Atribut - Wikipedia
Atribut (lat. attribuo — vermək, kəsb etdirmək) — qalıcı, əsas xüsusiyyətlər, sifətlər. Söz latın mənşəlidir, hərfi mənada "verirəm", "bəxş edirəm" deməkdir. Müasir anlamda çox işlənir. Misal üçün, dövlətin atributları, təşkilatın atributları və s. Azərbaycan dövlətinin himninin atributlarını onun sözləri və musiqisi təşkil edir. Atributlar elə şeylərdir ki, onlarsız həmin varlıq, şey yaxud predmet nə düşüncədə nə də reallıqda mövcud ola bilməz.
Orta əsrlərdə sxolastika və metafizikada şeyin təbiətini təşkil edən, onun ayrılmaz subsitansional əlaməti. Qrammatikada və məntiqdə — şeyin ona mülahizədə verilən istənilən, o cümlədən aksidental əlaməti. Əgər sonuncu mənasında Atribut predikatın sinonimidirsə, birinci mənasında o, şeyi yalnız özlüyündə, başqa predmetlərə dəxli olmadan səciyyələndirən predikasiya növüdür. “Atribut” termini latınca yazılmış kargüzarlıq və inzibati sənədlərin dilindən götürülmüşdür. Siseronun ritorikasında o, bu və ya digər münasibətdə şeylərin təbiətinə xas olandır. Latın patristikasında və sxolastikasında Atribut, əsasən, Allah haqqında təlimlə bağlı işlədilir. İlahi Atributlar, yaxud adlarla Allaha xas olan kamilliklər — qadirlik, hər şeyi bilməklik, mərhəmətlilik adlanır. Allahın mahiyyəti sadə fikirləşdirildiyindən onun Atributları onun özü ilə və bir-birilə üst-üstə düşməlidir (Avqustinə görə, Allahda Onun özü ilə Onun malik olduğu arasında fərq ola bilməz). Yeni dövr fəlsəfəsində Atribut substansiyanın dəyişməz və ayrılmaz əlaməti (R. Dekartda maddi substansiya ölçüsü, mənəvi substansiya isə hərəkidir), onun vəziyyəti olan modusdan fərqli olaraq mahiyyəti (B. Spinoza) kimi başa düşülürdü. Sonralar bu terminin işlədilməsində şeyin Atributu ilə onun mahiyyət müəyyənliyi arasındakı fərq səciyyəvi olmuşdur.
Təsviri sənətdə Atribut hər hansı personajın, yaxud predmetin sabit fərqləndirici əlaməti, onun funksiyasının mahiyyətinin, məşğuliyyətinin işarəsidir (Afinanın Atributları bayquş və ilan, Amurun Atributları ox və kaman və s.). Atributlar tarixi, yaxud əsatiri (məs., Adonisin Atributu qaban), rəmzi (məhəbbət rəmzi olan ürək); bir çox personajlar üçün ümumi və fərdi olur.
İnformatikada Atribut — obyektin xarakteristikasını ifadə edən əlamət (adı, tipi, uz., miqdarı, təsvir forması və s.). Məs., faylın Atributu fayl sistemində fayldan istifadə üsullarını və ona müraciət hüququnu təyin edən əlamətdir. Faylların müxtəlif əməliyyat sistemlərində müxtəlif Atribut dəstləri olur. MSDOS-da fayl “arxiv”, “sistem”, “ancaq oxumaq üçün” və “gizli” elan edilə bilər.
Mənbə
redaktə- Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”