1962 Fifa Dunya Kuboku - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
VII Dünya Çempionatı
1962 FİFA Dünya Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Tarix | 1962 |
Başlama tarixi | 30 may 1962 |
Bitmə tarixi | 17 iyun 1962 |
Yekun nəticəsi | |
Çempion | Braziliya milli futbol komandası |
Yarış statistikası | |
Oyun sayı | 32 |
Qol sayı | 89 |
Tamaşaçı sayı | 893.172 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Florian Albert, Vava, Qarrinça |
Vikianbarda əlaqəli mediafayllar |
Çili – 1962
redaktəFinal Mərhələsi
redaktə30 may – 17 iyun
Çilidəki dünya çempionatı ikili təəssürat yaratdı. Bir tərəfdən Pele, Qarrinça, Puşkaş, Albert, Skobar, Masopust, Bobbi Çarlton, Rivera kimi istedadların oynaması mundiala rəng qatdı. Digər tərəfdən, kobudluq, dava-dalaş çox oldu. Turnirin gedişində ağır zədə alan oyunçuların sayı 20-dən çox oldu. Onlardan 12-i evə "əlavə ayağ2ın kpməyi ilə qayıtmalı oldu. Hətta FİFA mundial zamanı meydandakı vandalizmlə bağlı iclas da keçirdi.
DÇ Dittbornun həyatı bahasına başa gəldi
DÇ təşkilatçılığının Çiliyə həvalə olunması çoxları üçün sirr olaraq qaldı. Bu ölkənin yığması futbolda ciddi nailiyyətlər qazamamışdı. , iqtisadiyyatı da durğunluqda idi. Hətta Pinoçetin gəlişinə 11 il qalmış Çilidə siyasi vəziyyət stabil deyildi. Cəmiyyət 3 yerə parçalanmışdı: hakimiyyətdə olan Xorxe Alessandri Rodriges mühafizəkarlar idi. Onu isə Eduardo Freyin demxristianları və Salvador Alyendenin kommunistləri sıxırdı. Üstəlik 60-cı ildə Çilidə dəhşətli zəlzələ baş verdi və Argentina mundialı qəbul etməyə hazır olduğunu bildirdi. Çoxsaylı tənqidlərə, baxmayaraq, Çili təşkilatçılıq hüququnu özündə saxlaya bildi. Burada Karlos Alberto Dittborn Pintonun da böyük rolu oldu. Alman kökləri olan bu adam (1956-cı il iyunun 10-da FİFA DÇ-ni Çiliyə verəndə onun 32 yaşı vardı) böyük qəhrəmanlıq göstərərək DÇ-nin Çilidən alınmasına mane olmuşdu. Zəlzələdən sonra turnirin yerinin dəyişdirilməsi ortaya çıxanda Dittborn "qoyun DÇ bizdə qalsın. Bizim ondan başqa heç nəyimiz yoxdu." – deyə qışqırdı. Onun səsində o qədərdramatiklik və istək var idi ki, rəqiblər dərhal geri çəkildi. Dittbornun ifadəsi isə tarixə düşdü və sonralar Santyaqodakı milli stadionun tribunalarından birində yazıldı. 6 illik iş təsirsiz ötüşmədi. Mundiala bir ay qalmış Dittborn xəstələndi və vəfat etdi.
Tale Di Stefanonu mundialsız qoydu
Seçmə mərhələdə yalnız bir sürpriz oldu. Ötən çempionatın bürünc mükafatçısı fransızlar Fonten və Kopanın olmasına baxmayaraq, əlavə oyunda 0:1 uduzaraq yerini Bolqarıstana verdi. İtalyanlar isə xoşagəlməz hadisə ilə üzləşdilər. Onlar Təl-Əvivdə İsraillə oynayırdı. 53-cü dəqiqədə yerli komanda hesabda 2:0 irəlidə olsa da, "Skaudra Adzurra" 4 top vurmaqla sensasiyaya mane oldu – 4:2. Düzdü, cavab oyununda Omar Sivorinin pokeri hər şeyi həll etdi – 6:0. İspaniya yığmasnda Di Stefano peyda olmuşdu. 35 yaşında o, DÇ-də oynamaq üçün sonuncu şansını qazanmışdı. Di Stefano daha gənc yaşlarında mundialda oynamamasına Argentina futbolunda baş verən böyük qalmaqal səbəb olmuşdu, Ancaq tale onu yenə DÇ-yə buraxmadı. Ağır zədə alan Di Stefano klub səviyyəsində böyük uğurlar qazasa da yığmanın heyətində mundialda bir dəqiqə belə oynamayan unikal futbolçu oldu.
