Aslan Bey Kricinski - Wikipedia
Aslan bəy Konstantin oğlu Kriçinski və ya Leon Kriçinski (tam adı: Leon Nayman Mirzə Kriçinski Radvan rus. Леон Найман-Мирза-Кричинский-Радван ; 25 sentyabr 1887[2], Vilnüs – noyabr 1939) — Polşa tatarlarından olan Rusiya, Krım və Azərbaycan ictimai xadimi və tarixçisi.
Aslan Kriçinski | |
---|---|
Aslan Nayman Mirzə Kriçinski Radvan | |
Doğum tarixi | 25 sentyabr 1887[2] |
Doğum yeri |
|
Vəfat tarixi | noyabr 1939 (52 yaşında) |
Vəfat səbəbi | Gestapo tərəfindən güllələnmə |
Elm sahələri | hüquq[1], tarix[1], sosial təəhhüd[d][1], publisistika[1], biblioqrafiya[1] |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAiləsi
redaktəKriçinskilər Polşa-Litva tatarlarının tarixində xüsusi iz qoymuş, qədim kökə malik bir nəsildir. Məlumatlara görə 1410–1411-ci illərdə Qızıl Orda dövlətindən çıxmış Neman bəy Litvaya gəlmişdir. Onun oğlu Konrad bəy burada knyaz tituluna qədər yüksəlmiş və özünə bağışlanmış Krıçan kəndinin adını sonradan soyad kimi qəbul etmişdir. Bu soyada malik şəxslərdən xüsusi nailiyyət qazananlardan biri də Aslan bəy Kriçinskinin atası Konstantin İliç Kriçinski olmuşdur. K. Kriçinski çar ordusunda zabit kimi xidmət etmiş, rus-türk, rus-yapon müharibələrində iştirak etmiş, general-leytenant rütbəsində istefaya çıxaraq Varşavaya köçmüşdür. Onun Mariya Matveyevna Axmatoviçlə nikahından üç oğlan uşağı dünyaya gəlmişdir ki, onların da ikisinin- Olqerd və Aslan həyatları Azərbaycan Xalq Cumhuriyyəti ilə sıx əlaqəli olmuşdur.[3]
Təhsili
redaktə1907–1911-ci illərdə, Sankt-Peterburq Universitetində hüquq təhsili almışdır. Tələbə olan zaman Müsəlman Tələbələr Cəmiyyəti qurmuş və faktiki olaraq onun rəhbəri olmuşdur. Tələbə olarkən göstərdiyi fəaliyyətlərdən biri də Polşa və Litva tatarlarının tarixinə dair materialların toplanması olmuşdur.[4]
Krım Xalq Respublikası
redaktə1918-ci ildə bir qrup Polşa- Litva tatarı ilə birlikdə yeni yaradılmış olan Krım Xalq Respublikasına gedir və orada dövlət dəftərxanasının rəhbəri kimi çalışır. Bir müddət bu vəzifədə çalışdıqdan sonra general Süleyman bəy Sulkeviçin idarəsində çalışmağa başlayır. Denikin tərəfindən Krım işğal edildikdən sonra Kriçinski qardaşı ilə birlikdə Azərbaycana gəlir.
Azərbaycan Xalq Cümhuriyyəti
redaktəAzərbaycana gəldikdən sonra burada da dövlət dəftərxanasının rəhbəri işləməyə davam edir. Qardaşı Olqerd Nayman Kriçinski isə bir müddətdən sonra Ədliyyə Nazirinin müavini vəzifəsindeə çalışır.
