Acma Yumma Xalcalari - Wikipedia
Açma-yumma xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Xalça | |
Açma-yumma xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Ölkə |
Ümumi məlumat
redaktəAzərbaycan xalçaları toxunma texnikasına görə 2 əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar. Xovsuz xalçaların yaranması toxuculuq sənətinin ilk dövrlərinə təsadüf edir. Bu qrupa çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax kimi xalçalar daxildir.
Xovlu xalçalar xalça sənətinin texnoloji və bədii inkişafının son dövr məhsuludur. Ümumilikdə Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Qarabağ tipinə aid olan "Açma-yumma" xalçalarının istehsal mərkəzləri qədim zamanlardan Ağdamın Xıdırlı, Cəbrayılın Papı və Sofulu kəndləri, XVIII əsrdən etibarən isə həmçinin Şuşa və ona yaxın yerləşən Şırlan və Xəlfəli qəsəbələri olmuşdur. Dağlıq Qarabağda, habelə Köhnə Tağlarda və Daşbulaqda istehsal olunan xalçalar, yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan xalçalarla müqayisədə daha kobuddur. Bununla əlaqədar olaraq, bu tipin kompozisiyalarının bədii dəyəri aşağıdır. Xalçaçılıq sənətinin əski ustadlarının söylədiyi kimi, keçmiş zamanlarda Bərdə rayonunun Kəbirli kəndində (Ağcabədiyə yaxın) istehsal olunan kiçik ölçülü "Açma-yumma" xalçaları çox məşhur idi. Onlar zərif iplərdən toxunurdu, həzin və sakitləşdirici çalarlara malik olurdu və bir qayda olaraq, xüsusi sifarişlə istehsal olunurdu. Kəbirli kəndinin əhalisi əsasən, heyvandarlıqla məşğul olur, yarımköçəri həyat tərzi keçirirdilər, buna görə də xovsuz xalçaların – kilim və palazların istehsalı daha çox inkişaf etmişdi.[2]
Bədii analiz
redaktə"Açma-yumma" xalçalarının orta sahəsinin kompozisiyası, başlıca olaraq, bir neçə ətrafında dişciklərin olduğu rombabənzər naxışlardan (qellərdən) ibarətdir. Bir –birinin ardınca aşağıdan yuxarıya doğru bütün orta sahə boyunca yerləşən naxışlar (göllər) formalarına görə orijinaldır. Naxışların təsvirlərinin sxematikliyini və onları əhatə edən dişciklərin formasını nəzərə alaraq, xalçaçılar bu xalçaları ədalətli olaraq, "Açma-yumma" adlandırmışlar. Bu adlandırma, toxuma prosesində naxışların istiqamətini müəyyən edən texniki termindir. Yuxarıda təsvir edilmiş göllərin yarısı eyni dəqiqliklə və ya kiçik dəyişiklərlə xalçanın sağ və sol tərəflərində təkrarlanır ki, bu da göllərin diaqonal və şaquli istiqamətlərdə təkrarlanması görünüşü yaradır. Göllər arasındakı hamar fonlu burumlar xalçanı canlandırır. Qeyd edək ki, böyük xalılarda xalının enindən asılı olaraq, naxışlar arası burumlar əhəmiyyətli dərəcədə genəldilir. Haqqında danışılan xalça orta sahənin kompozisiyasına görə "Dəryanur xalçası"na bənzəyir. "Açma-yumma" xalçalarının haşiyə zolaqları müxtəlif olur. Lakin "Qotazlı butanın" orta haşiyəsi xalçanın bu tipi üçün səciyyəvidir. "Açma-yumma" xalçalarının fonu, adətən tünd göy rəngdə olur. Nadir hallarda bu cür xalçaların qırmızı fonda olanına da rast gəlinir. Şuşada "Açma-yumma" təsvirli xalı – gəvələr də istehsal olunurdu.
Texniki xüsusiyyətlər
redaktə"Açma-yumma" xalçaları, bir qayda olaraq, düzbucaqlı formada olur. Bəzən kvadrat formalı növləri də (təxminən 4 kvadrat metr) toxunur ki, bunlar da xalçaçılar arasında "xalıbalası" adını almışdır. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə təxminən 33X33 düyün yerləşdirilir (hər kvadrat metrdə 108 000-dən 122 000 düyünədək). Bəzən daha sıx düyünlü "Açma-yumma" xalçalarına rast gəlinir. Xovun uzunluğu – 7 millimetrdir.
Daha mürəkkəb kompozisiyaya malik olan və daha sıx toxunan "Açma-yumma" xalçaları Qarabağ tipli xalçaların ən yaxşı növü hesab olunur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Muranov V., Gasimoova D. Azerbaijani Carpets Tabriz Group (ing.). 2013. P. 18.
- ↑ "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı". president.az (az.). 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.