Ardzaqank Qezet - Wikipedia
"Ardzaqank" (erm. Արձագանք — Əks-səda) — 1882–1898-ci illərdə Tbilisidə nəşr edilmiş ədəbi-siyasi erməni qəzeti. Mühərriri (redaktoru) və naşiri Abkar Hovannesyan olmuşdur.
Ardzaqank | |
---|---|
Növ | siyasi və ədəbi qəzet |
Baş redaktor | Abkar Hovannesyan |
Yaranma tarixi | 1882 |
Dil | erməni dili |
Nəşrini dayandırıb | 1898[1] |
Baş ofis | |
Ünvan | Tbilisi |
Ölkə |
Haqqında
redaktəİlk nömrəsi 1882-ci ildə işıq üzü görmüşdür. 1889-cu ilə qədər həftəlik ədəbi-siyasi qəzet, 1890–1891-ci illərdə həftəlik illustrasiyalı ədəbi-siyasi qəzet olmuşdur. 28 iyul 1891-ci il tarixli nömrəsindən yenidən həftədə bir dəfə çıxan ədəbi-siyasi qəzet, 1892-ci ildən həftədə 3 dəfə çıxan ədəbi-siyasi qəzet olmuşdur. 1898-ci ildə "təhlükəli fikirlər yaydığına görə" Qafqaz hakimi knyaz Q.S.Qalitsinin əmri ilə nəşri dayandırılmışdır.
Fəaliyyəti
redaktə"Ardzaqank" qəzeti XIX əsrin ikinci yarısında erməni ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Qəzetdə Rafael Patkanyan, Raffi, Aleksandr Şirvanzadə, Muratsan, Vrtanes Papazyan, Qabriel Sundukyan, Hovannes Hovanesyan, Hakob Paronyan, Qriqor Zöhrab, Bedros Turyan və başqa şair və yazıçıların əsərlərini çap edilmiş, rus və Avropa ədəbiyyatı nümayəndələrindən (M.Lermontov, İ.Turqenev, Şandor Petöfi, Fridrix Şiller, Zolya, Dode, Gi dö Mopassan, Qenrix İbsen və b.) tərcümələrə yer verilimiş, dil, ədəbiyyat və maarif, ədəbi nəzəriyyə və tənqid, arxeoloji və topoqrafik çalışmalar kimi mövzülar haqqında məqalələr çap edilmişdir. Qəzet tək Qafqaz yox, həm də Osmanlı imperiyasında yaşayan ermənilər haqqında tez-tez məqalələrlə çıxış etmiş, onların səsi olmuşdur.
Qəzet Qafqazda yaşayan qonşuları, xüsusilə Qafqaz türkləri, onların məişətini və ədəbiyyatını da işıqlamdırmışdır. Məsələn, 1887-ci il 25 oktyabr tarixli 39-cu nömrəsində yazırdı: "Əməkdaşımız cənab Raffi Tiflisdə fars dilində nəşr olunan "Kəşkül" qəzetinin redaktoru cənab Cəlal əfəndi Ünsizadənin iştirakı ilə bu günlərdə məşhur "Leyli və Məcnun" poemasının farscadan ermənicəyə tərcüməsinə başlamışdır. Şübhəsiz, bu, bizim tərcümə ədəbiyyatımız üçün faydalı bir təşəbbüsdür. Bu münasibətlə hörmətli tərcüməçiyə müvəffəqiyyətlər arzu edirik."[2] 1891-ci il 17 mart tarixli 3-cü nömrəsində "Mirzə Mülküm xan" sərlövhəli məqalədə Mirzə Fətəli Axundovla Mirzə Mülküm xanın dostluğu, eyni məqsəd uğrunda mübarizə aparmaları haqqında yazırdı: "Həmyerlimiz türk dramaturqu mərhum M.F.Axundov kimi Mirzə Mülküm xan da müsəlmanların işlətdiyi ərəb əlifbasının təkminləşdirilməsi ilə də məşğul olmuşdur. O, əlifbadan yeni bir əlifba tərtib etmişdir və bununla da İran şairi Sədinin "Gülüstan"ını nəşr etdirmişdir."[3]
A.Şirvanzadənin bir-birini sevən iki türk gəncin — Əsəd və Fatmanın məhəllə savaşı nəticəsində yaşadığı faciəni təsvir edən əsəri əvvəlcə Azərbaycan türkcəsində Tiflisdə nəşr olunan "Kəşkül" qəzetinin 1888-ci il 83–84-cü nömrələrində, bir neçə ay sonra isə "Şamaxı zadəganlığından qanlı bir roman" adı ilə ermənicə "Ardzaqank" qəzetində dərc olunmuşdu.[4]
Ədəbiyyat
redaktə- ԱՐՁԱԳԱՆՔ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 2, էջ 84;
- Kövsər Tarverdiyeva, Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920), Bakı: Yazıçı, 1985.
İstinadlar
redaktə- ↑ 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850-1920). Bakı: Yazıçı. 1985. səh. 10.
- ↑ Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850-1920). Bakı: Yazıçı. 1985. səh. 75.
- ↑ Qasımzadə, Həmid. Aleksandr Şirvanzadə. Bakı: Gənclik. 1971. 40–41.
Xarici keçidlər
redaktə- ԱՐՁԱԳԱՆՔ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 2, էջ 84.