Aslan Vezirov - Wikipedia
Vəzirov Aslan Fərhad oğlu (13 dekabr 1910, Zümürxan, Cavanşir qəzası – 27 iyun 1988, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (29.06.1945).[1]
Vəzirov Aslan | |
---|---|
Şəxsi məlumatlar | |
Digər adı | Aslan Fərhad bəy oğlu Vəzirov |
Doğum tarixi | 13 dekabr 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyun 1988 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu, Mühəndis Qoşunları[d] |
Rütbəsi | polkovnik, Sovet qvardiyası[d] |
Döyüşlər | |
Təltifləri |
|
Həyatı
redaktəVəzirov Aslan Fərhad oğlu 13 dekabr 1910-cu ildə Bərdə rayonunun Zümürxan kəndində mülkədar-ziyalı ailəsində doğulub[2]. Aslan Vəzirovun anası gənc qadın Ağca xanım Vəzirova 4-cü övladını dünyaya gətirərkən vəfat etmişdir. Həyat yoldaşının ölümünə dözə bilməyən Fərhad bəy də 40 gün ərzində 1912-ci ildə dünyasını dəyişmişdir. Fərhad bəy 1853-cü ildə Şuşada doğulmuşdur. Rüstəm, Aslan və bacıları valideynlərini itirdikdən sonra əmiləri Zülfüqar bəy Vəzirovun himayəsində olmuşlar. Aslan Vəzirovun böyük qardaşı Rüstəm bəy İkinci dünya müharibəsindən əvvəl Bərdədə poçt rəisi işləmiş və müharibədə itkin düşmüşdür. Aslan Vəzirov 1927-ci ildə Bakı Zaqafkaziya Hərbi Hazırlıq Məktəbini bitirib. 1928–30-cu illərdə Sankt-Peterburq (o vaxtkı Leninqrad) və Moskva hərbi mühəndislik məktəblərində oxumuşdur. 1941-ci ildə Hərbi-Mühəndislik Akademiyasını bitirmiş və müharibə cəbhələrinə göndərilmişdir. Zaqafqaziya cəbhəsi Şimal Ordu qrupunun 5-ci Dağ Mina-Mühəndis briqadasının, 3-cü Ukrayna cəbhəsinin 51-ci mühəndis-istehkam briqadasının, 2-ci Belorusiya cəbhəsində Baş Komandanlığın 1-ci qvardiya mühəndis-istehkam briqadasının komandiri olmuşdur. Qvardiya polkovniki Aslan Vəzirov 70-ci Ordunun tərkibində (II Belarus cəbhəsi) – sapyor briqadasının komandiri idi. 20 aprel 1945-ci ildə ordu hissələrinin Oder çayını keçməsi əməliyyatına rəhbərlik edirdi. Bu əməliyyat düşmənin güclü atəşi altında üç gün davam etdi və Aslan Vəzirovun böyük hərbi məharətini sübut etdi. Həmin əməliyyata rəhbərliyə görə ona 29 iyun 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi. 1947-ci ildə ordudan buraxılmış, 1948-ci ildən Kaunas, Voronej, Bakıda müxtəlif vəzifələrdə çalışmışdır.
1965-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublika Müharibə Veteranları Komitəsinin sədri olmuş, eyni zamanda Aslan Vəzirov Ümumittifaq Müharibə Veteranları Komitəsinin Bakı şöbəsinə rəhbərlik etmiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Veteran polkovnik Aslan Vəzirov Dneprodjerjinsk və Mogilyov şəhərlərinin fəxri vətəndaşı adına layiq görülmüşdür. Veteran 8 orden və çoxsaylı medallarla təltif edilmişdir. Aslan Vəzirov may ayının 18-də 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir. Elmar Vəzirov və Tamilla Vəzirova adlı övladları vardır. Aslan Vəzirov Qarabağ xanı İbrahim xanın vəziri Seyyid Mirzə Əli Məhəmməd Ağanın dördüncü qurşaq nəvəsidir. Vəzirov soyadı onun rütbəsindən gəlir.
