Abs Yaponiya Munasibetleri - Wikipedia
ABŞ–Yaponiya — ABŞ ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr.
ABŞ–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiyanın ən böyük strateji müttəfiqi Amerika Birləşmiş Ştatlarıdır. Yarım əsrdən çoxdur ki, yapon hökumətinin hər bir başçısı belə bir formulanı daim təsdiq edir: “ABŞ ilə münasibətlər yapon xarici siyasətinin təməl daşıdır”. Birləşmiş Ştatlar XX əsrin ikinci yarısından etibarən “Gündoğan ölkənin” əsas müttəfiqi rolunda çıxış edir. Yaponiyanı bu ölkə ilə bağlayan, hər şeydən əvvəl, iki ölkənin qarşılıqlı iqtisadiyyatını yaradan, son dərəcə sıx, çoxtərəfli, genişmiqyaslı iqtisadi və ticarət münasibətləridir. ABŞ və Yaponiyanın qarşılıqlı ticarət əlaqələri həcminə görə dünyada ABŞ-Kanada “cütlüyü”ndən sonra ən iri, mühüm bir “cütlüyü” təmsil edir. Hələ keçən əsrin əllinci illərinin əvvəllərində qanuniləşdirilmiş hərbi-siyasi ittifaq Yaponiyanın milli təhlükəsizliyini təmin edərək, bu ölkəni Asiya-Sakit okean regionunda ABŞ-nin hərbi-siyasi iştirakının əsasında özünün vacib, qlobal müttəfiqinə çevirmişdir. Nyu-Yorkdakı Binqamton Universitetinin tədqiqatçısı Covani Erikin fikrincə, Yaponiyanın güclü sənaye və maliyyə ölkəsinə çevrilməsi ölkənin ABŞ ilə əvvəlki siyasi və iqtisadi münasibətlərindəki vassal münasibətlərini aradan qaldırmışdır.
Soyuq Müharibədən sonra münasibətlər
redaktəSSRİ-nin dağılması və “soyuq müharibə”nin sona çatması Yaponiyanın və Yapon-Amerika əməkdaşlığının gələcək taleyi haqqında sual doğururdu. ABŞ-dən fərqli olaraq Yaponiya bu tarixi hadisəyə əhəmiyyətli dərəcədə təmkinlə yanaşdı. Bu zaman Yapon cəmiyyətində və ziyalıların dairəsində gələcək dünyada Yaponiyanın yeri haqqında mübahisələr yenidən başladı. SSRİ dağılana qədər Şərqi Asiyada ABŞ-nin dinc müttəfiqi rolunda olmasına baxmayaraq, bu vəziyyət artıq həm yapon siyasi elitası, həm də ictimai dairələr üçün qənaətbəxş deyildi. Hamı Yaponiyanın beynəlxalq mövqelərinin gücləndirilməsi fikrini, ölkənin iqtisadi və siyasi nüfuzunun bərabərliyinin vacibliyini tez-tez söyləyirdi. Nəticədə 1990-cı illərdə Yaponiyanın böyük həcmdə müxtəlif modellərini müdafiə edən bir neçə elmi məktəb yarandı. Həmin məktəblərdə Yaponiyanın daxili ictimai-siyasi, hərbi-iqtisadi, mədəni həyatına dair məsələlərlə yanaşı, xarici siyasətinə aid bütün problemlər müzakirə edilirdi. “Xeyriyyə hegemonluğu” adı altında ABŞ ilə birlikdə dünyanı idarə etmək, iki ölkənin bitkin iqtisadi inteqrasiyası və birmənalı yapon üstünlüyü bu müzakirələrin başlıca qayəsi idi. Hətta Yaponiyanın “qlobal qeyri-hərbi dövlət” konsepsiyası da mövcud idi. Buna görə ölkə gələcəyin bir nümunəvi model dövləti olmalı idi. Bütün bu konsepsiyaların mənbəyi Yaponiyanın ciddi siyasi roluna cavab verməyən nəhəng iqtisadi gücü idi. Ona görə də bu ölkə dünya üçün müxtəlif vasitələrdən istifadə edirdi. Lakin dünya siyasətində Yaponiyanın rolunun artırılmasına mane olmağa çalışan dövlətlər də var idi. Lakin Yaponiya rəqabət mühitində radikal yox, liberal mövqe nümayiş etdirməklə onları zərərsizləşdirdi.
XX əsrin 90-cı illərində münasibətlər
redaktəXX əsrin 90-cı illərinin əvvəllərində bəzi məsələlərə görə Yaponiya-ABŞ münasibətlərində soyuqluq hiss olunurdu. Buna nümunə olaraq – Fars körfəzi müharibəsində Yaponiyanın rolunu, ölkədə ABŞ hərbi gücünün qüvvətlənməsini, Çin və digər Asiya ölkələrində insan hüquqlarının qorunmasına dair Amerika siyasətinə qarşı Yaponiya tərəfinin mövqeyini, Yaponiyanın sülhməramlı əməliyyatlarda və iqtisadi münasibətlərdə, hər şeydən əvvəl, ticarətdə iştirakını göstərmək olar. ABŞ hökuməti, xüsusən Bill Klinton hakimiyyəti dövründə Yaponiyadan böyük güzəştlər tələb edirdi.
1993-cü ildə ABŞ Yaponiya ilə iyirmidən çox iqtisadi-ticarət razıılaşması imzalamışdı. Öz növbəsində Yaponiya tərəfi onlara inadla müqavimət göstərirdi. 1994-cü ilin martında Bill Klinton Yaponiyaya qarşı ciddi sanksiyaların yeridilməsinə dair ona hüquq verən qərarı imzaladı. Yaponiya da cavab tədbirləri qəbul etdi.
XX əsrin 90-cı illərinin ortalarında narazılıq o dərəcəyə çatdı ki, bir sıra siyasi xadimlər Amerikanın hərbi müdaxiləsinin labüdlüyünə dair proqnozlar səslənməyə başladı. Əgər 1985-ci ildə amerikalıların 87%-i Yaponiyaya mehribancasına yanaşırdılarsa, 1993-cü ildə onların sayı 47%-ə enmişdi. Yaponiya cəmiyyətində də münasibətlərin kəskin dərəcədə aşağı düşməsi müşahidə edilirdi. Lakin Amerika prosesləri dəyişmək məcburiyyətində qaldı. Ona görə də 1992-ci ilin yanvarında ABŞ Prezidenti Corc Buşun Yaponiyaya səfəri Yaponiya-Amerika münasibətlərində yeni keyfiyyət nümayiş etdirərək qlobal əməkdaşlıq səviyyəsinə qalxdı.
Amerika Birləşmiş Ştatlarının Asiya-Sakit okean regionuna diqqəti XX əsrdə daha da artdı. ABŞ dövlət katibinin köməkçisi U.Lord əsassız olmayaraq bəyan etdi ki, bu gün Birləşmiş Ştatlar üçün Asiya-Sakit okean regionundan vacib heç nə yoxdur. Sabah, XXI əsrdə bu meyil tam olaraq qorunacaqdır. Ona görə də doxsanıncı illər boyunca bütün Yaponiya baş nazirləri köhnə əlaqələrə sədaqəti təsdiq etdilər. Belə ki, 1992-ci il yanvarın 24-də proqram nitqi ilə parlamentdə çıxış edən Yaponiyanın 78-ci baş naziri Kiti Miyadzava bildirdi ki, bizim Birləşmiş Ştatlarla təhlükəsizliyə dair razılaşmamız Asiya-Sakit okean regionunda sülhün və çiçəklənmənin əvəzolunmaz əsası hesab olunur və Yaponiya buna ciddi surətdə riayət edəcəkdir”. Öz nitqi zamanı Yaponiyanın xarici işlər naziri Yukixiko İkeda Yaponiyanın ABŞ və BMT ilə əməkdaşlığında sözsüz sadiqliyini qeyd etdi. İkeda “soyuq müharibə”nin sona yetməsini, geniş həcmdə təhlükəli münaqişələrin azaldılmasını qeyd edərək, «soyuq müharibə» sisteminin iflasının yer kürəsinin bir çox nöqtələrində qeyri-sabitliyə gətirəcəyini söylədi. Bundan yararlanaraq o, Yaponiyanın ABŞ ilə hərbi əməkdaşlıqdan imtina etməsinin qeyri-mümkün olduğunu və hər şeydən əvvəl, müxtəlif regionlarda münaqişəli şəraitin yaranmasına gətirib çıxacağını nəzərə çarpdırdı. Yarım ildən sonra nüfuzlu “Japan Quarterly” jurnalında əsası ABŞ ilə strateji əməkdaşlığa toxunan Asiya və Sakit okean regionundakı siyasətdən bəhs edən xarici işlər nazirinin çıxışı çap olundu. O bildirirdi ki, Yaponiya hər şeydən əvvəl, regionda sabitliyi və təhlükəsizliyi təmin edən mühitdə mövcud olmalı və inkişaf etməlidir.
Yaponiyanın baş naziri Hasimoto Ryutaro tərəfindən 1996-cı il aprelin 17-də birgə Yaponiya-ABŞ təhlükəsizlik bəyannaməsi qəbul edildi. O, yalnız hər iki tərəfin mövcud siyasətdə bağlılığını deyil, həm də yapon və ABŞ əməkdaşlığının Asiya-Sakit okean regionunda strateji rolunu təsdiq edirdi. 90-cı illərin birinci yarısında daxili siyasətdəki iqtisadi və xarici ticarətdən ziyan çəkən Yaponiya-Amerika münasibətlərindəki fəallıq və yaxınlaşma xarici siyasətdə mühüm yer tuturdu. Yeni birgə əməkdaşlıq bəyannaməsi Asiya-Sakit okean regionunda ABŞ hərbi qüvvələrinin qorunmasına zəmanət verirdi. Bu da Koreya yarımadasında, Kambocada, Koreya Xalq Respublikasında və Tayvanda artıb güclənməsinə gətirib çıxarırdı. Yaponiya hökuməti Amerika Birləşmiş Ştatları ilə mövcud danışıqlar çərçivəsindəki öhdəliklərə riayət edirdi. Rəsmi surətdə “soyuq müharibə”nin sona çatması və bununla yanaşı dünyada pozucu amillərin qorunub saxlanması elan edildi.
1997-ci ilin sentyabrında hələ 1978-ci ildə qəbul olunmuş analoji sənədləri əvəz edən və 1996-cı ildə qəbul edilmiş birgə Bəyannaməni inkişaf etdirən “ABŞ və Yaponiya arasında əməkdaşlığın və hərbi yoldaşlığın əsas istiqamətləri” adlı Bəyannamə elan edildi. Bu bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əvvəllər iki ölkə arasında imzalanan sənədlərin, başqa sözlə desək, “San-Fransisko sistemi”nin əsaslarının qüvvədə qaldığı vurğulanırdı. Əməkdaşlığın başlıca məqsədi tərəflərin böhranlı vəziyyətdə səmərəli və sürətli fəaliyyətlərinin əlaqələndirilməsinə və nəticələrin təmin olunmasına yönəlmişdir.
Təhlükəsizlik müqaviləsi Yaponiya-ABŞ hərbi ittifaqında əhəmiyyətli dəyişiklikləri əks etdirirdi: Həmin keyfiyyət dəyişiklikləri Yaponiyanın kiçik tərəfdaş statusundan bərabərhüquqlu iştirakçı statusuna keçməsi və bu keçid ilə əlaqədar olan bütün öhdəliklərlə ölçülür. “Yaponiya beynəlxalq münasibətlər forumu»nun nöqteyi-nəzərindən təhlükəsizlik sazişi hazırda Yaponiyanın müdafiə tələbatlarını arxa plana keçirir. O, ikitərəfli mühüm əməkdaşlıq mexanizmini və Asiya-Sakit okean regionunda təhlükəsizlik təminatını əlaqələndirir. Sazişdən görünür ki, ABŞ və Yaponiya onun təminatçısı kimi çıxış edirlər. Yaponiya ABŞ Prezidenti Corc Buşun Asiya ölkələrinə səfəri zamanı ABŞ-nin Şimali Koreya ilə açıq şəkildə həmrəyliyini vacib bilmədi. ABŞ-yə bildirdi ki, Yaponiya Şimali Koreyaya qarşı güc tərbiq edilməsinin tərəfdarı deyildir. Çünki bu, Asiya-Sakit okean regionunda, həmçinin Uzaq Şərqdə şəraitin gərginləşməsinə səbəb ola bilər.
XXI əsrdəki münasibətlər
redaktəYaponiya-Amerika əməkdaşlığı XXI əsrdə də davam etməkdədir. Yaponiya Amerika iqtisadi bazarında Çinlə rəqabət aparır. Bu məsələdə Amerika ilə Yaponiyanın mövqeləri üst-üstə düşür. Buna görədir ki, artıq Amerika bazarında yeni texnologiyalara aid məhsullar üzrə Yaponiya Çin Xalq Respublikasını üstələmişdir. Eyni zamanda, Amerika da Sakit Okean regionunda Yaponiyaya özünün ən etibarlı hərbi müttəfiqi kimi istinad edir. Mövcud geosiyasi vəziyyət Rusiya-Çin münasibətləri müqabilində Amerika-Yaponiya münasibətlərinin də daha da möhkəmləndirilməsinə zərurət yaradır.
Ədəbiyyat
redaktə- Rza Talıbov. Asiya ölkələri beynəlxalq münasibətlər sistemində Bakı, «Elm və təhsil», 2015, 312 səh.