Sur Simfonik Mugam - Wikipedia
Şur — Fikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır. "Şur" simfonik muğamı aid olduğu janrda yazılmış ilk əsərdir. "Şur" və "Kürd Ovşarı" simfonik muğamları dulogiya xüsusiyyətinə malikdir. "Şur" simfonik muğamı Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms hissələrindən ibarətdir.
Şur | |
---|---|
Bəstəkar | Fikrət Əmirov |
Forma | simfonik muğam |
Premyera | |
Dinlə | |
F. Əmirovun "Şur" simfonik muğamı ilk dəfə Niyazinin idarəsilə 1948-ci ilin avqust ayında Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir.
Tarixi
redaktəYazılma tarixi
redaktəF. Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazmışdır. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir.[1]
Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi.[2] Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazması haqqında xatirələrində F. Əmirov qeyd edir:
“Simfonik muğamlar üzərində işləməyə məni Bülbül dəvət etdi. Biz gecə-gündüz çalışırdıq. Müharibədən sonrakı ağır illərdə mənim üzərimə anam və bacılarımın qayğıları da düşürdü. Evdəkilərin nigarançılığını duyan Bülbül bütün bu müddət ərzində özlərinin ev xadimələri Mariya ilə ailəm üçün zənbil-zənbil yeməklər göndərirdi ki, mən sakit işləyə bilim.” [3] |
Bəstəkarın növbəti xatirəsində isə onun simfonik muğamlar üzərində işləyərkən ustad sənətkarlardan necə bəhrələnməsi əks olunur: "1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları üzərində çalışdığım zaman böyük sənətkar Bülbülün sayəsində mən Qurban Pirimov və Seyid Şuşinski ilə tez-tez görüşərək işləyirdim."[4]
Fikrət Əmirovun simfonik muğamları |
---|
S. Təhmiraqızı "Fikrət Əmirov" adlı tədqiqat əsərində qeyd edir ki, "Musiqi sənətində tamamilə yeni bir janr olan simfonik muğam janrını yaratmaqla, F. Əmirov çətin və cəsarətli yaradıcılıq məsələsinin öhdəsindən bacarıqla gəlmişdir. Çox məzmunlu və orijinal formalı bu əsərlərdə dərin musiqi təfəkkürü, koloritli tapıntılar, xalq musiqisinə yaradıcı münasibət öz təcəssümünü tapır."[4] Musiqişünas F. Əliyeva isə yazır: "F. Əmirov Azərbaycan xalq musiqisinin zəngin melodiya, məqam, ritm qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratmışdır."[5]
İfa tarixi
redaktəF. Əmirovun "Şur" simfonik muğamı ilk dəfə Niyazinin idarəsilə 1948-ci ilin avqust ayında Azərbaycan Dövlət Filarmoniyası nda səslənmişdir.[6] Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir. Fransanın "Disk" jurnalında "Şur" simfonik muğamı haqqında yazılmış məqalədə deyilir: "Şur simfonik muğamı ifadəliyi və parlaq orkestr ustalığı ilə fransız dinləyicilərin böyük marağına səbəb olmuşdur. Şur simfonik muğamında musiqi sənətinin bütün böyük əhəmiyyət kəsb edən əsərlərinə xas olan əzəmət və həqiqət vardır."[7] Azərbaycan drijorlarından Rauf Abdullayev, Fəxrəddin Kərimov və Yalçın Adıgözəlovun da interpretasiyasında "Şur" muğamı dəfələrlə müxtəlif səviyyəli konsert salonlarında səsləndirilmişdir.
