Anar Eliyev Herbci - Wikipedia
Anar Vaqif oğlu Əliyev (28 avqust 1980, Boyaqlı, Kəlbəcər rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Anar Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Boyaqlı, Kəlbəcər rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Tuğ, Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Vüsalə Əliyeva |
Uşaqları | Nigar, Əli |
Anası | Səkinə Bayramova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 1998—2020 |
Rütbəsi |
Polkovnik-leytenant |
Döyüşlər |
Günnüt əməliyyatı İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Zəngilanın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | |
|
2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunmuşdur. Anar Əliyev bu əməliyyatda yaxından iştirak etmiş və fərqlənmişdir.
Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə həlak olmuşdur. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır.
Həyatı
redaktəAnar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır.[1] Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər. Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan "Kalvavəllər" Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Vaqif Əliyevin isə ikinci oğludur.[2]
Təhsili
redaktəAnar valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Həsənqaya sovetliyinin Göyarx kəndinə köçmüş və 1986-cı ildə burada yerləşən rus dilli Levonarx kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1988-ci ilə qədər burada təhsil almışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür.[3] Anar Əliyev burada təhsilini azərbaycan dilində davam etdirmişdir. 1993-cü ilə qədər bu məktəbdə təhsil almışdır. 1993-cü ildə Şəmkir rayonunun Çaykənd kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 1995-ci ilə, 9-cu sinifə qədər bu məktəbdə təhsil almışdır.
1995-ci ildə 9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahanla qəbul olmuşdur. 1997-ci ilə qədər bu liseydə təhsil almışdır. 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur. 2001-ci ildə ali hərbi məktəbi "qoşun kəşfiyyatı" ixtisası ilə bitirmişdir. Həmin il hərbi vəzifəsinə başladıqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi vəzifəsinə təyin olunmuşdur.
Anar Əliyev 2012–2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etmişdir.
Şəxsi həyatı
redaktəAnar Əliyev Vüsalə Əliyeva ilə ailəli idi. Nigar və Əli adlı 2 övladı vardır.
Hərbi xidməti
redaktə2001-ci ildə ali hərbi təhsilini başa vuran Anar Əliyev Müdafiə nazirinin 25.08.2001 tarixli əmrinə əsasən "leytenant" rütbəsi ilə Bakıda yerləşən "N" saylı kəşfiyyat briqadasında hərbi vəzifəsinə başlamışdır.[4]
2002-ci ildə dinləyici kursunu bitirmiş və "N" saylı hərbi hissədə xidmətə davam etmişdir. Anar Əliyev 04.09.2002-ci ildən 01.05.2004-cü ilədək hərbi hissənin xüsusi təyinatlı taqım komandiri olmuşdur. 04.09.2003-cü ildə "baş leytenant" rütbəsi almışdır. 01.05.2004-cü ildən 20.12.2006-cı ilədək hərbi hissənin xüsusi təyinatlı qrup komandiri, 20.12.2006-cı ildən 12.04.2007-ci ilədək bölük komandiri vəzifəsində xidmət etmişdir. 15.12.2007-ci il tarixdə ona "kapitan" rütbəsi verilmişdir. 12.04.2007-ci ildən 26.01.2008-ci ilədək taborun bölük komandiri, 26.01.2008-ci ildən 15.06.2009-cu ilədək xüsusi təyinatlı dəstə komandirinin müavini vəzifələrini icra etmişdir. 15.06.2009-cu ildən 07.09.2012-ci ilədək xüsusi təyinatlı dəstə komandiri vəzifəsini icra etmişdir. Müdafiə Nazirliyinin iyun 2012-ci il tarixli əmrinə əsasən Anar Əliyevə "mayor" rütbəsi verilmişdir.[5]
2014-cü ildə Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.
Müdafiə Nazirliyinin iyun 2015-ci il tarixli əmrinə əsasən Anar Əliyevə müstəsna xidmətlərinə görə vaxtından əvvəl "polkovnik-leytenant" rütbəsi verilmişdir.[6]
Anar Əliyev 18.07.2014-cü ildən 01.05.2015-ci ilədək "N" saylı hərbi hissənin qərargah rəisi, 01.05.2015-ci ildən 27.08.2018-ci ilədək komandir, 27.08.2018-ci ildən 13.06.2020-ci ilədək hərbi hissənin komandiri vəzifəsini icra etmişdir. 13.06.2020-ci il tarixdə hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Əliyev bu vəzifəni 2020-ci ilin oktyabrın 17-dək icra etmişdir.