1-ci qrup: Çislenkonun etirafı
DÇ-58-lə müqayisədə SSRİ yığması xeyli dəyişmişdi. Üstəlik 60-da qazanılan Avropa kuboku onları favoritlərdən birinə çevirmişdi. İlk oyunda sovetlərin rəqibi Yuqoslaviya idi. Yuqoslavların kobud oyunu rəqib üçün gözlənilməz oldu. Ponedelnik və İvanov bir neçə dəfə həkim yardımı üçün meydanı tərk etdi. Dubinski xərəkdə xəstəxanaya, ordansa birbaşa Moskvaya yollandı. Həmin an hesab 1:0 SSRİ-nin xeyrinə idi. Azlıqda daha 1 qol vuran İttifaq futbolçuları qələbəyə baxmayaraq meydanı üzgün tərk edirdi. Dubinskidən başqa Metreveli də çıxışını dayandırmalı oldu. Kolumbiyanın o zaman nüfuzu yüksək deyildi. İlk oyunda Uruqvay kolumbiyalıları 2:1 hesabıyla yenmişdi. Artıq 12-ci dəqiqədə SSRİ kolumbiyalıların qapısına 3 cavabsız top vurmuşdu. Fasiləyəcən Yaşin bir top buraxsa da, ikinci hissədə fərq yenidən üçə yüksəldi, Ancaq kolumbiyalıların künc zərbəsindən birbaşa qol vurması SSRİ yığmasını "sındırdı". Rəqib daha 2 top vuraraq hesabı bərabərləşdirdi – 4:4. Son dəqiqələrdə Yaşinin sıçrayışı olmasaydı sovetlər 5-ci topu da buraxacaqdı. Yuqoslavlar Uruqvayı (3:1), sonra Kolumbiyanı (5:0) da yenərək vəsiqəni təmin etdi. SSİ isə son turda ikiqat dünya çempionları ilə oynamalı idi. Mamıkinin qolundan sonra Çislenkonun yaddaqalan zərbəsi baş verdi. Onun qapıya yönəltdiyi top tordan keçsə də, uruqvaylılar qolun olmadığını təkid etdi. Onların dediyinə görə, top dirəyin arxasındakı deşikdən keçmişdi. Hətta Çislenko onun yanına qaçan Nettoya, o isə hakimə qolun olmadığını bildirdi və hakim qərarını dəyişdi. Uruqvaylılar dərhal irəli atılıb. Ikinci hissədə hesabı bərabərləşdirdi, Ancaq İvanov yenidən komandasını irəli çıxardı – 2:1.
2-ci qrup: İtalyanlar almanlardan qorxdu
İtalyanların heyətində hələ də "oriundilər" var idi, Ancaq öz istedadları – Rivera, Korso, Menikelli də peyda olmuşdu. Potensialına görə bu, müharibədən sonra ölkənin ən güclü komandası idi, Ancaq bu yığma da heç nə edə bilmədi. Komandaya iki nəfər – Covanni Ferrari və Paolo Matsa rəhbərlik edirdi. Futbola fərqli baxışı olan adamların "Skuadra Adzurra"ya rəhbərlik etməsi işləri korladı. İtalyanlar ilk turda almanlardan əməlli-başlı qorxurdu. Əsləində isə almanlar əvvəlki iki mundialda olduğu qədər güclü deyildi. Firits Valter çoxdan karyerasını bitirmişdi. Frants Bekkenbauer isə hələlik böyük futbolda yox idi. İtaliya yığması müdafiə taktikası seçməsəydi, Almaniyanı yenə bilərdi – 0:0. İsveçrəliləri 3:1 sonra yenən Çili ilk turdan sonra lider oldu.
