Azerbaycanlilar Antifasist Muqavimet Herekatinda - Wikipedia
Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında - İkinci dünya müharibəsi dövründə azərbaycanlı döyüşçülərin alman faşizminə qarşı qəhrəmanlıq mübarizəsinin şanlı səhifələrindən biri.
Avropada Antifaşist müavimət hərəkatında Azərbaycanlıların iştirakı
redaktəAzərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər.
Polşada
redaktəHərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak müqavimət hərəkatının iştirakçıları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının rəğbətini qazanmışdılar.
Zeynal Zeynalov və Həsən Novruzov P.Karloviçin partizan dəstəsi tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə gedən mübarizədə şəhid olmuşlar. Polşa qoşununun briqada generalı Z.Duşinski azərbaycanlı partizanlar haqqında xatirələrində yazır: "Onlar öz vətənlərinin və bizim Polşanın azadlığı uğrunda mübarizə aparmış, bu azadlıq yolunda canlarını fəda etmişlər".[1]
Polşa ərazisində fəaliyyət göstərən "Avanqard" partizan dəstəsinin tərkibində 12 azərbaycanlı döyüşçü 1944-cü il noyabrın 28-də A.Bubnovun rəhbərliyi ilə alman generalı Ernest Rostu əsir almışdılar. Qəzəblənmiş faşist qərargahı xalq intiqamçılarına qarşı hücuma 3 piyada batalyonu göndərmişdi. Bu döyüşdə son patronadək qəhrəmanlıqla vuruşan azərbaycanlı partizanlardan Kərim Doşqan oğlu və Əli Qarabala həlak oldular. Polşa ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrində Vahab Əmirov, Surxay Hacızadə, Əli Əliyev, Həsən Rəsulov, Xəlil Məlikov, Ənvər Səfərəliyev, Şamil Muxtarov, Məmməd Həsənzadə və onlarca başqaları polyak vətənpərvərləri ilə birgə faşist işğalçılarına qarşı amansız mübarizə aparmışdılar.[2]
Çexoslovakiyada
redaktəÇexoslovakiya ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin tərkibində 500-ə qədər Azərbaycan döyüşçüsü vuruşurdu. Xüsusi desant dəstələrinin tərkibində düşmən arxasına göndərilən M.Abışov, A.İbadov, H.Məmmədov, müxtəlif əsir düşərgələrindən qaçıb müqavimət hərəkatına qoşulan A.Kastryulin, Ə.Baxışov və başqaları döyüşlərdə xüsusilə fərqlənmişdilər. Ə.Əlimərdanov Çexoslovakiyanın beş orden və medalı ilə təltif edilmişdi.[3]
Çexoslovakiya ərazisində fəaliyyət göstərən "Fakel", "Qrom", "Yan Qus" və başqa partizan dəstələrində çoxlu azərbaycanlı döyüşçü vardı. M.İ.Şukayevin partizan birləşməsindəki azərbaycanlılardan ibarət Uritski adına partizan dəstəsi Çexoslovakiya ərazisində fəaliyyət göstərdiyi müddətdə faşistlərlə 25 dəfə döyüşə girmiş, 7 dəfə düşmən qarnizonuna hücum edib, hitlerçilərdən 246 nəfərini öldürmüş, 49 nəfərini əsir almış, 41 parovoz, 85 avtomobil, 21 təyyarə məhv etmiş və xeyli qənimət ələ keçirmişdi.[4]
Yuqoslaviyada
redaktəHərbi əsirlər, hərbi hissələrdəki gizli antifaşist təşkilatların üzvləri qaçaraq Yuqoslaviya partizanlarına qoşulurdu.