Forma
redaktə"Şur" simfonik muğaml bir neçə hissədən ibarətdir: Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms. Hər bir hissədən sonra qısa rəng və ya təsnif səslənir. Bəstəkarın istifadə etdiyi Əraq şöbəsi Şur dəstgahına daxil deyildir. Əraq Rast və onun ailəsinə daxil olan muğam dəstgahlarının zil şöbəsidir.[8] F. Əmirovun eyniadlı muğam dəstgahından yaradıcılıq fantaziyası ilə istifadəsini musiqişünas Ramiz Zöhrabov belə əsaslandırır: "Şur dəstgahında Bayatı-Qacar adlı şöbə var ki, istər əsaslandığı məqam-lad, istərsə də melodiya etibarilə Əraqa çox uyğun gəlir. Məhz buna görə də müəllif Şur dəstgahında Bayatı-Qacarı əvəz edən bir şöbə kimi Əraqdan istifadə etmişdir. Simfonik muğamda Əraq əslində Şur dəstgahında Bayatı-Qacarın tutduğu funksiyanı daşıyır. Lakin, Əraqın Bayatı-Qacara nisbətən həm daxili musiqi inkişaf prinsipləri, həm də texniki cəhətdən imkanları daha genişdir. Əraqda orkestrləşdirmə fantaziyası üçün zəngin musiqi materialı var. Bu səbəbdən də, F. Əmirov "Şur" simfonik muğamında Bayatı-Qacar əvəzinə Əraqdan istifadə etmişdir."[9]
Bütövlükdə beş bölmədən ibarət olan "Şur" simfonik muğamı, eyni tematik material üzərində qurulan giriş və tamamlayıcı hissələrlə əhatə olunur. Əsər epik xarakterli mövzu ilə açılır. Mövzunu əvvəl baş klarnet, sonra qoboy, daha sonra isə simli alətlər ifa edir.[10] Nəhayət mövzu bütün orkestrın ifasında səslənir. Giriş mövzusu Şur təsnifinə əsaslanır. Mövzu tədricən nisbətən zil registrləri əhatə edərək işıqlı orkestr tembrlərinə nail olur. Növbəti bölmə Mayeyi-Şur ladın mayəsini tədiq edir. Klarnetin solosu sanki xanəndənin partiyasını ifa edir. Bu epizod girişin ostinat bas üzərində keçən variantı ilə tamamlanır.[10]
Şur şahnaz bölməsi ladın üst kvartasına istinad edir. Onun mərkəzində sanki kiçik təsnif gizlənmişdir. Bu daha işıqlı bir mövzudur. Bəstəkar bu bölməni təsnif kimi qeyd etmir. Sırf şərq koloritli bu mövzunu fleyta-piccolo və bas-klarnet ifa edir. Şur-Şahnaz bölməsi rənglə tamamlanır. Rəng yumşaq və səlis qoboy solosu ilə başlanır. Burada "Ay qadası" xalq mahnısı istifadə olunmuşdur. Daha sonra mövzu klarnet və fleyta ilə ifa edilir. Özündə rəqsvari və mahnıvari başlanğıcı birləşdirən bu rəng incə və məlahətli səslənməklə səciyyəvi ritmə malikdir.[11]
Əsərin üçüncü böyük hissəsi Bayatıdır. Bəstəkar burada Şur muğamının Bayatı-Kürd şöbəsi ilə Çoban-bayatının intonasiyalarını birləşdirir. Bayatı muğam improvizasiyası ilə mahnıvari-rəqsvari epizodların növbələşməsi üzərində qurulur. Epik xarakterli bu şöbə möhtəşəm orkestr tuttisində səslənir. Bayatı daha zildə (re səsinə istinad etməklə) səslənir. Bütünlükdə bayatı özü bir neçə bölmədən ibarətdir. Birinci bölmə improvizasiya əsasındadır. Gümrah və həyatsevər ruhlu rəng dəqiq ritmə malik olub, enerjili intonasiyalardan qurulur.[11]
Bayatının yeni bölməsi qoboy solosu ilə başlanır. Bu, Çoban-bayatısıdır. Çoban tütəyinin çalğısını təqlid etmək məqsədilə burada qoby və fleyta alətlərinə geniş yer verilir. Sonra "Evləri var xana-xana" xalq mahnısının melodiyası üzərində təsnif səslənir.
Epik xarakterli Əraq bölməsi reçitativ-deklamasiya ifadəliliyinə malikdir. Onun melodiyası simli və taxta nəfəsli alətlərin unisonunda səslənir.
