Evrez - Wikipedia
Əvrəz — Azərbaycanda insanlar arasında tarixən təşəkkül tapmış və geniş yayılmış qarşılığlı yardım formalarından biri.
Etimologiyası
redaktəAzərbaycanda qarşılıqlı yardımın çox geniş yayılmış formalarından biri də əvrəz olmuşdur. Bu el köməkliyinin adı ərəbcə "təsadüfi" "fövqəladə hadisələr" mənasını verən "əvariz" sözündən götürülmüşdür. Görünür, Azərbaycanın Kəlbəcər və Qazax rayonlarında yaşayan ayrımlar arasında bu qarşılıqlı yardım formasının "avaya" adı ilə tanınması da bununla əlaqədardır. "Əvrəz" Azərbaycanın əksər bölgələrində "iməcilik" anlayışının sinonimi kimi işlədilsə də, bəzi bölgələrdə, o cümlədən Şirvan və Quba bölgələrində əsasən ağır zəhmət tələb edən təsərrüfat işlərində yalnız kişilərin iştirakı ilə təşkil edilən el köməkliyinə deyilirdi.
Tarixşünaslıqda əvrəz termininə fərqli münasibət
redaktəAzərbaycan tarixşünaslığında əvrəzdən, yanlış olaraq feodal mükəlləfiyyətlərindən biri kimi bəhs olunur. Rus alimi İ. Petruşinski Azərbaycanda feodal münasibətlərindən bəhs edərkən əvrəzi Səfəvilər dövlətində feodal mükəlləfiyyətlərindən biri hesab etmişdir. O daha sonra qeyd edir ki, Azərbaycanda kəndlilər XVIII–XIX əsrlərdə bəy və mülkədarların xeyrinə məcburi işlədikləri "biyar"dan əlavə ildə iki gün "əvrəz"ə də çıxmalı idilər.
Azərbaycan alimlərindən M. Əfəndiyev və İ. Həsənov da bu səhv müddəaya əsaslanaraq öz tədqiqatlarında əvrəzi XVIII–XIX əsrlərdə Azərbaycan feodal mükəlləfiyyətlərindən biri kimi təhlil etmişlər. Əvrəzin feodal mükəlləfiyyəti olması haqqında yanlış fikir öz əksini 7 cildlik "Azərbaycan tarixi"ndə də tapmışdır.
Etnoqrafik materialların təhlili nəticəsində isə müəyyən edilmişdir ki, kəndilərin bəy və mülkədarlar üçün məcburi yerinə yetirdikləri "biyar" işindən fərqli olaraq, "əvrəz" qədimdən öz mahiyyəti etibarilə könüllülük prinsipi əsasında kəndlilərin təsərrüfat işlərində bir-birlərinə göstərdikləri qarşılıqlı yardım forması kimi təşəkkül tapmış və el adətinə çevrilmişdir. Sonralar bəy və mülkədarlar xalqın bu adətindən müəyyən məqsədlər üçün istifadə etmişlər. Görkəmli etnoqraf Q. Qaraqaşlı çox haqlı olaraq belə hesab edir ki, əvrəz məhsuldar qüvvələrin geridə qaldığı, primitiv səviyyədə olduğu, kollektiv əməyə zəruri ehtiyac olduğu nəsli-qəbilə quruluşu dövründə təşəkkül tapmış və zəmanəmizə qədər gəlib çıxmışdır. Sinifli cəmiyyətdə isə hakim sosial təbəqələrin kəndliləri istismar formasına çevrilmişdir. Belə ki, XIX əsr və XX əsrin əvvəllərində əvrəz məcburi mükəlləfiyyətlər siyahısına daxil deyildi. Azərbaycanın qərb bölgələrində adətə görə bütün kənd, yaxud kənd icması mülkədarın xeyrinə ildə bir və ya iki gün əvrəzə çıxır, onun əkin sahəsini şumlayır, taxılını biçir, ot çalır və bina tikirdilər. Mülkədar əvrəz zamanı kəndlilərə yemək də verirdi. İlk baxışdan bir növ feodal mükəlləfiyyəti kimi təsir bağışlayan belə əvrəzi kəndlilər həmişə qarşılıqlı yardımdan fərqləndirmiş, onu məzmununa uyğun olaraq "bəy əvrəzi", "yüzbaşı əvrəzi", "kəndxuda əvrəzi", "koxa əvrəzi" və s. adlandırmışlar. Bəy əvrəzinin XIX əsrdə feodal mükəlləfiyyəti deyil, bəyin çağırışı ilə kəndlilərin könüllü köməklik forması olması çar hökumətinin 1847-ci il "Kəndli əsasnamələri"ndə də qeyd edilmişdir. Əsasnamənin Quba qəzasına aid qaydalarının 10-cu bəndində deyilirdi ki, əgər bəy əvrəz çağırarsa, yəni işə könüllü çağırış elan edərsə, bəyin əvrəzə çıxanlara yemək verməsi şərtilə, əhalinin köməyə getməsinə icazə verilir.
