Anna Tereza Timinecka - Wikipedia
Anna-Tereza Timineçka (ing. Anna-Teresa Tymieniecka) — Polşa əsilli amerika filosofu, müasir dövrün ən məşhur və daim fəaliyyətdə olan fenomenoloqlarından biri, Ümumdünya Fenomenologiya İnstitutunun təsisçisi və prezidenti, Springer nəşriyyatı tərəfindən nəşr edilən Analecta Husserliana adlı (100-dən artıq cildi çapdan çıxmış) kitab silsiləsinin redaktoru [1].
Anna-Tereza Timineçka | |
---|---|
Anna-Teresa Tymieniecka | |
Doğum tarixi | |
Doğum yeri | Marianovo, Polşa |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Hanover, Nyu Hempşir, ABŞ |
Vəfat səbəbi | xəstəlik |
Vətəndaşlığı | amerikalı |
Elm sahəsi | fəlsəfə |
İş yerləri | |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTəhsil və müəllimlik fəaliyyəti
redaktəAnna-Tereza Timineçka 28 fevral 1923-cü ildə Polşanın Marianovo şəhərində Polyak-Fransız aristokrat ailəsində anadan olmuşdur. Onun fəlsəfə ilə tanışlığı erkən illərdən başlanmışdır. Belə ki, bu dövrdə o, Lvov-Varşava Fəlsəfi məktəbinin yaradıcısı olan Kazimir Tvardovskinin (Kazimierz Twardowski) Zur Lehre vom Inhalt und Gegenstand des Vorstellungen (Təsəvvürlərin məzmunu və predmetinə dair) adlı fundamental əsəri və həmçinin Platonun və Berqsonun bir çox əsərləri ilə tanış olur. Sonuncu müəllifin fəlsəfəsinə maraq onun anası Mariya-Ludvika de Lanval Timineçka (Maria-Ludwika de Lanval Tymieniecka) tərəfindən yaradılmışdı.
İkinci dünya müharibəsindən sonra Anna-Tereza Timineçka fəlsəfə ilə Krakovda Jagiellon universitetində (Jagellonian University) sistematik məşğul olmağa başlayır. Burada o, Kazimir Tvardovski və Edmund Hüsserl kimi məşhur müəllimlərin tələbəsi olmuş Roman İngqarden rəhbərliyi altında çalışır. Eyni vaxtda o, Krakov İncəsənət Akademiyasında təhsil alır.
İki ilə universitet proqramını tam başa vuran Anna-Tereza Timineçka öz təhsilini davam etdirmək üçün İsveçrəyə gedir. Burada o, Friburq universitetində (University of Fribourg) digər məşhur polşalı filosof və məntiq üzrə mütəxəssis Jozef Maria Boçenskinin rəhbərliyi altında təhsilini davam etdirir. Onun doktorluq işi Nikolay Hartmanın (Nicolai Hartmann) və Roman İnqardenin (Roman Ingarden) fəlsəfi yaradıcılığında fenomenologiyanın əsaslarının tədqiqinə həsr olunmuşdu və sonralar "Mahiyyət və Mövcudluq" (1957) adlı kitab şəklində çap olunmuşdu. O, bu dövrdə (1951) həmçinin, Sarbonnada fransız fəlsəfəsi və ədəbiyyatı üzrə ikinci Ph.D. elmi adını almışdır.
1952-1953-cü illərdə Anna-Tereza Timineçka Belçikanın Bruge (Brugge) şəhərindəki Avropa Kollecində (College of_Europ) sosial və siyasi elmlər üzrə tədqiqatlar aparmışdır. Elə bu dövrdən başlayaraq o, fəlsəfədə yeni bir istiqamətdə fəal çalışmağa başlayır. Onun inkişaf etdirdiyi xüsusi fenomenoloji istiqamət nə tam şəkildə Hüsserlin, nə də tam şəkildə İngardenin fenomenologiyalarına oxşayırdı.
1956-cı ildə tam Anna-Tereza Timineçka prof. Hendrik Hautekerlə (Hendrik S. Houthakker) ilə ailə qurur. İqtisad elmləri üzrə həm Stanford universitetinin (1954-1960), həm də Harvard universitetinin (1960-2008) professoru olmuş Hendrik Hauteker ABŞ-nin görkəmli iqtisadçısı olmuş və 1969-1971-ci illərdə ABŞ prezidenti Riçard Niksonun iqtisadi məsələlər üzrə müşaviri olmuşdur.
1955-1956-cı illərdə Anna-Tereza Timineçka Oreqon Dövlət kollecində riyaziyyat üzrə professor yardımçısı, 1957-ci ildən isə Pensilvaniya Dövlət universitetində professor yardımçısı vəzifələrində çalışmışdır. 1961-1966-cı illər ərzində o, Radklif (Radclffe) kolleci nəzdindəki Müstəqil tədqiqatlar İnstitutunda fəaliyyət göstərmişdir. 1972-1973-cü illərdə o, Müqəddəs Con (St.John‘s) universitetində fəlsəfə üzrə professor kimi çalışmışdır.
