Antropoid Emeliyyati - Wikipedia
Antropoid əməliyyatı (çex. operace Anthropoid) — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi (1939–1942), Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941–1942) SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən) Reynhard Heydrixin məhv edilməsi əməliyyatının kod adı.[1] Əməliyyatı Britaniya kəşfiyyat idarəsi "Xüsusi Əməliyyatlar Müdirliyi" və Çexoslovakiyanın Azadlığı üzrə Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) birgə hazırlayıb həyata keçirib. Sui-qəsd 27 may 1942-ci ildə Praqada Çexoslovakiya Müqavimətinin iki üzvü, slovak Yozef Qabçik və çex Yan Kubiş tərəfindən həyata keçirilib.[2] İyunun 4-də Heydrix aldığı yaralardan ölüb.[3]
Antropoid əməliyyatı çex. operace Anthropoid | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi Müqavimət Hərəkatı (Çexoslovakiya) | |||
| |||
Tarix | 27 may 1942 | ||
Yeri | Praqa ətrafı | ||
Səbəbi | Edvard Beneşin Çexoslovakiyada Müqavimət Hərəkatını canlandırmaq təşəbbüsü | ||
Nəticəsi | nisbi müvəffəqiyyət: Reynhard Heydrix yaralandı və iyunun 4-də hospitalda öldü | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Çexoslovaklar sürgündə olan hökumətə legitimlik verməyə kömək etmək və Heydrixin qəddar hakimiyyətinə son vermək üçün əməliyyatı öz üzərinə götürdülər.[4] Əməliyyat Böyük Britaniya Xüsusi Əməliyyatların Təşkili idarəsinin köməkliyi ilə həyata keçirildi. Əməliyyat İkinci Dünya müharibəsi zamanı yüksəkrütbəli nasist liderinin məhvinin hökumət tərəfindən maliyyələşdirməsi təsdiqlənmiş yeganə hadisədir. Heydrixin ölümü kəndlərin dağıdılması və dinc əhalinin kütləvi şəkildə öldürülməsi də daxil olmaqla SS qoşunlarının repressiya dalğasına səbəb oldu.
Həm sui-qəsd, həm də onun nəticələri haqqında Çexiya, Slovakiya və İngiltərə kimi müxtəlif ölkələrdə çoxsaylı xatirə abidələri ucaldılıb. Bundan əlavə, hadisələr bir neçə populyar dramatik filmdə təqdim edilib. Populyar mədəniyyətdə bu hadisələr İkinci Dünya müharibəsinin ümumi kontekstində və xüsusən də nasistlərin fəaliyyətini göstərən filmlərdə, o cümlədən Reynhard Heydrix barədə çəkilmiş kino lentlərdə əksini tapıb.
Tarixi
redaktə1938-ci il sentyabrın 30-da imzalanan Münhen sazişi Çexoslovakiyanın parçalanmasının və Avropa xəritəsindən silinməsinin başlanğıcını qoydu. 1939-cu ildə ölkənin ərazisi Üçüncü Reyx və onun nəzarəti altında olan Bohemiya və Moraviya protektoratı, formal müstəqil Slovakiya Respublikası, Polşa və Macarıstan arasında bölündü. Londonda Edvard Beneşin başçılığı ilə Mühacir Çexoslovakiya hökuməti yaradıldı. İşğal olunmuş ərazilərdə müqavimət hərəkatı baş qaldırdı.[5][6]
1941-ci ilin sentyabrında Adolf Hitler Protektoratın işğalçı hakimiyyətinin müqavimət hərəkatına qarşı kifayət qədər qətiyyətsiz hərəkətlərindən narazı qalaraq imperator protektoratı Konstantin fon Neuratı "müddətsiz məzuniyyətə" göndərdi. Elə həmin gün o, SS Oberqruppenfüreri Reynhard Heydrixi fon Neurata müavin təyin etdi. Əslində isə ona tam səlahiyyətli nümayəndə vəzifəsini verdi. Heydrixin rəhbərliyi altında müqavimət hərəkatı üzvlərinin, onlara rəğbət bəsləyənlərin həbsləri və edamları dalğası həyata keçirildi. Bunun nəticəsində Protektoratda müqavimət hərəkatının fəaliyyəti kəskin şəkildə aşağı düşdü.[7][8] Jurnalist Haynts Höhnenin fikrincə, hakimiyyətinin əvvəlindəki repressiyalardan sonra Heydrix müqavimətin güclənməsinə heç bir imkan yaratmayan sakitləşdirmə siyasəti yürütməyə başladı.[7]
1941-ci il oktyabrın əvvəlində Edvard Beneş anti-Hitler koalisiyasının dövlət başçıları ilə Çexoslovakiyanın dağılması üçün hüquqi əsas olan və müharibədən sonrakı dövrdə əvvəlki sərhədləri daxilində ölkənin güman edilən dirçəlişinə mane olan Münhen sazişinin denonsasiyası ilə bağlı danışıqlara başladı.[9] Beneş Sovet İttifaqının himayəsi altında fəaliyyət göstərən və Almaniyanın məğlubiyyətindən sonra Çexoslovakiyada hakimiyyəti ələ keçirməyə qadir olan Müqavimətin kommunist yönümlü qolunun mövcudluğunu da nəzərə almalı oldu. Bu səbəbdən mühacirətdə olan Çexoslovakiya hökumətinin nüfuzunu yüksəltmək üçün müqavimətin Beneş hökumətinin nəzarət etdiyi hissəsinin uğurlarını dünya ictimaiyyətinə nümayiş etdirmək lazım idi.[10]
Əməliyyatın hazırlanması
redaktə1940-cı ildə Fransadan təxliyə edildikdən sonra Xüsusi Əməliyyatlar İdarəsinin bazasında müttəfiqlər tərəfində vuruşan Çexoslovakiya hərbi hissələrinin qalıqlarından Çester yaxınlığında təlim düşərgəsi yaradıldı. Elə həmin il düşərgə Leminqton Spaya köçdü və 1942-ci ilin yazına qədər burada qaldı.[9] 1941-ci ildə müharibədən əvvəlki Çexoslovakiyanın keçmiş yüksəkrütbəli kəşfiyyatçısı, mühacirətdə olan Çexoslovakiya hökumətinin Müdafiə Nazirliyinin kəşfiyyat mərkəzinin rəhbəri Frantişek Moravec Beneşlə razılaşaraq, təlim düşərgəsində hazırlıq keçmiş çexoslovak diversantların iştirakı ilə Protektorat ərazisində bir sıra təxribatlar planlaşdırmağa başladı. Gözlənilirdi ki, işğal administrasiyasının əsas nümayəndələrinin planlaşdırılmış ləğvi nəinki Protektoratın idarəçiliyini pozacaq, həm də almanların cəza hərəkətlərinə səbəb olacaq.[9] Bu da öz növbəsində işğalla barışan yerli əhalinin böyük hissəsinin narazılığına gətirib çıxaracaq.[8] Əsas hədəf kimi Reynhard Heydrix, Karl Frank və yerli kollaborsionistlər (məsələn, Emmanuel Moraveç) seçilmişdi.[8][9]
