Aspa Nin 2085 Sayli Qetnamesi - Wikipedia
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 saylı qətnaməsi — Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsi ilə bağlı AŞPA tərəfindən 26 yanvar 2016-cı ildə qəbul edilmiş qətnamə.[1] Sənəddə Beynəlxalq çayların suyundan istifadə haqqında 1966-cı il Helsinki[ing.] və 2004-cü il Berlin Qaydalarına[ing.] istinad edilməklə, sudan istifadə hüququnun əhəmiyyəti və dövlətlərin bu hüququ təmin etmək öhdəliyi vurğulanır. Qətnamədə, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 20 may 2014-cü il tarixli bəyanatına da xatırlatma edilir.
Avropa Şurası Parlament Assambleyasının 2085 saylı qətnaməsi | |
---|---|
ing. Council of Europe Parliamentary Assembly (PACE) Resolution 2085 (2016) | |
İmzalanma tarixi | 26 yanvar 2016 |
Orijinal dil | ingilis dili |
İmzalayanlar |
Lehinə – 98 Əleyhinə – 71 Bitərəf – 40 |
Məqsədi | Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsinə münasibət |
AŞPA-nın 2085 saylı qətnaməsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının cari vəziyyətinin yeni humanitar böhran yarada bilməsi ehtimalı qeyd olunmuş və Ermənistan hakimiyyətindən su ehtiyatlarından "siyasi təsir aləti və ya təzyiq vasitəsi kimi istifadəni dayandırması" tələb edilmişdir. Bununla yanaşı, sənəddə sözügedən məsələ ilə bağlı hesabatın hazırlanması zamanı Ermənistan parlamentinin nümayəndə heyətinin və digər səlahiyyətli şəxslərin əməkdaşlıq etməməsi Assambleya tərəfindən qətiyyətlə pislənilmişdir.[1]
Zəmin
redaktə1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış münaqişə tezliklə genişmiqyaslı müharibəyə çevrilir[2] və Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnir.[3] Ermənilər tərəfindən ələ keçirilmiş strateji əhəmiyyətli obyektlərdən biri də Sərsəng su anbarı olur. Hələ 1976-1977-ci illərdə Heydər Əliyevin Azərbaycan KP MK-nin I katibi olduğu dövrdə həmin anbarla yanaşı, Tərtər çayı üzərində gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası da tikilib istifadəyə verilmişdi.[4] Nəticədə nəinki içməli suyun təmin edilməsinə, həm də Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 120 min hektara yaxın əkin sahələrinin suvarılmasına nail olunmuşdu.[5] Müharibənin başlanması Azərbaycanın ən yüksəklikdə yerləşən[6] və Qarabağ iqtisadi rayonunun ümumi su tutumu 575 mln m³ olan ən iri su hövzəsinə[7] – Sərsəng su anbarına da öz təsirini göstərir. Belə ki, 1993-cü il fevralın əvvəlində Bakı radiosu anbarın cənub hissəsinin erməni qüvvələrinin nəzarəti altına keçməsi barədə xəbər yayımlayır.[8] Ayın sonunda anbara və SES-ə nəzarəti tamamilə ələ keçirən və bu əməliyyatı "tayı-bərabəri olmayan qələbə" kimi qeyd edən ermənilər bununla azərbaycanlılar üçün Tərtər–Kələbəcər yolunu da bağlamış olurlar.[3]
Nəhayət, 12 may 1994-cü ildə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Rusiyanın vasitəçiliyi ilə Qarabağ münaqişəsində atəşkəsə nail olunur.[9] Lakin Sərsəng su anbarının itirilməsi cəbhəboyu ərazidə Azərbaycan əhalisi üçün böhrana səbəb olur;[10] belə ki, suya ən çox ehtiyac duyulan yay fəslində bəndi bağlayan ermənilər tərəfindən payız-qış aylarında heç bir xəbərdarlıq edilmədən böyük həcmdə su verilməsi xüsusilə Tərtərin kəndlərində müvafiq olaraq, quraqlıq və süni daşqınlarla nəticələnir.[6] Digər tərəfdən isə anbarda müntəzəm texniki xidmət işlərinin aparılmaması bölgə əhalisi üçün ekoloji, humanitar və təhlükəsizlik baxımından problemlər yaradır.[11] Müharibə nəticəsində məcburi köçkün vəziyyətinə düşən əhalinin əsasən cəbhə bölgəsində məskunlaşması[12] da suya olan tələbatı artırır. Su anbarının yaxınlığında – Heyvalı kəndində yerləşən və "Vallex Group" şirkəti tərəfindən istismar edilən mis və qızıl mədənlərinin tullantılarının utilizasiya edilmədən Sərsəngə axıdılması[13] balıq ehtiyatlarının məhvi ilə müşahidə olunur.[14] Suyun kimyəvi zəhərlənməsi bölgə əhalisində dəri-zöhrəvi və mədə-bağırsaq xəstəliklərinin də geniş yayılmasına səbəb olur.[15][16] Anbarın suyundan istifadənin mümkün olmaması həm də azərbaycanlıların yaşadığı ərazilərdə şoran torpaqların artması və məhsuldarlığın azalması ilə nəticələnir.[17] Bununla belə, münaqişə tərəfləri arasında anbarın idarə edilməsi ilə bağlı effektiv danışıqlara nail olunmur.