Xüsusi komissiya
redaktəAslan bəy 17 sentyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Xarici İşlər Nazirinə məktubla müraciət edir. Məktubda rusların Azərbaycandakı müstəmləkə siyasətinin daha ətraflı araşdırılması və sənədləşdirilməsi üçün xüsusi komisiyanın yaradılmasını xahiş edir. Məlumat verir ki, Krımda çalışan zaman 3 aylıq qısa bir müddətdə 3 cildlik bir topluluq nəşr etdirməyi bacarmışdı.[5]
Xarici İşlər Nazirinin 13 oktyabr 1919-cu il tarixli 59 nömrəli əmri ilə Xarici İşlər Nazirliyi yanında "Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair" arxiv sənədlərinin toplanması məqsədilə Xüsusi Komissiya yaradılır. Komissiyanın sədri Aslan bəy Kriçinski, üzvləri Əli Yusifov|Əli Yusif, Məmməd bəy Ağayev və Kərim Sulkeviç təyin edilir. Komissiyanın fəaliyyətinin təşkili üçün xərclərin Nazirliyin xərclər smetası hesabına aparılması müəyyən olunur.[6]
Xüsusi Komissiya ilk növbədə Bakı və Gəncə quberniyalarında yerləşən İdarələrdən Zaqafqaziya müsəlmanlarının maariflənməsinə və mədəniyyətinə qarşı, onların dini zəmində sıxışdırılması, sünni və şiələr, erməni və tatarlar arasında dini və milli zəmində düşmənçiliyin qızışdırılması, müsəlman əhalisinin silahsızlaşdırılması, hərbi mükəlləfiyyət və müsəlmanlara qarşı iqtisadi siyasət və digər məsələlərə dair rus siyasətini özündə əks etdirən sənədlərin toplanılmasını zəruri hesab edir. Komissiya həmçinin birinci mərhələdə 1900-cü ildən Azərbaycanın müstəqilliyi elan olunduğu dövrə qədər (28 may 1918-ci ilədək) olan materialların, sonrakı mərhələdə isə Qafqazın ruslar tərəfindən ilhaq edildiyi dövrdən başlayaraq sənədlərin toplanılmasını, ilkin mərhələdə sənədlərin toplanması işinin gizli aparılması, bütün arxivlərə baxdıqdan sonra isə müvafiq arayışla əhalinin məlumatlandırılması, mütəmadi olaraq komissiya sədrinin qərarı ilə iclasların çağırılması, xüsusi əhəmiyyətli məlumatlar daşıyan sənədlərin arxivə geri qaytarılmadan xüsusi komissiyada saxlanılması, hər bir sənəddən iki surət çıxartmaqla bir nüsxənin komissiyanın sədri və ya müavinində saxlanılması, toplanmış sənədlərin sistemləşdirilməsi və surətlərinin çıxardılması üçün müəyyən sayda makinaçıların işə cəlb edilməsi və sair məsələlər barədə qərarlar qəbul edir.
Xüsusi Komissiya sədrinin 24 mart 1920-ci il tarixli məktubunda isə Zaqafqaziya müsəlmanlarına qarşı rus siyasətinə dair toplanmış materiallar əsasında qısa müddətdə (cəmi altı ay) "Oçerki russkoy politiki na okrainax" adlı iki toplunun çap olunduğu və digər iki toplunun çap edilməsi üçün materiallar sistemləşdirilərək hazırlandığı bildirmişdir.(sənədlərdən aydın olur ki, A. Kriçinski Bakıda çap etdirdiyi iki topludan başqa, eyni adda toplunu Krım-Tatar Respublikası hökumətində çalışdığı dövrdə toplanmış materiallar əsasında Simferopolda çap etdirmişdir).[6]
Aslan bəy həmin kitabların ilkin qiyməti 125 rubl olmaqla satışa buraxılmasına razılıq istəyir və qeyd edir ki, bununla da sənədlərin toplanması zamanı Nazirliyin büdcəsindən xərclənmiş vəsaitin geri qaytarılması mümkün olacaqdır.
Xüsusi Komissiyanın Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsinə ünvanladığı 1920-ci il 30 mart tarixli daha bir məktubunda isə A. Kriçinski 163 ədəd kitabın Komissiya tərəfindən alındığını, digər nüsxələrin hökumətin "Azərbaycan" nəşriyyatı tərəfindən Nazirliyin İnformasiya şöbəsinə təhvil veriləcəyini və kitabların satışı və paylanması ilə həmin şöbənin məşğul olacağını bildirir. Xüsusi Komissiya onlara verilmiş kitabların təmənnasız olaraq Parlament fraksiyalarının rəhbərlərinə, Parlamentin sədrinə, nazirlərə, diplomatik korpusların rəhbərlərinə paylanılmasını təsdiq edən sənədi Xarici İşlər Nazirliyinə təqdim edir.[7]
Arxiv sənədlərindən məlum olur ki, Xüsusi Komissiya Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin süqut etdiyi son günə kimi fəaliyyət göstərmişdir. Komissiya sədrinin 1920-ci ilin aprel ayının son günlərində (tarix göstərilmir) Xarici İşlər Nazirliyə ünvanladığı məktubunda Bakı və Gəncə quberniyalarında yerləşən arxivlərin vəziyyəti bir daha şərh edilir, arxivlərdə sənədlərin bərbad vəziyyətdə saxlanıldığı bildirilir, buna baxmayaraq komissiya üzvlərinin əməyi ilə arxivlərdəki bütün işlərə baxıldığı, onların sistemləşdirildiyi və zəruri məlumatların surətləri çıxardılaraq çapa hazırlanması barədə məlumat verilmişdir. O, həmçinin Tiflis quberniyasında yerləşən arxivlərdə saxlanılan Azərbaycanla bağlı sənədlərin gətirilməsi üçün Gürcüstan Hökumətinə müraciəti vacib hesab etmişdir.[8]