Kod adı "Antropoid" (ingilis dilindən İnsana bənzər) olan Heydrixin məhv edilməsi əməliyyatı planı 1941-ci ilin oktyabrında cızılmağa başlandı. Diversiya əməliyyatının tarixi 28 oktyabr — Çexoslovakiyanın Müstəqillik Günü seçildi. Güman edilirdi ki, dirçələn Çexoslovakiyanın statusunu dəstəkləmək üçün ifaçılar həm Çexiyanın, həm də Slovakiyanın etnik nümayəndələri olmalıdırlar.[9] Əməliyyatda könüllü iştirak etmək üçün Frantişek Moravec iki diversant seçdi: slovak Yozef Qabçik və bundan bir qədər əvvəl Mançester yaxınlığında paraşüt təlimi kursu keçən çex Karel Svoboda.[9] Oktyabrın 3-dən 4-nə keçən gecə radist Frantişek Pavelka Londonla əlaqənı qurmaq tapşırığı ilə protektoratın ərazisinə endirildi. Oktyabrın 6-da Karel Svoboda hava şarından paraşütlə tullanma zamanı başından zədə aldı. Buna görə o, Yan Kubişlə əvəzləndi. Kubiş hələ təlimi başa vurmamışdı və onun saxta sənədləri də hazır deyildi, ona görə də əməliyyatın vaxtı dəyişdirildi. Bu arada alman əks-kəşfiyyatı qurulmuş gizli şəbəkəni üzə çıxardı və oktyabrın 25-də Pavelka həbs edildi. O, sonradan 1943-cü ilin yanvarında Plötzense həbsxanasında edam olundu. Nəticədə əməliyyat tarixi bir qədər də geri çəkildi.[9]
Heydrix aşağıdakı yollardan biri ilə ləğv edilməli idi: avtomobilin yaşayış yerindən xidmət yerinə gedən marşrutu üzrə hücum; evə və ya ofisə daxil olmaqla; avtomobilin və ya zirehli vaqonun minalamması; qatarın partladılması; avtomobilin marşrutu boyunca yolun minalanması; rəsmi tədbirlərdən biri zamanı silahlı hücum. Agentlərin həyatlarını xilas etmək imkanından asılı olmayaraq öz missiyalarını yerinə yetirmələrinin zəruriliyi xüsusi vurğulanırdı. Yerli Müqavimət hərəkatı liderlərinə Antropoid əməliyyatı barədə məlumat verilmədi. [11]
1941-ci ilin 1 dekabrında Londonda yaradılmış Antropoid qrupunun üzvləri — Yosef Qabçik və Yan Kubiş aşağıdakı sənədə imza atdılar:
Mənim əsas vəzifəm konkret vəziyyət və şəraiti nəzərə alaraq müəyyən yerdə təxribat və ya terror aktı törətmək üçün Çexoslovakiya Ordusunun başqa bir üzvü ilə birlikdə vətənimə qayıtmaqdır və tələb olunan nəticənin səs-küyünü təkcə öz ölkəmdə deyil, həm də xaricdə əldə etmək üçün bunu mümkün qədər səmərəli edəcəm. Könüllü olduğum bu tapşırığı uğurla yerinə yetirmək üçün şüurlu şəkildə hər cür səy göstərəcəyəm.[9] Orijinal mətn (ing.)
„The substance of my mission basically is that I will be sent back to my homeland, with another member of the Czechoslovak Army, in order to commit an act of sabotage or terrorism at a place and in a situation depending on our findings at the given site and under the given circumstances, and I will do so effectively so as to generate the sought-after response not only in the home country but also abroad. I will do it to the extent of my best knowledge and conscience so that I can successfully fulfill this mission for which I have volunteered“ |
Çexoslovakiyaya enmə
redaktəDiversantlar 1941-ci il dekabrın 28-dən 29-na keçən aysız bir gecədə paraşütlə Çexoslovakiya ərazisinə atıldılar. Kral Hərbi Hava Qüvvələrinə məxsus Handley Page Halifax təyyarəsi saat 22:00-da Sasseks aerodromundan havaya qalxdı və 2:12-də Qabçik və Kubiş protektorat ərazisinə eniş etdi. Eniş 150–200 metr hündürlükdən təxminən 200 km/saat sürətlə (oriyentasiya işıqlarından istifadə etmədən) kor-koranə həyata keçirilirdi.[9] Naviqasiya səhvinə görə diversantlar planlaşdırıldığı kimi Plzen yaxınlığında deyil, Praqa şəhərinin yaxınlığındakı Nehvizdi qəsəbəsinə endirildi. Sonra eyni təyyarədən daha iki çexoslovak diversant qrupu endirildi. Bunlar "Gümüş A" (üç nəfər) və "Gümüş B" (iki nəfər) idilər. Qeyd edək ki, bu enişlər təyyarə ekipajı üzvləri üçün 1941-ci il noyabrın 7-də və 30-da edilən iki uğursuz enişdən sonra üçüncü eniş cəhdi idi.[9]
Antropoid qrupunun iki yük konteynerində, digər şeylərlə yanaşı, dörd ehtiyat jurnalı və yüz patronu olan iki Colt M1903 Cib tapançası, partlayıcı maddələr, Mills əl qumbarası, müxtəlif növ bombalar, dörd tüstü bombası, qoruyucular, bir polad məftil, 2 metr alovlandırıcı şnur və Sten markalı avtomat var idi.[9] Diversantlar bütün əşyalarını gizlətdilər və uçuşdan əvvəl alınan göstərişlərə əməl edərək Pilsenə çatdılar. Orada onlar Müqavimət hərəkatı üzvləri Vatslav Kralj və Vatslav Stelikin əvvəlcədən müəyyən edilmiş mənzillərində qaldılar. Sonradan Qabçik və Kubiş (saxta sənədlərə görə — Zdenek Viskocil və Otto Strnad)[9] hərəkatın gizli özəyinin bir çox üzvləri ilə əlaqə qurdular. Qeyd edək ki, onların əksəriyyəti sui-qəsd cəhdindən sonra həyata keçirilən cəza əməliyyatları nəticəsində həlak oldu.[9]
Qrupun missiyası ilə tanış olduqdan sonra müqavimətin yerli liderləri sui-qəsdin Antihitler koalisiyasına maddi fayda verməyəcəyinə və çexlər üçün qeyri-mütənasib şəkildə daha böyük itkilərə səbəb olacağına inanaraq əməliyyatı ləğv etməyə çağırdılar. Bundan xəbər tutan Edvard Benes digər təxribat qruplarının uğursuzluğundan əsəbiləşərək əməliyyatı davam etdirmək üçün xüsusi radioqramma göndərdi. Çex əsilli amerikalı tarixçi Voytek Mastniyə görə, Beneş "Çex Müqavimətini aktivləşdirmək üçün son çarə kimi hazırlanan plandan yapışdı".[12]
Sui-qəsd
redaktəDiversantlar Heydrixin aradan götürülməsi üçün müxtəlif variantları nəzərdən keçirdilər. 1942-ci ilin aprelində protektor müavini Praqa qəsrindəki iqamətgahını Praqa şəhərinin Panenske-Brjejani qəsəbəsindəki Junüfern Breşan qalasına dəyişdi.[9] İndi o, hər gün Mercedes-Benz W142 markalı kabriolet ilə şəhərin mərkəzinə gedirdi. Bu zaman o, mühafizədən istifadə etmirdi. Ona görə də avtomobilin marşrutu boyunca sui-qəsd cəhdinin həyata keçirilməsi qərara alındı.[9].
Mayın 26-da axşam Heydrix Praqada ənənəvi olacaq musiqi festivalının açılışını etdi. Gecənin əsas hadisəsi protektor müavininin atası bəstəkar Bruno Heydrixin do minorda fortepiano konsertinin ifası oldu.[9]. Ertəsi gün Heydrix işlərinə görə Berlinə yola düşəcəkdi.[13][9].