Hər mundialda hakimlər az-çox "ev" sahiblərinin tərəfini saxlayır. Çili – İtaliya görüşündə ingilis Astonun hakimliyi əfsanəyə çevrildi. Artıq 7-ci dəqiqədə o, Ferrini meydandan qovdu. Düzdü, müdafiəçi buna layiq idi, Ancaq çilili Sançes də onun dalınca göndərilməli idi. Çünki Sançes boksçu yuçruğu ilə eks-uruqvaylı Maskionun burnunu sındırdı. Sançesin hərəkətini görən David özünü saxlaa bilməyib çılğınlıq etdi. Bu üzdən meydanda italyanların sayı 9 oldu. Üstəlik Almaniya ilə oyundan sonra "Skuadra Adzurra"nın məşqçiləri gözləinləmədən heyəti dəyişmişdi. Qapıçı Buffon (Canluici Buffonun uzaq qohumu), Maldini (Paolo Maldininin atası) Radiçe, Lozi, Rivera və Sivori ehtiyatda oturmuşdu. Bir sözlə Çili ilə oyuna təcrübəsiz oyunçular çıxmışdı. Kapitan Mora o zaman yığmada cəmi 10 oyun keçirmişdi. Beləcə italyanlar 0:2 hesabıyla uduzdu. Hakimlərin köməyindən başqa, Çili yığmasının uğurunu baş məşqçi Fernando Riera ilə də bağlamaq olar. O, oyunçuların bacarığından maksimum istifadə edə bildi.
3-cü qrup: Nə Pele dözdü, nə də ispanlar
Braziliya Çiliyə demək olar 4 il əvvəlki heyətlə gəlmişdi. Jilmar, Nilton və Calma Santoslar, Zito, Didi, Vava, Qarrinça, Zaqallo, və Pele yenə əsas heyətdə idi. Bellini də mundiala gəlmişdi, ancaq ehtiyat oyunçu qismində. Onun mərkəz müdafiəçisi mövqeyində Mauro oynayırdı. Argentinaya yollanan Orlandonun əsas heyətdə yerini Zozimo tutmuşdu. Komandanı yenə Feola hazırlayırdı, Ancaq xəstəlik üzündən Vittorio Potsonun nailiyyətini (məşqçi kimi iki dəfə dünya çempionluğunu (1934, 1938) qazanan yeganə şəxs) təkrarlaya bilmədi. Bu missiyanı Ayomre Moreyra yerinə yetirdi. Braziliyalılar seçmə turnirdən azad olduğundan mundiala yoldaşlıq görüşləriylə hazırlaşmışdı. Portuqaliya ilə oyunun sonunda Pele qasıq nahiyəsindəki ağrılar üzündən meydanı tərk etmişdi. Ağrı sonralar kəsməsə də, mundiala getmək arzusunda olan gənc ulduz uzun müddət onu gizlətmiş və qalan yoxlama oyunlarında canını dişinə tutaraq oynamışdı. Beləliklə, Pele Çiliyə zəif fiziki vəziyyətdə yollandı. Braziliya turnirə zəif Meksika üzərində qələbəylə(2:0) başladı. Qolardan birini Pele vurdu, Amma ağrılar daha da kəskinləşdi. Buna dözməyən futbolçu həkimə müraciət etdi. Qoslinq onun məşqlərdən kənarlaşdırılmasını istədi və "futbol kral"ı bir daha ona bu barədə ona heç nə deməməyi sadəcə dözmyi qərara aldı. Növbəti oyun Çexoslovakiyayla idi. "Oyun başlayanda ağrıya fikir verməməyə çalışırdım. Ayağımın zərbəyə necə reaksiya verəcəyini yoxlamaq istəyirdim. Qarrinçadan ötürmə alıb bir neçə müdafiəçini keçdim. Bir fəndlə topu çəkib var gücümlə zərbə endirdim. Top dirəyə dəyib qayıtdı və yenə vurdum. Birdən qasıq nahiyəmdə nəyinsə hərəkət etdiyini hiss etdim. Ayağımı dizimə sıxıb yerə yıxıldım" – deyə Pele sonralar xatırlayırdı. O zaman əvəzetməyə icazə verilmədyindən futbolçu oyunun qalan vaxtını yarımcan halda keçirməli oldu. Müdafiəçilər – Masopust, Popluxar və Lala alicənablıq edərək ona qarşı sərt oynamırdılar. Düzdü, zərbəyə imkan verməsələr də, Peleyə xəsarət yetirməməyə çalışırdılar. Oyun qolsuz başa çatdı və Pele DÇ-ni unutmalı oldu. Onun yerini Amarildo tutdu. Bu, çempionat boyu Aymore Moreyranın etdiyi yeganə dəyişiklik idi.
