Ana Zaga Dusergesi - Wikipedia
Ana zağa düşərgəsi və ya Ana zağa mağarası — Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində təbii sığınacaq, mağara.[1] Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər mövcdu olduğuna görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmişdir.[1]
Ana zağa | |
---|---|
40°06′20″ şm. e. 49°23′20″ ş. u.HGYO | |
Yer | Qobustan qəsəbəsi, Bakı |
Tip | Təbii sığınacaq |
Hissəsi | Qobustan dövlət tarixi-bədii qoruğu |
Yer qeydləri | |
Rəsmi adı: Gobustan Rock Art Cultural Landscape | |
Tipi | Mədəni |
Kriteriya | iii |
Təyin edilib | 2007 |
İstinad nöm. | 1076 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tədqiqi
redaktəAna zağa düşərgəsi Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş iri ölçülü iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir.[1]
Arxeoloji qazıntılar nəticəsində Ana zağanın çöküntülərində litoloji cəhətdən fərqlənən üç əsas mədəni təbəqə aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta hissəsində aşkar edilmiş alt (Mezolit) və orta (Neolit) mədəni təbəqələr Neolitin sonundan ilk orta əsrlərə qədərki dövrlərə aid olan üstdəki qarışıq təbəqədən 10 sm qalınlığındakı həyat izi olmayan təbəqə ilə ayrılırdı. Mezolit dövrü materialları saxlanmış alt təbəqənin qalınlığı 1 metr, bəzən 1,2 metrə qədər idi. Bu təbəqə rəngi boza çalan, sementləşmiş, içərisində qaya - əhəngdaşı qırıqlarına rast gəlinən gillicədən iabrət idi. Mezolitin sonu ilə ilk Neolit dövrünə aid orta təbəqə ilə alt, Mezolit dövrü təbəqəsi arasında lal təbəqə yoxdur.[2]
Orta təbəqə alt təbəqəyə nisbətən yumşaq, qəhvəyi rəngə çalan 0,2-0,6 metr qalınlığındakı torpaq qatından ibarətdir.[2]
Ana zağ düşərgəsində Daş dövrünə aid mədəni təbəqələr (alt və orta) düşərgənin əsasən orta hissəsində, onun şimal divarını təşkil edən 30 nömrəli qayanın cənub dibində, 1965 və 1966-cı illərdə qazılmış sahədə aşkar edilmişdir. Düşərgəni əhatə etmiş qayaların təxminən e.ə. VII-VI minilliklərdə baş vermiş yerdəyişməsi nəticəsində yaranmış təhlükəli vəziyyət qazıntı sahələrinin hər yerində alt (Mezolit) mədəni təbəqəyə çatmağa imkan verməmişdir.[2]
Qazıntı sahəsindəki alt təbəqə üst Paleolitdən Mezolitə keçid və Mezolitin ilk mərhələsinə, orta təbəqə isə əsasən Mezolit və Mezolitdən Neolit keçid mərhələsinə aiddir. Burada alt və orta təbəqələr arasında lal qatın olmaması onların yaranma dövrü arasında uzun bir fasilənin olmaması ilə bağlıdır. Təbəqələrin litoloji tərkibi və rəngi arasındakı fərq ehtimal ki, təbii iqlim dəyişikliyi ilə bağlıdır. Bunu təbəqənin əsas arxeoloji materialları – daş alətlər və fauna qalıqları arasındakı yaxınlıq, eynilik və bir-birini tamamlaması halı da təsdiq edir.[2]
Tapıntılar
redaktəAna zağanın alt və orta təbəqələrinin materiallarının oxşarlığı, dövrlər arasındakı fərqin qəti göstəricisi olan nümunələrin azlığı səbəbi ilə düşərgənin Neolit dövrünə aid tapıntılarının çox hissəsi Mezolit dövrü məmulatları içərisində verilir.[2]
Ana zağada aparılmış arxeoloji qazıntılar burada üst Paleolitin sonlarından ilkin Mezolit dövrünün əvvəllərindən başlayaraq, bütün sonrakı tarixi mərhələlərdə də uzun və ya qısa müddətli yaşayışın olduğunu göstərmişdir. “Ana zağa”da arxeoloji qazıntılarla əldə edilmiş materialların iki mindən çoxu çaxmaqdaşı, çaydaşı və az hissəsi sümükdən və başqa materiallardan hazırlanmış əmək alətləri və eləcə də başqa məqsədli tapıntılardan ibarətdir. [2]
Sığınacaqda çaxmaqdaşından hazırlanmış 600-dən çox kiçikölçülü (hündürlüyü əsasən 1,5 – 3,0 sm; nadir hallarda 5 sm arasında) nüvə tapılmışdır.[2]
Bundan başqa Ana Zağa sığınacağında yerləşən ocaq yerindən analiz üçün kömür nümunələri də toplanmışdır.[3]
2022-ci ilin avqustunda Mezolit dövründən də əvvələ aid olan 5-6 yaşlı uşağın ayaq sümüyü tapılıb[4].
İstinadlar
redaktə- ↑ 1 2 3 Nəsimi rayon Mərkəzi kitabxanası. "Qobustan dövlət tarixi-bədii qoruğu". 27 dekabr 2015. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-05.
- ↑ 1 2 3 4 5 6 7 Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və etnoqrafiya institututu. Azərbaycan arxeologiyası. Daş dövrü. I cild. Bakı: Şərq-Qərb. 2008. səh. 347. ISBN 979-9952-448-38-2.
- ↑ Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Elmi-Texniki Hesabat. (PDF), 2022-07-11 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2022-08-05
- ↑ ATV. ""Ana zağa" mağarasından 5-6 yaşlı uşaq sümüyü tapılıb" (az.). Youtube.com. 24.08.2022. 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.