Azixantrop - Wikipedia
Azıxantrop[1] (türk. azıx, yun. άνθρωπος – Azıx adamı) — Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə Azıx mağarasında alt çənə sümüyü kəşf edilmiş hominidlər fəsiləsinə aid növ. Azıxantropun çənəsi bir tərəfdən pitekantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır.[2] Lakin son zamanlar aparılmış tədqiqatlardan sonra, bəzi alimlər neandertal tipli insanları müasir insanların əcdadı hesab etmirlər.[3][4] Azıxantropun çənə sümüyü Azərbaycan Tarix Muzeyində saxlanılır.[5]
Azıxantrop | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Tarixi
redaktə1968-ci ilin iyununda M. M. Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çənə sümüyü qalın, dişləri isə xırdadır. Azıxantropun qalıqlarının paleoantropoloji tədqiqatı zamanı D. V. Hacıyev onların 18–22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirmişdir. Antropoloji xüsusiyyətlərinə görə sinantrop və Heydelberq adamına uyğun gəlir; eyni zamanda Neandertal adamına da yaxındır. Azıxantrop ilk paleoantropa keçid mərhələsidir. Təqribən 350–400 min il əvvəl yaşamış Azıxantrop dünyanın ən qədim insan qalıqlarından hesab olunur. Azıxantrop sümüyünün tapıldığı Aşöl təbəqəsindən çoxlu daş alət və heyvan sümükləri də əldə edilmişdir. Bəzi tapıntılar əsasında Azıxantropun saymağı bildiyi və dini təsəvvürlərinin olduğu ehtimal edilir. Azıxantropun qalıqları Azərbaycanın qədim insanların formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor D. V. Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır. M. M. Hüseynov tərəfindən tapılmış çənə Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırmış və dünyanın müxtəlif ölkələrin arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssislər Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlamışlar.[2][6][7]
Klassifikasiya
redaktəProfessor D. V. Hacıyevin Azıxdan tapılmış çənə üzərində apardığı elmi araşdırmalar zamanı məlum olmuşdur ki, çənə quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır.[2]
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insana məxsus çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıx mağara düşərgəsindən tapılmış çənə avstralopitek tipli adamlardan fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların arasında xüsusi yer tutur. Fiziki tipinə görə Azıx düşərgəsindən aşkar edilmiş çənə sinantrop tipli insanla neandertal adamı arasında keçid mərhələsindədir.[8] Azıx mağara düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan qalığına şərti olaraq azıxantrop, yəni Azıx adamı adı verilmişdir.[9]
Tədqiqatçılar müəyyən etmişlər ki, azıxantropun çənəsi fiziki quruluşuna görə arxantropa, sinantropa və Heydelberq adamına oxşayır, lakin bəzi inkişaf xüsusiyyətlərinə görə ilk neandertal insanlarla yaxınlıq təşkil edir. Bu səbəbə görə də azıxantrop tipli insan ibtidai adamların inkişaf tarixində arxantropdan paleoantropa keçid formasını təşkil edir. Lakin dişlərinin xırdalığına görə indiyə qədər elmə məlum olan arxantrop və paleoantroplardan tamamilə fərqlənir. Məhz bu fərqlərə görə D. V. Hacıyev tapıntını azıxantrop adlandırmışdır.[10]
Tarixləndirmə
redaktəProfessor D. V. Hacıyev apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki, çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insan çənəsi Azərbaycan ərazisində ən qədim insana məxsus olub, 350–400 min il bundan əvvəl bu ərazidə yaşamış 18–22 yaşlı qadının çənəsidir.[11]
Azıxdan tapılmış ibtidai insana məxsus çənə tamamilə daşlaşmış və rəngini nisbətən dəyişmişdir. Qeyd olunan daşlaşma prosesi və rənginin xüsusiyyətləri həmin təbəqədən tapılmış merka kərgədanı, nəhəng maral, zubr, bizon, ibtidai at, mağara ayısı, mağara kaftarı (bu heyvanların nəsli kəsilmişdir) və başqa heyvan sümüklərindən qəti seçilmir.[12]
Bundan başqa həmin təbəqənin IV horizontundan əl çapacaqları, kobud çapma alətləri və kobud hazırlanmış qaşov tipli alətlər tapılmışdır. Həmin daş alətlər özlərinin hazırlanma texnikası və tipologiyasına görə qədim Aşel mədəniyyətinə aid olunur.[11]
Çənə sümüyü
redaktəAzıx mağara düşərgəsindən tapılmış çənə, ibtidai insanın alt çənəsinin sağ hissəsidir. Çənənin əsası və onun üzərində olan üç azı dişinin yerləşdiyi çənə şaxəsinin çox hissəsi yaxşı saxlanmışdır. Çənə üzərində olan dişlərdən sonuncusu tam vəziyyətdədir, ikisi isə qazıntı zamanı sınmışdır. Eyni zamanda şaxənin yuxarı hissəsi ilə birlikdə çənə oyması, çənə tacı və oynaq çıxıntısı qədim zamanlarda sınmışdır. Çənənin alveol hissəsində üçüncü azı (ağıl) dişi tam şəkildədir, ikinci azı dişinin üst hissəsi sınmış, lakin orta və kök hissələrinin qırıqlarına rast gəlinmişdir.[13]
