Ehmediyye - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir.
Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon[1] nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər.
İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Yaranma səbəbləri
redaktəMüxtəlif dövrlərdə hindlilərin dini təsəvvürlərinin İslamla qarışdırılması ideyası irəli sürülmüşdü. İmperialist ingilislər Hindistanı öz müstəmləkələrinə çevirəndən sonra bu cür ideyalardan siyasi maraqları üçün istifadə etməyə çalışmışlar. Onlar Hindistanın müsəlman əhalisindən çəkinir, öz işğalçı hakimiyyətləri üçün təhlükə mənbəyi hesab edirdilər. Hindlilərin inanclarında isə mübarizə ruhlu məqamlara əhəmiyyət verilmirdi.[mənbə göstərin] Buna görə də ingilislər İslam təlimini öz hakimiyyətləri üçün təhlükəsiz olan hind inancları ilə "qarışdırmaqda" maraqlı idilər.
Yaranması
redaktəBu təriqət 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani (1835–1908) tərəfindən təsis edilmişdir. O, kiçik pəncab kəndi olan Qadiyanda (Hindistan) anadan olmuşdur. Ailəsi ingilis hakimiyyətinə xidmət etmiş, özü isə həyatının sonunadək onlara sadiqlik nümayiş etdirmiş, müsəlmanların müqavimət hərəkatını mənasız saymışdır.
Mirzə Qulam ilk mərhələdə ənənəvi İslamın müddəalarına qarşı çıxış etmirdi. Lakin sonralar, Kəşmirdə İsa peyğəmbərin məzarını tapdığını iddia etmişdir. Onun sözlərinə görə, İsa Fələstində edam edilməmiş, Kəşmirə gəlib, burada ölmüş və dəfn edilmişdir. Lakin onun bu iddialarına dair faktiki dəlilləri olmamışdır. Bundan başqa, onun söylədikləri Quran ayələri ilə də ziddiyyət təşkil edirdi. Çünki orada deyilir ki, İsa peyğəmbər ölməmişdən əvvəl Allahın dərgahına qaldırılmışdır. Hədislərə görə isə, İsa gələcəkdə, qiyamətə yaxın vaxtda Allahın dərgahından yerə enəcəkdir. Onun dedikləri bu məqamlarla üst-üstə düşmürdü.
Mirzə Qulam, hətta İsanın ruhunun və qüvvəsinin ona keçdiyini də iddia etmişdir. Daha sonra isə özünü "imanı yeniləşdirən adam" (mucəddid) və Yeni Məsih elan etmiş və bunu sübuta yetirmək üçün hədislərdən dəlillər axtarmağa başlamışdır. Bir müddət sonra Tanrıdan vəhy aldığını da iddia edən Mirzə Qulam bununla kifayətlənməyib, özünü Allahın yer üzündəki təcəssümü də adlandırmışdır. İlahi təcəssüm və İsanın qüvvəsinin daşıyıcı olması ideyalarını o, xristianlıqdan və hind inanclarından almışdır. Özünü, hətta Krişnanın təcəssümü belə adlandırmaqdan çəkinməmişdir. İsanın sözlərini özünəməxsus şəkildə yozan Mirzə Qulam İslamda cihadın mənasız və lazımsız bir şey olduğunu elan etmişdir.
Etiqadı
redaktəNəhayət, Mirzə Qulam özünü həm Məhəmməd peyğəmbərin təcəssümü, həm də dünyanın yeni peyğəmbəri elan etmişdir. Amma İslam təliminə görə, Məhəmməd peyğəmbərdən sonra yeni bir peyğəmbər gəlməyəcəkdi. Çünki Quranda Həzrət Məhəmməd peyğəmbərlərin sonuncusu, "peyğəmbərliyin möhürü" adlandırılmışdır. Belə məqamları özünə uyğun izah etməyə çalışan Mirzə Qulam deyirdi ki, bu cür ayələrin mənası ondan ibarətdir ki, dünyaya gələn hər yeni peyğəmbər Məhəmməd peyğəmbəri tanıyıb onun şəriətini canlandırmalı, ona yeni nəfəs verməlidir. Mirzə Qulama görə, Quranda Həzrət Məhəmmədin "peyğəmbərliyin möhürü" adlandırılması o demək deyil ki, Allah başqa insanlarla əlaqə yarada, onlarla ünsiyyət bağlaya, onlarda təcəssüm edə və onlara vəhy göndərə bilməz. Qadiyanilər Mirzə Qulamın peyğəmbərliyini qəbul edərək, onu bütün peyğəmbərlərdən üstün sayır, möcüzələr törətdiyinə inanırlar. Məsələn, 1894-cü ildə ildə baş vermiş Günəş və Ayın tutulmasını Mirzə Qulamın peyğəmbərliyinin təsdiqi kimi yozurlar.
