Ehalinin Heyat Keyfiyyeti - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əhalinin həyat keyfiyyəti — əhalinin iqtisadi, siyasi-sosial, etnik-milli, konfessional (dini), təbii-coğrafi amillərin qarşılıqlı təsiri ilə müəyyən olunan xüsusiyyətləri və təkrar istehsalının məcmu xarakteristikası . Əhalinin həyat keyfiyyəti əhalinin təkrar istehsalının həm kəmiyyətcə, yəni xüsusi demoqrafik göstəricilərlə (təkrar istehsal əmsalı, ölüm sayının xüsusi göstəriciləri, körpələr və analar, əməkqabiliyyətli yaşdakı əhalinin ölüm sayı), həm də sosial (təhsil, səhiyyə, ərazi və əmək mobilliyi və s.) səviyyəsini əks etdirən keyfiyyət xarakteristikası ilə müəyyənləşdirilir[1].
Ümumi məlumat
redaktəHəyat keyfiyyəti, həyat səviyyəsi istər bazar və qeyri-bazar təsərrüfatı sistemində, istərsə də keçid dövründə əhalinin yaşayış təminatı kimi xarakterizə olunur. Bununla da, iqtisadiyyatda sosial kateqoriya kimi səciyyələndirilir[2]. Belə dəyərləndirmə sadə göstəricilər dəsti, yaxud xüsusi aqreqasiya olunmuş göstəricilər vasitəsilə aparıla bilər, lakin bu fenomenin keyfiyyət göstəricilərini bütünlükdə formalaşdırmaq qeyri-mümkündür. Əhalinin həyat keyfiyyəti insan amilinin iqtisadiyyata təsirinin müxtəlif formalarını üzə çıxaran mühüm makro iqtisadi meyardır. O, insan, insan qrupu və ya hər hansı birliyin fiziki, mental, sosial-mədəni inkişafını müəyyənləşdirən əlamətləri xarakterizə edir.
Əhalinin həyat keyfiyyəti ilə əhalinin təkrar istehsalının səmərəliliyi anlayışları arasında (demoqrafiyada bu, doğum sayının azalması müşahidə edilərkən, ölüm sayının daha da azaldılması yolu ilə təbii artımın eyni səviyyədə saxlanması deməkdir) qarşılıqlı əlaqə vardır. Əhalinin təkrar istehsalı homeostazis (özünü təkrar istehsal edən) sistem kimi onun mühüm keyfiyyət əlamətlərindən biridir[1]. Əhalinin həyat keyfiyyətinin əsasını sağlamlıq təşkil edir. Çünki saglamlığın yaxşılaşması, yaxud pisləşməsi insan kapitalının digər parametrlərinin səmərəliliyi və intensivliyini ya artırır, ya da azaldır.
Göstəriciləri
redaktəƏhalinin həyat səviyyəsinə təsir göstərən amillər üç qrupa bölünür:
1. Ölkədə təzahür edən böhrandan yaranan amillər;
2. Qarışıq iqtisadiyyatın meydana gəlməsi, bazar münasibətlərinin şəkil alması və daha çox inkişaf etməsi ilə əlaqədar olan amillər;
3. Dövlətin dünya bazarına açılması ilə əlaqədar amillər.
Birinci qrupa, əsasən, böhranlı dövrdə meydana çıxan amillər aid edilir. Bunlar təsərrüfatlar arasında iqtisadi münasibətlərin pozulması, totalitar rejimin aradan götürülməsi prosesinin məntiqi davamı kimi keçmiş ittifaqdakı dövlətlər arasında illərlə meydana gəlmiş və bir- birlərindən asılı vəziyyətə salınmış iqtisadi münasibətlərin kəskin şəkildə dağılması və s. amillərdir.
İkinci qrupa mülkiyyətin şəxsiləşdirilməsi və dövlətsizləşdirilməsi, təsərrüfatçılığın yeni alternativ növlərinin meydana gəlməsi, suveren dövlətin iqtisadi və siyasi müstəqilliyinin bərpa edilməsinə göstərilən diqqət, qayğı, bunlara uyğun olaraq idarəetmə sahəsindəki dəyişikliklər daxildir.
Üçüncü qrupa dünya bazarına inteqrasiyanın məntiqi nəticəsi kimi iqtisadiyyatın fərqli sektorlarına xarici sərmayələrin cəlb edilməsi, daxili bazarın xarici bazarlardan gətirilən mal və əmtəələrlə doldurulması, sərbəst iqtisadi zonaların yaradılması və s. bu kimi amillər aid edilir[2].
