Eleddin Esgerov - Wikipedia
Ələddin Abdulla oğlu Əsgərov (1926, Gəncə – bilinmir) — professor (1966), Rusiya Aqrar Təhsil Akademiyasının həqiqi üzvü.[1]
Ələddin Əsgərov | |
---|---|
Ələddin Abdulla oğlu Əsgərov | |
Doğum tarixi | 1926 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Elm sahələri | kənd təsərrüfatı[d], baytarlıq[d] |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəƏləddin Əsgərov 1926-cı ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1942-ci ildə o, Gəncə şəhərində 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinə daxil olmuşdur. 1947-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.[2]
Əmək fəaliyyəti
redaktəƏləddin Əsgərov ali təhsilini başa vurduqdan sonra Samux rayonunda baş həkim işləmişdir. 1965-ci ildən yaxın dövrədək kafedra müdiri vəzifəsində işləyib. Ələddin Əsgərov doqquz il baytarlıq təbabəti fakültəsinin dekanı, yeddi il Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir. Vaxtilə Gəncə Şəhər Təbiəti Mühafizə Cəmiyyətinin üzvü, şəhərin ekologiya cəmiyyətinin sədri olmuşdur. O, 45 ildən artıqdır ki, ADAU-nun Elmi Şurasının üzvüdür.[3]
Akademik fəaliyyəti
redaktəƏləddin Əsgərov 1948-ci ildə AKTA-nın Mikrobiologiya kafedrasının aspirantı olmuşdur. 1951-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Həmin ildən professor elmi adı almışdır. Rusiya Aqrar Təhsil Akademiyasının həqiqi üzvüdür, 600-dən artıq müxtəlif istiqamətli elmi, ictimai-siyasi məqalə və digər əsərlərin, 60-dan çox kitabın, dərslik, dərs vəsaiti, monoqrafiya, bədii-elmi kitabın, 10 ixtiranın, 12 təsərrüfata tətbiq edilən tövsiyənin müəllifidir. Alimin rəhbərliyi altında 14 nəfər elmlər namizədi və doktoru hazırlanmışdır.[1]
Alim əsasən kənd təsərrüfatı, xüsusilə baytarlıq sahəsi üzrə elmi naliyyətlər əldə edib. O, gigiyena, ekologiya, bədii, elmi-kütləvi kitabların - "Bilirsinizmi?","Nələr olmur bu dünyada?", "Təbiətin mühafizəsi", "Ətraf mühitin qorunması", "İnsan və təbiət", "İnsan ekologiyası", "Ekologiya və poeziya", "Təkamül təliminə yeni baxış", "Ovçuluğun əsasları", "Ailə ekologiyası", üç cilddən ibarət "Müasir ekologiya" (2004-2006) və s. dərsliklərin və digər əsərlərin müəllifidir. Ekologiya üzrə tədqiqatları 1972-ci ildən 1988-ci ilə qədər Azərbaycanın ali məktəblərində istifadə edilən ilk və yeganə dərslik olmuşdur.[2]
Ələddin Əsgərov Azərbaycan dilində "Kənd təsərrüfatı heyvanlarının gigiyenası" dərsliyini tərtib edən ilk alim olmuşdur. Sonralar bu dərslik dəfələrlə müxtəlif düzəlişlərlə təkrar çapdan çıxmışdır (1967, 1972, 1981, 1989, 1992, 2004, 2007). Alim həmçinin "Gəncənin tarixi yaddaşından" və "Gəncə salnaməsindən bir yarpaq" (2000-2003), "Müasir ekologiya" (2004-2007) kitablarının müəllifidir. Ələddin Əsgərov ekologiya üzrə tədris planına ilk dəfə olaraq 1995-ci ildə "İnsan ekologiyası" mövzusunu daxil etmişdir. O, Azərbaycanda təbii mühitin korlanmasına qarşı çıxış edən (1969), ekologiya sahəsində ixtisaslı kadrların hazırlanmasının vacibliyini önə çəkən ilk alimlərdən olmuşdur.[3]
Təltifləri
redaktəƏləddin Əsgərov elmi axtarışlarına və ixtiralarına görə hələ keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin və digər ali orqanların fəxri fərmanlarına, müxtəlif medallara, diplomlara və müəlliflik şəhadətnamələrinə layiq görülmüşdür.[2]
İstinadlar
redaktə- ↑ 1 2 "Cəfakeş alim". 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.
- ↑ 1 2 3 "Ələddin Abdulla oğlu Əsgərov" (PDF). files.preslib.az. 2024-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29.11.2024.
- ↑ 1 2 ""O, çox tələbkar, yaradıcı və zəhmətkeş bir alimdir"". www.anl.az. İstifadə tarixi: 2024-11-29.