Esger Memmedoglu - Wikipedia
Əsgər Məmmədoğlu, bəzən Ələsgər Məmmədoğlu kimi tanınır — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002).[3] Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu "Azərbaycanın Çelentanosu" deyə çağırırdılar.[4]
Əsgər Məmmədoğlu | |
---|---|
Digər adı | Ələsgər Məmmədoğlu |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | [1] (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | Ceyhun Məmmədov[2] |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1977–2015 |
Mükafatları | |
IMDb | ID2948679 |
Həyatı
redaktəƏsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.[5]
1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.[6] 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb:
- Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri),
- Qazı ("Sizi deyib gəlmişəm" Anar),
- Səfər ("Əliqulu evlənir" Sabit Rəhman),
- Cəllad ("Maqbet" Uilyam Şekspir),
- Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev),
- Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil),
- Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin),
- Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə),
- Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov),
- Səlim ("Aydın" Cəfər Cabbarlı),
- Qasımlı ("Bu dünyanın adamları" Hidayət),
- Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz),
- Məzarçı ("Hamlet" Uilyam Şekspir),
- Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev),
- Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev),
- Dilənçi ("Varlı qadın" Əli Əmirli),
- Kürən ("Xəcalət" Hüseynbala Mirələmov)
- Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov)
- Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev)
Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V. Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K. Haldoni), Dəmir-qaya "Topal Teymur" H. Cavid), Narsatan ("Qatarda" İ. Məlikzadə), Gümrah ("Alov" M. Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub. Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir.
2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir. Sənətkar uzun müddət idi qaraciyər xərçənginə yaxalanmışdır. Həmçinin onda qan təzyiqi və öd kisəsində problem də var idi. Bir müddət müalicə almışdır. Amma 21 dekabr 2015-ci ildə sənətkarın vəziyyəti ağırlaşdı. Edilən tibbi yardımlara baxmayaraq, bu istedadlı aktyor axşam saatlarında vəfat etdi. Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə "Qurd qapısı" qəbiristanlığında anasının yanında dəfn edilmişdir.[7]
Filmoqrafiya
redaktə- Ömrün səhifələri (film, 1974)-Ələsgər
- Alma almaya bənzər (film, 1975)-doğum evində gözləyən adam
- Xoşbəxtlik qayğıları (film, 1976)-Əlövsət
- Qərib cinlər diyarında (film, 1977)-Cin Əsra
- Şir evdən getdi (film, 1977)-Yanğınsöndürən
- Mehmanxana sahibəsi (film, 1978)-Nökər
- Qəribə adam (film, 1979)-Xalid
- Axtaran tapar (film, 1980)
- Qızıl uçurum (film, 1980)-Neftçi
- Sarıköynəklə Valehin nağılı (film, 1980)-Musa
- Yol əhvalatı (film, 1980)-Aeroportdakı adam
- Qatarda (film, 1981)-Nar satan oğlan
- Tehran-43 (1981)
- Üzeyir ömrü (film, 1981)-Jurnalist
- Evləri köndələn yar (film, 1982)- şair Dağlaraşarlı
- Topal Teymur (film, 1983)-Dəmirqaya
- Musiqili xaş (film, 1984)-Məclisdəki adam
- 100 (film, 1985) (qısametrajlı bədii süjet – Mozalan № 100)
- Bəyin oğurlanması (film, 1985)-Pirotexnik Ələsgər
- Qəm pəncərəsi (film, 1986)-Kərbəlayi Zeynal
- Yaşıl eynəkli adam (film, 1987)-milis bölməsi işçisi
- Yaramaz (film, 1988)-Ələsgərin işçisi
- Canavar balası-Aşot
- Min birinci söz (film, 1997)
- "Qayınana" əməliyyatı (film, 1999)-Xəfiyyə
- Yaşıl eynəkli adam-2 (film, 1999)-polis bölməsi işçisi
- Güllələnmə təxirə salınır!... (film, 2002)-kisəçi
- Məhəllə (film, 2003)-Yol polisi işçisi
- Məşədi İbad-94 (film, 2005)-Hambal
- Toy (film, 2005)-Ələsgər əmi
- Kişiləri qoruyun (film, 2006)-Gülümsər
- Milçək (film, 2006)-Xəzinədar
- Bir dəfə Qafqazda (film, 2007)- rüşvət verən
- Evləri göydələn yar (film, 2010)- şair Dağlaraşarlı
- 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: ata)
- Xoxan (film, 2014)
İstinadlar
redaktə- ↑ Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat etdi Arxivləşdirilib 2016-02-22 at the Wayback Machine. xeberle.com, 21. dekabr 2015 (az.)
- ↑ "Ələsgər Məmmədoğlu son mənzilə yola salındı". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-24.
- ↑ Məmmədoğlu, Ə. "Gözləmişəm, istədiyim rol gəlməyib": Əsgər Məmmədoğlu: "Avara adamlar guya məni dolayırlar": [aktyor Əsgər Məmmədoğlunun müsahibəsi] //Ekspress.- 2014.- 1–3 mart.- S.19.
- ↑ Görkəminə görə onu məşhur aktyor Adreano Çelentanoya bənzədir, Azərbaycanın Çelentanosu deyə də çağırırdılar. Arxivləşdirilib 2023-01-29 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-10.
- ↑ Lider TV. "Ələsgər Məmmədoğlunun doğum günüdür" (az.). Youtube.com. 09.02.2017. İstifadə tarixi: 2017-02-11.
- ↑ Bir Əsgər var idi…: Hamı onu Ələsgər kimi tanıyırdı: [Əməkdar artist, mərhum Əsgər Məmmədoğlu haqqında] //Mədəniyyət.- 2016.- 3 fevral.- S. 13.