Azerbaycanin Xarici Olkelerle Dostluq Ve Medeni Elaqeler Cemiyyeti - Wikipedia
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti — Sovet dövründə və müstəqilliyinin ilk illərində Azərbaycanda fəaliyyət göstərmiş təşkilat.
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti | |
---|---|
Növü | Cəmiyyət |
Yaranma tarixi | 1946 |
Rəsmi dili | Azərbaycan |
Mərkəzi | Azərbaycan, Bakı |
Tarixi
redaktəAzərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 1946-cı ildə Bakıda yaradılmışdır.[1] Həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi nəzarəti altında gərgin fəaliyyət göstərən qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqəsinin Azərbaycanla əlaqəsinin qurulması idi.[1] Ona görə də cəmiyyətin xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması və Azərbaycan diasporunun formalaşmasında mühüm rolu olmuşdur.[1] Həmin illərdə Azərbaycan diasporunun formalaşmasında Azərbaycanın görkəmli ziyalılarının böyük fəaliyyətləri olmuşdur.[1] Belə ki, Sovet rejimin ən sərt qaydalarının hökm sürdüyü vaxtlarda belə xaricdə yaşayan azərbaycanlılar öz Vətənləri ilə əlaqələrini davam etdirmişdirlər.[1]
1948-ci ildə cəmiyyətin Rəyasət Heyətinin sədri vəzifəsinə təyin edilmiş ictimai xadim Rza Quliyev, düz 27 il bu vəzifədə işləmiş və beynəlxalq mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfə vermişdir.[2] Moskvada yaxşı əlaqələri olan, xarici ölkələrlə mədəni əlaqələri bacarıqla nizamlayan Rza Quliyev çalışırdı ki, Azərbaycanı hər yerdə çox tanısınlar, dünyanın qədim xalqlarından birinin mədəniyyəti və incəsənəti haqqında həqiqəti bilsinlər. Bir sıra ölkələrdə səfərlər zamanı o, öz ictimai işini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi, özü ilə respublikanın həyatı, Azərbaycan xalqının mədəniyyəti, tarixi haqqında materiallar aparırdı.[2] Həmin materialları bu ölkələrin kütləvi informasiya vasitələrinə təqdim edir, orada dərc etdirir, beləliklə, Azərbaycanı bütün dünyada populyarlaşdırır və təbliğ edirdi.[2]
Cəmiyyət ölkə rəhbərliyinin daim diqqətində olmuşdur. Məsələn, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlıların Ümumittifaq Vətən Cəmiyyətinin və Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin birgə xətti ilə Vətənə daha çox dəvət olunmalarını təklif edirdi.[3]
"Vətənin səsi"
redaktəGörülən işlərin ictimailəşdirilməsi üçün 1960-cı ildən cəmiyyətin nəzdində "Vətənin səsi" adlı qəzet nəşr edilmişdir.[1] Xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan "Vətənin səsi" qəzetinin əsas səhifələrində milli təbliğat başlıca yer tuturdu.[1] Bu qəzet vasitəsilə qürbət ellərdəki həmvətənlərə tarixi Vətəndə gedən mədəni, sosial proseslər haqqında məlumatlar çatdırılmışdır.[4]
"Azərbaycan Dünyası"
redaktəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 1992-ci il tarixli, 522 nömrəli Qərarı ilə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinə çevrilməsi qərara alınmışdır.[5] Həmin vaxt cəmiyyətin sədri Nəbi Xəzri idi.[6] O, daha sonra 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən təşkilatın da prezidenti olmuşdur.
Xarici ölkələrlə əlaqələr
redaktəTürkiyə
redaktəAzərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Türkiyədə Azərbaycan tarixi və ədəbiyyatından dərs deyən müəllimlərin respublikaya səfər edərək azərbaycanlıların həyatı ilə, qazanılmış uğurlarla tanış olmalarına, Azərbaycan mənbələri əsasında araşdırmalar aparmalarına şərait yaradırdı.[3] Məsələn, 1981-ci ilin mart ayında Ərzurum Universitetinin müəllimi, Azərbaycan ədəbiyyatından dərs deyən, Mirzə Fətəli Axundovun əsərlərini türk dilinə çevirən Əli Yavuz Akpınarın Azərbaycana gəlib tədqiqat işi aparmasına nəinki icazə verildi, eyni zamanda, bütün xərcləri Heydər Əliyevin göstərişi ilə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən ödənildi.[3] Bundan sonra Əli Yavuz Akpınar Azərbaycan ədəbiyyatı haqqında dəyərli əsərlər yazmışdır.[3]
İran
redaktə1962-ci ilin oktyabrında "Sovet Azərbaycanının Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti"nin xətti ilə Mirzə Fətəli Axundovun anadan olmasının 150 illik yubileyində iştirak etmək üçün dəvət alan görkəmli İran alimi, professor Səid Nəfisi Tehrana qayıtdıqdan sonra "Pəyami Nəvin" jurnalında yubiley haqqında təəssüratlarını səmimi şəkildə bildirmişdir.[7] Həmin məqalədə alim Azərbaycan alimlərinin İran mədəniyyətinə, elminə olan maraq və məhəbbətini də etiraf edərək yazırdı:[7]
"Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun alimlərinin çoxu (qadın və kişi) İran tarixi üzərində də ciddi məşğul olub, elmi tədqiqat işləri aparırlar. Bu barədə çoxlu maraqlı əsərlər yazılmış və tərcümə edilmişdir. O cümlədən mənim "Babək Xürrəmdin" əsərimi də tərcümə etmişlər."[8]
Müəllif məqaləsində Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars dilinin tədrisinini yüksək səviyyəsindən də ürək dolusu danışaraq iranlılara Azərbaycan ölkəsinin mədəni əlaqələr sahəsindəki nailiyyətlərini təbliğ edirdi.[7]
Hindistan
redaktə1960-cı ildə cəmiyyətin Azərbaycan–Hindistan şöbəsinin yaradılması iki ölkə arasında mədəni əməkdaşlığın vüsətinə yeni təkan verdi.[9] Azərbaycan–Hindistan mədəni əməkdaşlığı sahəsində xüsusi təşkilat və qurumların yaradılması bu istiqamət üzrə fəaliyyətin planlı, ardıcıl və sistemli şəkildə qurulmasına əlverişli şərait yaratdı.[9] Mədəniyyət, elm-təhsilin bütün istiqamətləri üzrə əlaqələr əməkdaşlıq səviyyəsində davam etdirildi. Bu sahələr üzrə intensiv fəaliyyətə üstünlük verildi.[9]
Çin
redaktə1961-ci ilin fevralında Çin Xalq Respublikası nümayəndələrinin Bakıya üç günlük səfəri Azərbaycan–Çin mədəni əlaqələrinin inkişafına əhəmiyyətli şəkildə təsir göstərdi.[10] Bu səfər zamanı Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində bu cəmiyyətin, eləcə də Sovet–Çin dostluğu Cəmiyyətinin Azərbaycan şöbəsi idarə heyətinin üzvləri ilə ÇXR-dan qonaq gəlmiş nümayəndələri arasında mədəni əlaqələrin inkişaf perspektivləri də müzakirə olunmuşdur.[10]
İraq
redaktə1971-ci il dekabrın 28-də Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində Azərbaycanın elm və mədəniyyət xadimləri ilə səmimi görüş keçirilmiş və bir-birinin işləri, fəaliyyətləri ilə yaxından tanış olduqdan sonra mədəni əlaqələrin bütün mədəni istiqamətlər üzrə inkişafı, möhkəmləndirilməsinin vacibliyi vurğulamışdı.[11] Bundan sonra Dövlət və rəsmi ictimai təşkilatların rəsmi əməkdaşlıq protokol razılaşmaları əsasında Azərbaycan-İraq mədəni əlaqələri prosesində keyfiyyətcə yeni bir inkişaf mərhələsi başladı.[11]
Filmoqrafiya
redaktə- Polşada Azərbaycan günləri (film, 1970)
- Ürəkdən ürəyə yollar görünür (film, 1970)
- İnsana qayğı (film, 1978)
- Azərbaycan incəsənəti (film, 1988)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Azərbaycanın dövlət siyasəti və diaspora Arxivləşdirilib 2016-08-18 at the Wayback Machine. olaylar.az, 15.08.2014 (az.)
- ↑ 1 2 3 Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılmışdır[ölü keçid]. respublica-news.az, 19.04.2014 (az.)
- ↑ 1 2 3 4 Vahid Ömərov. Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycan-Türkiyə mədəni əlaqələrini genişləndirməsi Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine. "Səs" qəzeti. 19 mart 2013, səh. 15. (az.)
- ↑ Dünəndən bu günə Azərbaycan diasporu Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine. aktual.az (az.)
- ↑ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 1992-ci il tarixli, 522 nömrəli Qərarı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)
- ↑ "Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi haqqında" Arxivləşdirilib 2021-04-18 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 31 avqust 1992-ci il tarixli, 102 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ 1 2 3 Maral Manafova. Azərbaycanın Şərqi Asiya ölkələri ilə mədəni əlaqələri Arxivləşdirilib 2017-02-15 at the Wayback Machine. Dərs vəsaiti. Bakı, 2008, səh. 8. (az.)
- ↑ "Ədəbiyyat və İncəsənət" qəzetinin 18 may 1963-cü il tarixli nömrəsi (az.)
- ↑ 1 2 3 Maral Manafova. Azərbaycanın Şərqi Asiya ölkələri ilə mədəni əlaqələri Arxivləşdirilib 2017-02-15 at the Wayback Machine. Dərs vəsaiti. Bakı, 2008, səh. 20. (az.)
- ↑ 1 2 Maral Manafova. Azərbaycanın Şərqi Asiya ölkələri ilə mədəni əlaqələri Arxivləşdirilib 2017-02-15 at the Wayback Machine. Dərs vəsaiti. Bakı, 2008, səh. 26. (az.)
- ↑ 1 2 Azərbaycan-İraq mədəni inteqrasiyası (XX əsrin II yarısından müasir dövrədək) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine sia.az, 28.02.2014 (az.)