Mayın 27-də səhər velosipedlə gəlmiş Qabçik və Kubiş Liben bölgəsində Kobilis adlanan döngədə Heydrixin avtomobilini gözləyirdilər. Kəskin və dar döngədə avtomobil sürətini azaltmalı idi.[14] Qabçik Sten Mk yarımavtomatı ilə silahlanmışdı. Kubiş iki modifikasiya olmuş (qısaldılmış) 73 Mark I tank əleyhinə qumbara hazırlamışdı. Hər iki agent Kolt M1903 markalı cib tapançaları da daşıyırdılar.[9] Bəzi məlumatlara görə, döngədən yüz metr qabaqda "Gümüş A" qrupundan olan paraşütçü Yozef Valçik dayanmışdı. O cib güzgüsü ilə maşının yaxınlaşdığını işarə verməli idi.[15] Döngədə, güman ki, başqa bir diversant (bəlkə də 28 martda paraşütlə atılan Out Distance qrupunun paraşütçüsü Adolf Opalka) olub. Onun vəzifəsi Mercedesi saxlamaq və ya sürəti azaltması üçün təsadüfən yolu keçmək idi.[16]
Heydrixin üstü aşağı olan maşını saat 10:32-də agentlərin onu gözlədiyi yerə çatdı. Həmən günü daimi sürücünü SS oberşarfürer Yohannes Kleyin əvəz etmişdi. Döngədə maşın sürətini azaldanda Qabçik avtomatını çıxarıb, Heydrixiə yaxın məsafədən atəş açmaq istəsə də, sursat təchizatı sistemindəki nasazlıqlarla məşhur olan[17] silah atəş açmadı (Qabçikin Stenində sonradan atəş sistemində ilişmiş patron tapıldı)[13][18] Daha sonra Kubiş aşağıd an atışla qabaqcadan döyüş vəziyyətinə gətirilən qumbaranı avtomobil istiqamətinə atdı. Qumbara avtomobilin arxa təkərinin yanına düşərək partladı.[9] Partlayış nəticəsində həm Heydrix, həm də Kubiş yaralandı (sifətinə qəlpə dəydi). Sui-qəsd cəhdinin təsadüfi şahidi Helena Peçar budundan qəlpə yarası aldı.[16] Hadisə baş verən ərazidə həmçinin 3 saylı tramvay marşrutunun döngəsində sərnişinlər və tramvay dayanacağında duran insanlarda var idi.[19]
Heydrix və Kleyn maşını tərk etdilər, xidməti tapançalarını çıxardılar və geri çəkilməyə hazırlaşan agentlərlə atışmağa cəhd etdilər. Kleyn yaralanaraq qanaxma ilə qaçan Kubişin havaya atəş açmaqla izdihamın arasından keçməsinə və əvvəlcədən hazırlanmış velosipedə minməsinə mane ola bilmədi. Çex yazıçısı və jurnalisti Miroslav İvanov tərəfindən nəşr olunan əsərdə sui-qəsd cəhdinin şahidləri tərəflər arasında aktiv atışmadan danışırlar:
Maşından bir alman düşdü və həmin adamlara atəş açmağa başladı. İkinci alman da atəş açmağa cəhd etdi, lakin anidən belindən yapışdı, səndələdi və atəş açmağı bacarmadı. İlk alman adamların arxasınca düşdü və qaça-qaça atəş açdı. Qaçanlar da cavab atəşi açırdılar...[16] Onlar kovboylar kimi əməlli-başlı atışırdılar.[16] |
Operativ məlumatlara görə, partlayışdan şoka düşən almanlar cavab atəşi aça bilməyiblər Belə ki, Praqa Protektoratı polisinin məhkəmə-tibb ekspertləri sui-qəsd cəhdinin baş verdiyi əraziyə baxış keçirərkən, paraşütçülərin geri çəkilmə xətti boyunca yalnız Britaniya istehsalı olan 7,65 mm çaplı Kinoç patronlarının gilizlərini aşkar ediblər.[19][20]
Hadisənin arxiv sxemlərində başqa tipli gilizlər haqqında məlumat yoxdur. Avtomobilin solunda bütöv 7,65 mm-lik Geco patronu tapıldı, ehtimal ki, sürücü tapançasından atəş açılmadan boltu dartıbdır. Heydrixin əmri ilə sürücü qaçan Qabçiki təqib etməyə başladı. Qabçik təqibdən qaçaraq Braunerin qəssab dükanında gizlənməyə macal tapıbdı. Küçəyə qaçan mağaza sahibi gizlənən agent haqqında Kleynə məlumat verdi. Bundan sonra sığındığı yerdən çıxan Qabçik tapança ilə Kleyni bud nahiyəsindən yaraladı və gözdən itdi.[13][16].
Partlayış nəticəsində ağır yaralanan Heydrix Mercedesin yanında yerə yıxıldı. O, sol tərəfdəki 11-ci qabırğanın sınığı, diafraqmanın zədələnməsi və dalağın metal qırıntısı və avtomobil oturacağının üzlük parçası ilə deşilmiş yara aldı. Heydrix kiçik bir furqonda Bulovka xəstəxanasına aparıldı. Furqonu yaxınlıqdan təsadüfən keçən bir qadın saxlamışdı.[21][16] Furqonun sürücüsü hadisəni sonradan belə xatırlayırdı:
Heydrix yaralı heyvan kimi ətrafa baxırdı. Çox ehtiyatla oturacağa qalxdı. Böyründən tutmağa davam etdi. Kürəyindən qan axırdı, paltarı cırılmışdı... Heydrix bir əlində tapança, o biri əlində gözünü çəkmədiyi portfeli tutur və onu daima özünə tərəf çəkirdi... Sağ-salamat xəstəxanaya çatdıq və onu gözləmə otağına təhvil verdik. Heydrix limon kimi sarı idi və ayaq üstə çətinliklə dayanırdı.[16] |
Döngədə səkidə sui-qəsddən sonra Qabçikin paltosu və avtomatı qalmışdı. Tramvay dayanacağının yaxınlığında Qabçikin velosipedi və papaqlı portfeli, əl qumbarası və STEN üçün ehtiyat patronlar qutusu, həmçinin Kubişin 73 Mark I ikinci qumbarası olan portfeli tapıldı.[19]
Heydrixin ölümü
redaktəMay ayının 27də günorta saatlarında Heydrix Bulovka hospitalında əməliyyat olundu. Cərrah metal qırıntısı və avtomobil oturacağının üzlük parçası ilə deşilərək zədələnmiş dalağını çıxardı.[22][21] Elə həmən günü Henrix Himmlerin şəxsi həkimi Karl Qebhard hospitala gəldi. O, xəstəyə böyük dozada morfin təyin etdi.[23] İyunun 3-də səhər saatlarında Heydrixin vəziyyətinin yaxşılaşması barədə məlumat gəldi, amma günorta saatlarında o, komaya düşdü və ertəsi gün öldü. Ölümün səbəbi kimi "septik orqan çatışmazlığı" qeyd edildi.[24] 1972-ci ildə ölüm səbəbi "anemik şok" göstərildi. Son diaqnoz bu günə qədər hələ də qoyulmayıb.[25][21]