Sadalanan problemlərə diqqət çəkmək məqsədilə 2013-cü ilin mayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "Sərsəng SOS: Humanitar Böhranın Qarşısının Alınması" layihəsinin icrasına başlayır.[18] 2014-cü il 16–19 may tarixlərində münaqişə bölgəsinə səfər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri Sərsəng su anbarına baş çəkərək cari rəhbərliklə vəziyyəti müzakirə edirlər. Həmsədrlər birgə bəyanatlarında tərəflərin regionun rifahı naminə bu su ehtiyatlarının birgə idarə olunmasına dair razılığa gələcəyinə ümid etdiklərini bildirirlər.[19] Bunun ardınca həmin ilin sentyabrında Ermənistanın "ArmWaterProject Company Ltd." şirkəti tərəfindən qondarma DQR-ə su anbarının irriqasiya məqsədilə istifadəsi üçün tikintisi ilə bağlı layihə təqdim olunur.[20] Nəhayət, 2015-ci ildə AVCİYA-nın prezidenti, deputat, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-ya Sərsəng su anbarı məsələsi ilə bağlı qətnamə layihəsinin hazırlanmasını təklif edir.[21]
Qətnamənin tarixçəsi
redaktə12 dekabr 2015-ci ildə AŞPA-nın Bosniya və Herseqovinanı təmsil edən nümayəndəsi Militsa Markoviç qətnamə layihəsinin hazırlanması haqqında məruzə ilə çıxış edir. Qətnamədən fərqli olaraq, layihənin mətnində Ermənistanın ratifikasiya etmədiyi 1992-ci il tarixli BMT-nin Su Konvensiyasına istinad edilirdi.[11]
Markoviç hesabatı hazırlayarkən yalnız iki dəfə faktaraşdırıcı səfərdə olduğunu və hər iki səfərin 2014-cü ilin dekabrında və 2015-ci ilin avqustunda yalnız Azərbaycana münasibətdə həyata keçirildiyini bildirir. Məruzəçinin sözlərinə görə Ermənistan nümayəndə heyətinə həm rəsmi, həm də şəxsən müraciət etməsinə baxmayaraq, sorğusuna cavab verilmədiyindən Ermənistana səfəri baş tutmayıb.[11]
Hesabat tərtib edilərkən peyk şəkillərinin araşdırılması nəticəsində məlum olur ki, müharibə zamanı irriqasiya kanalına iki hissədə ciddi ziyan dəyib və təmir işləri aparılmadan kanalın bu vəziyyətdə istifadəsi təxminən 400,000 nəfər əhali üçün ciddi təhdid törədir. Həmçinin, müharibədən sonra su anbarının əvəzinə kütləvi şəkildə artezian quyularından istifadə edilməsinin də içməli suya olan tələbatı tam qarşılamadığı aşkar edilir. Markoviçin məruzəsinə görə, qış aylarında kanallarda suyun həcminin çox olmasına baxmayaraq, Sərsəng suyunun zəhərli tullantılar və ağır minerallarla çirkləndirilməsi ilə bağlı narahatlıqlar olduğuna görə azərbaycanlılar həmin dövrdə belə artezian və çəndə saxlanılan sularından istifadəyə davam edirlər; bu isə öz növbəsində əlavə xərclər yaradır və daha da önəmlisi ictimai sağlamlıq üçün təhlükəlidir.[11]
Qətnamə layihəsinin əleyhinə çıxış edən Ermənistan nümayəndəsi sənədin "birtərəfli hazırlandığını" və bundan dərin narahat olduqlarını qeyd edir.[11] Lakin 26 yanvar 2016-cı ildə keçirilən səsvermə nəticəsində qətnamə 40-ı bitərəf, 71-i əleyhinə olmaqla 98 lehinə səslə qəbul edilir.[18]
Qətnamənin mətni