Həmçinin, Anar Əliyev qüsursuz xidmətlərinə görə bir neçə dəfə qiymətləndirilmişdir. 26.06.2008 tarixli əmrə əsasən qüsursuz xidmətinin 10 illiyinə görə 3-cü dərəcəli, 26.06.2014 tarixli əmrə əsasən qüsursuz xidmətinin 15 illiyinə görə 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilmişdir. O, xidməti nəticəsində USTA dərəcəsi də almışdır.
İştirak etdiyi təlimlər
redaktəAnar Əliyev təlimlərdə əldə etdiyi təcrübələrdən kəşfiyyata aid dərslik kitabı yazmaq istəyirdi.[7]
Anar Əliyevin iştirak etdiyi təlimlər 2003–2019-cu illəri əhatə edir. 3 noyabr-21 noyabr 2003-cü ildə Türkiyə Respublikasında "təməl paraşüt" kursunda, 2005-ci ildə Macarıstanda "ingilis dili" kursunda, 9 yanvar – 17 fevral 2006-cı ildə Çexiyada "sülhməramlı əməliyyatlar üçün təlimatçı" kursunda, 17 yanvar – 2 fevral 2007-ci ildə İsveçrə Konfederasiyasında "qış dağ" kursunda, 2009-cu ildə Rumıniyada "hərbi əməkdaşlıq və təcrübə mübadiləsi", həmçinin, həmin ildə Türkiyədə keçirilən "sərbəst paraşüt" kurslarında, 18 yanvar-12 fevral 2010-cu ildə Sloveniyada "təkmilləşdirilmiş qış-dağ" kursunda, 7 may-13 may 2010-cu ildə İordaniya Krallığında baş tutan SOFEX-2010 (az. Xüsusi Əməliyyat Qüvvələri Sərgisi — 2010) hərbi sərgisində iştirak etmişdir. O, sonuncu dəfə 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən Pakistanda 5 aylıq kurslardan keçmişdir.[7]
Günnüt əməliyyatı
redaktə2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.[8] Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Anar Əliyev bu zaman Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti idi və özü bu döyüşlərdə yaxından iştirak edirdi. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub[9], Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.[8]
2018-ci ilin mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında yaxından iştirakına, döyüşlərdə fərqlənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.06.2018-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev "Şücaətə görə" medalı ilə təltif edilmişdir.[10]
İkinci Qarabağ müharibəsi
redaktə2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[11] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə məruzə ediləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[12]
27 sentyabr 2020-ci ildən başlanan İkinci Qarabağ müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 günü Naxçıvanda xidmət etmiş, lakin Komandanlığa müharibədə iştirak üçün müraciət etmişdir.[7]
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının 11 oktyabr 2020-ci il tarixli 0120 saylı Sərəncamına əsasən Anar Əliyev İkinci Qarabağ müharibəsində iştirak etməyə başlamışdır.[13] Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənmişdir. Xocavənd rayonu ərazisində 10 gündən çox davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir.[14] Onun da rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın fərqlənməsi nəticəsində 14 oktyabr tarixində Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndləri Azərbaycan qoşunları tərəfindən azad olunmuşdur[15]. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da iştirak etdiyi əməliyyatlar nəticəsində 15 oktyabr tarixində Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib.[16] 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etmişdir.[17] 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır.[18] Həmin gün Anar Əliyev "N" saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur.[19] Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətində irəliləyərək Tehran Mənsimovun qrupuna yol açmışdır.[20] 20 oktyabr tarixində bir neçə gün davam edən əməliyyatlar nəticəsində digər rayonlarının bir çox yaşayış məntəqəsi kimi Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilmişdir.[21] Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır.[22][23] Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə İlham Əliyevə məruzə etmişdir.[24][25]
Ölümü
redaktəAnar Əliyev sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində vuruşmuşdur. Komandirliyini etdiyi briqadanın da iştirak etdiyi son əməliyyatlar nəticəsində, 21 oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilmişdir.[26][27]
Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandan müavini Zaur Cavanşir və keçmiş Komandan müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, "772 metr" yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilmişdi.[28]