Ola bilsin ispanlar ilk oyundan sonra (1:0) mənfi təəssürat yaradan Çexoslovakiya Peleyə münasibətdə ətrafdakıların rəyini dəyişmək istəyirdi. Çexlərlə oyundan sonra ispanlar sanki "ətçəkən maşın"dan keçmişdi. Reyha, Riviliya və Seqarra müxtəlif sınıqlarla meydanı tərk etdi. İspanların əla heyəti vardı: Peyro, Hento, Suares, Santamariya. Vətəndaşlığını dəyişən 35 yaşlı Puşkaş 8 illik fasilədən sonra yenidən mundialsa iştirak etdi. Üstəlik, Elenio Errera kimi məşqçi də "sükan arxasında" idi. İkinci turda prineylilər Meksikanı 1:0 məğlub etdi. Beləliklə Braziliya – İspaniya oyunu qalan 1 vəsiqənin taleyini həll etməliydi (digərlərini çexlərin qazanacağına şübhə yox idi). Təəssüf ki, çilili hakim Bustamantenin yararsız idarəçiliyi oyunu korladı. Braziliyalılar bu matçı uduzmalıydı, ancaq Bustamante onların qulağından tutub ¼ finala daşıdı. İlk yarı 1:0 ispanların xeyrinə bitmişdi. İkinci hissə də onların hücumları ilə başladı. İlk qolun müəllifi Adellardo cərimə meydançasında yıxılsa da, hakim penalti vermədi. Sonra Puşkaş tullanaraq başı üzərindən gözəl qol vurdu. Bustamante onun kobud oynadığını bildirərək qolu hesaba almadı. Buna dözməyən ispanlar 2 top buraxdı.
4-cü qrup: Macarların yeni nəsli
Macarlar böyük üstünlüklə qrupun qalibi oldu. Onlarda yeni, istedadlı nəsil yetişmişdi. Albert, Tixi, Mesey. İlk turda ingilislərin qapısına həlledici qolu vuran (2:1) Albert bolqarlarla görüşdə (6:1) het-trik etdi. Bu bombardirlərin zəif çıxış etdiyi mundialda yeganə het-trik idi. Fransa üzərində sensasion qələbəylə mundiala çıxan bolqarlar uğuru davam etdirə bilmədi. İngilislərlə qolsuz heç-heçə yeganə nailiyyət oldu. İngilislər aşağı səviyyədə çıxış etdilər. Onlar Argentina ilə bərabər xal toplasa da, yalnız top fərqinə görə növbəti mərhələyə çıxdılar.
¼ final: İtlərin oyunu
Braziliya – İngiltərə oyununda təkcə futbolçular yox, meydana qaçan itlər də əyləndi. Artıq 2-ci dəqiqədə ingilislərin qapısı arxasında qaraşın it meydana qaçaraq qapıçı Ron Sprincettə hürməyə başladı. Oyun dayandırıldı. Nə qolkiper, nə də Qarinça iti tuta bildi. Yalnız Cimmi Qrivs bu sahədə ustalıq nümayiş göstərdi: yerə əyilib dörd ayaqlını xatırladan yerişi ilə itin inamını qazandı. İt onu iyləməyə başlayanda Qrivs fürsəti əldən vermədi. Beş dəqiqə keçməmiş sol cinahdan başqa bir it meydana qaçdı. Zaqallo bir müddət onu müşayiət etdi, Ancaq bu dəfə heyvan oyunun davam etməsinə mane olmadı.