Ölkə əhalisinin, sosial-professional və ya demoqrafik qruplarının sağlamlığı sosial mühitdən, həmçinin əhaliyə məxsus bir sıra digər xüsusiyyətlərdən asılıdır. Daha az inkişaf etmiş ölkələrin əhalisi üzərində aparılan tədqiqatlar göstərir ki, ailənin gəlir səviyyəsindən asılı olmayaraq təhsilli anaların uşaqları daha sağlam böyüyür[1].
Əhalinin həyat keyfiyyətinin yüksəlməsi ölkənin sosial-iqtisadi tərəqqisinin göstəricisidir; o, yalnız iqtisadi artım və həyat səviyyəsinin yaxşılaşdırılması ilə deyil, həmçinin ailə və cəmiyyət vəsaitlərinin insan kapitalına çevrilməsi sayəsində dəyişir. İnsan kapitalı nəzəriyyəsinə əsasən aparılan tədqiqatlar göstərir ki, XX əsrin son onilliyində ABŞ Ümumi Daxili Məhsulun təqr. 10%-ni əhalisinin təhsilinə yönəltmişdir[1]..
Əhalinin həyat keyfiyyətinin başlıca xarakteristikaları sırasında aqreqasiya olunan, yəni ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini və əhalinin bir sıra (doğulduqdan sonra gözlənilən yaşama müddəti, əhalinin təhsil səviyyəsi, adambaşına düşən ÜDM-in həcmi və s.) xarakteristikalarını cəmləşdirən insan potensialının inkişaf indeksi xüsusi yer tutur.
Əhalinin həyat keyfiyyəti iqtisadi, sosial, ekoloji, elmi-texniki sistemlərin inkişaf səviyyəsi ilə birbaşa əlaqədə olan həyat səviyyəsi ilə yanaşı, əhalinin yaş tərkibi, cinsə görə bölünməsi, demoqrafik proseslərin adaptasiya imkanları və s. kimi ictimai təkrar istehsalla birbaşa əlaqəsi olmayan demoqrafik xarakteristikalar vasitəsilə müəyyənləşdirilir. Əhalinin həyat keyfiyyətini müəyyənləşdirən ünsürlər aşağıdakılardır:
- Gəlir və istehlakın səviyyə və quruluşunu özündə əks etdirən meyarlar — istehsalın sahə quruluşu və ictimai əməyin paylaşdırılımasında region iqtisadiyyatının yeri, rolu, məşğulluq səviyyəsi və quruluşu. Sosial demoqrafik quruluş, əmtəə və xidmətlərin dəyəri, iqlim şəraiti, regionlar arası iqtisadi əlaqələrin forması, səviyyə və həcmi.
- Ölkə vətəndaşlarının həyat keyfiyyətinin fərqli-fərqli tərəflərini özündə birləşdirən meyarlar — maaşların nominal səviyyəsi , istehlak üçün əzərdə tutulan eytiyyatların miqdarı, — Fərqli-fərqli əmtəələrin, əmtəə səbətlərinin istehlakı, məskunlaşdırılma.
- Sosial qruplar — sosial qruplar daxilində ailələrin maddi yardımına müəyyən olunan həyat keyfiyyəti[2]. Əhalinin həyat keyfiyyəti müxtəlif aspektləri və onunla əlaqədar yaranan problemlər Qədim Yunanıstan və Çin də daxil olmaqla, insan cəmiyyətini daim düşündürmüşdür; XVIII–XIX əsrlərdə iqtisadçılar, filosof və sosioloqlar öz işlərində əhalinin həyat keyfiyyəti anlayışından geniş istifadə edirdilər; XX əsrdə o, demoqrafik optimum, insan kapitalı və Yevgeni nəzəriyyələrinin yaranmasında artım həddinin qlobal modelləşdirilməsi üzrə Roma klubunun yaranmasında mühüm rol oynamışdır. XXI əsrdə hər hansı dövlətin iqtisadiyyatında innovasiya-informasiya imkanlarını müəyyənləşdirən əhalinin həyat keyfiyyətinin özü də informasiya cəmiyyəti vasitəsilə sürətlə yüksəlir[1].
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Əliyev A., Qasımov N. (2000). Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri. Bakı.