Azerbaycan Respublikasinin Dovlet Kino Foto Senedleri Arxivi - Wikipedia
Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi (qısaca: ARDKFSA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri[1]. Bu arxivdə kinooçerklər, sənədli filmlər, kinoxronikalar, fotoşəkillər mühafizə olunur.
Tarixi
redaktə1930-cu ildə yaradılmış Oktyabr İnqilabı Arxivinin kino-foto sənədlər şöbəsi 1943-cü ildən Azərbaycan SSR Mərkəzi Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(MDKFFSA) kimi müstəqil fəaliyyətə başlayır. 1968-ci ilə qədər buraya səs yazılarıda daxil edilirdi. 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(ARDKFFSA) adlanır.[2] Arxivdə 1858–2005-ci illərə aid 339760 saxlama vahidi kino və fotosənəd qorunur.
Haqqında
redaktəXIX əsrin II yarısından 2006-cı ilədək Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələr arxivin fondlarında saxlanılan 320 mindən çox foto və 20 minə yaxın saxlama vahidi kino sənədlərində əks olunur. Bu sənədlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından, "Azərbaycantelefilm" yaradıcılıq birliyindən, Azərbaycan Dövlət Teleradio Şirkətindən, respublika, şəhər və rayon qəzetləri redaksiyalarından, habelə ayrı-ayrı görkəmli dövlət, ictimai, siyasi, elm və mədəniyyət xadimlərindən qəbul edilmişdir. Ən ilkin sənədlər (1861–1895) Bakı şəhərinin tarixinə (şəhərin ümumi görünüşünə, ayrı-ayrı binalara, küçələrə, şəhərin panoramına aid fotoşəkillər) və Bakıda neft sənayesinin inkişafı tarixinə (1879–1917-ci illərdə neft mədənlərinin görüntüləri, neftin çıxarılması və emalı üsullarını özundə əks etdirən kadrlar və s.) aiddir. Arxivdə XX əsrin əvvəllərində baş vermiş inqilabi hərəkata (1918–1920), Azərbaycanda Aprel işğalına (1920), işğaldan sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına aid fotoşəkillər və kinoxronikalar, 70 illik Sovet hakimiyyəti dövründə Bakının neft akademiyasına çevrilməsini, müharibə illərində (1941–1945) və sonrakı dövrdə neftçıxarma və neftayırma sənayesinin inkişafı, o cümlədən, dünyada ilk dəfə olaraq dənizdə(Neft daşlarında) neft çıxarılmasını əks etdirən çoxlu kinoxronika və fotoşəkillər mühafizə olunur.
Bundan başqa, arxivdəki kinooçerklər, sənədli filmlər, kinoxronikalar, fotoşəkillər Azərbaycanda sənayenin, kənd təsərrüfatının, elmin, mədəniyyətin, təhsilin inkişafını əyani şəkildə nümayiş etdirir. Arxivdə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə aid(1969–1987) 400-dən artıq kinoxronika və 18 minə yaxın fotoşəkil mühafizə olunur. Arxivdə həmçinin Azərbaycanın görkəmli mədəniyyət və elm xadimlərinin şəxsi arxivlərindən alınmış 19 mindən çox fotoşəkildə mühafizə edilir.[3]
Maliyyələşməsi
redaktəAzərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşir[1].
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 aprel tarixli 57 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların SİYAHISI Arxivləşdirilib 2018-08-14 at the Wayback Machine. e-qanun.az (az.)
- ↑ "ARDKFSA - nin tarixi". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
- ↑ "Azərbaycan Milli Ensiklopediysı" (PDF). 2016-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-20.