redaktəQətnamə 9 bənddən ibarətdir. II bənddə suyun "strateji əhəmiyyətli sərvət" olduğunu bildirən Assambleya, günahsız vətəndaşlara zərər vurmaq məqsədilə onların bilərəkdən sudan məhrum edilməsinin yolverilməz olduğunu təsdiq edir. III-IV bəndlərdə təəssüflə qeyd olunur ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Aşağı Qarabağ vadisində yaşayan azərbaycanlılar üçün "qəsdən süni ekoloji böhran vəziyyəti" yaratdığından bu cür fəaliyyət "ekoloji təcavüz" hesab olunmaqla, bir üzv dövlətin digərinə qarşı "düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir." Sənəddə digər təhlükəli fakt kimi anbarın 20 ildən artıq müddət ərzində təmir edilməməsi göstərilir.
Mövcud vəziyyətin təcili xarakterini nəzərə alan AŞPA növbəti müddəalarda iki mühüm tələb irəli sürür: Ermənistan Silahlı Qüvvələrinin regiondan dərhal çıxarılması və Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərindən yalnız birinin xeyrinə olacaq vasitə kimi istifadəni dayandırması. Qətnaməyə görə, birinci tələbin yerinə yetirilməsi müstəqil mühəndis və hidroloqların iştirakı ilə yerində araşdırmanın aparılmasını, ərazidəki su hövzələrinin qlobal səviyyədə idarə edilməsini və regiondakı suvarma kanallarının, eləcə də Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarəti mümkün edə bilər.
Ən sonda Assambleya "bütün maraqlı tərəfləri Sərsəng su anbarının ehtiyatlarının birgə idarə edilməsində yaxından əməkdaşlıq etmək üçün səylərini artırmağa çağırır."
Sonrakı hadisələr
redaktəHələ qətnamə qəbul edilməzdən dörd gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri mətbuata açıqlama verərək qrupun "danışıqlar üçün yeganə qəbul olunmuş format olaraq qaldığını" vurğulamış və AŞPA üzvlərini qrupun "mandatına xələl gətirə biləcək addımlar atmamağa" çağırmışdı.[22] Qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan hökuməti bu sənədi təbliğat hiyləsi kimi pisləyir və təkidlə su anbarının beynəlxalq standartlara cavab verdiyini qeyd edir.[23] 2018-ci ildə isə Ermənistan mətbuatı Sərsəng su anbarında yeni kanalın çəkilməsi üçün 100 milyon dollar dəyərində xarici investisiya yatırılması xəbərini yayır.[24] ICESCO Ermənistanın Azərbaycanın digər ərazilərində daşqın və quraqlığa səbəb ola biləcək bu addımını pisləyir və müvafiq hərəkətləri "Azərbaycanın təbii sərvətlərinin talan edilməsi" kimi qiymətləndirir.[25]
İkinci Qarabağ müharibəsi zamanı 3 oktyabr 2020-ci ildə Azərbaycan ordusu Suqovuşan su anbarını işğaldan azad edir.[26] Sərsəng su anbarı isə bu müharibəni yekunlaşdıran 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatından sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə keçir. 2022-ci ilin yayında Qisas əməliyyatı nəticəsində Azərbaycan tərəfi Buzluq dağını azad etməklə[27] Sərsəng SES-ə vizual nəzarət etmək imkanı əldə edir.[28] Bu əməliyyatdan bir neçə həftə sonra,[29] avqustun 23-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri anbarın erməni istismarçıları ilə birlikdə qarşılıqlı razılıq əsasında su anbarına baxış keçirib su bölgüsünün aparılmasını və anbarın alt suvarma ərazisində olan rayonlara su verilməsinin bərpasını müzakirə edirlər.[30] Görüş konstruktiv şəraitdə baş tutsa da, həmin ilin dekabrında Azərbaycanın "Ecofront" ictimai təşkilatı Turağayçayın yuxarı bolsulu axarında ermənilər tərəfindən 3 sutoplayıcı qurğunun quraşdırılması və nəticədə Suqovuşan su anbarına birbaşa axmalı olan bu çayın məcrasının Sərsəngə yönəldilməsi və Suqovuşanda suyun həcminin azaldılması barədə məlumat yayır.