1943-cü ilin axırlarında Tolmino kəndi yaxınlığında 30 nəfər azərbaycanlı Qədir İsgəndərov və Mixail Arşanovun rəhbərliyi altında faşist gözətçilərini sakitcə aradan götürmüş və qaçıb partizanlara qoşulmuşdular. Bir neçə gün sonra Cabbar Əliyev, Qulamhüseyn Əliyev və Novruz Məmmədovun rəhbərliyi altında başqa bir dəstə qaçaraq partizanlarla birləşmişdi.[5]
Azərbaycanlı partizanlar əvvəl Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci diviziyası tərkibində olan İvan Qradnik adına 3-cü zərbə briqadasında döyüşürdülər. Sonralar isə xüsusi sovet partizan bölüyü yaradılmış, Cavad Həkimli onun komandiri, Miryaqub Ağalarov isə komissarı təyin olunmuşdu. 1944-cü ilin yazında sovet partizanları İtaliya və Slaven partizanları ilə birlikdə Otlitsa, Sepovan, Çernı Verx, Serkino və Qodoviç kəndlərinin faşistlərdən təmizlənməsində fəal iştirak etmişdilər. 1944-cü ilin əvvəlində Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusu qərargahında xüsusi kəşfiyyatçılar qrupu yaradıldı. Onun tərkibinə slovak partizanları ilə yanaşı, azərbaycanlı partizanlardan Mirdamət Seyidov, Tağı Əliyev, Ənvər Məmmədov da daxil edildilər. Kəşfiyyat qrupuna Mehdi Hüseynzadə başçılıq edirdi. Bu kəşfiyyat qrupu, xüsusilə onun komandiri M.Hüseynzadə - "Mixaylo" özünün əfsanəvi qəhrəmanlıqları ilə Yuqoslaviyanın Adriatik dənizi sahillərində yaşayan bütün əhalinin dərin rəğbətini qazanmışdı.
1944-cü ilin yazında partizanlar, xüsusilə də yaralılar tibbi ləvazimat, silah və ərzağın çatışmazlığı üzündən çətin vəziyyətə düşdükləri bir zamanda Mehdi çox cəsarətli bir əməliyyat keçirməyi təklif edir. Bir neçə partizan alman əsgər və zabiti formasını geyərək Triyest şəhərinin ticarət bankına daxil olur və Mehdi gözətçinin telefon xəttini kəsərək, 5 milyon italyan lirəsinin bankdan çıxarılıb partizanlara verilməsinə imkan yaradır.[6]
Alman faşistləri Hitlerin ad gününü qeyd edən zaman "Mixaylo" hərbi təyyarə meydanına daxil olaraq üç təyyarəni, benzin anbarını minaladı və baş verən partlayış nəticəsində təyyarə meydanı alovlandı. İyirmiyə yaxın faşist məhv oldu. Sovet hökuməti azərbaycanlı partizanların əsgəri igidliklərini yüksək qiymətləndirərək onlardan bir çoxunu SSRİ orden və medalları ilə təltif etmişdir.
1944-cü ilin martında M.Hüseynzadənin döyüş dostları ilə birlikdə Triyestdə partlatdığı zabit yeməkxanasında 150 faşist məhv olmuş, 354 nəfər isə yaralanmışdı. Həmin il aprelin 2-də onun qrupunun Optçina şəhəri kinoteatrında törətdiyi partlayış nəticəsində 80 alman əsgəri və zabiti ölmüşdü.[7]
1944-cü ilin yayında M.Hüseynzadə alman əsgəri formasında faşistlərin kazarmasına daxil olmuş, yanğın əleyhinə avadanlığa mina qoyaraq üçmərtəbəli binanı yerlə - yeksan etmişdi. Onun fəaliyyəti nəticəsində min faşist öldürülmüşdü.[8]
1944-cü il noyabrın 2-də Qoritsa şəhəri yaxınlığında almanların hərbi sursat anbarının partladılmasında iştirak edən Mehdi Hüseynzadə dəstəyə qayıdan zaman casuslarla qarşılaşmış, yayınmaq üçün Vitovle kəndinə gəlmişdi. Lakin o, faşistlərin bu kənddə keçirdiyi əməliyyat nəticəsində qəhrəmanlıqla həlak olmuşdu. SSRİ Ali Soveti Reyasət Heyətinin 1957-ci il 11 aprel tarixli Fərmanı ilə Böyük Vətən müharibəsi illərində müqavimət hərəkatında alman faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi rəşadətə görə M.Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.[9]