Bəy və mülkədarlar, yüzbaşılar əvrəzdən kəndliləri təkcə öz xüsusi təsərrüfatlarında işlətmək üçün deyil, eyni zamanda su arxlarının və kəhrizlərin qazılması və təmiri, yol çəkilməsi və körpü salınması kimi bütün kəndin xeyrinə olan ümumi el işlərində də istifadə edirdilər. Deməli, ilk baxışdan feodal mükəlləfiyyəti kimi görünən bəy və yüzbaşı əvrəzində kəndlilər əslində çox vaxt özləri üçün işləmişlər.
Əvrəz də iməcilik kimi müəyyən sosial-iqtisadi səbəblərlə bağlı olaraq çağırılardı. Hər hansı bir təsərrüfat işinin təcili görülməsi üçün işçi qüvvəsi, qoşqu heyvanı, kotan, yaxud araba çatışmadığı hallarda təsərrüfat sahibi özü ağsaqqallarla məsləhətləşib camaatı əvrəzə çağırardısa, ailə başçısı xəstə olan və ya ailə başçısını itirmiş ailələrə, dul qadınlara kömək məqsədilə əvrəzi camaat özü təşkil edərdi. El köməyinə ehtiyacı olan şəxs əvrəzin təşkili ilə əlaqədar müəyyən hazırlıq işləri gördükdən sonra kəndin ağsaqqalları ilə məsləhətləşib əvrəzin gününü təyin edər və qohum-əqrəba vasitəsilə camaatı əvrəzə çağırardı. Camaatı əvrəzə çağırmaq üçün məscidlərdən, kəndin kişilərinin toplaşdığı meydanlardan və "gimgə yeri" adlanan yerlərdən də istifadə edilərdi. Kəndin mollası və ağsaqqalı da camaatın müəyyən olunmuş gündə əvrəzə çıxmalı olduğunu onlara xatırladardı. Lakin əvrəzdə iştirak etmək üçün heç bir məcburiyyət yox idi. Hamı əvrəzdə iştirak etməyi özünə borc bilib bu el köməyinə tələsərdi. Bununla bağlı xalq arasında bəzi ifadələr də vardır. Məsələn, biri tez-tez yol gedəndə deyirlər ki, "nə tələsirsən, əvrəzə getmirsən ki?" Əksinə, biri ləng tərpənəndə deyirlər ki, "elə bil biyara gedir".
Əvrəzin təşkili və onun əsas xüsusiyyətləri
redaktəƏvrəz səhər sübhdən çox canlı şəkildə başlanıb, günün sonunadək işgüzarlıq şəraitində davam etdirilərdi. İməcilik kimi əvrəz də işin qurtarıb-qurtarmamasından asılı olmayaraq, adətən, bir gündən artıq davam etməzdi. El adətinə görə, əvrəzi təşkil edən şəxs onun iştirakçılarına günorta naharı verərdi. İmkanı olanlar hətta qoyun da kəsərdilər. Lakin imkansız ailələrə kömək məqsədilə təşkil olunan əvrəzə çıxan kəndlilər özləri ilə yeməklərini gətirərdilər.