[31] Növbəti il Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Qarabağ ərazisində işğal zamanı Ermənistan icazəsiz ən azı 37 əlavə su elektrik qurğusu tikib.[32] Bunu əsas gətirən Azərbaycan 2023-cü il fevralın 27-də Enerji Xartiyası Müqaviləsinə[ing.] uyğun olaraq, Ermənistana qarşı beynəlxalq arbitraj prosesi başladır.[33] Arbitraj bildirişində 1991-ci ildən 2020-ci ilə qədərki qanunsuz işğal dövründə Azərbaycanın enerji resursları, o cümlədən Sərsəng SES üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan maliyyə təzminatı tələb edilir.[34]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Council of Europe Parliamentary Assembly (PACE). "Inhabitants of frontier regions of Azerbaijan are deliberately deprived of water". assembly.coe.int (ingilis). 26 January 2016. 31 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2023.
- ↑ Ohannes Geukjian. Negotiating Armenian-Azerbaijani Peace: Opportunities, Obstacles, Prospects (ingilis). New York: Routledge. 2016. səh. 12. ISBN 9781315597621.
- ↑ 1 2 "Human Rights Watch organization" (PDF). www.hrw.org. 28 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
- ↑ Pirverdiyev, Etibar. "Heydər Əliyev və Azərbaycanın elektrik enerjisi sisteminin formalaşdırılması". Xalq qəzeti. 7 may 2010: 3. Archived from the original on 5 March 2023. İstifadə tarixi: 5 mart 2023.
- ↑ "Ermənistan Sərsəng su anbarını ekoloji silaha çevirib" (az.). bbc.com. 2 iyun 2006. 5 mart 2023 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Mahir Humbatov. Threat to the World: Hydrological Crime and Ecological Genocide (ingilis). Vilnius. 2018. səh. 200.
- ↑ "Sərsəng su anbarına baxış keçirilib - danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitdə baş tutub" (az.). marja.az. 24 avqust 2022. 1 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2023.
- ↑ Mekhtiyev, Aidyn. "Vspyshka Aktivnosti na Armyano-Azerbaidzhanskom Fronte". Nezavisimaya Gazeta (Moscow). 2 February 1993: 3.
- ↑ R. DeRouen, Karl; Heo, Uk. Civil Wars of the World: Major Conflicts Since World War II. New York: ABC-CLIO. 2007. 156. ISBN 1-85109-920-4.
- ↑ Felix Tsertisivadze. The Forgotten Genocide (ingilis). Adegi Press. 2005. səh. 119. ISBN 9780974185774.
- ↑ 1 2 3 4 5 "Inhabitants of frontier regions of Azerbaijan are deliberately deprived of water (Report // Doc. 13931)". pace.coe.int (ingilis). PACE. 12 December 2015. 21 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2023.
- ↑ Sarıer, Didem Ekinci. Devletten Bireye Uzanan Diplomaside Türkiye ve Güney Kafkasya // Akıllı, Erman (redaktor). Türkiye’de ve Dünyada Dış Yardımlar (türk). Nobel Akademik Yayıncılık. Ocak 2016. 296. ISBN 978-605-320-317-9.
- ↑ Sanasaryan, Hakob; Shirinian-Orlando, Anne. "Teghut, Drembon, Alaverdi and the politics of pollution" (ingilis). azad-hye.com. 29 August 2007. 6 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2023.
- ↑ "Karabagh: Catching Examples of Mining Armenia" (ingilis). aravot-en.am. 9 January 2013. 22 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2023.
