Araz Dadaszade - Wikipedia
Araz Məmməd Arif oğlu Dadaşzadə (30 yanvar 1936, Bakı – 4 noyabr 1990, Bakı) — Azərbaycan tənqidçisi və ədəbiyyatşünası, Azərbaycan SSR əməkdar elm xadimi (1989).
Araz Dadaşzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | |
Uşağı | Qızı: Zümrüd Dadaşzadə |
Atası | Məmməd Arif |
Anası | Zümrüd Axundova |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəAraz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olmuşdur.
Araz Dadaşzadə 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin tarix fakültəsində davam etdirmiş və 1957-ci ildə bu təhsil ocağını uğurla bitirmişdir. O, 1957-1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində işləmişdir.
1960-1963-cü illərdə Respublika Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. O, 1963-1966-cı illərdə burada kiçik elmi işçi, 1968-1976-cı illərdə isə İnstitutun orta əsrlər şöbəsinin baş elmi işçisi olmuşdur.
Araz Dadaşzadənin ömrünün böyük bir hissəsi Azərbaycan Sovet Ensiklopediyasının nəşrə hazırlanması və nəşri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini işləmişdir.
A.Dadaşzadə 1988-1990-cı illərdə, yəni ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmışdır.
A.Dadaşzadə ədəbi fəaliyyətə 1956-cı ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Tərli kürəklər” kinofilminə yazdığı eyniadlı resenziya ilə başlamış, müxtəlif vaxtlarda “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi dağıdır” və s. filmlərə həsr edilmiş məqalələrin müəllifi olmuşdur.
Tədqiqatçı alim dövri və xüsusi nəşrlərdə onlarala tənqidi və elmi məqalələrini müntəzəm surətdə çap etdirmişdir. O, ədəbiyyat və kino ilə yanaşı, teatr, musiqi, təsviri sənət və digər sahələrlə əlaqədar məqalə və rəylərin müəllifidir. A.Dadaşzadə gənclik illərində hekayələr də yazmış və onların bir qismi “Azərbaycan”, “Kirpi” və bir sıra digər nəşrlərdə çap olunmuşdur.
Elmi fəaliyyəti
redaktəAraz Dadaşzadənin elmi fəaliyyəti XVIII əsr Azərbaycan poeziyası və xüsusi olaraq M.P.Vaqifin həyat və yaradıcılığı ilə bağlıdır.
O, 1964-cü ildə “M.P.Vaqifin yaradıcılığı” mövzusunda namizədlik, 1977-ci ildə isə “XVIII əsr Azərbaycan lirikası (ideya-tematik və sənətkarlıq xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. A.Dadaşzadənin XVIII əsr Azərbaycan ədəbiyyatının tədqiqində böyük xidmətləri vardır.
Alim “Molla Pənah Vaqif (həyat və yaradıcılığı)” (1966), “Певец жизни (Vaqif haqqında düşüncələr)” (1968), “XVIII əsr Azərbaycan lirikası” (1980), “Поэзия добра и красоты” (1986) kitablarının müəllifidir. Onun 1968-ci ildə M.P.Vaqifin anadan olmasının 250 illiyi ilə əlaqədar yazdığı “Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk)” kitabçası Azərbaycan, ingilis, fransız, türk, ərəb, fars, rus dillərində çap edilmişdir.
Moskvada çıxan “Вопросы литературы” jurnalı (1967, № 7) A.Dadaşzadənin “Molla Pənah Vaqif (həyat və yaradıcılığı)” əsərini belə qiymətləndirmişdir: “Monoqrafiya Vaqif poeziyasının mürəkkəb problemlərinin işıqlandırılması, onun Azərbaycan ədəbiyyatı tarixində elmi cəhətdən obyektiv qiymətinin müəyyənləşdirilməsi baxımından böyük maraq doğurur. Şübhəsiz, bu vaxtadək Vaqifin yaradıcılığını ehtiva edən belə sanballı əsər yazılmamışdır” [1].
Filologiya elmləri doktoru Cavanşir Yusifli alimin tədqiqatlarının məziyyətləri haqqında yazır: “ Araz Dadaşzadənin təhlillərində poetik sistem -Vaqifin, yaxud XVIII əsrdə yazıb-yaratmış bir şairin poetikası elə bir mövqedən təhlil edilir ki, hər bir sözün, ifadə və deyimin ümumi kontekstdəki "tarixçəsi", dolayısı ilə ədəbi prosesin "kardioqramması" həqiqətə yaxın bir durumda ortaya çıxır. A.Dadaşzadənin elmi təfsirində "metafor boşluqları" yoxdur, yəni tədqiqatçı ciddiliyi bir an belə əldən vermir, müəyyən konsepsiyanın sahibi kimi əda göstərmir, sadəcə məlum fikirlərin sırasında özünü ifadə edir” [2].