Əvrəzin təşkili görüləcək işin xüsusiyyətindən asılı olardı. Torpağın şumlanması məqsədilə təşkil edilən əvrəz zamanı onun iştirakçıları sahəyə tez çıxmaq və öz işlərilə fərqlənməyə çalışardılar. Şum əvrəzi zamanı onun iştirakçıları bir-birilə yarışar və müxtəlif səciyyəli adətlərə əməl edərdilər. Məsələn, əvrəz günü kotanı ilə sahəyə tez çıxıb ilk şırımı açan kəndliyə xələt verilərdi. Adətən, əvrəz zamanı kəl sınağı keçirilərdi. Kotanı bir cüt kəl çəkməli idi. Şərtə görə kotanı çəkməyə gücü çatmayıb dizini yerə qoyan kəl məğlub sayılırdı. Ən qüvvətli kəlləri müəyyənləşdirmək məqsədilə təşkil edilən belə yarışda daha güclü hesab edilən kəllər kotanın dib boyuna qoşulardı. Şərtləşmə müddətində qalib kəl müəyyən edilmədikdə, kotanın təkərləri çıxarılar və kəlin biri dizini yerə qoyanadək yarış davam etdirilərdi. Yarışda qalib gəlmiş ən güclü kəlin belinə əvrəzdə kəsilmiş qoyunun dərisini atardılar. Həmin dəridən kəl üçün boyun yastığı tikilərdi. Belə yarışlar əvrəz iştirakçılarının böyük marağına səbəb olar, işin şən əhvali-ruhiyyədə davam etməsinə şərait yaradardı.
Əvrəz qarşılıqlı yardım forması taxıl zəmisinin biçilməsi, dərzlərin xırmana daşınması və ot çalımında daha tez-tez təşkil olunardı. Çünki əkinçiliyin mövsümi xarakter daşıyan bu əmək proseslərini gecikdirmək olmaz. Əkinçilərin dediyi kimi, "biçində gecikən uduzar". Əkinçilikdə birgə işçi qüvvəsi tələb olunan bu proseslərini vaxtında başa çatdırmaq məqsədilə çağırılan əvrəzdə hamı məmnuniyyətlə iştirak edirdi və hər kəs qonşusuna, həmkəndlisinə, xüsusilə imkansız ailələrə kömək etmək üçün əllərindən gələni əsirgəmirdi.
Biçin əvrəzi daha təntənəli keçirilirdi. Bu zaman kəndin ən yaxşı biçinçisini müəyyən etmək üçün yarış keçirilərdi. Zurnaçıların ifa etdiyi "Cəngi" musiqisinin sədaları altında yarışan biçinçilər eyni vaxtda işə başlardılar. İlk dərzi hamıdan tez zəmi sahibinin qənşərinə qoyan biçinçi yarışın qalibi olar və kəndin ən yaxşı biçinçisi hesab edilərdi. Qalibə hədiyyə olaraq qabaqcadan düzəldilmiş xonça verilərdi.
XIX əsrin sonu və XX əsrin əvvəllərində əvrəz qarşılıqlı yardım formasının təşkilində qohumluq münasibətlərilə bağlı el adəti də olmuşdur. Quba qəzasının Gəndob və Söhüb kəndlərində "qız əvrəzi" adı ilə tanınan bu adətə görə nişanlı oğlan əkin-biçin prosesində qız evinə köməklik etməli idi. Qız evinin əvrəzə ehtiyacı olduğu hallarda nişanlı oğlan kəndin cavanlarını əvrəzə çağıraraq qayınatasının əkin sahəsini şumladar, taxılını biçdirib dərzləri zəmidən xırmana daşıdar və biçənəyini çaldırıb otunu tayalara vurdurardı. Əvrəz zamanı nişanlı oğlanın qoluna, başqalarından seçilmək üçün, qız evindən göndərilmiş qırmızı sarğı bağlanardı. Əvrəz iştirakçılarına nahar yeməyi nişanlı oğlanın ailəsi tərəfindən göndərilərdi.
Azərbaycanın Quba bölgəsində suvarma arxlarının çəkilməsi, təmiri, yaxud təmizlənməsi, dəhnə və su bəndlərinin tikilməsi kimi böyük zəhmət və çoxlu işçi qüvvəsi tələb olunan işlərdə də əvrəz qarşılıqlı yardım formasından istifadə edilmişdir. Bəzən elə olurdu ki, kəndin ancaq bir məhəlləsinin istifadə etdiyi su arxının təmirində, yaxud təmizlənməsində həmin kəndin başqa məhəllələrində yaşayanlar da iştirak edirdilər.