Aslan Vəzirovun xatirə kompleksi
redaktəMoqilyovda Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovun xatirə kompleksinin təntənəli açılışı olmuşdur. Azərbaycanın Belarusdakı səfirliyindən verilən məlumata görə, 2009-cu il iyulun 1-də Mogilyovda Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovun xatirəsinə həsr edilmiş memorial kompleksin təntənəli açılış mərasimi olmuşdur. Memorial kompleksin yaradılmasının təşəbbüskarı və əsas təşkilatçısı Mogilyovdakı "Azəri" ictimai birliyi və onun sədri İlyas İlyasov olmuşdur. Aslan Vəzirovun büstünün müəllifi Belarus Rəssamlar İttifaqının üzvü, heykəltaraş Kamil Kamaldır. 1944-cü ilin mayında qvardiya polkovniki Aslan Fərhad oğlu Vəzirov 2-ci Belarus cəbhəsinin 1-ci Qvardiya mühəndis-hücum briqadasının komandiri təyin edilmiş, iyunun axırlarında isə Aslan Vəzirovun şanlı istehkamçıları Mogilyovun azad edilməsi uğrunda qəhrəmancasına vuruşmuşlar. Briqadanın bu döyüşlərdə göstərdiyi şücaətə və igidliyə görə ona "Mogilyov briqadası" adı verilmişdir. Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev Memorialın açılış mərasimində çıxış etmişdir. O, belə bir gözəl memorial kompleksin yaradılmasına görə İlyas İlyasova, habelə Aslan Vəzirovun nurlu xatirəsini əbədiləşdirmək üçün təşəbbüs göstərmiş Belarus tərəfinə səmimi təşəkkür edərək vurğulamışdır ki, Belarus torpağında qəhrəmancasına vuruşmuş azərbaycanlı əsgərlərin rəşadətinin bu diyarda xatırlanması, onlara ehtiram göstərilməsi bir azərbaycanlı diplomat kimi ona çox xoş təsir bağışlayır. Səfir xatırlatmışdır ki, iki gün əvvəl Oşmyanı şəhərində 4 nəfər Sovet İttifaqı Qəhrəmanının memorialının açılışı olmuşdur. Həmin qəhrəmanlardan biri ilk azərbaycanlı təyyarəçi Fərrux Qayıbov idi. Yaxın günlərdə isə Vileyka şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsinin açılışı olacaqdır.
Diplomat onu da qeyd etmişdir ki, azərbaycanlı döyüşçülər Qəzənfər Əkbərov, Cəmil Əhmədov, Aslan Vəzirov, Adil Quliyev, Məlik Məhərrəmov və Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada məhz Belarusun azad edilməsi uğrunda döyüşlərdə göstərdikləri igidliyə görə layiq görülmüşdür.
Səfir Ə.Nağıyev çıxışının sonunda əmin olduğunu bildirmişdir ki, iki müstəqil dövlətin liderləri – Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenkonun səyləri sayəsində uğurla inkişaf edən Azərbaycan-Belarus dostluğu daha da möhkəmlənir və bu səbəbdən, İkinci dünya müharibəsi dövründə qəhrəman azərbaycanlı döyüşçülərin Belarus torpağında göstərdiyi şücaətin unudulmamasına xidmət edir.
Təntənəli mərasimdə Mogilyov şəhərinin meri V.Şorikov, Mogilyov vilayətinin vitse-qubernatoru V.Malaşko, vilayət Deputatlar Sovetinin sədri V.Pantyuxov, Azərbaycan Respublikasının diasporla iş üzrə Dövlət Komitəsinin idarə rəisi Ş.Səlimov, Azərbaycan diasporunun, digər milli-mədəni cəmiyyətlərin nümayəndələri iştirak edirdi.
Nəsil şəcərəsi
redaktə- Seyyid Mirzə Əliməmməd ağa Sofuoğlu (Vəzir) (Güney doğumlu)
- Xanməmməd ağa (Şuşa doğumlu) (Vəzirin 2-ci oğlu, saray əyanı)
- Mirzə Mir Rüstam bəy (Şuşa doğumlu) (Gövhər Ağanın katibi)
- Fərhad bəy Vəzirov (Şuşa doğumlu) (Şuşada pristav köməkçisi)
- Aslan Vəzirov, Rustam Vəzirov (2 qardaş) (Zumurxaç doğumlu)
- Fərhad bəy Vəzirov (Şuşa doğumlu) (Şuşada pristav köməkçisi)
- Mirzə Mir Rüstam bəy (Şuşa doğumlu) (Gövhər Ağanın katibi)
- Xanməmməd ağa (Şuşa doğumlu) (Vəzirin 2-ci oğlu, saray əyanı)
İstinadlar
redaktə- ↑ "Везиров Аслан Фархад оглы". 2012-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
- ↑ "Везиров Аслан Фархад оглу. гвардии полковник, командир гвардейской инженерно-саперной бригады, коммунист". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.
Mənbə
redaktə- 9may.az. Qəhrəmanlar. Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine
Xarici keçidlər
redaktə- Mogilyovda memorial kompleks Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine