Azerbaycan Hava Hucumundan Mudafie Qosunlari - Wikipedia
Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları — Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində olan qoşun növü.
Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları | |
---|---|
Növü | Hava Hücumundan Müdafiə qoşunları |
Yaranma tarixi | 1992 – h.h. |
Ölkə | Azərbaycan |
Tabedir | Azərbaycan Silahlı Qüvvələri |
Vəzifəsi | Azərbaycanın ərazi bütövlüyünü havadan müdafiə |
Himayədarı | Azərbaycan Respublikası Müdafiə Nazirliyi |
Müharibələr | Qarabağ Müharibəsi |
Komandanlıq | |
Komandir | General-leytenant Ramiz Tahirov |
Məşhur komandirləri | General-leytenant Rail Rzayev |
Tarixi
redaktəAzərbaycan ordusu Sovetlərdən qəbul etdiyi HHM avadanlıqlarının mühüm bir hissəsini işlək vəziyyətdə saxlamağa müvəffəq oldu. Sonrakı illərdə Sovet istehsalı olan S-125, S-75 və S-200 hava hücumundan müdafiə sistemlərini Azərbaycan xarici mütəxəssisləri cəlb etmək, zabitləri xaricdə təhsilə göndərmək, Ukrayna və Belarusun müvafiq müəssisələri ilə təmir və modernləşdirmə müqavilələri bağlamaq yolu ilə modernləşdirdi.
Modernizasiyası
redaktəAzərbaycan hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi həm xaricdən yeni avadanlıqların alınması, həm də mövcud nümunələrin modernləşdirilməsi yolu ilə həyata keçirilir.
Hazırda Azərbaycanın silahlanmasında əvvəllər mövcud olan maye yanacaqlı raketlər çıxarılır. Onlara texniki xidmət çox zəhmət tələb edir, xüsusi nəfəs və dəri qoruyan geyim vasitələrindən istifadə etməklə zəhərli və çox təhlükəli yanacağın müntəzəm olaraq süzülməsi və yenisinin doldurulması lazım gəlirdi. Son maye yanacaqlı S-75M3 divizionu 2016-cı ilin ortalarında döyüş növbətçiliyindən çıxarıldı.
XXI-ci əsrin əvvəllərində Azərbaycan S-200VM komplekslərini tam modernləşdirmədən keçirdi. Ukraynadan əlavə alınan 5B28 ağır zenit raketlərinin hesabına sursat ehtiyatları artırıldı. Həm Bakıda, həm də Mingəçevirə çox yaxın yerləşdirilən S-200 komplekslərinin divizionlarının zərbə radiusu digər obyektlərlə yanaşı, bir neçə su anbarlarının hava hücumundan müdafiəsi üçün tam məsuliyyət daşıyırdı. Bu komplekslər bütün ölkənin hava məkanına nəzarət etməklə orta yüksəkliklərdə, həm Xəzərin əksər akvatoriyası, həm də bəzi qonşuların ərazisi üzərində uçan hədəfləri məhv etməyə qadir idi. Lakin bu komplekslərin də saxlanılması çox zəhmət tələb edirdi və istismarı bahalı idi. S-200VM ZRK-nın son hərbi paradlarda görünməsi, onların hələ də silahlanmada qaldığına işarə edir.
Maye yanacaqlı raketlər olan S-75 və S-200 komplekslərindən fərqli olaraq, S-125M/M1 sərt yanacaqlı ZRK-lar hələ uzun müddət silahlanmada yer alacaq, çünki aşağı hündürlükdə hava hücumundan müdafiə sistemi olan ZRK böyük bir modernizasiya potensialına malikdir. Bu kompleksin yenilənən versiyaları Polşa, Ukrayna, Rusiya və Belarusda hazırlanır. Azərbaycan 2011-ci ildə Belarusdan sifariş etdiyi S-125TM “Peçora-2T” modifikasiya olunmuş zenit raket kompleksinə malik 9 ədəd divizionu 27 ədəd atıcı qurğu ilə əldə edib. Bu komplekslərin 2030-cu ilə qədər istismar ediləcəyi ehtimal olunur.
2008-ci ildən etibarən Azərbaycan SSRİ-də istehsal olunan hava hücumundan müdafiə qoşunlarının silahlarının modernləşdirilməsi və əvəz edilməsi zərurətini nəzərə alan ölkə rəhbərliyi bu məqsədlər üçün əhəmiyyətli maliyyə resursları ayırdı. 2007-ci ildə Azərbaycan Rusiyadan hər birində səkkiz atıcı qurğu və 200 ədəd 48N6E2 zenit raketi olmaqla 2 ədəd S-300PMU-2 “Favorit” divizionunun alınması üçün 300 milyon dollar dəyərində müqavilə imzaladı. Avadanlıqların çatdırılması 2010-cu ilin yayında başladı və 2012-ci ildə başa çatdı. Döyüş mövqelərinə yerləşdirilən bu komplekslər paytaxt Bakını, əsas aerodromları, limanı, sursat anbarlarını, neft terminallarını və su anbarlarını hava hücumlarından və operativ taktiki raket komplekslərindən qorumaq üçün nəzərdə tutulur.