İməcilik kimi əvrəzdən də Azərbaycanın bəzi bölgələrində ev tikintisi prosesində istifadə edilmişdir. Quba bölgəsində ev tikintisi zamanı xeyli işçi tələb edən və bir ailənin gücü ilə görüləsi mümkün olmayan kərpickəsmə və kərpicin daşınması, evin bünövrəsi üçün uzaq məsafədən daş gətirmək, daş, torpaq və tir qaldırmaq kimi təsərrüfat və məişət xarakterli işlərdə də əvrəz köməklik formasından istifadə edilmişdir. Kərpic kəsmək məqsədilə təşkil edilmiş əvrəz üçün palçıq ev sahibi tərəfindən qabaqcadan hazırlanardı. Əvrəz günü dəvət olunmuş kişilər hərə öz qəlibi ilə gələrək işə başlardı. El adətinə görə, kərpic kəsənlərdən biri "düşərlik" adlanan hədiyyə almaq üçün deyərdi ki, "ay qonşu, bu nə işdir, qəlib kərpici buraxmır, bir köməyə gəl görüm". Bunu eşidən ev sahibi kərpickəsənlərə şirinlik pay verərdi və iş davam edərdi. Belə adət Zaqatala-Balakən bölgəsində də mövcud olmuşdur. Başqa bir adətə görə, ev tikintisi üçün bünövrə qoyuluşuna köməyə gələnlər əliboş gəlməzdilər, xonça düzəldib gələrdilər. Köməklikdə qadınlar da iştirak edərdi. Onlar su daşıyar, çörək bişirər və digər məişət işlərinə kömək edərdilər. Kişilər isə tikinti ilə məşğul olardılar. Evin bünövrəsi qoyulan zaman belə bir adətə də müraciət edilərdi. Bünövrənin dörd küncündə dayananlardan biri deyərdi ki, "künc düzəlmir". Bu halda ev sahibi ustalara kiçik bir hədiyyə verərdi. Ev tikilib qurtardıqdan sonra damdan sonuncu düşən ustaya da xələt verilərdi. Tikintinin sonunda əvrəz iştirakçılarına xələt vermək mərasimi üçün ev sahibi qabaqcadan ehtiyat görərdi; yun corab, əl yaylığı və müxtəlif şirniyyatdan ibarət xonça düzəldərdi. Adətən, xonça əvrəz iştirakçıları arasında olan ağsaqqala təqdim edilərdi.
Dünyanın digər xalqlarında qarşılıqlı yardım formaları
redaktəƏvrəz və iməcilik kimi eyni mahiyyət və məzmun daşıyan qarşılıqlı yardım formaları dünyanın başqa xalqları arasında da mövcud olmuşdur. Ruslarda "subbotnik", "pomoç" və "todoka", özbəklərdə və taciklərdə "xaşar", türkmənlərdə "yevar", qırğızlarda "aşar", gürcülərdə "dadzaxili" və "ulami", ləzgilərdə "mel", kumıklarda "bulka" və b. qarşılıqlı yardım formaları azərbaycanlıların iməcilik və əvrəz el köməkliklərini xatırladır. Dünya xalqlarının həmin köməklikləri də icmanın ümumi işi hesab edilirdi. Kəndin bütün əhalisi, həm kişilər, həm də qadınlar onların təşkilində çox həvəslə iştirak edirdilər. Köməkliklərin iştirakçıları arasında əmək bölgüsü aparılır, kimin hansı işi görəcəyi qabaqcadan müəyyənləşdirilirdi. Azərbaycan el köməkliklərində olduğu kimi həmin qarşılıqlı yardım formaları da bayram şənliklərinə çevrilirdilər. Köməklik iştirakçıları təzə paltar geyir, yüksək əhvali-ruhiyyədə olur, musiqi sədaları altında işləyir, nəğmələr oxuyurdular
Mənbə
redaktə- Ş. A. Quliyev, Q. C. Cavadov. "Əvrəz" haqqında. Azərbaycan EA "Xəbərləri" (Tarix, fəlsəfə və hüquq seriyası), 1973, № 2.
- Ş. A. Quliyev. Ənənəvi əkinçilikdə qarşılıqlı yardıma dair. "Azərbaycan arxeologiyası və etnoqorafiyası" jurnalı, II buraxılış. Bakı, 2003.
- Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild. Bakı, 2007.
- Q. C. Cavadov. Azərbaycanda el köməyi adətləri. Bakı, 1993
- М.М.Эфендиев. Повинности и правовое положение владельческих райятов в Азербайджане в первой половине XIX века. Azərbaycan Tarix Muzeyinin əsərləri, II с, Bakı, 1957.
- К.Т.Каракашлы. О пережитках древнего институга взаимопомощи в Азербайджане. Azərbaycan EA "Xəbərləri" (İctimai elmlər seriyası), 1958, № 2
- Azərbaycan tarixi, 7 cilddə, III c, Bakı, "Elm", 1999,
- M. Dadaşzadə. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı, "Elm",1985,