Heydrixin ölümünün səbəbinin qumbara ilə zəhərlənmiş botulizm toksini olduğuna dair geniş yayılmış nəzəriyyə var. Müharibə illərində bakterioloji silahların tədqiqi ilə məşğul olan ingilis mikrobioloq Paul Fields, guya Antropoid əməliyyatının hazırlanmasında iştirak etdiyini və Heydrixin onun ilk "qurbanı" olduğunu iddia edirdi. Müasir tədqiqatçılar nəzəriyyəyə şübhə ilə yanaşaraq, botulizm toksinlərinin istifadəsinə dair heç bir sənədli sübutun olmadığını bildirir. Onlar nə Heydrixdə, nə də eyni fraqmentlərdən yaralanan Kubişdə botulizmə xas simptomlar göstərmədiyini qeyd edirlər.[21][26]
Heydrixin ölümündən sonra Reyx Protektorun sulfanilamiddən istifadə etməklə xilas ola biləcəyinə dair fərziyyələr səslənirdi. Karl Qebhardın rəhbərliyi altında bu istiqamətdə konsentrasiya düşərgələrində bir sıra təcrübələr aparıldı. Bu müddət ərzində şüşə, torpaq, yonqar, palçıq implantasiyası məhbuslara yaralar yetirilirdi. Adınca eksperiment aparılan məhbuslar sulfanilamid və digər dərmanlarla müalicə olunurdu. Təcrübələri aparan həkimlər müharibədən sonra həkimlərin Nürnberq məhkəməsində müttəhim kürsüsündə əyləşdilər.[27]
Əməliyyatın nəticələri
redaktəNasistlərin qisası
redaktəArtıq sui-qəsd cəhdi günü, mayın 27-də Praqada Ali SS və Polis şefi, Protektoratın dövlət katibi Karl Frank Protektoratın ərazisində fövqəladə vəziyyət elan etdi. Himmler cəza tədbirlərinin həyata keçirilməsi əmrini verdi.[9] Artıq mayın 28-də almanlar edam etməyə başladılar. Onlar şəxsiyyətini təsdiq edən sənədləri təqdim edə bilməyənləri və ya protektorat əhalisinin polisdə qeydiyyata alınması ilə bağlı müəyyən edilmiş öhdəliyi yerinə yetirməkdən yayınanları və adı konkret evlərin sakinlərinin siyahısında olmayanları qətlə yetirirdilər. Tərtib edilmiş "Sui-qəsdin təsdiqi" maddəsi nasistlərin əl-qolunu açdı. Belə ki, bu onlara şifahi və ya hətta yalnız üz ifadələrinin köməyi ilə, hər hansı bir qaşqabaqla, Heydrixin müvəffəqiyyətlə hücuma məruz qalmasından məmnunluğunu ifadə edən hər kəsi sorğu-sualsız güllələməyə imkan verirdi.[28]
Heydrixin ölümü günü çex əhalisinə qarşı kütləvi terror kampaniyasına başlayan nasistlərin hərəkətlərinin nəticələri çox faciəvi idi. Nasisitlər Heydrixi aradan götürənlərin harada olduğunu bilən və onların yerini deməyən hər kəsin bütün ailə üzvləri ilə birlikdə güllələnəcəyini elan etdilər. Praqada kütləvi axtarışlara başlanıldı. Bu axtarışlar zamanı evlər və mənzillərdə sığınan müqavimət üzvləri, yəhudilər, kommunistlər və digər təqib olunan kateqoriyalı şəxsləri müəyyən edildi. Xeyli şəxs güllələndi.[29].
İyunun 3-də Gestapoya məlumat daxil oldu ki, Böyük Britaniyaya qaçmış, qohumları Lidice kəndində yaşayan iki çexiyalı pilotun qətldə əli ola bilər. Bu məlumatın təsdiqlənməməsinə baxmayaraq, kəndin dağıdılması qərara alındı.[9] 1942-ci il iyunun 9-da Heydrixin dəfni günü qisas olaraq Lidice kəndi məhv edildi.[30] 16 yaşdan yuxarı bütün kişilər (172 nəfər) yerindəcə güllələndi, 195 qadın Ravensbrük həbs düşərgəsinə göndərildi, uşaqlar Litzmannstadt (alm. Umwandererzentralstelle Litzmannstadt) şəhərinin Miqrantlar Mərkəzi İdarəsinə aparıldı (Alman Umwandererzentralstelle Litzmannstadt) və sonradan alman ailələrinə paylandı və hələ də onların əksəriyyəti haqda məlumat yoxdur. Kəndin bütün tikililəri yandırıldı və dağıdıldı.[31][32]
Sui-qəsdin iştirakçıları haqqında məlumat üçün 1 milyon reyxsmarka ekvivalent olan 10 milyon kron məbləğində pul mükafatı vəd edildi.[33] Müqayisə üçün deyək ki, Heydrixin mindiyi kabriolet Mercedesin yeni konvertasiya edilən qiyməti təxminən 12 min reyxsmarkaya bərabər idi. Vatslav meydanındakı "Bata" ayaqqabı şirkətinin vitrinində təxribatçılar haqqında məlumat üçün mükafat vəd edən plakatlarla birlikdə sui-qəsd yerində agentlərin qoyub getdiyi sübutlar asılmışdı: qadın velosipedi, palto, papaq və iki portfel.[34][35] Eyni əşyalar, eləcə də qundağı olmayan Qabçikin yarımavtomatı diversantların müəyyən edilməsinə çağıran təbliğat filmində göstərilirdi.[36][37]
Heydrixin öldürülməsindən sonra yeddi paraşütçüdən ibarət qrup (Yozef Qabçik, Yan Kubiş, İosif Valçik, Adolf Opalka, İosif Bublik, Yan Hrubi, Yaroslav Şvarts) Çexiya və Slovakiya Pravoslav Kilsəsinin Praqadakı Kiril və Mefodiy kafedralına sığındı. İyunun 16-da Martın 28-də Çexoslovakiyaya atımış "Out Distance" qrupunun paraşütçüsü xain Karel Çurda könüllü olaraq Gestapoya gələrək onlarla Müqavimət döyüşçüsü və onların ailələrinin adlarını və yaşayış yerlərini açıqladı. Dərhal həbslər aparıldı.[38] İşgəncələrin tətbiqi ilə sorğu-sual zamanı almanlar paraşütçülərin kafedralda gizləndiyini öyrəndilər.
