdim olunub - FOTO". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-24.
- ↑ "Şuşa Qoruğundakı İcraçı direktor vəzifəsi Tural Novruzova həvalə olunub - EKSKLÜZİV". 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
- ↑ "Şuşa Qoruq İdarəsinin sədri vəzifəsini İTİRDİ". 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
Xarici keçidlər
redaktə- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb
- Bu gün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılmasından bir il keçir
- “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin NİZAMNAMƏSİ