Azıx paleolit düşərgəsindən tapılmış alt çənənin tam olmadığına baxmayaraq, onun qalmış hissəsi Azıx adamının fiziki quruluşunun müəyyən olunmasında ən mühüm paleoantropoloji tapıntı hesab olunur. Belə ki, azıxantropun çənəsinin morfologiyası, qalınlığı, dişlərinin quruluşu və ölçüləri paleoantropoloji müqayisə üçün çox mühüm elmi əhəmiyyətə malikdir. Azıxdan tapılmış alt çənə avstralopitek, arxantrop, sinantrop və pitikantropla müqayisə edilmişdir.[6] Aparılmış elmi araşdırmalar maraqlı elmi nəticələr vermişdir. Azıxantropun çənəsinin aşağı hissəsi qırılıb düşdüyündən onun qalınlığı ikinci azı (A2) ilə üçüncü azı (A3) aralığı bərabərliyindəki qalınlıqla ölçülmüşdür. Həmin sahədə onun qalınlığı 19,5 mm-dir.[8]
Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, avstralopiteklərin alt çənə lərində də həmin sahə, yəni ikinci azı və üçüncü azı aralığında olan hissə 33,5 mm-ə bərabərdir. İndoneziyanın Yava adsında tapılmış pitikantrop çənəsinin qalınlığı 26,3 mm, Çində tapılmış sinantrop tipli insanın çənəsinin qalınlığı 19,6 mm, Almaniyanın Heydelberq kəndi ərazisindən tapılmış Heydelberq adamının çənəsinin qalınlığı 21,4 mm -dir.[2] Bu ölçülərə görə azıxantropun çənəsi pitikantropun çənəsindən fərqlidir. Aparılan elmi tədqiqata əsasən müəyyən olunmuşdur ki, Azıx adamının çənəsi sinantrop tipli insanla Heydelberq adamı arasında özünə xüsusi yer tutur.[11]
Aparılan elmi araşdırmalar zamanı müəyyən edilmişdir ki, qədim Azıx adamı dişinə görə də arxantrop və paleoantroplardan da fərqlənmə xüsusiyyətinə malikdir. Bu xüsusiyyətlərdən ən başlıcası Azıx adamında dişlərin kiçik olmasıdır. Belə ki, azıxantropun azı dişinin uzunluğu 35 mm-dir. Ona görədə professor D. V. Hacıyev bu tapıntını xırdadiş adamına aid edir.[8]
Paleoantropoloqların apardıqları elmi tədqiqatlar zamanı azı dişlərin uzunluğunun pitikantroplarda 40 mm, sinantrop tipli insanlarda 36,9 mm, Heydelberq adamında 36,1 mm, azıxantrop tipli insanlarda isə 35 mm olması müəyyən edilmişdir.[2][11]
Azıxantropun dişlərində başqa cəhətlər də qeydə alınmışdır. Xüsusən dişlərin düzülüşü maraqlı xüsusiyyətlərə malikdir. Azıx adamının çənəsinin şaquli istiqamətində linqval divarına doğru keçir. Lakin bütün qazıntı və müasir adamlarda azı dişləri çənənin linqval divarının lap qırağında düzülmüşdür.[14] Belə bir xüsusiyyətin olması da Azıx adamını fərqləndirə bilir. Bu axırıncı xüsusiyyətin oxşarlığı heç bir qazıntı insanında yoxdur.[15]
İstinadlar
redaktə- ↑ "АЗЫХСКАЯ ПЕЩЕРА — Большой Энциклопедический словарь (БЭС) / Словари 299 ру". 2007-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-11.
- ↑ 1 2 3 4 5 Henry de Lumley — L'Homme premier", Odile Jacob, 1998
- ↑ Ovchinnikov IV, Götherström A, Romanova GP, Kharitonov VM, Lidén K, Goodwin W., Molecular analysis of Neanderthal DNA from the northern Caucasus Arxivləşdirilib 2020-01-09 at the Wayback Machine
Phylogenetic analysis places the two Neanderthals from the Caucasus and western Germany together in a clade that is distinct from modern humans, suggesting that their mtDNA types have not contributed to the modern human mtDNA pool. Comparison with modern populations provides no evidence for the multiregional hypothesis of modern human evolution.
- ↑ Hodgson JA, Disotell TR., No evidence of a Neanderthal contribution to modern human diversity. Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine
The relationship between Neanderthals and modern humans is contentious, but recent advances in Neanderthal genomics have shed new light on their evolutionary history. Here we review the available evidence and find no indication of any Neanderthal contribution to modern genetic diversity.
- ↑ "AMEA Azərbaycan Tarix Muzeyi". 2014-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
- ↑ 1 2 Любин Василий Прокофьевич — Ашельская эпоха на Кавказе. СПб. 1998
- ↑ Ə. Cəfərov – Azərbaycanın ilk sakinləri, Bakı, Elm, 2004
- ↑ 1 2 3 Д. В. Гаджиев, М. М. Гусейнов – Первая для СССР находка ашельского человека (Азербайджан, Азыхская пещера)//Учен. зап. Азгосмединститута, 1970, т. 311
- ↑ М. М. Гусейнов – Археология Aзербарджана (каменныи век), АГУ, 1975
- ↑ Д. В. Гаджиев, М. М. Гусейнов, А. В. Мамедов, Н. Ш. Ширинов – Краткиерезултаты комплексных исследований Азыхской древнепалеолитической СТОЙАНКИ//ИАН АзССР (серия наук о Земле), 3, 1979.
- ↑ 1 2 3 4 М. М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, 1985
- ↑ AMEA — Azərbaycan arxeologiyası (altı cilddə), I cild, Bakı, 2008
- ↑ М. М. Гусейнов – О тайнике азыхантроп в ашеле // Учен.зап. АГУ им. С. М. Кирова, серия истории и философии, 1974, № 8
- ↑ М. М. Гусейнов – Ранние стадии заселения человека в пещере Азых// Учен.зап. АГУ им. С. М. Кирова, серия истории и философии, 1974, № 4
- ↑ М. М. Гусейнов – следы первых жилищ в ашельском слое Азыхскойпещеры, АО 1973, М., 1974