- ↑ Bəşirova, Gülnar. "Ermənistandan növbəti təhdid: Sərsəng su anbarı partladıla bilər" (az.). modern.az. 5 fevral 2014. 2023-03-05 tarixində arxivləşdirilib.
- ↑ Tuğba Evrim Maden. Weaponization of Water: The Case of Sarsang Reservoir (ingilis). Ankara: Berikan Yayınevi. 2015. səh. 112. ISBN 978-6059912587.
- ↑ "Dünyada istilik 2 dəfə çoxalıb" (az.). realtv.az. 29 iyun. İstifadə tarixi: 22 aprel 2023.[ölü keçid]
- ↑ 1 2 Bakhshiyeva, Yegane. "Threats and Provocations Originating from The Republic of Armenia towards The Water Resources of The Republic of Azerbaijan". Review of Armenian Studies (40). 2019: 113-131.
- ↑ OSCE Minsk Group. "Press Release by the Co-Chairs of the OSCE Minsk Group". osce.org (ingilis). 20 May 2014. 8 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2023.
- ↑ "Project of Sarsang Water Reservoir's water usage for irrigation presented to Karabakh premier" (ingilis). arka.am. 1 September 2014. 6 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2023.
- ↑ "AVCIYA-nın "Sərsəng harayı" layihəsi beynəlxalq arenada" (az.). teleqraf.com. 16 dekabr 2015. 22 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2023. (#first_missing_last)
- ↑ OSCE. "Press Release by the Co-Chairs of the OSCE Minsk Group" (ingilis). Vienna: osce.org. 22 January 2016. 25 June 2022 tarixində arxivləşdirilib.
- ↑ Shikali, Islam; Safarova, Durna. "Azerbaijan: Can a Water Reservoir Help Resolve the Karabakh Conflict?" (ingilis). 22 March 2016. 24 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2022.
- ↑ Kocharyan, Stepan. "$100,000,000 dollar canal to connect Sarsang reservoir with Martakert in major Artsakh foreign investment deal" (ingilis). armenpress.am. 14 November 2018. 14 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2023.
- ↑ ICESCO. "ISESCO condemns Armenia's move to build a water canal from Sarsang Reservoir in the occupied territories of Azerbaijan". icesco.org (ingilis). 31 January 2019. 26 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2023.
- ↑ "Azerbaijani President: Azerbaijani Army raised Azerbaijani flag in Madagiz". APA.az (ingilis). 3 October 2020. 28 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
'Azerbaijani Army has today raised the Azerbaijani flag in Madagiz. Madagiz is ours. Karabakh is Azerbaijan!, Azerbaijani President Ilham Aliyev posted on Twitter, APA reports.
- ↑ "MN: Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib" (ingilis). Azertag.az. 6 August 2022. 6 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2023.
- ↑ "Elxan Süleymanov: "Qalib Azərbaycan Sərsəng su anbarının problemlərini həll edəcək!"" (az.). musavat.com. 3 aprel 2023. 2023-04-22 tarixində arxivləşdirilib.
- ↑ "Bakının Sərsəng gedişi: Qarabağa nəzarət güclənir" (az.). modern.az. 24 avqust 2022. 22 aprel 2023 tarixində arxivləşdirilib.
- ↑ "Sərsəng su anbarına baxış keçirilib – danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitdə baş tutub" (az.). marja.az. 24 avqust 2022. 5 mart 2023 tarixində arxivləşdirilib.
- ↑ "Ermənilərdən daha bir ekoloji terror" (az.). gundeminfo.az. 21 dekabr 2022. 27 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2023.
- ↑ Shaban, Ilham. "Ermənistan işğal zamanı Azərbaycan ərazisində icazəsiz ən azı 37 su elektrik qurğusu tikib" (az.). caspianbarrel.org. 27 February 2023. 27 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2023.
- ↑ Jones, Tom. "Azerbaijan lodges ECT claim against Armenia" (ingilis). globalarbitrationreview.com. 27 February 2023. 30 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2023.
- ↑ "Azerbaijan has new claims: Baku will try to initiate arbitration proceedings against Armenia" (ingilis). Armenia News - NEWS.am. 27 February 2023. 31 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2023.