M.Hüseynzadə ilə bərabər onun döyüş dostları - M.Seyidov, T. Əliyev, Ə.Məmmədov, K.Məmmədov, Ə.Babayev və b. da faşizmə qarşı amansız mübarizə aparmış, xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. 50 nəfərdən çox azərbaycanlı partizan yüksək döyüş xidmətlərinə görə Yuqoslaviyanın müxtəlif orden və medalları ilə təltif edilmişdi.[10]
Italiyada
redaktə1944-cü ildə sovet döyüşçüləri İtaliya hərbi düşərgələrindən kütləvi surətdə qaçaraq partizan dəstələrinə qoşulurdular. Onlardan Əvəz Mirzəyev, Şahbaba Məcidov, Məhərrəm Nəcəfov, İsa Məmmədov, Məmməd Xəlilov, Həmzə Əsgərov, Mikayıl Abdullayev, Süleyman Vəliyev, Şərif Şərifov, Həsən Quliyev, Hilal Cavadov, Vilayət Hüseynov, Cəlil Rəfiyev və bir çox başqaları İtaliya müqavimət hərəkatında faşistlərə qarşı qəhrəmanlıqla vuruşmuşlar. Mussolinini həbs edən partizanlar arasında Vilayət Hüseynov da vardı. Ümumiyyətlə, Şimali İtaliyada 300-dən çox azərbaycanlı döyüşçünün müqavimət hərəkatında vuruşduğu müəyyən edilmişdir.[11]
Fransada
redaktə1943-cü ilin axırlarında Fransada faşist işğalına və mürtəce Peten üsuliidarəsinə qarşı xalq müharibəsi gündən-günə yeni qüvvə ilə alovlanırdı. Faşist komandanlığı partizan hərəkatına qarşı mübarizə aparmaq və ölkə daxilində asayişi qorumaq üçün xeyli silahlı qüvvə saxlamağa məcbur olmuşdu.
1944-cü ilin əvvəllərində Fransa ərazisində 25 mindən çox döyüşçünü birləşdirən 30-dan çox partizan dəstəsi fəaliyyətdə idi. Döyüşçüləri əsasən sovet vətəndaşlarından ibarət olan "Çapayev", "Azadlıq", "Vətən", "Donbas", "Kotovski" və digər partizan dəstələrinin şöhrəti hələ o dövrdə bütün Fransaya yayılmışdı. Bu partizan dəstələrinin tərkibində Azərbaycan xalqının oğulları da qəhrəmanlıqla vuruşmuş və fransız xalqının rəğbətini qazanmışdılar.[12]
1943-cü ilin axırlarında Rodez əsir düşərgəsində toplanmış azərbaycanlılar fransız kommunistləri ilə əlaqə yaratdılar və 1944-cü ildə bu əlaqələr daha da genişləndi. B.Məmmədov Averyon vilayəti müqavimət hərəkatının rəhbəri, kommunist polkovnik Rişardla görüşmüş və azərbaycanlı əsirlərin qaçıb partizanlara qoşulması üçün "Azrodez" - Rodezdəki azərbaycanlılar parolunu müəyyənləşdirmişdi. Bundan sonra gizli təşkilat azərbaycanlı əsirlərin dəstə-dəstə düşərgədən qaçıb, fransız partizanları ilə birləşməsi işinə başladı. Düşərgədən qaçan hərbi əsirlər fransız vətənpərvərlərinin köməyi ilə Aveyron dağlarında yerləşən "Sovet vətənpərvərlərinin hərbi komitəsi" adlanan təşkilatla birləşirdilər. Antifaşist təşkilat əsirlərin kütləvi surətdə qaçmasını təmin etmək üçün 1944-cü il avqustun 15-nə keçən gecə saat 12-də üsyan qaldırmağı qərara aldı. Lakin casus üsyanın başlamasına iki saat qalmış düşərgənin komandanlığına xəbər çatdırmış, üsyanın rəhbərləri dərhal həbs edilmiş, əsir düşərgəsi isə mühasirəyə alınmışdı. Yalnız gizli təşkilatın bir qrup üzvü meşəyə qaçıb fransız partizanlarına qoşula bilmişdi.[13] Faşistlər həbsə alınanları ölüm cəzasına məhkum etmiş, 50 nəfərdən çoxunu diri-diri yandırmışdılar. Lakin bu hadisədən iki gün sonra fransız və azərbaycanlı partizanlar tərəfindən Rodez şəhəri faşistlərdən azad edilmişdi.[14]
Fransa zəhmətkeşləri onların faşizm əsarətindən xilas edilməsi uğrunda qəhrəmanlıqla vuruşan azərbaycanlı partizanları unutmurlar. Rodez qəbiristanlığındakı matəm mitinqində çıxış edən polkovnik Rişard fransız xalqının Azərbaycan xalqına qarşı məhəbbətini belə ifadə etmişdi: "Fransızlar azərbaycanlı hərbi əsirlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəkdir ki, bu yerlərdən uzaqda olan, lakin hər bir fransızın qəlbinə yaxın olan azərbaycanlı dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını əsirgəməmişlər. Azərbaycanlı əsgərlərin qəbirləri bizim üçün müqəddəs ziyarətgah olacaqdır. Həlak olanların qəhrəman obrazı əbədi olaraq qəlbimizdə yaşayacaqdır".[15]
Larzak şəhəri yaxınlığında faşist əsarətindən azad olunmuş azərbaycanlı hərbi əsirlərdən ibarət Azərbaycan partizan alayı təşkil edildi. Alayın komandiri gizli antifaşist təşkilatın üzvü H.Məmmədov idi. Alay Larzak, Kursaq, Mand, Nim və Rodez rayonlarının faşistlərdən azad edilməsində qəhrəmancasına vuruşmuşdu. Ümumiyyətlə, 1943-1945-ci illərdə Fransa antifaşist müqavimət hərəkatında 2000 nəfərə yaxın azərbaycanlı iştirak etmişdi. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev, D.Abdullayev, N.Abdullayev, R.Rzayev, Ə.Möhsümov, M.Məhərrəmov və başqaları cəsur partizan kimi tanınmış, bir neçə ali fransız hərbi orden və medalları ilə təltif edilmişdilər. Əhmədiyyə Cəbrayılov "Armed Mişel" adı ilə bu ölkənin azadlıq hərəkatında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda əsgərə generaldan irəlidə getmək kimi şərəfli hüquq verən yüksək mükafatla - Hərbi medalla təltif olunmuşdu.[16]
Almaniyada
redaktəAzərbaycanlı hərbi əsirlər Berlində yaradılmış gizli antifaşist təşkilatının işində də yaxından iştirak edirdilər. Cümşüd Məmmədov, Bəxtiyar Paşayev, Səttar Kərimov, Seyidəli Seyidov və bu gizli təşkilatın digər üzvləri çalışdıqları sənaye müəssisələrində düşmənə qarşı təxribatlar törədirdilər. Azərbaycan döyüşçülərindən M.Seyidov, Ə.Əlimərdanov faşistlərin Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen ölüm düşərgələrində Avropa ölkələrindən olan antifaşistlərlə birgə fəal iş aparırdılar.[17] Ə.S.Ağayev Buhenvald ölüm düşərgəsində antifaşist təşkilatın fəal üzvlərindən biri olmuşdur.[18]
Mənbə
redaktə- Абасов М„ Гритченко А., Зейналов Р. Азербайджан в годы Великой Отечественной войны. Баку, 1990
- Азербайджанская ССР в период Великой Отечественной войны (1941-1945 гг.). В двух томах. Баку, 1976, 1977.
- Azərbaycanın Sovet İttifaqı Qəhrəmanları. Bakı, 1963.
- Бунятов 3., Зейналов Р. От Кавказа до Берлина. Баку, 1990.
Istinadlar
redaktə- ↑ Azərbaycan EA Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1975, №2, səh.70
- ↑ TİEA, f. l, s. 8, i. 3876, v. 9.
- ↑ Azərbaycan EA Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1975, №2,səh.70.
- ↑ Yenə orada
- ↑ Yenə orada, səh.72.
- ↑ Mədətov Q. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə. Bakı, 1975, səh.16.
- ↑ "Azərbaycan gəncləri" qəzeti, 9 may 1972-ci il.
- ↑ Mədətov Q. Göstərilən əsəri, səh. 18-20.
- ↑ Azərbaycanın qızıl ulduzları, səh.24.
- ↑ TİEA, f. l,s. 8, i. 3876, v. 7.
- ↑ Azərbaycan EA Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1975, №2, səh.74; Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsində, səh.366.
- ↑ История Великой Отечественной войны Советского Союза 1941-1945 гг., т. 4, М., 1962, стр.24
- ↑ "Kommunist" qəzeti, 22 iyun 1957-ci il
- ↑ Azərbaycan SSR-in 40 illiyi, Bakı, 1960, səh.386
- ↑ "Kommunist" qəzeti, 21 iyun 1957-ci il.
- ↑ Azərbaycan SSR-in 40 illiyi, səh.399.
- ↑ "Бакинский рабочий" qəzeti, 17 sentyabr 1960-cı il
- ↑ История Азербайджана. Т. III, II часть, стр.134.