Qarrinçanın məhəbbəti
Braziliya 4 il öncə olduğu kimi qrupdan çətinliklə çıxsa da, pley-offda rəqiblərini rahat yenməyə başladı. Qollar yağış kimi yağırdı. Xüsusən də Qarrinça fəal idi. Braziliyalı estrada ulduzu Elza Suareslə eşq macərası quran kimi futbolçu parlaq oyun göstərməyə başladı. Elza İspaniya üzərində qələbədən sonra yığmanın düşərgəsinə gəlmişdi. Yığma rəbərliyi belə belə gözəl gecədə rejimi unudaraq futbolçulara sərbəstlik vermişdi. Qarrinçaya da elə bu lazım idi. O, gecəni müğənni ilə keçirdi. Onların sevgi romanı elə coşqun idi ki, bütün komanda narahat olmağa başladı. Məşqçilər bilik və nizam-intizamı saxlamaq üçün tədbir görməli idi. Pelenin ardınca Qarrinça da kənarda qalsayı, hər şey dağılardı. Qarrinçanın Braziliyada Nair adlı həyat yoldaşının olması işləri daha da çətinləşdirdi. Rəhbərlik nəyin bahasına olur-olsun bu ilişkini gizli saxlamalıydı. Qarrinçanın gizlincə oteldən getməsini istəməyən yığmanın bossları Elzaya otelə köçməyə icazə verdi. Həyat göstərdi ki, bu doğru addım idi. Mane ruhlanaraq fantastik oyun sərgiləməyə başladı. Qarrinça ingilislərə iki qol vurdu və onlarla qol vəziyyəti yaratdı. Hətta başla oynamaqda usta olmayan futbolçu həmin gün bu cür qol vurdu. Bir dəfə o uşaq vaxtl palçıqlı və yaş topa başla zərbə endirdikdən sonra huşunu itirmiş, ondan sonra kompleksdən yaxa qutara bilməmişdi. Görünür, Elza hər şeyi unutdurmuşdu.
SSRİ ¼ finalda yenə ev sahibləriylə düşdü. Çili yığması Yaşinin qapısına iki kuryoz qol vurmaqla qələbə qazandı – 2:1. Yaşin uzun müddət bu məğlubiyyətdə günahkar sayıldı. Digər iki ¼ final oyunlarında Çexoslovakiya Macarıstanı, Yuqoslaviya isə Almaniyanı minimal hesabla məğlub etdi.
½ final: Zarafat Qarrinçaya baha başa gəldi
Braziliya – Çili görüşü turnirin ən maraqlılarından oldu. Bir saat ərzində Qarrinça və Vava ingilislərlə oyunun süjetini təkrarladı. Rəqib üç qola biriylə cavab verdi. Perulu hakim Yamasaki sonradan oyuna müdaxilə etdi. Onun təyin etdiyi penaltiylə Sançes fərqi minumuma endirdi. 78-ci dəqiqədə Vava 4-cü topu vurdu. İki dəqiqə keçməmiş Landa meydandan qovuldu, Ancaq Yamasaki Qarrinçanı da onun dalınca göndərərk sayı bərabərləşdirdi. Buna Qarrinçanın rəqibə yüngül təpik vurması səbəb oldu. İş ondadı ki, Rohas kobudluğu ilə onu o qədər bezdirmişdi ki, epizodların birində Mane dözməyərək onun dalınca qaçıb sonda təpik vurdu. Daha çox zarafatla edilən bu hərəkətə hətta ətrafdakılar da güldü. Səbəbkarlar da bir-birinin əlini sıxmağa hazır idi. Bu an Yamasaki gözlənilmədən Qarrinçanın meydanı tərk etməsini istədi. Meydandan çıxarkən tribunadan atılan butulka onun başına dəydi vəyaraya bir neçə tikiş vuruldu. Çexoslovakiya yuqoslavları 3:1 hesabıyla məğlub etdi. Burada da kuryoz hadisə baş verdi. Yerkoviç cavab topunu vuranda çexlərdən biri tullanaraq topu çıxarmaq istəyərkən butsının dişi tora ilişdirildi və tor cırıldı. Uzun müddət xidmətçilər onu bərpa etməli oldu.