Fenomenoloji cəmiyyətlər və Ümumdünya Fenomenologiya İnstitutunun yaradılması
redaktəAnna-Tereza Timineçka 1969-cu ildə Beynəlxalq Hüsserl və Fenomenoloji Tədqiqatlar Cəmiyyətini (Husserl and Phenomenological Research Society); 1974-cü ildə Fenomenologiya və Ədəbiyyat Beynəlxalq Cəmiyyətini (International Society for Phenomenology and Literature); 1976-cı ildə Fenomenologiya və humanitar elmlər Beynəlxalq Cəmiyyətini (International Society for Phenomenology and the Human Sciences); 1993-cü ildə Fenomenologiya, Estetika və İncəsənət Beynəlxalq Cəmiyyətini (International Society of Phenomenology, Aesthetics, and Fine Arts) və 1995-ci ildə Fenomenologiya üzrə İber-Amerikan cəmiyyətini (Sociedad Ibero-Americana de Fenomenologia) təsis edir. İlk üç cəmiyyətin əsasında o, 1976-cı ildə Ali Fenomenoloji Biliklər və Tədqiqatlar üzrə Ümumdünya İnstitutunu (World Institute for Advanced Phenomenological Research and Learning) yaradır; sonralar bu institut öz adını sadələşdirərək Ümumdünya Fenomenologiya İnstitutu (The World Phenomenology Institute) olmuşdur. Bu institutun yaradılması təşəbbüsü bir çox filosoflar, məsələn, Roman İngarden (Roman Ingarden), Emmanuel Levinas (Emmanuel Levinas), Pol Rikur (Paul Ricoeur), Hans-Qeorq Qadamar (Hans-Georg Gadamer) və həmçinin, Hüsserl Arxivinin (Leuven, Belçika) direktoru Herman Leo Van Breda (Herman Leo Van Breda) tərəfindən dəstəklənmişdir. Yarandığı gündən bu günə kimi Anna-Tereza Timineçka bu institutun daimi prezidenti kimi çıxış edir. Ümumdünya Fenomenologiya İnstitutunun prezidenti kimi Anna-Tereza Timineçka dünyanın müxtəlif yerlərində fenomenologiya üzrə davamlı surətdə beynəlxalq və ümumdünya konqresləri, konfransları və simpoziumları təşkil edir.
Analekta Hüsserliana
redaktəAnna-Tereza Timineçka Edmund Hüsserlin ideyalarını və fenomenologiya yönümlü tədqiqatları yaymaq və inkişaf etdirmək üçün 1968-ci ildən başlayaraq Analekta Hüsserliana: Phenomenoloji Tədqiqatlar Salnamə (Analecta Husserliana: The Yearbook of Phenomenological Research) kitab silsiləsinin redaktoru olmaqla nəşr etdirmişdir. Bu seriyanı Hüsserlin özünün redaktoru olduğu Jahrbuch für Philosophie und Phänomenologische Forschung silsiləsinin davamı kimi də qəbul etmək olar. Ona görə də bu kitab silsiləsinin əsas mövzuları insan və insanın həyat tərzi ilə bağlıdır. Təsadüfi deyildir ki, bu mövzular həm də Anna-Tereza Timineçkanın özünün maraq dairəsinə daxildir. Bu kitab silsiləsindən əlavə Ümumdünya Fenomenologiya İnstitutu Fenomenologiya tədqiqatları (Phenomenological Inquiry) jurnalını çap edir. Anna-Tereza Timineçka eyni zamanda Şpringer (əvvəlki, Kluver Akademik Nəşrlər – Kluwer Academic Publishers) nəşriyyatının çap etdirdiyi İslam fəlsəfəsi və Oksidental Fenomenologiya dialoqda (Islamic Philosophy and Occidental Phenomenology in Dialogue [2] )kitab silsiləsinin redaktorudur (Qulamrza Avani və Nadir El-Bizri ilə birlikdə).
Seçilmiş əsərləri
redaktə- Tymieniecka, A.-T. Essence et existence: Etude à propos de la philosophie de Roman Ingarden et Nicolai Hartmann. (Paris: Aubier, Editions Montaigne, 1957).
- Tymieniecka, A.-T. For Roman Ingarden; nine essays in phenomenology. (’s-Gravenhage: M.Nijhoff, 1959), viii + 179 p.
- Tymieniecka, A.-T. Phenomenology and science in contemporary European thought. With a foreword by I. M. Bochenski. ([New York]: Farrar, Straus and Cudahy, 1962), xxii + 198 p.
- Tymieniecka, A.-T. Leibniz’ cosmological synthesis. (Assen: Van Gorcum, 1964), 207 p.
- Tymieniecka, A.-T. Why is there something rather than nothing? Prolegomena to the phenomenology of cosmic creation. (Assen: Van Gorcum & Comp., 1966), 168 p.
- Tymieniecka, A.-T. Eros et Logos. (Paris: Beatrice-Nauwelaerts, 1972), 127 p.
- Tymieniecka, A.-T. Logos and Life. (Dordrecht; Boston: Kluwer Academic, 1987-2000, 4 vols.).
- Anna-Tereza Timineçka. Aşkarlanma və aşkarlanmış. Oksidental fenomenologiya və islam fəlsəfəsi arasında metafizik dialoqun əsas istiqamətləri. "Fəlsəfə və Sosial-siyasi elmlər" jurnalı, N 3-4, 2006. səh. 12-30.
İstinadlar
redaktə- ↑ Səlahəddin Xəlilov. Anna-Tereza Timineçka – canlı klassik. "Fəlsəfə və Sosial-siyasi elmlər" jurnalı, N 3-4, 2006. səh. 8-11.
- ↑ "Islamic Philosophy and Occidental Phenomenology in Dialogue: About the Series". www.springer.com. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-31.