2016-cı ilin dekabrında Azərbaycan Silahlı Qüvvələri İsrailin “Israel Aerospace Industries” (IAI), “Elta Systems”, “Rafael” və digər şirkətlərinin birgə hazırladığı uzaq mənzilli “Barak 8” ZRK-dan döyüş atışları keçirməklə 90 km məsafədə ballistik və aerodinamik hədəfləri məhv etmək imkanlarını nümayiş etdirdi. Bununla da Azərbaycan İsrailin ən müasir hava hücumundan müdafiə kompleksinin yerüstü versiyasının ilk alıcısı oldu. Azərbaycan hazırda “Barak-8” kompleksi ilə silahlanan ən azı bir ədəd zenit batareyasına və 75 ədəd raketə malikdir. Bir batareyanın dəyəri 25 milyon dollardır, bir ədəd raket isə təxminən 1.5 milyon dollar dəyərindədir. Həmçinin, İsraildən əldə edilən “Spayder” ZRK və “Dəmir Qübbə” RƏM sistemi ölkənin təhlükəsizliyi baxımından çox böyük əhəmiyyətə malikdir.
Sovet hərbi texnikasının bölünməsi zamanı Azərbaycanın Silahlı Qüvvələri “Kruq-M” və “Kruq-M1” 9 ədəd tırtıllı şassiyə malik mobil zenit raket kompleksi də əldə edib. Müəyyən qədər köhnə hesab edilən komplekslər sonradan orta mənzilli “Buk-MB” kompleksləri ilə əvəz edildi. 2013-cü ildə keçirilən hərbi paradda Belarusdan alınan və dərin modernləşdirilməyə məruz qalan “Buk-MB” kompleksləri nümayiş olundu.
2007-ci ildə Belarusla Azərbaycan “Osa-AKM” hava hücumundan müdafiə sisteminin “Osa-1T” səviyyəsinə qədər modernləşdirilməsi üçün müqavilə bağladı. Nəticədə maksimum hədəf aşkaretmə məsafəsi 40 km-ə qədər artdı. 2011-ci ildə Azərbaycan “Osa”nın 2 dəfə üstün xüsusiyyətlərinə malik, Ukrayna-Belarus birgə istehsalı olan “Stilett T38” zenit raket kompleksini aldı. Hazırda ən azı bir divizionu döyüş növbətçiliyinə cəlb edilib.[1]
Radiolokasiya sistemləri
redaktəHHM komplekslərin fəaliyyətini təmin etmək üçün radiotexniki bölmələrə, mobil və sabit RLS-lərə, altimetr (yüksəklik) stansiyalarına ehtiyac yaranır. 2000-ci ildən başlayaraq istifadə edilən avadanlıqlar yenilənməyə başladı. Modernləşmə nəticəsində stansiyaların resursu uzadıldı, elektrikə tələbatı isə azaldıldı.
Azərbaycanın 2000-ci illərin əvvəllərində Ukraynadan aldığı 36D6-M hava sahəsinin üçkoordinatlı RLS-i 360 km-ə qədər müşahidə dərinliyini təmin etdi. Hazırda ən azı 3 belə RLS aşağıdan uçan hava hədəflərini aşkar etmək üçün müasir avtomatlaşdırılmış hava hücumundan müdafiə sistemi ilə birlikdə fəaliyyət göstərir. 2007-ci ildə Ukraynada aktiv fazalı barmaqlı antenə (AFAR) sahib 80K6 üçkoordinatlı dairəvi müşahidə RLS-nin kütləvi istehsalına başlandı. 2012-ci ildə Belarusun “Buk-MB” ZRK-sının alınması Ukraynadan yeni 80K6M RLS-nin alınması ilə əlaqələndirildi. 400 km müşahidə məsafəsinə sahib 80K6M stansiyası ilk dəfə 2013-cü ilin iyunun 26-da nümayiş etdirildi.
Ukrayna radarından əlavə, Azərbaycan İsraildən ELM-2288 AD-STAR və ELM-2106NG üçkoordinatlı mobil RLS-lər də əldə edib. ELM-2288 AD-STAR stansiyası 480 km məsəfədə yüksəkdən uçan hədəfləri aşkar etməyə imkan verir. SIPRI-nın iddialarına görə, Azərbaycan 2011-ci ildən raket əleyhinə radarlarla təmin edilməsi üçün yeni müqavilə bağlayıb. 500 km-dən uzaq məsafədə hava hədəflərini aşkar edən 60 tonluq EL/M-2080 “Green Pine” radarının əsas məqsədi operativ taktiki raket hücumunu aşkar etməkdən, “Barak 8” və S-300PMU ZRK-lara hədəf göstərməkdən ibarətdir.[1]
Qəbələ RLS
redaktəHHM Sistemləri
redaktəAzərbaycan HHM inventarına aşağıdakı sistemlər daxildir.
İstinadlar
redaktə- ↑ 1 2 "Mingəçevir su anbarı və onun təhlükəsizliyi". 2019-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.