Final: Günəş Şroyfun gözünü qaraltdı
Braziliya və Çexosolovakiya bir qrupdan çıxmışdı. Oyundan öncə nizam-intizam komissiyasının iclası oldu. Qarrinça bəraət qazandı. Çilili azarkeşlər onun meydana çıxmasını sevinclə qarşıladı. Hətta onların həmyerlisi Landa bağışlanmayıb, yuqoslavlarla 3-cü yer uğrunda oyunda (1:0) iştirak etməsə də. Brazilyaya teleyayımı məşhur Leonidas şərh edirdi. O, braziliyalı üçün səslənən Şroyfun adını uzun müddət düzgün söyləyə bilmədiyindən, axırda onu "qapıçı" deyə çağırmağa başladı. Sonda məhz Şroyf Braziliyaya yardımçı oldu. İkinci hissədə hesab 1:1 olarkən o, adi vəziyyətdə topu əlindən saldı və özünü yetirən Zito 2-ci qolu vurdu. Oyundan sonra qolikper günəş şüalarının gözünə düşdüyünü söylədi. Sonra Vava 3-cü qolu vurdu. Oyunu idarə edən Latışev isə ilk yarıda çexlərin kapitanı Masopustdan idarlar eşitdi. Onun fikrincə hakim Nilton Santosun əllə oynadığı epizodda penalti təyin etməliydi.
26 aprel, 2002-ci il, Futbol+ qəzeti, Atəş Sultanovun yazısı
16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər.
32 oyun
776 000 tamaşaçı (orta hesabla hər oyunda 24 250)
89 qol (orta hesabla hər oyunda 2,78)
Ən yaxşı futbolçu – Qarrinça (Braziliya), Masopust (Çexoslovakiya)
"Het-trik" (bir oyunda üç qol) – Albert (Macarıstan)
Yubiley qolu: 600-cü qol Yerkoviç (Yuqoslaviya)
Bombardir: Florian Albert (Macarıstan), Vava (Braziliya), Qarrinça (Braziliya), Drajen Yerkoviç (Yuqoslaviya), Yerkoviç (Yuqoslaviya), Valentin İvanov (SSRİ), Leonel Sançes (Çili) – 4
Nəticələr
redaktəQrup 1 | ||||||||
Y | K | O | Q | H | M | T/F | B | X |
1 | SSRİ | 3 | 2 | 1 | 0 | 8–5 | +3 | 5 |
2 | Yuqoslaviya | 3 | 2 | 0 | 1 | 8–3 | +5 | 4 |
3 | Uruqvay | 3 | 1 | 0 | 2 | 4–6 | -2 | 2 |
4 | Kolumbiya | 3 | 0 | 1 | 2 | 5–6 | -5 | 1 |
Qrup 2 | ||||||||
Y | K | O | Q | H | M | T/F | B | X |
1 | Qərbi Almaniya | 3 | 2 | 1 | 0 | 4–1 | +3 | 5 |
2 | Çili | 3 | 2 | 0 | 1 | 5–3 | +2 | 4 |
3 | İtaliya | 3 | 1 | 1 | 1 | 3–2 | +1 | 3 |
4 | İsveçrə | 3 | 0 | 0 | 3 | 2–8 | -6 | 0 |
Qrup 3 | ||||||||
Y | K | O | Q | H | M | T/F | B | X |
1 | Braziliya | 3 | 2 | 1 | 0 | 4–1 | +3 | 5 |
2 | Çexoslovakiya | 3 | 1 | 1 | 1 | 2–3 | -1 | 3 |
3 | Meksika | 3 | 1 | 0 | 2 | 3–4 | -1 | 2 |
4 | İspaniya | 3 | 1 | 0 | 2 | 2–3 | -1 | 2 |
Qrup 4 | ||||||||