Yaradıcılıq
redaktəAraz Dadaşzadə “Böyük türkmən şairi Məxdumqulu” (1960), “Aşıq Qurbani, 55 şeir” (1972), “Aşıq Abbas Tufarqanlı, 72 şeir” (1973) və digər kitabların ön söz müəllifi və tərtibçisidir. Onun “Historie de la litte’rature azerbaidjanaise” (“Azərbaycan ədəbiyyatının tarixi”) məqaləsi M.Quluzadə ilə birlikdə) Parisdə “Bedi Kartlisa, revue de kartvelogie” jurnalının bir neçə nömrəsində (1971-1974-cü illər) çap olunmuşdur.
O, “Sovet Şərqi xalqlarının ədəbiyyatlarında realizm problemləri” ümumittifaq müşavirəsində (Bakı, 1972), Azərbaycan yazıçılarının qurultaylarında və digər elmi-ədəbi tədbirlərdə dəfələrlə problem məruzələrlə çıxış etmişdir.
Araz Dadaşzadə “Odlar yurdu” bədii filminin, diafilm və sənədli filmlərin ssenari müəllifidir. Onun ssenari müəllifi olduğu “Tülkiyə uyduqda” kukla multfilmi (1972, rejissor: M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.
Ədəbiyyatşünas alim Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Azərbaycan ədəbiyyatı teleantologiyası”, “Sovet poeziyasının teleantologiyası” və digər verilişlərin aparıcısı olmuşdur. Onun televiziya və radio verilişlərində çıxışlarının, habelə “Salman Mümtaz” məqaləsinin (“Fikrin karvanı” kitabı, “Yazıçı” nəşriyyatı, 1984) repressiyalar qurbanı, görkəmli ədəbiyyatşünas Salman Mümtazın ictimaiyyətə tanıtdırılması işində rolu az olmamışdır.
Araz Dadaşzadə, R.Taqorun “Bağban” əsərini (1961, Anarla birlikdə) və S.A.Tolstayanın “Mənim həyatım” kitabını (1981) Azərbaycan dilinə tərcümə etmişdir.
Araz Dadaşzadənin “Yaramazlığı sarsıdan gülüş” adlı son məqaləsi Sabit Rəhmanın yaradıcılığına həsr edilmiş və 1990-cı ilin noyabrında, yəni müəllif artıq vəfat etdikdən sonra “Bakinski raboçi” qəzetində çap olunmuşdur.
Araz Dadaşzadə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin və elmi-redaksiya şurasının (1976-1990), Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının (1976-1990), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin (1977-1982) üzvü olmuşdur.
1989-cu ildə Araz Dadaşzadəyə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.
Araz Dadaşzadə 1990-cı il noyabrın 2-də vəfat etmiş və Bakıda, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Övladları – oğlu Aqşin Dadaşzadə (1960) filologiya üzrə fəlsəfə doktoru, qızı Zümrüd Dadaşzadə (1962) Ü.Hacıbəyli adına BMA-nın professoru, Əməkdar İncəsənət Xadimidir.
Əsərləri
redaktə- Molla Pənah Vaqif (həyat və yaradıcılığı). Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1966, 190 səh.
- Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk). Bakı: Azərnəşr, 1968, 36 səh.
- Həyat müğənnisi. Bakı: Azərbaycan EA nəşri, 1968, 140 səh.
- XVIII əsr Azərbaycan lirikası. Bakı: Elm. 1980, 227 səh.
- Xeyirxahlıq və gözəllik poeziyası. Bakı: Yazıçı, 1986, 206 səh.
Tərcümələri
redaktə(ruscadan)
- R.Taqor. Bağban. Bakı: Azərnəşr, 1961, 55 səh.
- A.Tolstoy. Mənim həyatım. Bakı: Azərnəşr, 1981, 219, səh.
İstinadlar
redaktə- ↑ http: Arazımız. Hekayələr, məqalələr, xatirələr (Tərtib edənlər: Zümrüd və Aqşin Dadaşzadələr). Bakı: “Azərbaycan Ensiklopediyası” NPB, 1997. -157 s.
- ↑ http://Yusifli[ölü keçid] C. Ədəbiyyat məcmuəsi. AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun əsərləri. Xüsusi buraxılış, XXV cild. Bakı, 2013 .- s.244-245).