Azerbaycanda Belediyye Seckileri 2004 - Wikipedia
Azərbaycanda bələdiyyə seçkiləri (2004) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçirilmiş sayca 2-ci ümumrespublika seçkisidir. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.
← 1999 2009 → | ||||
Azərbaycanda bələdiyyə seçkiləri | ||||
---|---|---|---|---|
17 dekabr 2004 | ||||
Seçici fəallığı | 46.34%[1] | |||
Rəhbər | İlham Əliyev | Əli Əliyev | Fəzail Ağamalı | |
Partiya | Yeni Azərbaycan Partiyası | Azərbaycan Milli İstiqlal Partiyası | Ana Vətən Partiyası | |
Tutulan yerlər | 500 | 140 | ||
Dəyişən yerlərin sayı | ▼ 245 | |||
Əvvəlki yerlərin sayı | 385 | |||
Rəhbər | Fuad Əliyev | Sabir Rüstəmxanlı | ||
Partiya | Azərbaycan Liberal Demokrat Partiyası | Vətəndaş Həmrəyliyi Partiyası | ||
İttifaq | Demokratik Azərbaycan Bloku | |||
Tutulan yerlər | 130 | 103 | ||
Dəyişən yerlərin sayı | ▼ 470 | ▼ 397 | ||
Əvvəlki yerlərin sayı | 600 | 500 |
Zəmin
redaktəAzərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilmişdir. Həmin seçkidə 5 illik müddətə seçilmiş bələdiyyə üzvlərinin səlahiyyət müddəti bitdiyi üçün 2004-cü ildə bələdiyyə seçkiləri keçirilmişdir.
Seçki sistemi
redaktəAzərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.[2]
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır. Bir şəxs birdən çox namizəd üçün imza verə bilər.[2]
Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, seçki nəticələri ləğv edilmiş bələdiyyələrdə, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. Əgər ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmışsa həmin bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır.[2]
Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkilərini baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə və həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə seçki nəticələri etibarsız sayılır.[2]
Bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrae seçkilər təyin olunur. Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda isə Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir. Bələdiyyə üzvü vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir.[2]
Partiyalardakı vəziyyət
redaktəYeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev 12 dekabr 2003-cü ildə ölmüş, onun ölümündən sonra isə partiya sədrinin səlahiyyətlərini sədrin birinci müavini, prezident İlham Əliyev icra etməyə başlamışdır. Bu seçki İlham Əliyev rəhbərliyində Yeni Azərbaycan Partiyasının qatıldığı ilk bələdiyyə seçkiləri olmuşdur.
Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etmişdir.[3][4]
2003-cü il prezident seçkilərinin ardından Azərbaycan Milli İstiqlal Partiyası sədri Etibar Məmmədov sədrlikdən istefa vermişdir. Sədr səlahiyyətləri isə onun qohumu Əli Əliyevə həvalə edilmişdir.[5]
Azərbaycan Ümid Partiyası bu seçkilərdə iştirakdan imtina etmişdir.[6]
Namizədlər
redaktəBələdiyyə seçkilərində ümumilikdə 38 041 namizəd iştirak etmişdir. Onlardan 21 mindən çoxu Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.[1]
Ədalət Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən təsis edilmiş Demokratik Azərbaycan Seçki Bloku 2004-cü il bələdiyyə seçkilərində iştirak etmək qərarı almışdır. Siyasi partiyalar birliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 sentyabr 2004-cü il tarixli iclasında qeydiyyata alınmışdır.[7]
Vəhdət Partiyasının da daxil olduğu Azərbaycançı Qüvvələr Birliyi 2004-cü il bələdiyyə seçkilərində iştirak etmək qərarı almışdır. Siyasi partiyalar birliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 1 oktyabr 2004-cü il tarixli iclasında qeydiyyata alınmışdır.[8]
Seçkilər
redaktəBələdiyyə seçkiləri 118 dairə seçki komissiyası və 5080 seçki məntəqəsi üzrə keçirilmiş, 21 613 bələdiyyə üzvünün seçilməsi üçün 2 731 bələdiyyəni əhatə etmişdir. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində — Dağlıq Qarabağ regionunda, Ağdərə, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında tam, Ağdam və Füzuli rayonlarının isə işğal altında olan hissəsində bələdiyyə seçkilərinin keçirilməsi qeyri-mümkün olmuşdur.[1][9]
Seçkiləri 120 beynəlxalq, 13200-dən çox yerli müşahidəçi müşahidə etmişdir. Həmçinin, seçkilər 11 informasiya agentliyi, 17 xarici KİV, 10 teleradio şirkəti, 44 yerli qəzet və jurnal nümayəndələri tərəfindən izlənilmişdir.[9]
Nəticələr
redaktə2004-cü il dekabrın 17-sində keçirilmiş bələdiyyə seçkiləri baş tutmuşdur. Bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin ümumi sayının 52,6%-i səsvermədə iştirak etmiş və bunun nəticəsində də seçkilər baş tutmuş hesab olunmuşdur.
