Eziz Osman - Wikipedia
Əziz Ömər (tam adı: ərəb. الملك العزيز عماد الدين أبو الفتح عثمان بن صلاح الدين يوسف; əl-Məlik əl-Əziz İmadəddin Əbülfəth Osman ibn Səlahaddin Əyyubi; 1171, Qahirə – 29 noyabr 1198) — Səlahəddinin ikinci oğlu və Əyyubi sultanı. 1198-ci ildə atdan yıxılaraq vəfat etdi və yerinə oğlu Mənsur Məhəmməd keçdi.
Əziz Osman | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1171 |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 1198 |
Atası | Səlahəddin Əyyubi |
Uşağı |
Həyatı
redaktəƏyyubi tarixçisi Əbülfida[1] Əziz Osmanın Səlahəddinin ikinci oğlu olduğunu və böyük oğlu Əfdal Əlidən iki yaş kiçik olduğunu yazır.
Təxmini 1186-cı ildə Səlahəddin Misirdəki dövlət işlərindən ayrılaraq yaxın qohumları ilə birlikdə Dəməşq və Hələb tərəfə çəkilmişdi. O, burada olarkən qurduğu dövlətin taleyi ilə bağlı mühüm qərarlar verdi və qardaşı Adilə də bunları qəbul etdirdi. Bu qərarlara görə birinci oğlu Əfdal Fələstinin də içərsinə daxil olduğu "Suriya və Şam əmiri", ikinci oğlu Əziz Osman "Misir sultanı", üçüncü oğlu Zahir Qazi isə "Hələb əmiri" olacaqdı. Qardaşlarından Turanşah Yəmən əmiri, Adil isə Əlcəzirə və Diyarbəkir bölgələrinə əmir təyin edildi. Həmçinin İordaniyadakı Kərak və Şüvbək qalaları da Adilə veriləcəkdi.[2] Tarixçi Əbülfidanın yazdığına görə, 12-ci əsrin 80-ci illərində Səlahəddin 14 yaşlı oğlu Əziz Osmanı Misirə vali təyin etdi və gənc Əziz Osman bu vəzifəni əmisi Adillə bölüşdü.
Səlahəddin 1193-cü il martın 2-dən 3-nə keçən gecə Şamda (Dəməşqdə) vəfat etdi. Səlahəddinin mirasına görə ikinci oğlu Əziz Osman Misirin Əyyubi sultanı olaraq "məlik" titulu ilə Misirdə hökmranlıq etməyə başladı.
Əziz Osmanın hakimiyyətinin ilk dövründə qardaşı Əfdal və əmisi Adil arasında siyasi çəkişmələr başladı. Həmçinin Əlcəzair və Diyarbəkir bölgələrindəki yerli sülalələr də Əyyubi hakimiyyətini qəbul etmədilər. Əfdal hakimiyyətini möhkəmləndirmək məqsədilə atası Səlahəddin dövründən müxtəlif vəzifələrdə qalmış əyanları vəzifələrindən uzaqlaşdıraraq öz adamları ilə əvəz etdi. Yeni təyin olunan əyanlardan ən görkəmlisi "Ziyaəddin bin Əsir" idi və mənbələrdə bu vəzirin gənc Əfdalın dövlət işlərindən uzaqlaşmasına, içki və əyləncə həyatına girməsinə səbəb olduğu qeyd edilir.[2]
Şamdakı vəzifələrindən qovulan əyanlar Misirə gedərək qardaşının münasibətindən Əziz Osmana şikayət etdilər və Əziz Osmanı Şama yürüşə təşviq etdilər. 1194-cü ilin mayında Əziz Osman öz ordusu ilə Suriyaya daxil oldu və Dəməşqi mühasirəyə aldı. Əfdal şəhər əhalisinin ona dəstək verməyəcəyini bildiyi üçün əmisi Adildən kömək istədi. Adilin vasitəçiliyi ilə Əziz Osman ilə Əfdal arasında sülh imzalandı və Əziz Osman yenidən Misirə çəkildi.
