Esedulla Bey Yadigarov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əsədulla bəy Mustafa bəy oğllu Yadigarov (20 dekabr 1844, Təkəli, Tiflis qəzası, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası – 29 iyun 1903, Tiflis) — azərbaycanlı hərbçi.
Əsədulla bəy Yadigarov | |
---|---|
Əsədulla bəy Mustafa bəy oğllu Yadigarov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 dekabr 1844 |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyun 1903 (58 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Rütbəsi | general-mayor (1895) |
Təltifləri |
Həyatı
redaktə20 dekabr 1844-cü ildə[1] Borçalı mahalının Təkəli kəndində anadan olan Əsədulla bəy Yadigarovu qohumu Mirzə Cəfər Topçubaşov təhsil almaq üçün Peterburqa aparır. On altı yaşlı Əsədulla bəy Peterburq yaxınlığındakı Pavlov kadet korpusunda oxumağa başlayır. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun 12-dən Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında xidmətə başlamışdır. İki il sonra, 1865-ci il fevralın 9-da 21 yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir. Nizami orduda otuz iki illik xidmətdən sonra 1895-ci il oktyabrın 12-də ona general-mayor rütbəsi verilib.[2]
XIX əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy nəslindən olan Yadigar oğulları – general-leytenant İsrafil bəy, saray müşaviri Ağabəy Yadigarov və onların bibisi oğlu, görkəmli şərqşünas-alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov (1784–1869) xüsusi hörmətə malik idilər. Xüsusilə, Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına daha çox qayğı göstərirdi. Gürcüstan mərkəzi Dövlət Arxivindəki 1899-cu ilə məxsus "Qafqaz Hərbi Dairəsində xidmətdə olan generalların və zabitlərin siyahısı" kitabında göstərilir ki, gənc zabit əla xidmətinə görə səxavətlə təltif olunmuşdur. O, 1866-cı il martın 12-də ştabs-rotmistr rütbəsinə, iki il sonra "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsinə layiq görülmüşdür. 1873-cü il yanvarın 16-da şəxsi raportu ilə mülki xidmətə keçən ştabs-rotmistr Əsədulla bəy Yadigarov dörd il ordudan uzaqlaşmışdır.
1877-ci ilin əvvəllərində Türkiyə ilə Rusiya arasında son dərəcə kəskin vəziyyət yarandı. Çar Rusiyası Qara dəniz boğazlarının açılmasını Türkiyədən israrla tələb edir və üstəlik Balkanlarda öz nüfuzunu gücləndirmək üçün fəal mübarizə aparırdı. Nəhayət, bu qığılcımlardan alov törədi. Aprelin 24-də Rusiya rəsmi olaraq Türkiyəyə müharibə elan etdi. Mayın 23-də yenidən orduya çağırılan podpolkovnik Əsədulla bəy Yadigarov Qafqazın Gəncə, Bakı, Zaqatala və Qazax bölgələrindən cəbhə üçün nizami süvari dəstələri təşkil etməyə ezam olundu. İki aydan çox cəbhə üçün araba, furqon, qoşqu atı toplanmasında çalışdı. Gəncənin və Qarabağın bəy, xan oğullarından iki yüz nəfərlik könüllü müsəlman süvari dəstəsi yaradıb özü ilə cəbhəyə apardı. Balkanlardakı hərbi əməliyyatlarda iştirak edən podpolkovnik Əsədulla bəy Yadigarov döyüş qabiliyyətinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə), dördüncü dərəcəli "Müqəddəs Vladimir" (qılınc və bantla birgə) ordenləri ilə təltif olundu. Müharibədən sonra da Qafqazdakı nizami orduda nümunəvi zabit kimi xidmət edən Əsədulla bəy məsul hərbi vəzifələrdə çalışıb. O, 1881-ci il mayın 30-da Qafqaz Hərbi Teleqraf parkının komandiri, 1883-cü il aprelin 13-də Qafqaz sanitar batalyonunun komandiri təyin olunub. Həmin il mayın 18-də qüsursuz xidmətinə görə Əsədulla bəy Yadigarova polkovnik rütbəsi verilib. 1889-cu il oktyabrın 16-da polkovnik Əsədulla bəyə məsul vəzifə tapşırılıb – Əlahiddə Qafqaz Ordusu komandanının əmrilə yetmiş səkkizinci Navahin alayının komandiri. 1895-ci il oktyabrın 12-də isə polkovnik Əsədulla bəy Yadigarova piyada qoşunları üzrə general-mayor fəxri rütbəsi verilib. Ömrünün otuz iki ilini nizami orduda şərəflə xidmət edən general Əsədulla bəyin təltifat kitabçasında ona kavaler ordenləri ilə təltif göstərilir: "Müqəddəs Stanislav" ordeninin üç dərəcəsi (1874, 1883, 1898-ci illərdə), "Müqəddəs Vladimir" ordeninin üçüncü və dördüncü dərəcəsi (1879 və 1893-cü illərdə), "Müqəddəs Anna" ordeninin ikinci, üçüncü dərəcəsi (qılınc və bantla birgə 1877, 1889-cu illərdə). O həm də 1884-cü ildə isə əlahəzrət imperatorun şəxsi təşəkkürünə layiq görülüb.