Əraq bölməsindən sonra təsnif və ya rəng verilmir və bir-başa Simayi-şəms bölməsinə keçilir. Burada maye bir oktava yuxarı təsdiq olunur, bu şöbə muğamın kulminasiyasıdır. Bu bölmənin əsasını Simayi-şəms zərbi muğamı təşkil edir. Giriş motivi ostinat ritm üzərində qurulur. Birinci mövzu simli alətlərin bu ostinat leytritmi fonunda kanon kimi səslənir. Kanonun mövzusunu ksilofon, cavabı isə kampanelli ifa edir. Xalq muğamında kanon mövzusu bir növ təkrar olunan nəzarət funksiyası daşıyır.
Sonrakı epizodda muğam improvizasiyası ostinat ritmlə birləşir. Solo truba ostonat leytrirmin fonunda improvizasiya edir. Sonra melodiyanı fleyta, qboy və klarnet ifa edir, ritmik ostinato isə mis nəfəsli alətlərlə səslənir. Burada özünəməxsus tembrlər polifoniyası yaranır. Simayi-şəms bölməsi orkestr tuttisi ilə tamamlanır. "Şur" simfonik muğamı giriş mövzusu ilə tamamlanır (faqot solosu). Ən sonda isə yenə bas-klarnetdə mövzu səslənir.
Diskoqrafiya
redaktə- Azərbaycan Dövlət Simfonik Orkestri, drijor: Niyazi, Мелодия, 1972
- Moskva Radio Simfonik Orkestri, drijor: Rauf Abdullayev, Olympia, 1996
- Moskva Simfonik Orkestri, drijor: Antonio de Almeida, ASV,1998
- Rusiya Filarmoniya Orkestri, drijor: Dmitri Yablonski, Naxos, 2010
İstinadlar
redaktə- ↑ Təhmiraqızı, 2012. səh. 204
- ↑ Təhmiraqızı, 2012. səh. 203
- ↑ Təhmiraqızı, 2012. səh. 201
- ↑ 1 2 Təhmiraqızı, 2012. səh. 202
- ↑ Əliyeva, F. Muğam. Operadan simfoniya və caza qədər. Bakı. 2003. səh. 178.
- ↑ Təhmiraqızı, 2012. səh. 209
- ↑ S. Qasımova, Z. Abdullayeva – Fikrət Əmirov, Bakı, 2004, səh. 65
- ↑ Təhmiraqızı, 2012. səh. 205
- ↑ Zöhrabov, Ramiz. Bəstəkarlarımız haqqında söz (Şur). Bakı. 1995. səh. 36. (#accessdate_missing_url)
- ↑ 1 2 Əliyev, 2007. səh. 5
- ↑ 1 2 Əliyev, 2007. səh. 7
Ədəbiyyat
redaktə- Əliyev, A.S., Fikrət Əmirovun "Şur" simfonik muğamının dirijorluq təcrübəsində təfsir xüsusiyyətlərinə dair metodik tövsiyələr, Bakı: Azərb. Resp. Təhsil Problemləri İn-tu., Bakı Musiqi Akademiyası, 2007
- Təhmiraqızı, S., Fikrət Əmirov, Bakı: Aspoliqraf, 2012
- Əmirov, Fikrət, Simfonik muğamlar, Azərbaycan Sovet Musiqi Ədəbiyyatı, Bakı, 1984
- Əzimli, T., Novator bəstəkar, simfonik muğam janrının - Şərq simfonizminin yaradıcısı, Bakı: Musiqi/Poeziya, 2012
- Виноградов, В., Мир музыки Фикрета, Баку: Ədəbiyyat və incəsənət, 1983
- S. Qasımova, Z. Abdullayeva, Ф., Fikrət Əmirov, Bakı, 2004
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Əsər Azərbaycan Dövlət Simfonik Orkestri ifasında, (drijor Silvio Barbato).
- Əsər Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında (drijor Niyazi).
- Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında (drijor Rauf Abdullayev)