Ebdurresid Ibrahimov - Wikipedia
İbrahimov Əbdürrəşid Ömər oğlu (23 aprel 1857[1] və ya 1857[2], Tara[d], Qərbi Sibir general-qubernatorluğu[d] – 31 avqust 1944[1][2], Tokio[d]) — tatar ictimai xadimi, naşir, jurnalist, publisist.
Əbdürrəşid İbrahimov | |
---|---|
Doğum tarixi | 23 aprel 1857[1] və ya 1857[2] |
Doğum yeri |
|
Vəfat tarixi | 31 avqust 1944[1][2] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | jurnalist, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRusiya müsəlmanların arasında islam və türk birliyi ideyalarının tanınmış təbliğatçılarından biri. Ruhani ailəsində doğulmuşdur. Kaşqarda mədrəsə təhsili almışdır. 1892–1897-ci illərdə Orenburq Şəhər ruhani idarəsində qazı vəzifəsində çalışmışdır. XIX əsrin axırından jurnalistika ilə məşğul olmuş, "Miraf" (1898), "Ülfət" (1905–1907), "Əl-Tilmiz" və s. adlar altında qəzet-məcmuələr nəşr etdirmişdir. 1906-cı ildə Peterburqda "Ülfət" adlı mətbəə açmış, tatar dilində kitablar buraxılmışdır. Onların arasında "Avtonomiya, yaxud idareyi-muxtariyyə", "Tatar həyatının 1002-ci gecəsi", "Səyahəti-Kedra", "Müsəlman partiyasının nizamnaməsi", dərsliklər, siyasi, dini-didaktik, dini-tarixi səciyyəli kitablar var idi. Bu kitabların əksəriyyətinin müəllifi və naşiri Ə. İbrahimov özü idi. Çar senzurası tərəfındən təqib olunmuş, kitab və qəzetləri müsadirə edilmişdir. Qadağan olunmuş kitabları arasında tatarların zorla xristianlaşmasından bəhs edən "Çolpan yolduzu" ("Dan ulduzu") əsəri də olmuşdur. Birinci rus inqilabı illərində İbrahimov siyasi mübarizəyə qoşulmuş, Ümum-Rusiya müsəlmanlannın qurultaylarında fəal iştirak etmişdir. Yaradılması birinci qurultayda qərara alınmış "İttifaqi-müslimin" partiyasının məramnaməsi və nizamnaməsini hazırlayanlardan biridir. O, "İttifaqi-müslimin" partiyasının müsəlmanlan birləşdirmək məramını açıqlayaraq yazırdı: "Müsəlmanlar arasında qohumluq və həmrəylik sözdə, kağız üzərində deyil, onların ürəyində və qanındadır. Buna görə də təkcə Rusiya müsəlmanlarının deyil, bütün dünya müsəlmanlarının ittifaqı bərqərar olmalı, bütün müsəlmanlar bir istiqamətdə hərəkət etməlidirlər. Belə isə mən nə üçün "İttifaqi-islamın" (islam birliyinin – "panislanizm"in) əleyhinə hərəkət etməliyəm?". "İttifaqi-müslimin" partiyasının 15 nəfərdən ibarət daimi fəaliyyət göstərən Mərkəzi Komitəsinin nəzdində Əlimərdan bəy Topçubaşov və Molla Abdulla Tonayevin daxil olduğu 3 nəfərdən ibarət büronun üzvlərindən biri də Ə. İbrahimov idi. Birinci rus inqilabının məğlubiyyətindən sonra ölkədə Stolıpin irticası şiddətlənərkən İbrahimov da İstanbula mühacirət etmiş, "Türk ocağı" dərnəyinin fəaliyyətində iştirak etmiş, "Türk yurdu" jurnalı ilə əməkdaşlıq etmişdir. 1913-cü ildə İstanbulda Ə. İbrahimovun redaktorluğu ilə "İslam dünyası" adlı məcmuə çıxmışdır. İbrahimov ömrünün bir hissəsini Tokioda yaşamış, yaponlar arasında islamın təbliğinə böyük əmək sərf etmişdir. İbrahimovun Azərbaycanla sıx əlaqələri olmuşdur. XX əsrin əvvəllərində "Şərqi-Rus", "Həyat" və s. qəzetlərdə məqalələri dərc edilmiş, ictimai-siyasi fəaliyyəti Azərbaycan mətbuatında vaxtaşırı işıqlandırılmışdır. O da öz növbəsində, "Ülfət" qəzetində Mirzə Ələkbər Sabirin şeirlərini dərc etdirmişdir. Lakin Azərbaycan mətbuatının İbrahimova münasibəti birmənalı olmamış, bir sıra fikirləri Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Ə. Ağayev və b. tərəfindən tənqid edilmişdir.
Ədəbiyyat
redaktə- Bayramlı O., Türkçülük və"Həyat" qəzeti, Hüseynzadə Ə., Türklər kimdir və kimlərdən ibarətdir? kitabında, B., 1997;
- Mustafayev T., XX əsrin əvvəllərində Azərbaycanda islam ideologiyası və onun tənqidi, B., 1973;
- Tahiri M., Şərqin səyyah fılosoflarından biri Əbdürrəşid İbrahim, "Yeni Azərbaycan" qəzeti, 2003, 29 iyun; *Гайнуллин М., Татарская литература и публицистика, Казань, 1983.
- Бустанов А. Фамильная хроника сибирских сайидов: "Шаджара Рисаласи", Ислам в современном мире № 1–2 (13–14) 2009. Изд. "Медина".
- Лебедева Н. И. Храмы и молитвенные дома Омского Прииртышья. Омск, 2004, 256
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Başqırdıstan Ensiklopediyası (rus.). Башкирская энциклопедия, 2005. 4344 с.
- ↑ 1 2 3 4 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
Xarici keçidlər
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |