Azerbaycan Yaradilis Mifleri - Wikipedia
Azərbaycan yaradılış mifləri — azərbaycanlıların mifik inanclarına görə dünyanın yaradılması və ilk insanların (əcdadların) məskunlaşmalarını təsvir edir.
Aləmin və insanın yaradılması
redaktəQədim bir Azərbaycan əfsanəsinə görə, göylə birlikdə yoxdan var edilən yerin ardınca heyvanlar, bitkilər və insanlar yaradılmışdır. İnsanlar qısa müddət ərzində çoxalıb yerə sığmadıqları üçün bir-birləri ilə mübarizə etməyə başlamışdılar. Bundan sonra başlanğıcda bir olan göy və yer bir-birindən ayrılmışdır.[1] Azərbaycan inanclarında göy Tanrının bir neməti olaraq qəbul edilir, "Göy üzü ilə Yer üzü Tanrının iki meyvəsidir deyilir".[2]
İran Azərbaycan türkləri Altay və Qırğız türkləri ilə bənzər şəkildə əvvəlcə göyün, sonra isə yerin yaradıldığına inanırlar. İran azərbaycanlılarının inancına görə göy yeddi qatdır, ilk qatı torpaqdır, digərlərində isə mələklər vəzifələrinə uyğun olaraq yaşayırlar. Yeddinci qatda isə Tanrı taxtında oturub dünyanı idarə edir.[3]
Azərbaycan mifoloji mətnlərində suyun yaradılışda oynadığı rol vurğulanır. Qeyd edilir ki, ilk əvvəl bütün yer su ilə örtülmüşdü. Allah suyu lil edir, sonra onu qurudub torpaq edir. Torpaqdan bitkilər cücərir, insanlar yaranır.[4] Şah İsmayıl Xətainin "Gövhəri ab eylədim, tutdu cahanı sərbəsərp" sözləri də yaradılış dövrünə, yerin su ilə əhatə olunan ilk dövrünə işarədir.[5]
Azərbaycan aşıq poeziyasında ab (su), atəş, xak (torpaq) və bad (hava) varlığı təşkil edən ünsürlər sayılır. Göyçəli Aşıq Nəcəf dünyanın 6 gündə yarandığını, insanın isə 4 ünsürdən yarandığını qeyd edir. Xaltanlı Tağı insanın yaranmasının 4 ünsürdən başladığını qeyd edir:[6]
Abi-atəş, xak badan-cəm oldu,
Adəm dəryasından sorağa gəldim.
Şərin biətindən, dinin şərtindən,
Ana vücudundan yarpağa gəldim.[6]
Təbiət hadisələrinin yaranması
redaktəXalq arasındakı bir rəvayətə görə, Fatma qadın yeddi rəngdə yumaq dolayıb qıçının altına qoyduqdan sonra, əsən külək səbəbiylə yumaq diyirlənib getdiyi üçün Yel iyəsi Heydərə əsəbiləşir, belindəki ox və yayı çıxarıb onu vurmaq istəyir. Yayı düz tutmadığı üçün Heydər gülərək qaçıb, Fatma qadının yunlarını göyün yeddinci qatında gizlədib. Beləliklə, göy qurşağı yaranmışdır.[7]
Təqvimlə bağlı yayılmış bir mifə görə Novruzda bir yerə toplaşan el biliciləri illərə ad vermişdir və insanların xasiyyəti ilin adını aldığı heyvana görə təyin edilir. Məsələn, insanlar siçan ilində gəmirib dağıdar, at ilində dözümlü olar, it ilində müharibə edərlər. Başqa bir mifdə isə qeyd edilir ki, hökmdar insanlarının illəri qarışdırdığını gördüyü üçün qarşısına çıxan heyvanlarla illəri adlandırmışdır.[8]
Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir. Boz ay başqa aylardan gün aldığı üçün bu ayın günləri hava şəraiti baxımından müxtəlif keçir.[9]
Əcdadlar
redaktəAzərbaycan mifik inanclarına görə, kainatdakı hər şeyin adını Dədə Qorqud vermişdir.[10] Dədə Qorqun igidlərə “ər” adı verməsi onu demiurq (yaradıcı) və mədəni qəhrəman statusuna yüksəldir. Onda sözə əsaslanan məna səltənətinin yaradıcısı motivini görmək mümkündür.[11]