1195-ci ildə Əziz Osman yenidən Suriyaya yürüş təşkil etsə də, əmisi Adil yenidən vasitəçi kimi ordudakı sərkərdələri Əziz Osmana tabe olmamağa təşviq etdi və beləliklə ordunun zəifləməsi səbəbindən yürüş dayandırıldı.[2]
Qardaşının bu dəfə hücum edə bilməyəcəyini, hətta öz hakimiyyəti altında olan əraziləri qoruya bilməyəcəyini anlayan Əfdal, öz ordusu ilə Misiri ələ keçirmək üçün hərəkətə keçmək istəsə də, yenə də Adil Əfdalı bu plandan daşındırdı.[2]
Adil daha sonra Misirə, Əziz Osmanın yanına getdi. Suriya əhalisinin Əfdalın hakimiyyətindan narazı olmasından istifadə edən Əziz Osman və Adil 1196-cı ilin iyununda Suriyaya yürüş üçün hazırlıqlara başladılar və 3 iyul 1196-cı ildə Dəməşq Əziz Osman tərəfindən ələ keçirildi. Əfdal isə "Şərxad" adlı kiçik əmirliyə sürgün edildi. Beləliklə, Əziz Osman bütün Əyyubilərin sultanı olaraq qəbul edildi, əmisi Adil isə Şam əmiri vəzifəsinə təyin edildi. Bu dövrdə artıq Əyyubilər dövlətinin əsas gücü Əziz Osmanın əlində deyildi, hakimiyyət əmisi Adilin əlinə keçmişdi.[2]
Əziz Osman Misirdəki hakimiyyəti dövründə Giza piramidalarını dağıdaraq onların daşlarından tikdirdiyi binalarda istifadə etməyə başladı. Bəzi mühafizəkar Avropa yazıçıları onun piramidaları tamamilə yox etmək istədiyini, lakin piramidalar çox böyük olduğu üçün bu işdə uğursuz olduğunu qeyd edirlər.[3] Bu piramidalardan ən çox ziyan görən Menkerina piramidasına olub. Həmçinin Əziz Osman tərəfindən Fələstinin "Bəniəs" və "Subaybəh" şəhərlərində inşa edilən tarixi binalar dövrümüzə qədər gəlib çatıb.[4]
1198-ci ilin noyabrında Əziz Osman Qahirədə, piramidalar yaxınlığında ov edərkən atından yıxıldı və 23 noyabr 1198-ci ildə vəfat etdi. Əmisi Adilin Misirə gəlib hakimiyyəti ələ keçirməməsi üçün Misir Əyyubi əyanları onun oğlu Mənsur Məhəmmədi Misir taxtına oturtdular.
Qəbri qardaşı Müəzzəmin məqbərəsindədir.[5]
İstinadlar
redaktə- ↑ Ebu Feda. Tarih-ül-muhtasar fi Ahbarı'l-beşer (türk). 2. İstanbul. 1869. 2019-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
- ↑ 1 2 3 4 5 Grousset, Rene (1935) Histoire des Croisades et du royaume franc de Jérusalem
- ↑ Way. Why Western Art Is Unique, and Why Muslim Immigration Threatens It. The Brussels Journal. Archived from the original on 2020-01-04. İstifadə tarixi: 2024-07-04.
- ↑ Sharon, Moshe 1999, Corpus Inscriptionum Arabicarum Palaestinae: CIAP. Leiden: Brill, Print.
- ↑ Humphreys, R. Stephen.(1977) From Saladın to the Mongols: the Ayyübids of Damascus, 1193–1260. Albany: State University of New York.
Mənbələr
redaktə- Maalouf, Amin (trans. Ali Berktay), (2006) The Crusades from the Eyes of the Arabics, İstanbul: Yapı Kredi Kültür Yayınları, ISBN 975-08-1121-6
- Runciman, Steven (çev. Fikrət Işıltan) (1992), Səlib yürüşlərinin tarixi: III. Cild — Akka Krallığı və Sonrakı Səlib yürüşləri, Ankara: Türk Tarix Qurumunun Nəşrləri ISBN 975-16-0511-3
- Grousset, Rene (1934–1936) Histoire des Croisades et du royalume frank de Jerusalem [1] 27 iyun 2014 , 3 Cild. Paris: Plon. OCLC 37267632 (fr.)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Əyyubilər sülaləsinin şəcərəsi (fr.)
- الأيوبيون/بنو أيوب في مصر (ərəb.)