Y | K | O | Q | H | M | T/F | B | X |
1 | Macarıstan | 3 | 2 | 1 | 0 | 8–2 | +6 | 5 |
2 | İngiltərə | 3 | 1 | 1 | 1 | 4–3 | +1 | 3 |
3 | Argentina | 3 | 1 | 1 | 1 | 2–3 | -1 | 3 |
4 | Bolqarıstan | 3 | 0 | 1 | 2 | 1–7 | -6 | 1 |
S | Tarix | Yer | M | Rəqiblər | Hesab | |
1 | 30.05.62 | Santyaqo | 2–1 | Çili | İsveçrə | 3:1 |
2 | 30.05.62 | Arika | 1–1 | Uruqvay | Kolumbiya | 2:1 |
3 | 30.05.62 | Vinya del Mar | 3–1 | Braziliya | Meksika | 2:0 |
4 | 30.05.62 | Rankaqua | 4–1 | Argentina | Bolqarıstan | 1:0 |
5 | 31.05.62 | Arika | 1–1 | SSRİ | Yuqoslaviya | 2:0 |
6 | 31.05.62 | Santyaqo | 2–1 | Qərbi Almaniya | İtaliya | 0:0 |
7 | 31.05.62 | Vinya del Mar | 3–1 | Çexoslovakiya | İspaniya | 1:0 |
8 | 31.05.62 | Rankaqua | 4–1 | Macarıstan | İngiltərə | 2:1 |
9 | 02.06.62 | Arika | 1–2 | Yuqoslaviya | Uruqvay | 3:1 |
10 | 02.06.62 | Santyaqo | 2–2 | Çili | İtaliya | 2:0 |
11 | 02.06.62 | Vinya del Mar | 3–2 | Braziliya | Çexoslovakiya | 0:0 |
12 | 02.06.62 | Rankaqua | 4–2 | İngiltərə | Argentina | 3:1 |
13 | 03.06.62 | Arika | 1–2 | SSRİ | Kolumbiya | 4:4 |
14 | 03.06.62 | Santyaqo | 2–2 | Qərbi Almaniya | İsveçrə | 2:1 |
15 | 03.06.62 | Vinya del Mar | 3–2 | İspaniya | Meksika | 1:0 |
16 | 03.06.62 | Rankaqua | 4–2 | Macarıstan | Bolqarıstan | 6:1 |
17 | 06.06.62 | Arika | 1–3 | SSRİ | Uruqvay | 2:1 |
18 | 06.06.62 | Santyaqo | 2–3 | Qərbi Almaniya | Çili | 2:0 |
19 | 06.06.62 | Vinya del Mar | 3–3 | Braziliya | İspaniya | 2:1 |
20 | 06.06.62 | Rankaqua | 4–3 | Macarıstan | Argentina | 0:0 |
21 | 07.06.62 | Arika | 1–3 | Yuqoslaviya | Kolumbiya | 5:0 |
22 | 07.06.62 | Santyaqo | 2–3 | İtaliya | İsveçrə | 3:0 |
23 | 07.06.62 | Vinya del Mar | 3–3 | Meksika | Çexoslovakiya | 3:1 |
24 | 07.06.62 | Rankaqua | 4–3 | İngiltərə | Bolqarıstan | 0:0 |
25 | 10.06.62 | Arika | 1/4 F | Çili | SSRİ | 2:1 |
26 | 10.06.62 | Santyaqo | 1/4 F | Yuqoslaviya | Qərbi Almaniya | 1:0 |
27 | 11.06.62 | Vinya del Mar | 1/4 F | Braziliya | İngiltərə | 3:1 |
28 | 11.06.62 | Rankaqua | 1/4 F | Çexoslovakiya | Macarıstan | 1:0 |
29 | 13.06.62 | Santyaqo | 1/2 F | Braziliya | Çili | 4:2 |
30 | 13.06.62 | Vinya del Mar | 1/2 F | Çexoslovakiya | Yuqoslaviya | 3:1 |
31 | 16.06.62 | Santyaqo | TF | Çili | Yuqoslaviya | 1:0 |
32 | 17.06.62 | Santyaqo | F | Braziliya | Çexoslovakiya | 3:1 |