İyunun 18-də SS briqadafüreri Karl fon Troyenfeldin komandanlığı altında olan qoşunlar kilsəyə basqın etdilər. Bütün agentlər ciddi müqavimət göstərərək sonda intihar etdilər. Yalnız Yan Kubiş özünə gəlmədən aldığı yaralardan öldü.[39][9]
Ölən paraşütçülərin cəsədləri başları kəsilərək Praqanın Dablice rayonunda qəbiristanlıqda basdırıldı. Kəllə vəziyyətinə qədər skeletləşdirilmiş Valçik, Qruba, Opalka, Bublik və Şvartsın başları osteoloji preparatlara çevrildi. Qabçik və Kubisin başları qoruyucu məhlulu olan silindrik şüşə qablarda saxlanılmış və 20 aprel 1945-ci ildə almanlar tərəfindən naməlum istiqamətdə aparılmışdır.[40]
Gestapo, həmçinin İrji Potuçekin Lejaki kəndindəki Hluboka karxanasında və dəyirmanda olması barədə məlumat aldı. Qeyd edək ki, İrji Potuchek "Gümüş A" desant qrupunun radisti idi. O, ələ keçməyən yeganə radio ötürücü "Libuse"nin köməyi ilə, xüsusən də "Antropoid" qrupunun agentlərinin Londonla əlaqəsini təmin edirdi. Ona vaxtında xəbərdarlıq edildi.[41]. O da sığınacaqdan çıxıb radio ötürücünü xilas etməyə nail oldu, lakin bir neçə gün sonra Potuçek həlak oldu. İyunun 20–21-də Gestapo Hluboka karxanasının sahibi Vaseki, mexanik Svobodanı və yerli dəyirmançı Şvanda və onun həyat yoldaşını həbs etdi. 24 iyun 1942-ci ildə Lejaki mühasirəyə alındıqdan sonra bütün sakinlər Pardubice şəhərinə aparıldı. Burada 18 qadın və 16 kişi güllələndi. Həmin gün Ləjaki kəndi yerlə-yeksan edildi. Kəndin sakini olan 14 uşaqdan 12-si qaz kameralarına salındı. İki qız (Ştyulikov bacıları) "almanlaşdırmaq üçün" alman ailələrinə verildi.[42]
Nasistlər diversantların qohumlarına da rəhm etmədilər. Xüsusəndə Yan Kubişin ailəsi və yaxın qohumları güllələndi. Onun qohumlarının çoxunun yaşadığı Dolnya və Qornji Vilemovicedən 250-yə yaxın adam həbs edildi. Onlar dərhal Mauthauzen həbs düşərgəsinə göndərildi. 24 oktyabr 1942-ci ildə bu ailənin demək olar ki, bütün nümayəndələri, eləcə də İosif Valçikin bütün qohumları güllələndi. Yan Kubişin atası, qardaşı, bacısı, bacısının əri, ögey bacıları, xalası və əmisi oğlanları qətlə yetirildi.[43]
Sentyabrın 4-də Müqəddəs Kiril və Mefodi Katedralinin keşişləri Vatslav Çikl, Vladimir Petrşik, kilsə nəzarətçisi Yan Sonnevend və könüllü olaraq onlara qoşulan Çexiya və Moraviya-Sileziya yepiskopu Qorazd Matey Pavlik güllələndi. Sentyabrın 27-də Çex Pravoslav Kilsəsinin fəaliyyəti qadağan edildi, əmlakı müsadirə edildi, ruhanilər həbs edildi.[44] Xeyli sayda həbs edilmiş Müqavimət üzvləri, onların ailələri və rəğbət bəsləyənləri də güllələndi. Gestaponun hesabatlarından birində 1331 nəfərin, o cümlədən 201 qadının edam edilməsindən bəhs edilir.[29] Öldürülənlər arasında paraşütçülərə sığınacaq verən Müqavimət üzvləri Mariya Moravcova (1898–1942) da vardı. O, 17 iyunda həbs edilərkən intihar etdi. əri Alois Moravec (1887–1942) və oğlu Vlastimil ("Atya") Moravec (1921–1942) də güllələndilər.[9]
Siyasi nəticələri
redaktə"Antropoid" əməliyyatı paraşütçülərin ölümü ilə başa çatdı. Nasistlərin keçirdiyi cəza tədbirləri nəticəsində dinc əhali arasında kütləvi itkilərə səbəb olub. Bu itkilər Müqavimət hərəkatına da ciddi zərbə vurdu. Onlarla gizli özək aşkar edilib məhv edildi. Hətta Müqavimət hərəkatına gizli dəstək verən Çex Pravoslav Kilsəsi bağlandı. Əmlakı müsadirə edildi, ruhanilər represiyalara məruz qaldı, lakin bütün bunlara baxmayaraq aksiyanın siyasi cəhətdən müsbət tərəfləri də oldu. Əməliyyat Müqavimətin fəallığını nümayiş etdirdi. Mühacirətdə olan Çexoslovakiya hökumətinin nüfuzunu xeyli gücləndirdi və mühüm siyasi qərarların qəbulu üçün katalizator rolunu oynadı.
1942-ci il avqustun 5-də Böyük Britaniyanın xarici işlər naziri Entoni İden Çexoslovakiyanın xarici işlər naziri Yan Masarikə Münhen sazişini rəsmən etibarsız sayan məktub göndərdi. 29 sentyabr 1942-ci ildə Yan Masarik fransız generalı Şarl de Qoll və Çexoslovakiyanın baş naziri Yan Şramekin iştirakı ilə Fransa Milli Assambleyasının oxşar rəsmi bəyanatını imzaladı.[9] Beləliklə, Antropoid əməliyyatı müharibədən sonrakı Çexoslovakiyanın vahid və suveren Avropa dövləti kimi dirçəlişini böyük ölçüdə əvvəlcədən müəyyənləşdirdi. Bu, həm də Edvard Beneşin prezidentliyə qayıtması yolunda mühüm addım oldu.[45]
Xatirəsi
redaktəAntropoid əməliyyatı Çexoslovakiya Müqavimətinin ən məşhur aksiyası hesab olunur. Nasist Almaniyasında sui-qəsdin birinci ildönümündə Heydrixin ölüm dərhal sonra üzündən mumyalanmış maskasının təsviri olan poçt markası buraxıldı. Onun büstü Kobiliski döngəsində ucaldıldı. Bu büst 1945-ci ildə Praqanın azad edilməsindən sonra dağıdıldı.
1948-ci ildən 1989-cu ilin Məxməri İnqilabına qədər Çexoslovakiyada sürgündə olan Çexoslovakiya hökumətinin fəaliyyətinə rəsmi olaraq mənfi münasibət hökm sürürdü. Bu səbəbdən Kommunist rejimi onların diversiya əməliyyatlarını qeyd etməməyə çalışırdılar. 2013-cü ildə "Heydrix" və "Həyat kimə, ölüm kimə" kitablarının müəllifi, çex tarixçisi Yaroslav Çvankara bu haqda yazırdı:
Kommunist rejimində, xüsusən də 1950-ci illərdə sui-qəsddən böyük nifrətlə danışılırdı. Paraşütçüləri imperializmin agentləri adlandırırdılar. Heydrixiada hadisələrini bu mənada təqdim edən bir neçə kitab nəşr olunmuşdu. İnsanlar bu kitabları oxuyurdular və bu, onların beynində ilişib qalırdı. Yalnız son 20 ildə çexlər paraşütçülərin qəhrəman olduğuna şübhə etməyi dayandırdılar. |
1990-cı illərin əvvəllərindən başlayaraq dəfələrlə Heydrix üçün ölümcül dönüşdə paraşütçülərin xatirəsini əbədiləşdirmək cəhdləri edilirdi. 2007-ci ildə bitişik binalardan birində bir qrup vətənpərvər "Çex siyasətçilərindən fərqli olaraq vətənpərvərlər unutmurlar" yazısı olan lövhə quraşdırdılar. Məhz 27 may 2009-cu ildə saat 10:35-də Praqada sui-qəsd cəhdinin olduğu yerdə "Antropoid Əməliyyat Memorialı"nın təntənəli açılışı oldu.[46] Memorialın yaradılması üçün "Praqa 8" rayonunun büdcəsindən 5 milyon çex kronu ayrıldı. Abidənin alt hissəsindəki kirəmitlərə bərkidilmiş tunc lövhənin üzərindəki yazıda deyilir:
Bu yerdə 1942-ci il mayın 27-də səhər saat 10:35-də qəhrəman çexoslovak paraşütçüləri Yan Kubiş və İosif Qabçik İkinci Dünya müharibəsinin ən mühüm müqavimət hərəkətlərindən birini - hazırkı Reyx qoruyucusu Reynhard Heydrikin ləğvini həyata keçirdilər. Onlar şücaətlərinin əvəzini öz canları ilə ödəmişlər və yüzlərlə çex vətənpərvərinin köməyi olmadan heç vaxt öz missiyasını yerinə yetirə bilməzdilər”.[46] Orijinal mətn (çex.)
„Na tomto místě uskutečnili dne 27. května 1942 v 10.35 hodin hrdinní českoslovenští parašutisté Jan Kubiš a Josef Gabčík jeden z nejvýznamnějších odbojových činů druhé světové války – atentát na zastupujícího říšského protektora Reinharda Heydricha. Svůj úkol by nikdy nemohli splnit bez pomoci stovek českých vlastenců, kteří za svou statečnost zaplatili vlastními životy“ |
"Praqa 8" rayonunun hadisə yerindən bir qədər də uzaq olmayan küçəyə Yan Kubişin adı verilib. Həmçinin, onun adına Trebiçe, Pardubiçe və digər şəhərlərdə küçələr adlandırılıb. Rudikovda Yan Kubiş adı ilə xatirə lövhəsi qoyulub[47][48] və digər oxşar lövhə Praqanın Resslova küçəsindəki kilsədə asılıb.