Üç hərbi yürüşün – 1869, 1871 və 1877–78-ci illərdə – fəal iştirakçısı olan general-mayor Əsədulla bəy Yadigarov 1897-ci ildə Danimarkanın "Danevorq fəxri süvari xaç ordeni" ilə, 1898-ci ildə birinci dərəcəli "Buxara qızıl ulduzu" və 1889-cu ildə İranın ikinci dərəcəli "Şire-Xorşid" ordeni ilə təltif olunub. İran şahı Nəsrəddin Qacar 1873-cü ildə Avropaya ilk səfəri zamanı Azərbaycandan keçib və onun bir neçə bölgəsini gəzib. Həmin səfər haqqında ayrıca kitab yazan şah yol qeydlərində eloğlumuz Əsədulla bəy Yadigarovu da məhəbbətlə yada salıb: "Gecədən yarım saat keçmiş Dilicana yetişdik. Ətraf bütün qarla örtülü dağlardır. Təpələrin ətəyi isə yaşıllıqdır. Çox yerdə İran dağlarında olan vəhşi qırmızı güllər var. Təzə yarpaq açmışdır. Lakin çox əcaib və qəribə gül məskəni gördüm ki, beləsini heç yerdə görməmişəm. Dilican meşəliklər içərisindədir, çox gözəl yerdədir. Polkovnik Əsədulla bəy Yadigarovun evi Dilicanda bizim mənzilimiz oldu. Əsədulla bəy Dilican alayının rəisidir. Tiflis müsəlmanlarındandır, alay komandiridir. Polkovnik Əsədulla bəy Yadigarovun xoş təsir bağışlayan gözəl imarəti, kiçik-kiçik bəzəkli otaqları vardır".
Gürcüstan Mərkəzi Dövlət Arxivinin hərbi sənədlərində general-mayor Əsədulla bəy Yadigarovun 1903-cü ildə Tiflisdə vəfat etdiyi göstərilir: "Şeyxülislamla Müfti Hüseyn Əfəndi (Mirzə Hüseyn Əfəndi Qayıbzadə – 1830–1917) həzrətləri, quberniyamızın hər iki qazisi və başqa rəsmi və qeyri-rəsmi üləma heç məzhəb fərqi kimsənin xatirinə gəlmədiyi halda hər kəs kəndi üləmalıq və ruhanilik vəzifəsini əmələ gətirirdi. Şahzadə polkovnik Şahrux Mirzə Qacar (1844–1915) dəxi hüzur ilə alayı zinətləndirməkdə idi. Rus, gürcü və… mötəbərlərindən bir çox şəxs hazır idilər. Finans vəzarətinin (maliyyə nazirliyinin) nümayəndəsi, məmləkətimizdə ümumi nafe işlərdə həmişə əvvəlinci sırada olan və müsəlmanlara daima xüsusi məhəbbət və ehtiram ibrazından çəkinməyən Sultan-Krım Gəray həzrətlərilə Tiflis quberniyasının nücabə rəisi knyaz Məlakə və knyaz Orbeliani təşyi-cənazədə var idi. Əhalinin sayı islam olsun (müsəlman), xristian olsun, saya gəlməz idi. Hər kəsdə hüzni-səmimi simalarda xüsusi bir ciddiyyət görünürdü. Əhəmiyyətli və məhbibi-ümumi olan əşxasın dəfni belə olur. Şiə və sünni üləma (alimlər) və ümərasının (əmirlərinin) bilaistisna həpisinin və xüsusilə həzrəti-şeyxülislamın, qazi Hacı Axundun və şahzadə Şahrux Mirzənin qəbristanda təbliğ buyurulan müvəkkid (təkidli) xahişlərinə görə, "Şərqi-rus" miyidlərimizin ehtiramı və İslam millətimizin xəvaric içində bihörmət olmaması naminə hər müsəlmanlardan israrla təvəqqə edirik ki, qəbristanda halva dağıtmaq adətini tərk etsinlər. Çün Əsədulla bəyin dəfnində dəxi olduğu kimi, halva paylamaq, iqtaşaşsız-davasız, təziyə sahiblərini və caamatı qəlbən mükəddər etməmiş heç vaxt əmələ gəlməyir. Halva xərcini ehsan üçün füqəraya paylayın!"
Ədəbiyyat
redaktə- Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı, "Şirvannəşr", 2004 (az.)
Mənbə
redaktə- "Şərqi-rus" qəzeti, 2 iyul 1903-cü il, N 39, səh.2.
- Nəsrəddin şah Qacar "Ruznameyi-Səfəri-Sevvomi-Firəngistan" əsəri, səh. 42. Bombey nəşri, 1891-ci il
İstinadlar
redaktə- ↑ "Иедигаров Ассадул-бек (Ассадулла-бек) (20.12.1844 – 1903)". Генералитет российской императорской армии и флота (rus). 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-23.
- ↑ Şəmistan Nəzirli. "Güllələnmiş generallar: general Yadigarov qardaşları" (PDF). "Kredo" qəzeti (№ ?). 27 mart 2019. 2024-09-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-09.