Döyüş yoldaşlarının dediklərinə görə, o, qəfildən əvvəlcə, sağ qolundan, sonra isə gözündən vurulmuşdu.[29] Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur, lakin yaxınlıqda olan qarşı tərəfin açdığı güllə Adil Əfəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Açılan intensiv atəş və atılan əl qumbarasından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev 21 oktyabr tarixində şəhid olurlar.[30]
23 oktyabr tarixində onun nəşi mühasirədən çıxarılaraq Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilmişdir. 24 oktyabr tarixində diaqnostika mərkəzindən boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə son vida mərasimi üçün gətirilmişdir. Son vida mərasimindən 1 gün sonra, 25 oktyabr 2020-ci ildə izdihamla, Müdafiə Nazirliyinin təşkil etdiyi yaylım atəşləri və Azərbaycanın himn sədaları altında II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
İrsi və xatirəsi
redaktə- 30 mart 2021-ci ildə Anar Əliyevin şəxsi əşyaları, materialları Sənədli Mənbələr Fondunun müdiri Esmira Rəhimova vasitəsilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.[31]
- 2021-ci ilin aprel ayında tanınmış hərbi cərrah, hərbi həkim, Qarabağ müharibəsi veteranı, yazıçı Əli İsmayılov Anar Əliyevə həsr olunan "İgid ölər, adı qalar" kitabını yazmışdır.[32] Kitab Qanun nəşriyyatında çap edilmişdir, 160 səhifədir.[33]
- Şəhid Anar Əliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[34]
- Azərbaycan Prezidenti İlham Əliyevin 04.11.2021-ci il tarixli Sərəncamına əsasən müvəqqəti olaraq Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə Anar Əliyevin adı verilmişdir.[35]
- Real Təhlil və İnformasiya Mərkəzi "Vətən haqqı" verilişinin növbəti seriyasını Anar Əliyev haqqında çəkmişdir.[36]
- Tərtər şəhərinin küçələrindən birinə Anar Əliyevin adı verilmişdir.
Təltif və mükafatları
redaktəAzərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[37]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[38]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[39]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[40]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[41]
- (25.06.2004) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı[10]
- (26.06.2008) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı[10]
- (30.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı[10]
- (25.06.2011) — "Vətən uğrunda" medalı[42]
- (24.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı[10]
- (26.06.2014) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı[10]
- (21.11.2015) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı[10]
- (18.10.2017) — "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı[10]
- (25.06.2018) — "Şücaətə görə" medalı[10]
- (26.06.2018) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı[10]
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı[43]
- (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)[44]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[45]
- (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[46]
- (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[47]
- (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[48]
Həmçinin bax
redaktə- Adil Əfəndiyev
- Zahir Feyzullayev
- Bağır Ələkbərov
- Tehran Mənsimov
İstinadlar
redaktə- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ Əli Həsən, 2021, səh. 9
- ↑ NTV (NAXÇIVAN TV). "Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun polkovnik-leytenantı Anar Əliyev haqqında reportaj - VİDEO". ntv.az (az.). 03.12.2020. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.05.2021.
- ↑ Real TV. "Qürurumuzu ucaldan Qəhrəman". www.youtube.com ( YouTube portalı / "REAL TV" səhifəsi) (az.). 03.12.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.05.2021.
- ↑ "Şəhid Anar Əliyev haqqında məlumat". www.unudulmazlar.az (az.). 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.04.2023.
- ↑ aqreqator.az. "İkinci Qarabağ müharibəsində döyüşən cəsur komandirlərdən biri də şəhid Anar Əliyev olub". aqreqator.az (az.). 14.01.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.05.2021.
- ↑ 1 2 3 Belə Belə İşlər. "Vətən Müharibəsinin xüsusi təyinatlı komandiri Anar Əliyev". www.youtube.com ( YouTube portalı / "Belə Belə İşlər" səhifəsi) (az.). 12.02.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.05.2021.