Dolnja Vilemoviçedə müharibə qurbanlarına abidə ucaldılıb. Burada Kubişin də adı var. Orada da xatirə lövhəsi qoyulub, kiçik muzey təşkil edilib. Yeni ekspozisiya açmaq üçün 79 nömrəli ev fəal şəkildə bərpa olunur. Yanın doğma kəndində xatirə lövhəsi ucaldılmış, xatirə abidəsi açılıb.[49][50]
Onun şəxsi əşyaları və paraşütçülərin bəzi əşyaları Müqəddəs Kiril və Mefodi kilsəsində Milli Qəhrəmanlar Memorialına daxil edilmiş Zizkov Hərbi Muzeyində sərgilənir.
1992-ci ildə Çexiya Postu Antropoid əməliyyatına həsr olunmuş Qabçik və Kubişin portretləri olan poçt markası buraxıb.[51]
2010-cu ildə Kiril və Mefodiy Praqa Pravoslav Katedralında 1995-ci ildə açılan Yan Kubişin də olduğu yeddi çexoslovak paraşütçünün şücaətinə həsr olunmuş ekspozisiya yeniləndi.[52]
26 may 2017-ci ildə Antropoid əməliyyatının uğurla başa çatmasının 75-ci ildönümü ilə əlaqədar Slovakiya Prezidenti Andrey Kiska Yozef Qabçikə general-mayor hərbi rütbəsi (ölümündən sonra) verdi. Qabçik bundan əvvəl briqada generalı rütbəsi daşıyırdı. Prezidendən yüksək mükafatı Yozef Qabçikin böyük qardaşının nəvəsi Katarina Tomçikova qəbul etdi.[53] Slovakiya Prezidenti həmçinin çexiyalı həmkarı Miloş Zemana Antropoid əməliyyatında iştirak etmiş desantçılara ölümdən sonra yüksək hərbi rütbələr verməklə birgə qeyd etməyi təklif etsə də, bu təşəbbüs Çexiya tərəfindən dəstəklənmədi.[54]
2017-ci ilin may ayında Çexiya Poçtu Antropoid əməliyyatına həsr olunmuş kuponlarla xüsusi xatirə möhür vərəqi (blok) buraxdı. Burada paraşütçülərin endiyi Britaniya təyyarəsi "Handley Page Halifax", Heydrixin partladılmış avtomobili, Qabçikin "STEN" avtomatı, Kubişin qumbarası, Kiril və Mefodiy Praqa Katedralının güllələnmiş pəncərələri və faşistlər tərəfindən dağıdılmış Lidice kəndinin — simvolları gül və tikan təsvir edilmişdir. Marka vərəqinin müəllifi rəssam Karel Zemandır. Tirajı 45.000 ədəd olub.[51]
24 may 2017-ci ildə Çexiya Milli Bankı 200 CZK nominalında (diametri 31 mm, çəkisi 13 q) xatirə gümüş sikkəsini dövriyyəyə buraxdı. Sikkənin üz hissəsində "ČESKÁ REPUBLIKA" və "200 Kč" yazıları olan Heydrixin partlayış nəticəsində zədələnmiş avtomobilinin bir hissəsi təsvir edilib. Sikkənin arxa tərəfində Kiril və Mefodiyin kilsəsinin güllə ilə deşik-deşik pəncərəsi və hücumçuların köməyi ilə zirzəmiyə su vurulan yanğın şlanqları təsvir olunub. Arxa tərəfin aşağı hissəsində "OPERACE ANTHROPOID", "1942–2017" yazıları və sikkənin tərtibatçısı İrena Hradetskayanın baş hərfləri – iç-içə "I" və "H" hərfləri əks edilib.[55]
Antropoid əməliyyatı mədəniyyətdə
redaktəBədii əsərlər
redaktəİrji Veylin 1959-cu ildə yazdığı "Mendelssohn on the Roof" kitabında Reynhard Heydrixin sui-qəsdindən bəhs edilir.
Antropoid əməliyyatının hekayəsi 1976-cı ildə Jan Saudek və Kaja Saudek qardaşları tərəfindən yaradılmış Atentát (Sui-qəsd) adlı qısa çex komiksində əksini tapıb. O, 1976-cı ildə Polşanın Relax komiks jurnalında Zamax (Sui-qəsd) adı ilə dərc olunub.
Harri Turtledovun alternativ tarix romanı "Dəmir Ürəkli Adam" Heydrixin 1942-ci ildə sui-qəsd cəhdindən sağ çıxması və Vervolfdan (nasisit partizan hərəkatı) istifadə edərək müharibədən sonrakı üsyan hərəkatna rəhbərlik etməsi fərziyyəsinə əsaslanır.
Jiri Sulcun "İmperiyaya Qarşı İki Adam" romanı (Dva proti Říši) sui-qəsddən çox əvvəl baş verən hadisələri, sui-qəsdin özünü, onun nəticələrini və Çex müqavimətinin və Protektorata göndərilmiş paraşütçülərin həyatına ətraflı nəzər salır.
Bədii filmlər
redaktəHeydrixə qarşı sui-qəsd cəhdi hadisələri əsasında ABŞ-da, SSRİ-də, Çexoslovakiyada, Fransada, Belçikada və İngiltərədə bir neçə bədii film çəkilib. İlk bədii filmlər hadisədən bir il keçdikdən sonra artıq ekranlara çıxmışdı.
- "Cəlladlar da ölür" (1943, ABŞ)
- "Hitlerin Dəlisi" (1943, ABŞ)
- "Sui-qəsd" (1964, Çexoslovakiya)
- Sokolovo (1974, SSRİ, Çexoslovakiya)
- "Sübh əməliyyatı" (1975, ABŞ, Çexoslovakiya, Yuqoslaviya) Alan Burqessin "Sübh yeddisi" kitabı əsasında
- "Lidice" (2011, Çexiya)
- Antropoid (2016, Böyük Britaniya, Çexiya, Fransa)
- "Himmlerin Beyni Heydrix adlandırılır" (2017, Fransa, Belçika)
Musiqi əsərləri
redaktə- Slayer qrupunun "Divine Intervention" albomundan "SS-3" mahnısı
- Yan Vychitalın ifasında "Battledress" mahnısı
- Epydemye folklor qrupunun ifasında "Nová Hlína" mahnısı
- Celková Impotence ifasında "Nikdy se nevzdáme" mahnısı
Qalereya
redaktəMüqəddəs Kiril və Mefodi Katedrali çexoslovak paraşütçülərin həlak olduğu yerdir. Orada antropoid əməliyyatına cavab olaraq SS tərəfindən öldürülənlərin xatirəsinə abidə qoyulub.
-
Ortodoks Müqəddəs Kiril və Mefodi kilsəsi
-
Kilsənin qapısının xaricində xatirə şəkli
-
Heydrixin qatillərindən biri Yosef Valçik üçün mükafat posteri
-
Çavuş Yan Hrubi Müqəddəs Kiril və Mefodi kilsəsində alman qoşunları ilə döyüşdə həlak olub.
