1968 Ci Ilin May Hadiseleri Fransa - Wikipedia
1968-ci il may hadisələri — Fransa tarixinə aid olan bu sosial böhran məşhur Fransa xadimi prezident Şarl de Qollun istefasına və hökumətin buraxılmasına gətirib çıxardı.
Hadisələrdən əvvəlki vəziyyət
redaktəQəribədir ki, may böhranı onillərlə davam edən iqtisadi inkişaf fonunda baş verdi. II Dünya müharibəsindən sonra olan bu dövr Şanlı otuzillik adlanır. Həmin dövrdə Fransa həyat səviyyəsinə görə Dünya liderləri sırasında idi. Lakin son aylarda işsizliyin səviyyəsinin artması cəmiyyətdə vəziyyəti dəyişdi. 1968-ci ilin əvvəlində işsizlərin sayı 500 min nəfərə çatmışdı. Hətta o dövrdə ali məktəblərdə təhsil almaq kütləvi hal aldığı üçün tələbələr arasında yataqxana və nəqliyyat problemi kritik həddə çatmışdı. Buna qarşılıq olaraq hökumət ali təhsil müəssisələrinə vakant yerlərin azaldılmasını müzakirəyə çıxardı, bu da tələbələrin etirazlarına səbəb oldu.
Hadisələrin inkişafı
redaktəİlk olaraq tələbə hərəkatı baş vermiş, ikinci mərhələdə işçilər hərəkata dəstək vermiş və son olaraq hadisələrin siyasi nəticələri görünmüşdür.
Tələbə hərəkatları
redaktəİlk olaraq Nanter la Defans Universitetinin tələbələri nümayişlərə başladılar. 3 mayda Sorbonna Universiteti tələbələri də onlara qoşuldular, 6 mayda Fransa Milli Tələbə Birliyinin (fr. UNEF-Union Nationale des Étudiants de France) çağırışı ilə etirazçı tələbələrin sayı 20 minə çatdı. Etirazçıların əsas lideri isə 23 yaşlı Daniel Kon-Bendit idi. Əsasən Marksist-Leninist, anarxist və digər solyönümlü tələbə hərəkatının əsas şüarı Qadağan etmək qadağandır idi. Artıq 13 mayda etirazçıların sayı bir milyon idi.
İşçilərin tələbələrə qoşulması
redaktə14 mayda fabrik işçiləri etirazlara qoşulur, bir neçə fabrik tətilə çıxır. 16 mayda tətil edən fabriklərin sayı 50-yə çatır. 17 mayda 200 min, 18 mayda isə 2 milyon işçi tətil edir. Bir həftə sonra isə etirazçı fəhlələrin sayı 10 milyona çatır, bu Fransa işçi qüvvəsinin üçdə ikisini təşkil edirdi. Əmək haqlarının artılması vədlərinə baxmayaraq, işçilər meydanları tərk etmədilər. Şarl de Qoll və hökumətin istefasını tələb etdilər.
Şarl de Qollun Parisi tərk etməyi və seçkilər
redaktə29 mayda Şarl de Qoll kürəkəninə "Onlara prezident sarayına hücum etmək fürsəti vermək istəmirəm ki, mənə görə qan tökülsün. Getməyə qərar verdim, boş saraya heç kim hücum etməz" deyərək vertolyotla Parisi tərk etdi. Prezident Almaniyanın Baden-Baden şəhərindəki Fransa hərbi qərargahında General Jak Massyu ilə görüşür. Ordunun hökumətin arxasında olduğundan əmin olduqdan sonra Şarl de Qoll doğulduğu Kolombe le Döz-Eqliz qəsəbəsinə qayıdır.
30 mayda 400-500 min etirazçı Əlvida de Qoll şüarları səsləndirərək Paris küçələrində irəlilədilər. Polis və ordu inqilabın baş verməməsi üçün minimum güc tətbiq etməklə vəziyyətə nəzarət edirdilər, lakin Fransa Kommunist Partiyası da hakimiyyətə keçməyin legitim yolla mümkün olduğunu bəyan edərək inqilaba qarşı olduqlarını bildirdilər. Böhrandan sonra keçirilən ümumxalq sorğusundan da məlum oldu ki, o dövrdə əhalinin 57%-i istənilən silahlı qarşıdurmaya qarşı idi.
Həmin gün Şarl de Qoll 23 iyuna seçkilər təyin etdi və postunu tərk etdi. 800 min adam Fransa bayraqları ilə Şanzelize prospektindən keçdi.
Hadisələrdən sonra
redaktəŞarl de Qollun seçkilər təyin edərək postunu tərk etməsindən sonra tələbə və işçi etirazlarının sürəti getdikcə azalır. 16 iyunda polis Sorbonna daxil olur. Şarl de Qollun qorxduğunun əksinə olaraq 23 və 30 iyunda keçirilən seçkilərdə onun partiyası qalib gəlir. Seçkilərin nəticəsinə görə 487 yerlik parlamentdə Respublikanı Qoruma Birliyi (fr. UDR-Union pour la Défense de la République) 354, Sosialistlər 57, Kommunistlər 34 yer qazanır.
Buna baxmayaraq Şarl de Qollun siyasi qələbəsi qısamüddətli olur. 27 aprel 1969-cu ildə mərkəzi hakimiyyətin bölgələr arasında bölünməsi və senata üzvlük məsələləri referenduma çıxarılır. 52,41% "yox" ilə qalib gəlməsinə baxmayaraq vəzifəsini tərk edir.
Siyasi nəticələrindən əlavə may hadisələrinin təsiri mədəniyyət, iqtisadiyyat və s. sahələrdə də hiss olunmaqdadır.
Toplumda ənənəvi qanunlardan imtina edilməsi və hakimiyyətin sorğuya çəkilməsinə səbəb olan muxtariyyət, fərdi inkişaf, yaradıcılıq və şəxsiyyətə önəm verilməsi kimi yeni dəyərlər ortaya çıxmışdır.
Hadisələrdən sonra 1970-1975-ci illərdə əxlaqi qanunlar müzakirəyə çıxarılır. Cinsi azadlıq və feminizm inkişaf edir.
Kilsənin gücündə də hadisələrdən sonra sarsılma hiss olunur. Hadisələrdən sonra dini zərurətləri yerinə yetirənlərin sayında kəskin azalma müşahisə olunmuşdur.
Şüar və divar yazıları
redaktə- Hər hakimiyyət pozur. Mütləq hakmiyyət mütləq pozur.
- Qurumların xalqa xidmət etməyini istəyirik, xalqın qurumlara xidmət etməyini yox.
- İnqilab komitələrə yox sizə aiddir.
- İnqilabsız keçən bir həftəsonu, inqilabla keçən bir aydan daha qanlıdır.
- Get işlə, gəl yat.
- Qadağan etmək qadağandır.
- Realist olun. Mümkün olmayanı istəyin.
- Xoşbəxtliyini əlindən alırlar. Onu yenidən oğurla.
- Səki daşlarının altında bir çimərlik var.
- Kapitalizmi qoruyan itlər və ya onun xidmətçiləri olmaq istəmirik.
- Xəyal qurmayanlar nələrdən məhrum olduqlarını bilməzlər.