Aqsin Bagirov - Wikipedia
Aqşin Bağırov (Bağırov Aqşin Böyükağa oğlu; d. 6 iyun, 1953. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. 1 nömrəli Moskva ortopediya və travmatologiya klinikasının rəhbəri.
Aqşin Bağırov | |
---|---|
Bağırov Aqşin Böyükağa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları | “Avro-2002” qızıl medalı |
Həyatı
redaktəBağırov Aqşin Böyükağa oğlu 1953-cü il iyunun 6-da Bakı şəhərində doğulub. 1970-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olunub. 1976–1977-ci illərdə Zabaykalye dəmir yolunun Beloqorsk bölmə xəstəxanasında internatura keçib. 1978–1980-ci illərdə Sumqayıt şəhərində təcili tibbi yardım xəstəxanasında travmatoloq- həkim vəzifəsində çalışıb. 1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təyinat alıb.
A. Bağırov 1982-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutuna (MTOİ) göndərilib. 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qayıdıb. 1988-ci ildə Səhiyyə Nazirliyinin qərarına əsasən A. Bağırov MTOİ-yə doktoranturaya göndərilib. Orada apardığı elmi işlərin nəticəsinə görə "Aşağı ətrafların uzun sümüklərinin daxili və oynaqətrafı sınıqları, deformasiyaya uğrayan artrozun profilaktikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.[1]
A. Bağırov 1993-cü ildə Bakıya qayıdıb, 5 il ərzində şöbə rəhbərindən elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yol keçdiyi Travmatologiya və Ortopediya İnstitutunda işləyib. O, 1994-cü ildə travmatologiya üzrə mütəxəssislər arasında seminar məşğələlər aparmaq üçün Londona dəvət olunub. 1998-ci ildə İsveçrədə ixtisasartırma kursu keçib. 1998-ci ildə Moskva şəhərinə qayıdan A. Bağırov Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin 1 nömrəli klinik xəstəxanasının travmatologiya-ortopediya bölməsinin müdiri vəzifəsinə təyin edilib. Lyublinoda 1 nömrəli Moskva Ortopediya və Travmatologiya Klinikasının tikilməsi barədə qərar qəbul olunanadək burada çalışıb. MTOİ klinik bazasının rəhbəri, Moskva Aviasiya İnstitutunun materiallar texnologiyaları kafedrasının professoru olub.
A. Bağırov 2010-cu ildən 1 nömrəli Moskva Ortopediya və Travmatologiya Klinikasının rəhbəridir. Klinika ayaq əyriliyinin düzəldilməsi, baldır və budun uzadılması yolu ilə boyun artırılması, pəncə deformasiyasının müalicəsi, uşaqların sümük inkişafında qüsurların aradan qaldırılması, ətraf sümüklərin ağır və mürəkkəb sınıqlarının və digər ortopedik xəstəliklərin müalicəsi ilə məşğuldur.
A. Bağırov 7 ixtiranın, 5 yeniliyin və 2 patentin müəllifidir, 36-dan çox elmi işi dərc olunub. Onun rəhbərliyi ilə 2 namizədlik dissertasiyası müdafiə edilib. Beynəlxalq Aqrar Təhsil Akademiyasının həqiqi üzvü, bir çox beynəlxalq konfransın iştirakçısı olan Aqşin Böyükağa oğlu Bağırov Belçikadakı sərgidə tibb sahəsində uğurlarına görə "Avro-2002" qızıl medalı ilə təltif edilib.
İstinadlar
redaktə- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.