-
Müqəddəs Kiril və Mefodi kilsəsində xatirə memorialı
-
Yozef Qabçikin Londonda çəkdirdiyi foto, 1941-ci il
-
Yozef Qabçik və yoldaşlarının öldüyü Praqadakı Kiril və Mefodiy kilsəsinin güllə ilə güllə-baran edilmiş havalandırma pəncərəsi
-
Praqadakı Kiril və Mefodiy kafedralında Yan Kubişin qoyulmuş büstü
-
Rudikovda divara vurulmuş Yan Kubişin xatirə lövhəsi
-
Nasistlərin intiqam almaq üçün Lidiçe kəndində qətlə yetirdikləri 82 uşağa qoyulmuş abidə
-
Lidiçedə dağıdılmış evlər
-
Müqəddəs Kiril və Mefodi kilsəsində xatirə lövhəsi
-
Yan Kubiş və Yozef Valçikin qohumları və onların yoldaşları. Mauthauzendə ümumilikdə 294 nəfər (262 nəfər 24 oktyabr 1942-ci ildə, 31 nəfər 26 yanvar 1943-cü ildə və sonuncusu 3 fevral 1944-cü ildə) edam edilib.[56]
-
Nehvizdi qəsəbəsində Kubiş və Qabçikin xatirəsinə qoyulmuş abidə
-
1942-ci ilin may və iyun aylarında 500-dən çox çexin edam edildiyi Praqadakı Kobylisi atıcılıq poliqonunda qurbanların adları olan xatirə lövhələri
-
Şotlandiyanın qərbindəki Arisayqda Çexoslovakiya hərbçilərinin xatirə abidəsi
İstinadlar
redaktə- ↑ Browning i, Christopher. The Origins of the Final Solution: The Evolution of Nazi Jewish Policy, September 1939 – March 1942. en:University of Nebraska Press. 2007.
- ↑ McNab, 2009. səh. 41, 158–161
- ↑ "Heydrich Is Dead; Czech Toll At 178," pg 1, The New York Times, 5 June 1942.
- ↑ Burian, 2002. səh. 31
- ↑ Longerich, 2012. səh. 469, 470
- ↑ Williams, 2003. səh. 82
- ↑ 1 2 Ru:Хёне, Хайнц. Глава 15. СС и немецкое движение сопротивления // Черный орден СС. История охранных отрядов. Москва: Олма-Пресс. 2003 [The Order Of The Death's Head: The Story Of Hitler's SS]. ISBN 5-224-03843-X.
- ↑ 1 2 3 Jaggers, R. C. "The Assassination of Reinhard Heydrich". CIA. 1993-09-22. 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 Burian, 2002
- ↑ Платошкин, 2016
- ↑ Stehlík, Eduard. "SOE a příprava atentátu na Reinharda Heydricha. P. 15" (PDF). Paměť a dějiny. 2012-05. 2019-11-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-17.
- ↑ Mastný, 1971
- ↑ 1 2 3 Steven Lehrer. Wannsee house and the Holocaust. McFarland. 2000. 84. ISBN 9780786407927.
- ↑ Чеканова, А. "Памятник операции "Антропоид": лучше поздно, чем никогда". Ru:Радио Прага. 2009-05-27. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-21.
- ↑ J. Bowyer Bell, Irving Louis Horowitz. Assassin: theory and practice of political violence. Transaction Publishers. 2005. 100. ISBN 9781412805094.
- ↑ 1 2 3 4 5 6 7 Иванов, 1988
- ↑ Хогг, Ян. Пистолеты-пулемёты. М., ЭКСМО-Пресс, 2001. Стр. 29.
- ↑ Gazdík, Jan. "Proč výsadkář Gabčík nevystřelil? Archiv konečně vydal důkaz". Aktualne.cz. 2015-05-24. 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
- ↑ 1 2 3 "Unikátní fotografie z vyšetřování atentátu na Heydricha. Náčrt místa činu. Měřítko 1:200". Аktualne.cz. 2013-06-18. 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-08.
- ↑ "Unikátní fotografie z vyšetřování atentátu na Heydricha. Náčrt místa činu2. Měřítko 1:200". Аktualne.cz. 2013-06-18. 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-09.
- ↑ 1 2 3 4 Defalque, январь 2009
- ↑ Defalgue, Ray J., Wright, Amos J. The Puzzling Death of Reinhard Heydrich (PDF) // Bulletin of Anesthesia History . 27 (1). январь 2009.
- ↑ Williams, 2003. səh. 165
- ↑ Höhne, 2000. səh. 495
- ↑ Defalgue, Ray J., Wright, Amos J. The Puzzling Death of Reinhard Heydrich (PDF). . 27 (1). Bulletin of Anesthesia History. январь 2009.
- ↑ W. Seth Carus, Center for Counterproliferation Research, National Defense University. Bioterrorism and biocrimes: the illicit use of biological agents since 1900. The Minerva Group, Inc. 2002. 89. ISBN 9781410100238.
- ↑ Mitscherlich, Alexander, Mielke, Fred. Medizin ohne Menschlichkeit: Dokumente des Nürnberger Ärzteprozesses, 16. Aufl., Heidelberg: Fischer 2004.
- ↑ Вашкова, Л. "Чех и словак, убившие Гейдриха". Ru:Radio Praha. Русская служба. 2019-05-27. 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-24.
- ↑ 1 2 Ширер, У. Смерть Гейдриха и уничтожение Лидице // Взлёт и падение Третьего рейха. 2. М: Захаров. 2009. səh. 704. ISBN 978-5-8159-0922-9.
- ↑ Gerwarth, 2011. səh. 280
- ↑ Ширер, Уильям. Смерть Гейдриха и уничтожение Лидице // Взлёт и падение Третьего рейха. 2. М: Захаров. 2009. səh. 704. ISBN 978-5-8159-0922-9.
- ↑ Ширер, У. Смерть Гейдриха и уничтожение Лидице // Взлёт и падение Третьего рейха. 2. М: Захаров. 2009 [The Rise and Fall of the Third Reich]. 490–491. ISBN 978-5-8159-0922-9.
- ↑ Oswald, Werner. Deutsche Autos 1920–1945, Band (vol) 2. Motorbuch Verlag. 2001, P. 261. ISBN 3-613-02170-6.
- ↑ "Výklad firmy Baťa, kde nacisté po atentátu vystavili věci patřící atentátníkům". Lidovky.cz. 2012-05-25. 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
- ↑ "Výklad na Václavském náměstí, v němž byly vystavené věci (kolo, plášť, aktovka, čepice), které zůstaly na místě atentátu na říšského protektora". Lidovky.cz. 2012-05-25. 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
- ↑ «Achtung, achtung!» Немецкий агитационный фильм 1942 года (NFA).
- ↑ Gazdík, Jan. "Nacistická klišé o atentátu bohužel dodnes fungují, říká o "vraždě" Reinharda Heydricha historik". Aktualne.cz. 2017-06-15. 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
- ↑ Cowdery, Ray R.; Vodenka, Peter. Reinhard Heydrich: Assassination. Lakeville, MN: Victory WW2 Publishing Ltd. 1994. ISBN 978-0-91066-7-425.
- ↑ McDonald, Callum. The Killing of Reinhard Heydrich: The SS Butcher of Prague. New York City: Da Capo. 1989. 239. ISBN 978-0-306-80860-9. OCLC 722860441.
- ↑ "Foto vypreparovaných lebek Adolfa Opálky a jeho druhů". Encyklopedie.brna.cz. 2010-09-25. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
- ↑ Васинкевич, О. "Без Silver A не было бы покушения на Гейдриха". Ru:Radio Praha. Русская служба. 2018-04-04. 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
- ↑ Каймаков, А., Чевелова, М. "Лежаки". Ru:Radio Praha. Русская служба. 2002-06-24. 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
- ↑ Jan Kubiš Arxivləşdirilib 2012-11-02 at the Wayback Machine, obec Dolní Vilémovice
- ↑ Бурега, В. "Православная Церковь Чешских земель и Словакии". 2009-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-26.
