Ebu Sac Divdad - Wikipedia
Əbu Sac Divdad (IX əsr, Abbasilər xilafəti – 879, Cündişapur[d], Xuzistan ostanı) — Sacilər sülaləsinin banisi, Abbasilər xilafətinin tanınmış sərkərdələrindən biri.
Əbu Sac ibn Divdad | |
---|---|
Azərbaycan və başqa vilayətlərin valisi | |
868 – 870 | |
Sonrakı | Məhəmməd ibn Əbu Sac |
Şəxsi məlumatlar | |
Doğum tarixi | IX əsr |
Doğum yeri | |
Vəfat tarixi | 879 |
Vəfat yeri |
|
Fəaliyyəti | hərbi lider[d] |
Uşaqları | Məhəmməd ibn Əbu Sac;Yusif ibn Əbu Sac Divdad |
Ailəsi | Sacilər |
Dini | İslam (sünnilik) |
Həyatı
redaktəƏbu Sac Divdad ibn Yusif ibn Divdast Soqdiananın Usruşana vilayətinin Cankakat kəndində doğulmuşdu.[1] Atasının adı Divdaddır. Əbu Sacın adı mənbələrdə ilk dəfə Babəkin əsir alınıb Bərzəndə, Afşinin iqamətgahına gətirilməsi münasibətilə çəkilmişdir.[2] Əl-İstəxri, İbn Havqəl, əl-Yaqut kimi ərəb tarixçiləri onun barəsində belə yazırdıː
Adlı-sanlı türk sərkərdələrindən olub, eyni adlı sülalənin banisi idi; bu sülalə Xilafət qarşısındakı xidmətlərinə görə Xilafətin çox böyük əyaləti olan Azərbaycanı bir mülk kimi almışdı.[3] |
Abbasilər xilafətində xidməti
redaktəƏt-Təbəri və Yaqubi kimi ərəb tarixçiləri Əbu Sacın Xilafət ordularında bir sıra hərbi əməliyyatda iştirak etməsi haqqında məlumat verirlər. Təbərinin yazdığına görə, Babək öz ailəsi ilə Bəzz qalasından çıxıb getdiyi zaman onları təqib edənlərdən biri də Əbu Sac Divdad olmuşdur. Müəllif sözünə davam edərək, Əbu Sac Divdad ilə Buzbaranın hicri 10 şəvval 222 (15 sentyabr 837)-ci ildə Babəki əsir tutub Bərzəndə Afşinin yanına gətirdiklərini qeyd edir. 839-cu il də Afşin Heydər ibn Kavus xəlifə əl-Mötəsimin sərəncamı ilə Əbu Sacı Azərbaycanın Xilafətə qarşı çıxmış hakimi Mingəçəvür əl-Fərqaniyə qarşı yolladı. Elə həmin il Əbu Sac Xilafətə qarşı üsyan qaldırmış başqa bir yerli hakimin, Təbəristan hakimi Məzyarın cəzalandırılması üçün də göndərilmişdi. Təbərinin yazdığına görə, hələ hicri 242 (856) və ya 244 (858)-cü illərdə Əbu Sac Divdad xəlifə Mütəvəkkil tərəfindən Məkkə yolunun rəisi təyin edilmişdi. 865-ci il ədək Əbu Sac bu vəzifədə qaldı. Göstərdiyi xidmətlərinə görə xəlifə hicri 251 (865)-ci ildə Əbu Sacı beş dəst fəxri libasla mükafatlandırmışdı. 865-ci il də Əbu Sac xəlifə taxt-tacına namizəd olan əl-Mötəzzə qarşı Mesopotamiyadakı Mədain[4] şəhərinin idarəsi tapşırılmışdı. Əbu Sac Mədain şəhərində qalxan üsyanın yatırılmasında da böyük bacarıq və canfəşanlıq göstərmişdi. Hicri 251 (865)-ci ildə Əbu Sac Mesopotomiyada Vasit və Bağdad şəhərləri arasındakı Cərcərə şəhərində olan müharibədə də şücaət göstərmişdi. Əbu Sac həmin ildə Xilafətə qarşı qiyam qaldıran türk hərbi dəstələrini də məğlub etmişdi. O, qiyam qaldıran türk dəstələrini əzişdirmiş və əsir götürmüşdü. Əbu Sac Xilafətin sərəncamı ilə bir sıra başqa hərbi əməliyyatlarda da iştirak etmişdi. Şübhəsiz, bütün bu göstərdiyi xidmətləri sayəsində hicri 261 (874-875)-ci ildə xəlifə onu Kufə və Əhvaza hakim təyin etmişdi. Əbu Sac Mesopotamiyanın cənub hissəsində üsyan edən zəncilərə qarşı müharibə etmiş, sonra da Mesopotamiyanın Məkrəm şəhərinə getmişdi. Əbu Sac Hələb, Kinnəsrin, Diyar-Mudar və sərhədyanı vilayətlərin (əs-Suğur) valisi olmuşdu. Əbu Sac Divdad 868–870-ci illərdə Azərbaycan və ətrafına başçılıq etmişdi. 870–874-cü illərdə isə üsyan etmiş mütəğəlliblərə qarşı aparılan döyüşlərdə iştirak etmişdir. Bundan sonra zəncilər Əhvaz tərəfə hücum edərək əhalini qırmış, əsir tutmuş və ölkəni qarət etmişdilər. Bu xəbəri eşidən xəlifə, hicri 261 (874)-ci ildə Əbu Sacı Əhvaz hakimliyindən azad edib İbrahim ibn Simanı oraya hakim təyin etmişdi. Təbərinin yazdığına görə, hicri 266 (879-880)-cı ildə Əbu Sac Divdad iştirak etdiyi bir müharibədən Bağdada qayıdarkən vəfat etmişdi.[2]
Ölümü
redaktəYaqub əl-Səffarla birləşərək 876-cı ildə xəlifə əl-Müvəffəqə qarşı vuruşmuş, məğlub olmuş və İraqdakı bütün mülkləri əlindən alınmışdı. Bağdada sülh üçün gedərkən yolda, oktyabr ayında Qondişapurda vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ Bünyadov, Ziya. Azərbaycan VII-IX əsrlərdə. Bakıː Şərq-Qərb, 2007, s. 228
- ↑ 1 2 IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri [Elektron resurs] /M. X. Şərifli ; red. Y. Mahmudov ; nəşrə haz. T. Şərifli ; AMEA, Tarix İn-tu. Bakı, 2013, s. 111-112
- ↑ Bünyadov, Ziya. Azərbaycan VII-IX əsrlərdə. Bakıː Şərq-Qərb, 2007, s. 228
- ↑ Madelung, Wilfred. "Banu Saj." Encyclopaedia Iranica. Ed. Ehsan Yarshater. Columbia University.