Azərbaycandan getdikdən sonra
redaktəAzərbaycan Xalq Cumhuriyyəti ruslar tərəfindən işğal edildikdən sonra İstanbula, ordan da Vilnusa köçərək, orada məhkəmədə çalışmağa başlayır (1921–1932). 1932-ci ildən, 1935-ci ilə qədər isə Qdansk şəhərində dairə məhkəməsində çalışır. Bu dövrdə elmi fəaliyyətlərlə məşğul olan Aslan bəy Kriçinski "Sərhəd bölgələrində Rusiya siyasəti", "Polyak ordusunun 1831-ci il qiyamında Litva tatarları", "Vilnus məscidinin tarixi", həmçinin Stanislav Dzyduleviçlə birlikdə "Lipka tatarları ailələrinin gerbləri" adlı elmi əsərlər yazmışdır. 1932-cii ldən, 1938-ci ilə qədər "Rocznik Tatarski" adlı jurnal buraxdırmışdır.[6]
Ölümü
redaktə1939-cu ilin sentyabrında Polşa Almaniya tərəfindən işğal edildikdən sonra , gestapo tərəfindən həbs edilmiş və 12 polyak ziyalısı ilə birlikdə, 27 sentyabrda, Velyerovxa meşəsində güllələnmişdir. Qardaşı Olqerd Nayman Kriçinski Polşa işğal edildikdən sonra Litvaya köçmüş, orada məhkəmədə çalışmışdır. Lakin 1941-ci ildə NKVD tərəfindən həbs olunur. Onun istintaq orqanlarına verdiyi ifadələrdən aydın olur ki, Olqerd Kriçinski iki ay Bakı Məhkəmə Palatasında Prokuror işləmiş, daha sonra Cümhuriyyət Hökuməti Ədliyyə Nazirinin köməkçisi olmuş, 1920-ci ildə Tiflisdə keçirilən üç ölkənin (Azərbaycan, Gürcüstan və Ermənistan) nümayəndələrinin konfransında Azərbaycan Hökumətinin nümayəndəsi kimi iştirak etmişdir. 1942-ci ilin, may ayında o da güllələnir. Bu iki qardaşın öldürülməsi faktını tarixçi Dilara Usmanova araşdırmışdır.
İrsi
redaktəPolşanın Piaşnika məzarlığında Aslan Kriçinski abidəsi açılmışdır. Tədbir və abidənin açılışı Polyak Silahlı Qüvvələrinin Hərbi Dəniz Donanması tərəfindən təşkil edilmişdi. Tədbirdə General Boleslav Romanovski və bu vilayətdə fəaliyyət göstərən Polşa Tatar Mərkəzinin üzvləri də iştirak edib.[9]
Tədbir hərbi protokol qaydalarına uyğun keçirilib. Polşa Tatarları İcmaasının rəhbəri Jerzi Şahineviç Aslan Kriçinskinin həyat yolunu Krım, Azərbaycan və Polşayla sıx əlaqəli olduğunu və təşkilatı dəstəyə görə Azərbaycanın Polşadakı səfirliyinə də təşəkkürünü bildirib. Tədbirdə həmçinin Polşadakı Azərbaycan səfiri Vilayət Quliyevin "Azərbaycan Demokratik Respublikasında polyaklar" kitabı da təqdim edilmişdir.[9]
Məzarinda yazılmışdır:
Vəkil, hüquqşünas, səyyah, Krım və Azərbaycan azadlıq hərəkatlarının üzvü, Polşa tatarlarının mədəni canlanmasının banisi. Bir tatar, polyak, müsəlman, avropalı, Polşa Respublikası vətəndaşı kimi borcunu yerinə yetirərkən öldürüldü. Lipka tatarları, Piaşnitsa, 10.10.2015. |
Mükafatları
redaktə1933-cü ildə, Polşaya olan xidmətlərinə görə Polyak Qızıl Xaçı mükafatı, 1935-ci ildə, Mərakeş krallığından Alauit Taxtı mükafatını almışdır.[10]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Leon Najman Mirza Kryczynski // https://www.vle.lt/straipsnis/leon-najman-mirza-kryczynski/.
- ↑ "Aslan bəy Kriçinski və Xüsusi Komissiyanın fəaliyyəti haqqında".
- ↑ Jan Tyszkiewicz, Dorobek historyczny Leona i Stanisława Kryczyńskich [w:] Środowiska historyczne II Rzeczypospolitej, cz. 2, pod red. Jerzego Maternickiego, Warszawa 1988.
- ↑ http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/18269-azaerbaydzan-khalg-dzumhuriyyaeti-gurudzular-n-n-tarikhindaen-aslan-baey-krichinski-vae-khususi-komissiyan-n-faealiyyaeti[ölü keçid]
- ↑ 1 2 3 http://www.milliarxiv.gov.az/az/archiveresearch?id=376
- ↑ Адрес-календарь Азербайджанской Республики на 1920 г. — Баку, 1920, с. 274
- ↑ Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 335
- ↑ 1 2 "Arxivlənmiş surət". 2017-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-01.
- ↑ Stanisław Łoza (red.): Czy wiesz kto to jest?. Wyd. II popr. Warszawa: Główna Księgarnia Wojskowa, 1938, s. 386–387.