Aktor - Wikipedia
- Şəbəkənin aktorlar adlandırılan qovşaqları sosial şəbəkə analizinin əsas anlayışıdır. Aktor sosial qarşılıqlı əlaqənin bölünməz hissəciyi — atomudur.
Aktorun varlığını və zəruriliyini bütün sosioloqlar etiraf edirlər, lakin bu qarşılıqlı təsir agentinin, hərəkət subyektinin "kim" və ya "nə" olduğu haqqında vahid fikir yoxdur. Aktor anlayışının öyrənilməsində müəyyən mərhələlər keçilmişdir. Əvvəllər aktor dedikdə, sosial qarşılıqlı təsirdə iştirak edən fərdin özü başa düşülürdü. Sonra aktoru müəyyən atributları və rolları olan sosial strukturda fərdin mövqeyi, yeri kimi başa düşməyə başladılar. Aktorun mövqe kimi başa düşülməsindən alınır ki, sosial şəbəkə fərdlər arasındakı qarşılıqlı əlaqənin modeli yox, fərdlərin tutduqları mövqelərin, qarşılıqlı əlaqələrinin modelidir. Aktor anlayışına bu yanaşmalarda aktor, fəaliyyət göstərən nəzərə çarpdırılır. Başqa yanaşmalar sosial şəbəkənin formalaşmasında üstünlüyü münasibətlərə (əlaqələrə) verirlər, hesab edilir ki, aktor kommunikasiya əlaqəsini deyil, kommunikasiya aktoru atributları ilə birlikdə yaradır. Daha sonra tədqiqatçılar şəbəkədə əlaqə anlayışının məzmununu kommunkasiya anlayışı çərçivəsindən kənara çıxararaq sosial şəbəkəni xarakterizə etmək üçün yəni anlayışa — resurslar axını anlayışına gəldilər. Bu yanaşmaya görə sosial şəbəkə 3 komponentin birləşməsidir:
- mövqelər çoxluğu;
- mövqelər arasındakı münasibətlər;
- resurslar axını
Müvafiq olaraq bu 3 elementi olmayan sosial birlik sosial şəbəkə deyil. Resurslar axını anlayışının tədqiqi ilə mübadilə nəzəriyyəsi məşğul olur. Mübadilə nəzəriyyəsində vacib anlayışlardan biri kapital anlayışıdır. Sosioloji kontekstdə kapital aktorların öz maraqlarını reallaşdırmaq üçün istifadə edə bildikləri resurslardır. Sosioloqlar iqtisadi kapitalla yanaşı sosial kapitalı da müəyyən edirlər. Sosial kapital öz məqsədlərinə çatmaq üçün xüsusi halda öz maliyyə və /və ya insan kapitalının artırılması üçün aktorun istifadə edə bildiyi şəxslərarası əlaqələrdir. Kapital böyük olduqca daha böyük məqsədlərə çatmaq olar. Sosial kapitala tərif vermək çətindır, onu "tanışlıqlar" kimi müəyyən etmək onun mahiyyətini sadələşdirməkdir. Müasir iqtisadçılar çox vaxt sosial kapitala "özgələrin öhdəliklərinin" toplanması kimi baxırlar. Sosial kapitalın ikinci mənbəyi ümumi talelər, problemlərdir. Burada sosial kapital həmrəylikdir. Bunun nəticəsində kiçik təşəbbüs qrupu da kütləvi dəstəyə bel bağlaya bilər. Sosial şəbəkə insanlar arasındakı əlaqələr kimi müəyyən edilirdi, indi məlum olur ki, bu əlaqələr sosial şəbəkənin sosial kapitalıdır, sosial şəbəkəni, yəni spesifik sosial strukturu isə mövqelər arasındakı əlaqələr yaradır.
Aktorun atributları
redaktə- Həm dinamik, həm də statik ola bilərlər. Aktor atributlar qrupu ilə xarakterizə oluna bilər. Tədqiqatın məqsədləri və məsələlərindən asılı olaraq aktorlar seçilir və sonrakı öyrənilmə üçün struktura daxil edilirlər. Atributları aktorun müşahidə edilən xarakteristikalarından asılı olaraq seçirlər. Aktorun atributlarına misallar: fərdin gəliri, fərdin peşə statusu, siyasi meyilləri, milli gəlirin artımı, ölkədə həyat səviyyəsi. Aktorun daxili xarakteristikaları: yaşı, cinsi, əqli qabiliyyətləri, dini və s.
Aktorlar üçün indekslər
redaktəAktorun şəbəkədəki yeri haqqında daha düzgün məlumat almaq üçün aktorları qruplara ayırmadan və hətta ilk baxışdan tam əhəmiyyətsiz görünsə belə, heç bir aktoru kənara qoymadan bütün aktorların qarşılıqlı əlaqələrini analiz etmək zəruridir. Aktorlar (qovşaqlar) üçün aşağıdakı parametrlər müəyyən edilir:
- aktorun giriş dərəcəsi — aktora daxil olan tillərin satı;
- aktorun çıxış dərəcəsi — aktordan çıxan tillərin sayı;
- verilmiş aktordan digər aktorlara olan məsafə;
- eksentriklik — verilmiş aktordan digər aktorlara olan geodezik məsafənin (aktorlar arasındakı məsafələrin ən kiçiyi) ən böyüyü;
- vasitəçilik — verilmiş aktordan keçən ən qısa yolların sayı;
- mərkəzilik — verilmiş aktorun digərlərinə nisbətən əlaqələrinin ümumi sayı.
Ədəbiyyat
redaktəR. Əliquliyev, Y. İmamverdiyev, F. Abdullayeva. Sosial şəbəkələr. Bakı, 2010, 287 s.