- ↑ Туречкова, Эва. "Эдвард Бенеш — лидер-прагматик". Ru:Radio Praha. Русская служба. 2018-09-03. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-15.
- ↑ 1 2 Чеканова, А. "Памятник операции "Антропоид": лучше поздно, чем никогда". Ru:Radio Praha. 2009-05-27. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-26.
- ↑ Stalo se tenkrat Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine Rudíkov
- ↑ Spolek pro vojenská a pietní místa: Rudíkov Arxivləşdirilib 2007-08-21 at the Wayback Machine
- ↑ Dolní Vilémovice veřejná sbírka Arxivləşdirilib 2012-06-09 at the Wayback Machine, citováno 12. května 2012
- ↑ Spolek pro vojevská a pietní místa: Dolní Vilémovice Arxivləşdirilib 2007-08-21 at the Wayback Machine, Jan Kubiš Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- ↑ 1 2 Каймаков, А. "Марка к 75-летию операции "Антропоид"". Ru:Radio Praha. Русская служба. 2017-05-17. 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-10.
- ↑ Каймаков, А. "Открыта новая экспозиция, посвященная подвигу чехословацких парашютистов, совершивших покушение на Гейдриха". Ru:Radio Praha. Русская служба. 2010-02-06. 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
- ↑ "Президент повысил Йозефа Габчика в звании до генерал-майора". Сайт президента Словацкой Республики. 2017-05-27. 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-10.
- ↑ Айзпурвит, К. "Пражский Град отверг инициативу Братиславы совместно отметить участников покушения на Гейдриха". en:Radio Praha. Русская служба. 2017-06-05. 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-08.
- ↑ "Commemorative silver coin to mark the 75th anniversary of Operation Anthropoid". Ru:Чешский национальный банк. 2017-05-24. 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.
- ↑ "List of people executed in Mauthausen-Gusen concentration camp". Fronta.cz. 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.
Ədəbiyyat
redaktə- Burian, Michal. "Assassination — Operation Anthropoid, 1941–1942" (PDF). en:Ministry of Defence of the Czech Republic. 2002. İstifadə tarixi: 20 May 2010.
- Dederichs, Mario R. Heydrich: The Face of Evil. Drexel Hill, PA: Casemate. 2009 [2005]. ISBN 978-1-935149-12-5.
- Harris, Robert; Paxman, Jeremy. A Higher Form of Killing: The Secret History of Chemical and Biological Warfare. London: en:Chatto & Windus. 1982. chapter 4, pp. 70–108. ISBN 978-0-8129-6653-4. OCLC 8261705.
- Höhne, Heinz. The Order of the Death's Head: The Story of Hitler's SS. London: Penguin. 2000 [1969]. ISBN 978-0-14-139012-3.
- Ivanov, Miroslav. The Assassination of Heydrich: 27 May 1942. London: Hart-Davis, MacGibbon. 1973. ISBN 978-0-246-10564-6.
- Jaggers, R. C. "The Assassination of Reinhard Heydrich". en:Central Intelligence Agency. 8 May 2007. 9 January 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 July 2019.
- Lehrer, Steven. Wannsee House and the Holocaust. Jefferson, NC: McFarland. 2000. ISBN 978-0-7864-0792-7.
- Longerich, Peter. Heinrich Himmler: A Life. Oxford; New York: Oxford University Press. 2012. ISBN 978-0-19-959232-6.
- MacDonald, Callum. The Killing of Reinhard Heydrich: The SS 'Butcher of Prague'. New York: Da Capo Press. 1998 [1989]. ISBN 978-0-306-80860-9.
- Mastný, Vojtěch. The Czechs Under Nazi Rule: The Failure of National Resistance, 1939–1942. New York: Columbia University Press. 1971. ISBN 0-231-03303-6.
- McNab, Chris. The SS: 1923–1945. London: Amber Books. 2009. ISBN 978-1-906626-48-8.
- Milton, Giles. The Ministry of Ungentlemanly Warfare. John Murray. 2016. ISBN 978-1-444-79895-1.
- Turner, Des. SOE's Secret Weapons Centre: Station 12. The History Press. 2011. ISBN 978-0-7524-5944-8.
- Williams, Max. Reinhard Heydrich: The Biography, Volume 2—Enigma. Church Stretton: Ulric Publishing. 2003. ISBN 978-0-9537577-6-3.
- Wiener, Jan G. The Assassination of Heydrich. en:Gerald Hausman (Epilogue), en:William L. Shirer (Introduction). New York: Irie Books. 2012 [1969 (en:Grossman Publishers)]. ISBN 978-1-61720-372-5. OCLC 247895.
- Гамшик, Душан, Пражак, Иржи. Бомба для Гейдриха. Документальная повесть. М.: Политиздат. 1965.
- Mastný, Vojtěch. The Czechs Under Nazi Rule: The Failure of National Resistance, 1939–1942. New York: Columbia University Press. 1971. ISBN 0-231-03303-6. (ing.)
- Иванов, Мирослав. Покушение на Гейдриха. Свидетельства, факты, документы. М.: Международные отношения. 1988. ISBN 5-7133-0145-1.
- Burian, Michal; və b. Assassination. Operation Anthropoid, 1941-1942 (PDF). Prague: Ministry of Defence of the Czech Republic - AVIS. 2002. ISBN 8072781588. (#explicit_et_al) (ing.)
- Šulc, Jiří. . Prague: Euromedia Group — Knižní klub. 2007. ISBN 978-80-242-1935-6. (çex.)
- Defalque, Ray J., Wright, Amos J. The Puzzling Death of Reinhard Heydrich (PDF) // Bulletin of Anesthesia History . 27 (1). январь 2009. 2018-03-22 tarixində arxivləşdirilib (PDF). (ing.)
- Šustek, Vojtěch. Atentát na Reinharda Heydricha a druhé stanné právo na území tzv. protektorátu Čechy a Morava.Edice historických dokumentů. Svazek 1. Praha: Scriptorium. 2012. ISBN 978-80-86852-42-3. (çex.)
- Ru:Бине, Лоран. HHhH. Роман. М.: Фантом Пресс. 2016. ISBN 978-5-86471-701-1.
- Платошкин Н.Н. Весна и осень чехословацкого социализма. Чехословакия в 1938-1968 гг. В 2 частях. Часть 1. Весна чехословацкого социализма. 1938–1948 гг. М.: Университет Дмитрия Пожарского. 2016. ISBN 978-5-91244-119-6.
Xarici keçidlər
redaktə- National Memorial to the Heroes of the Heydrich Terror
- Radio Prague: Czechs in World War II
- Radio Prague: Exhibitions mark 60th anniversary of assassination of Nazi governor Heydrich
- Operation Anthropoid at Everything2
- Czechs in Exile website
- Exhibition on Operation Anthropoid at the Slovak Nation Museum
- The Prague Daily Monitor: Experts find wartime paratroopers' grave
- RCAHMS record for Arisaig memorial
- Highland HER entry for Arisaig memorial
- "Фотогалерея: архивные фотографии расследования покушения на Гейдриха". 2018-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23. (çex.)
- 3D-анимация покушения на Гейдриха Arxiv surəti 21 yanvar 2018 tarixindən Wayback Machine saytında (çex.)
- Виртуальная экскурсия по крипте и нефу собора Святых Кирилла и Мефодия в Праге Arxiv surəti 2 sentyabr 2021 tarixindən Wayback Machine saytında (çex.)
- «Achtung, achtung!» Немецкий агитационный фильм об уликах с места покушения на Гейдриха (май-июнь 1942 года, 273 сек., NFA) (alm.) (çex.)
- «Atentát na Reinharda Heydricha» Короткометражный видеофильм с реконструкцией покушения на Гейдриха, 252 сек. (çex.)