Azerbaycanin Serhedleri - Wikipedia
Azərbaycanın sərhədləri — Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının Dövlət Sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının sərhədinin uzunluğu 3360 km, o cümlədən quru sərhədlərinin 2648 km-dir və su sərhədlərinin uzunluğu 816 km-dir. Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası ilə 390 km, şimal-qərbdə Gürcüstan ilə 471 km, qərbdə və cənub-qərbdə Ermənistan ilə 1007 km, qərbdə Türkiyə ilə 15 km və cənubda iran 765 km ilə həmsərhəddir. Şərqdə sərhədlərin ümumi uzunluğu 713 km olan Xəzər dənizi yuyur.[1]
Rusiya Federasiyası ilə sərhəd xətti Samurçay, Sudur silsiləsi və Baş Qafqaz silsiləsinin yal hissəsindən keçir. Gürcüstanla sərhədi, əsasən, Qanıxçay ilə Qabırrıçayın və Kür ilə Qabırrıçayın suayırıcısı təşkil edir. Ermənistanla sərhədi, əsasən, Murğuz, Şahdağ və Şərqi Göyçə silsilələri və Qarabağ yaylası ilə ayrılır. Türkiyə və İran ilə sərhədini çox yerdə Araz, Bolqarçay, Astaraçay və Talış dağları təşkil edir. Biləsuvardan Araz çayına qədər 50 km-lik məsafədəki sərhəd Muğan düzündən keçir.[1]
Azərbaycan sərhədləri[1] | |
---|---|
Dövlət (saat istiqamətinin tərsinə sıralama) |
Sərhəd xəttinin uzunluğu (km) |
Rusiya | 391 |
Gürcüstan | 471 |
Ermənistan | 1007 |
Türkiyə | 15 |
İran | 765 |
Ümumi: | 2649 |
İstinadlar
redaktə- ↑ 1 2 3 "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - Ümumi Coğrafiya". 2016-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-14.