Mirzə Qulam bütün insanları üç kateqoriyaya bölmüşdür: Onun gəlişinə inanıb, ona tabe olanlar; onun "peyğəmbərliyini" qəbul edib-etmədiyi bilinməyənlər; onun "peyğəmbərliyini" rədd edənlər və ona qarşı çıxanlar.
Qadiyanilər Mirzə Qulamın "peyğəmbərliyini" rədd edən müsəlmanları xristian və yəhudilər kimi "kitab əhli" hesab edirlər. Onların qadınları müsəlman kişilərə ərə gedə bilməzlər, lakin kişiləri müsəlman qadınlarla evlənə bilərlər. Onlar Məkkəni ziyarət etmək əvəzinə, Mirzə Qulamın yurdu olan Qadiyan kəndində yığışıb toplantı və ayinlər icra etməyi "Həcc mərasimi" sayırlar.
Bütün bu məqamlar ənənəvi İslam dini ilə ziddiyət təşkil edir. Buna görə də müsəlman alimləri bu təlimə qarşı çıxaraq, onun tərəfdarlarını İslamdan dönmüş elan etmişlər. Mirzə Qulam və onun ardıcılları da cavab olaraq, bunu iddia edənləri "kafir" adlandırmışlar.
Mirzə Qulam 1908-ci ildə vərəmdən ölmüşdür. Ölümündən öncə o, ardıcıllarına aralarından "xəlifənin" seçilməsini vəsiyyət etmişdir. Qadiyanilərin ilk "xəlifəsi" Mövla Nürəd-Din olmuşdur. Hazırda bu qeyri-ənəvi təriqət Hindistandan başqa digər ölkələrdə də fəaliyyətdədir. Onlar aktiv missionerlik həyata keçirirlər. Özlərinəməxsus dini ədəbiyyətları və Quran təfsirləri mövcuddur.
Ədəbiyyat
redaktə- Yohanan Friedmann, Prophecy Continuous: Aspects of Ahmadi Religious Thought and Its Medieval Background; Oxford University Press (2003). ISBN 965–264-014-X.
- Simon Ross Valentine. Islam and the Ahmadiyya jamaʻat: history, belief, practice. Columbia University Press. 2008. ISBN 978-0-231-70094-8.
- Antonio Gualtieri. The Ahmadis: community, gender, and politics in a Muslim society. Canada: McGill-Queen's University Press. 2004. ISBN 0-7735-2738-9.
- Mirza Basheer-ud-Din Mahmood Ahmad. Invitation to Ahmadiyyat. Routledge & Kegan Ltd. 1980. ISBN 0-7100-0119-3.
- Muhammad Zafarullah Khan. Ahmadiyyat: the renaissance of Islam. Tabshir Publications. 1978. ISBN 0-85525-015-1.
- Antonio R. Gualtieri. Conscience And Coercion. Canada: Guernica Editions. 1989. ISBN 0-920717-41-1.
Mənbə
redaktə- "Cəmiyyət və din" qəzeti, Aydın Əlizadə.
İstinadlar
redaktə- ↑ "Pakistan: The situation of Ahmadis". Immigration and Refugee Board of Canada.[ölü keçid]
Xarici keçidlər
redaktə- "Batil əqidələr: Əhmədiyyə (Qadiyaniyyə)" (az.). islam.az. 2016-07-26. 2016-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.
- "Batil əqidələr: Əhmədiyyə (Qadiyaniyyə)" (az.). islam.az. 2016-08-06. 2016-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-02.