Elisgender Ceferzade - Wikipedia
Əlisgəndər Cəfərzadə (tam adı: Əlisgəndər Hacibaba oglu Cəfərzadə; 14 oktyabr 1875, Bakı – 28 yanvar 1941, Bakı) — görkəmli ictimai və maarif xadimi, naşir, mühərrir.
Əlisgəndər Cəfərzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 oktyabr 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1941 (65 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | müəllim, maarifçi, jurnalist, naşir |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏlisgəndər Cəfərzadə 1875-ci ilin oktyabr ayının 14-də Bakı şəhərində anadan olmuşdur[1]. 1887–90-cı illərdə Bakıda məhəllə və ilk xüsusi rus-müsəlman məktəbində oxumuşdur. 1897-ci ildə İmperator III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək Azərbaycan dili müəllimi hüququ almışdır.[2]
Ailəsi
redaktəƏlisgəndər Cəfərzadə Məmməd Yusif Cəfərovun böyük qardaşıdir.
Fəaliyyəti
redaktə1895–1898-ci illərdə Nəriman Nərimanovun Bakida Ə.Cəfərzadənin evində təşkil etdiyi qiraətxanada müdir, 1897–1920-ci illərdə ikinci rus-müsəlman məktəbində Aleksey ali ibtidai məktəbində müəllim, 1906–1918-ci illərdə "Nəsri-maarif" cəmiyyətində katib, 1920–1924 Azərbaycan SSR Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin, "Azərnəşr"də uşaq ədəbiyyatı bölməsinin müdiri, istehsalat şöbəsinin müdir müavini, 1924–1932-ci illərdə texniki redaktor, 1932–1938-ci illərdə isə "Azərneft"də kadr şöbəsinin rəisi işləmişdir.
Cəfərzadə xalq maarifinin milli zəmində inkişafı sahəsində böyük xidmətlər göstərmiş, "Nəsri-maarif" cəmiyyətinin Bakı və onun kəndlərində açdığı ibtidai məktəblərin müəllim kadrları, dərslik və metodik vəsaitlərlə təmin olunması işinə rəhbərlik etmişdir. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Cəfərzadənin adı ilə bağlıdır. O 1906–1908-ci illərdə "Dəbistan" adlı ilk pedaqoji jurnalın naşiri və mühərriridir. Qarşısına "türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərmək", onların "əql, zehin, əxlaqi-həsənə və hissiyyatlarını oyandırıb" inkişaf etdirməklə "zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar" yetirmək vəzifəsi qoyan Cəfərzadə əsrin görkəmli yazıçılarını ətrafına toplayaraq jurnalda mükəmməl proqram əsasında zəngin bədii və elmi-kütləvi ədəbiyyat nümunələri dərc etmişdir. O 1922-ci ildə "Maarif" adlı ilk Azərbaycan sovet uşaq jurnalının da üç redaktorundan biri olmuşdur. Cəfərzadə Azərbaycan dövri mətbuatı və kitab nəşrinin inkişafına, xüsusilə onun mürəttiblik kimi ağır sahəsinin dirçəlişinə böyük əmək sərf etmişdir. 1905–1906-ci illərdə "Həyat" qəzetinin baş mürəttibi, Rəşid bəy Əfəndiyevin 1902-ci ildə "Bəsirə-tül-ətfal" müntəxabatının, 1921-ci ildə "Füqəra füyuzatı" jurnalının, 1922-ci ildə M.Ə.Sabirin "Hophopnamə"sinin naşiri olmuşdur.[2]
Cəfərzadə həmçinin bədii və elmi yaradıcılıqla da məşğul olmuşdur.
Məqalələri
redaktəGörkəmli adamların həyatına dair;
- "Əkbər şah"
- "Hacı Seyid Əzim Şirvani"
- "Müəllim Naci"
- "Əlişir Nəvai"
- "Əli bəy Hüseynzadə"
- "Həsən bəy Məlikov"
texnikaya və memarlığa dair isə məqalələri bunlar olmuşdur.
- "Tac-Mahal, yaxud Mümtaz Mahal"
- "Məşhur böyük binalar"
Hekayələri
redaktəAşağıdakı hekayələri uşaqların fikri və mənəvi inkişafında böyük rol oynamışdır.
- "Balaca Firidun"
- "Ata və oğul"
- "Mərhəmətli Fatma"
- "Cəmilənin sərgüzəşti"
Dərslik
redaktə1900-cü ildə Sultanməcid Qənizadə ilə birgə aşağıdakı dərsliyin müəllifidir.
- "Kilidi-ədəbiyyat"
Elmi əsərləri
redaktə"Müsləhəddin Sədi Şirazinin tərcümeyi-halı ilə bərabər onun "Gülüstan" kitabına bir nəzər" adlı elmi əsərin müəllifidir.[2]
İstinadlar
redaktə- ↑ Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 92. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.
- ↑ 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 281–282