- ↑ 1 2 "Azerbaijan makes territorial gains in Nakhchivan as fighting with Armenia flares". www.intellinews.com. www.intellinews.com. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
- ↑ "Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edildi". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Xəyalə Nuşirəvan. "ADI HÜNӘR NӘĞMӘSİNӘ, MӘZARI ZİYARӘTGAHA ÇEVRİLӘN QARDAŞIM – ANAR ӘLİYEV…". azerbaijanim.az (az.). 29.04.2020. İstifadə tarixi: 11.05.2021.[ölü keçid]
- ↑ Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
- ↑ Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
- ↑ Əli Həsən, 2021, səh. 12
- ↑ "President of Azerbaijan: "Hadrut settlement and several villages liberated from occupation"". APA.az (ingilis). 9 October 2020. 10 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
Azerbaijan's Hadrut settlement and several villages were liberated from Armenian aggressors, President Ilham Aliyev said this in his address to the nation, APA reports.
- ↑ "Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib". Report informasiya Agentliyi (rus). 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-14.
- ↑ "Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad edib". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ "Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edib" (rus). 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.
- ↑ "Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video". qafqazinfo.az (az.). 17 oktyabr 2020. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
- ↑ Əli Həsən, 2021, səh. 11
- ↑ Əli Həsən, 2021, səh. 55. Tehran Mənsimov kitabda "Anarı anaraq…" adlı məqaləsində bu məsələlərə aydınlıq gətirmişdir.
- ↑ "Bu kəndlər də azad edildi - Prezident elan etdi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
- ↑ "Zəngilan və bu kəndləri azad edildi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
- ↑ "President Ilham Aliyev: Zangilan city and 6 villages of the district, 18 villages of Fuzuli, Jabrayil, and Khojavand districts liberated". mod.gov.az. 20 October 2020. 22 October 2020 tarixində arxivləşdirilib.
- ↑ "Anar Əliyev: Zəngilanın azad edilməsini prezidentə məruzə edən". www.memorial.az (az.). 27.09.2021. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2022.
- ↑ İctimai TV. "40 illik ömrünün 25 ilini Vətənə həsr edən şəhid Anar Əliyev" (az.). Youtube.com. 17.04.2024. 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
- ↑ "Füzulinin bu kəndləri də işğaldan azad edildi!". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
- ↑ "Алиев заявил о взятии нескольких населенных пунктов в Карабахе" (rus). RİA Novosti. 21 October 2020. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2020.
- ↑ Əli Həsən, 2021, səh. 13
- ↑ MODERN.AZ. "Dilqəm Əsgərovu azad etmək istəyən şəhid polkovnik-leytenant - VİDEO". modern.az (az.). 30.12.2020. 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.05.2021.
- ↑ Əli Həsən, 2021, səh. 112. Abdullazadə, Röyal. "Bizim komandir — əsl komandir idi…"
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Tarix Muzeyinə şəhid Anar Əliyevə məxsus şəxsi əşyalar təhvil verilib". www.azertag.az (az.). 31.03.2021. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.05.2021.
- ↑ TEHSİL.BİZ. "Şəhid polkovnik leytenant Anar Əliyevə həsr olunmuş kitab çıxdı". tehsil.biz (az.). 05.04.2021. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.05.2021.
- ↑ Əli İsmayılov. "İgid ölər, adı qalar - Əli İsmayılov". qanun.az (az.). 2021. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.05.2021.
- ↑ "Polkovnik-leytenant şəhid Anar Əliyevə məxsus materiallar muzeyə təhvil verilib". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-01.
- ↑ "Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI". oxu.az (az.). 04.11.2021. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.01.2022.
- ↑ Real Təhlil və İnformasiya Mərkəzi. "Vətən Haqqı: şəhid polkovnik-leytenant Anar Əliyev - VİDEO". azerforum.com (az.). 02.11.2021. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2022.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ armiya.az. "«У него были особые заслуги по освобождению Зангилана» - ПАМЯТИ ШЕХИДА ПОЛКОВНИКА-ЛЕЙТЕНАНТА АНАРА АЛИЕВА (ВИДЕО)". armiya.az (rus). 15.12.2020. İstifadə tarixi: 07.05.2021.[ölü keçid]
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
Ədəbiyyat
redaktə- Əli Həsən, "Əfsanəvi kəşfiyyatçı". Bakı-2021. "Şərq-Qərb", 256 səh.