Azərbaycan Milli İstiqlal Partiyası müvəqqəti sədri Əli Əliyevin rəhbərliyində partiya hakim Yeni Azərbaycan Partiyasından sonra ən çox bələdiyyə üzvünə sahib partiya olmuşdur.[10]
Seçki nəticələri açıqlandıqda dairə seçki komissiyaları tərəfindən 6 bələdiyyəyə keçirilmiş seçki nəticələrinin etibarsız olduğu elan olundu. Mərkəzi Seçki Komissiyası isə seçkilərlə bağlı ümumi qərarında Seçki Məcəlləsinin 240.2-ci maddəsinə müvafiq olaraq 7 seçki dairəsində 10 bələdiyyə üzrə dairə seçki komissiyalarının qərarları ilə səsvermənin nəticələri etibarsız hesab edildikdən sonra Azərbaycan Respublikasının seçki keçirilən hissəsində 2678 bələdiyyənin tam, 4 bələdiyyənin üzvlərinin sayının 2/3-dən az tərkibdə, 39 bələdiyyənin isə üzvlərinin sayının 2/3-dən çox tərkibdə formalaşması nəticəsində 21471 nəfərin bələdiyyə üzvü seçildiyini qeyd edilmişdir.[11]
Həmçinin, qərarda Mərkəzi Seçki Komissiyası tərəfindən 409 seçki məntəqəsinin nəticələri etibarsız hesab edildiyi və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.1.2-ci maddəsinə əsasən, müvafiq olaraq 135 bələdiyyəyə seçkilərin etibarsız hesab edildiyi qeyd olunmuşdur.[9] Beləliklə, ümumilikdə, 6-sı dairə seçki komissiyaları tərəfindən olmaqla 141 bələdiyyəyə keçirilmiş seçkilərin nəticələri ləğv olunmuş,[12] 460 seçki məntəqəsində seçki nəticələri etibarsız hesab olunmuşdur.[13]
Seçilmiş 20 346 bələdiyyə üzvündən 19 516 nəfəri kişi (95.92%), 830 nəfəri isə qadın (4.08%) olmuşdur.[14]
Ümumi
redaktəEtibarlı | Etibarsız | Ümumi | |
Bələdiyyə sayı | 2 590 | 141 | 2 731 |
Üzv sayı | 20 346 | 1 267 | 21 613 |
Dairə sayı | 118 | 0 | 118 |
Seçici sayı | - | - | 4 551 346 |
Səslər | 2 109 267 | ||
Seçici fəallığı | - | - | 46.34% |
Partiyalara görə
redaktəSeçilmiş üzvlərin siyasi partiyalara görə bölgüsü aşağıdakı kimi olmuşdur:
Siyasi partiya | Sədr | Bələdiyyə üzvü sayı | |
---|---|---|---|
Yeni Azərbaycan Partiyası | İlham Əliyev | 0 / 20.346
| |
Azərbaycan Milli İstiqlal Partiyası | Əli Əliyev | 500 / 20.346
| |
Ana Vətən Partiyası | Fəzail Ağamalı | 140 / 20.346
| |
Azərbaycan Liberal Demokrat Partiyası | Fuad Əliyev | 130 / 20.346
| |
Vətəndaş Həmrəyliyi Partiyası | Sabir Rüstəmxanlı | 103 / 20.346
|
Qanun pozuntuları və etirazlar
redaktəAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının aldığı qərarla Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən səsvermənin nəticələri etibarsız sayılmış 50 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmışdır. Həmçinin, seçkilərin hazırlanması və keçirilməsi zamanı öz fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlara görə 13 saylı Əzizbəyov birinci, 33 saylı Xətai birinci, 45 saylı Abşeron, 58 saylı Hacıqabul-Kürdəmir, 59 saylı Salyan, 93 saylı Bərdə şəhər, 105 saylı Tovuz, 109 saylı Balakən, 111 saylı Zaqatala-Balakən seçki dairələri dairə seçki komissiyaları sədrlərinin tutduqları vəzifələrə uyğunsuzluqları müəyyən edilmişdir.[9]
İstinadlar
redaktə- ↑ 1 2 3 "17 dekabr 2004-cü il - Azərbaycan Respublikasının bələdiyyə seçkiləri". 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
- ↑ 1 2 3 4 5 "AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ". 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
- ↑ "Cəbhə və Müsavat: boykotun və iştirakın tarixi". 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
- ↑ "Əli Kərimli: «Davamlı boykot ola bilməz»". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
- ↑ "Əli Əliyev Azərbaycan Milli İstiqlal partiyasının yeni sədri seçilib". Amerikanın səsi. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
- ↑ "Ümid Partiyası Bələdiyyə seçkilərində iştiraka qərar verdi". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
- ↑ "Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
- ↑ "Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
- ↑ 1 2 3 4 "17 dekabr 2004-cü il Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərinin nəticələri haqqında AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI SEÇKI KOMISSIYASININ Qərarı". 2009-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
- ↑ "AMİP sədri: "Yeni siyasi birliyin yaradılmasına çalışırıq"-MÜSAHİBƏ". AzNews.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- ↑ "17 dekabr 2004-cü il Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərinin nəticələri haqqında AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI SEÇKI KOMISSIYASININ Qərarı". 2009-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
- ↑ "Təkrar bələdiyyə seçkilərinin oktyabrda keçiriləcəyi deyilir". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ modern.az. "Müstəqil Azərbaycanın qalmaqallı seçki tarixi: statistika nə deyir?". modern.az (az.). 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
- ↑ "Azərbaycan qadını siyasət meydanında". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.