Günəşin övladları ilə bağlı mifə görə, kainatın yaradıcısı və idarəçisi olan Günəş səyahətə çıxır. Bundan istifadə edən Günəşin naxələf övladları Qış, Duman və Bulud (Keçəl qız) onun istəkli övladı Şüanı (Saçlı qızı) əsir edib, təndirə salırlar. Günəş geri qayıtdıqdan sonra naxələf övladlarını cəzalandırır. Qış yer üzündən qovulur, Duman qayalara, Bulud isə dağlara göndərilir.[12] Bundan sonra Günəş Saçlı qızı həmişə yanında gəzdirir. Bu mifə görə insanlar Saçlı qızın törəmələri və Günəşin istəkli nəvələridir. Dağ, Qaya, Təpə, Düzən, Çay, Dəniz isə Günəşin oğlan övladlarıdır.[12][13]
“İnsan nəsli” adlanan əfsanəyə görə insan nəslinin yaranması 3 mərhələdən ibarətdir. Birinci nəsilin ömrü 500-600 ildir, uca və enlikürək olurlar, qazmada yaşayırlar. Birinci nəsilin sayı artanda yerdə yaşamaq üçün imkan olmayacağını görən Allah ömrü azaldaraq 300 il edib. İkinci nəsil artandan sonra Allah ömrü bir dəfə də azaldıb. Sonuncu insan nəsli 70-100 il yaşayır.[14]
Qədim dövr mifoloji düşüncələrinə görə, keçmiş dövr insanları çox böyük olar. Bu inanca görə insanlar getdikcə balacalaşırlar və vaxt keçdikcə daha balaca olacaqlar. Buna görə də insanlar köhnə məzarların içində tapılan böyük sümüklərin azmanlara aid olduğunu iddia edər və "Uğuz ölçüsü" adlandırarlar. Bədəni böyük olan insanlara da "Uğuzdan qalma" deyilər.[15] Azərbaycanın bəzi bölgələrində yazıya alınmış rəvayətlərə görə, uğuzlar (1000 il ömür) və ya uzunlar (300 il ömür) əvvəllər yaşamış, iri cüssəli, azman varlıqlardır. Onlardan danışılanda "bizim əcdadımız olub" deyilər.[15] Uzunlar insan irqini meşədə tapmış, uzunların qocası gələcəyi görərək insanların uzunları əvəz edəcəyini bildirmişdir.[16]
Aləmin ölüb-dirilməsi
redaktəAləmin yatdığı vaxtda, Novruz bayramına açılacaq gecə gündüzə çeviriləndə canlı və cansız aləmdə olan hər şey bir anlıq yatır və sonra oyanır. Bunun mənası ölüb-dirilmədir. Aləmin yatdığı vaxt deyilən zaman perioduna yaradılışdan bəri keçmiş bütün zamanlar daxildir. Mənası yaradılışın təzələnərək yenidən canlanmasını simvolizə etməsidir. Bu vaxt hər gələndə dünya yenidən təzələnir və buna görə də aləmin yatdığı vaxt yaradılış anını simvolizə edir. Bu inanc tenqriçiliklə əlaqələndirilir.[17]
İstinadlar
redaktə- ↑ Türk Mitolojisinin Ana Hatlari. Yaşar Çoruhlu, 2002. 237 səhifə
- ↑ Kalafat, 1998. səh. 59
- ↑ İRAN TÜRKLÜĞÜNDE GELENEKSEL TÜRK İNANÇLARININ ETKİ VE İZLERİ. Impact and Traces of Traditional Turkish Beliefs Among Iranian Turks. Yrd. Doç. Dr. Mousa RAHIMI.
- ↑ Babək, 2011. səh. 48-49
- ↑ Babək, 2011. səh. 40
- ↑ 1 2 Babək, 2011. səh. 14-15
- ↑ Karakurt, 2011. səh. 144
- ↑ Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 419-446
- ↑ Beydili, 2003. səh. 21
- ↑ Beydili, 2003. səh. 324
- ↑ 1 2 Qafarlı, 1999. səh. 27-30
- ↑ Qafarlı, 2004. səh. 69
- ↑ Qaliboğlu, 2020. səh. 152
- ↑ 1 2 Beydili, 2003. səh. 573-574
- ↑ Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
- ↑ Beydili, 2003. səh. 42
Ədəbiyyat
redaktə- Aynur Babək. Azərbaycan folklorunda su ilə bağlı inamlar, Bakı, "Nurlan", 2011. – 212 səh.
- Beydili, Celal. Türk Mitolojisi Ansiklopedik Sözlük (türk). Yurt Yayınevi. 2003.
- Deniz Karakurt. Türk Əfsanə Sözlüyü. Türkiyə, 2011.
- Elçin Qaliboğlu (İmaməliyev). Yaradılış mifləri və Azərbaycan əfsanələri. Bakı, Elm və təhsil, 2020, 180 səh.
- Ramazan QAFARLI. MİF, ƏFSANƏ, NAĞIL VƏ EPOS (EPİK. ƏNƏNƏDƏ JARLARARASI ƏLAQƏ). Bakı, 1999.
- Ramazan QAFARLI. Azərbaycan türklərinin mifologiyası (mifik dünya modeli, təsnifat). Bakı, 2004.
- Kalafat, Yaşar. Eski Türk Dini İzleri (türk). 1998.
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.